Şair idin – baxışların zillənərdi uzaqlara,Arzuların muncuq kimi düzülərdi varaqlara.Tuti təbin hey uçsa da budaqlardan budaqlara,Natəvanın nəğməsitək qonmamışdı dodaqlara,Ürəyində neçə-neçə deyilməmiş sözün qaldı...

Qəhrəmandın – hələ ulduz taxmasan da sən döşünə,Dan ulduzu heyran-heyran göz dikərdi gəlişinə.Turaclı çöl səhər-səhər səs verərdi gülüşünə,Tələsərdi sükan tutan qız-gəlinlər görüşünə,Sirdaşından ayrı düşən tarlaların, düzün qaldı...

Bir qız idin – əsə-əsə böyütmüşdü anan səni,Təkcə sənə bağlamışdı arzusunu, əməlini.Bir kimsəyə verməmişdin öz qəlbini, öz əlini,Görən dedi: bir də görüm Azərbaycan gözəlini,Qönçə ikən solub getdin, bu dövranda gözün qaldı...

Bir mehriban yoldaş idin – xoş niyyətli, qəlbi təmiz,Fikri açıq, doğru sözlü, el yanında xətri əziz,Çox sevirdik, çox sevirik, sevəcəyik Sevili biz,Gün olmur ki, əziz bacım, düşünməyək səni sənsiz,Hər ürəyin aynasında gülümsəyən üzün qaldı...

Ləyaqətli bir insandın söhbətində, rəftarında,Həcərlərin hüsnü vardı ismətində, vüqarında,Payın qaldı bu il gələn payızın hər nübarında,Mil düzündən köçüb getdin ömrünün ilk baharında,Köçüb getdin... Yer üzündə naxış-naxış izin qaldı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri