Dəniz bu gün mehriban,Dəniz bu gün səmimi,Sularına qərq edibBütün dərdi-sərimi.

Ələ baxıb udqunurYem axtaran balıqlar.Süzüb keçir ox kimiMühərrikli qayıqlar.

Dalğaları mərmitəkYarır bir cüt qaraltı.Qayıqlarla yarışırGah üzdə, gah sualtı.

Sonra quyruğu üstəSüzüb belədən-beləÇəkinmədən yan alırİzdihamlı sahilə.

Çəpik çalır uşaqlar:– Delfinə bax, delfinə,Rəqs eləmək, oynamaqDüşüb yenə kefinə.

Tanış səsi eşidibLap yaxına üzürlər.Musiqiyə, alqışaQanad çırpıb süzürlər.

Şövqə gəlib şənlənir,Şövqə gəlib coşurlar.Bir-birinin üstündənNəzakətlə aşırlar.

Əbəs deyil beləcəQalxıb onlar cövlana –Qıztək cilvə göstərirDelfinlər hər baxana.

Deyirlər ki, delfininŞüuru var, hissi var –Hərdən çəkər qəhqəhə,Hərdən hönkürüb ağlar.

Əhvalını soruşsanDanışar da, dinər də.Suda əsir qalanınHarayına gələr də.

Bəlkə, bəlkə o, sularınPərisinin əslidir,İnsanların dənizəKüsüb getmiş nəslidir?

İndi istər qayıtsınHəmcinsinin yanına,İndi istər qayıtsınÖz adına-sanına.

Delfin – ləpələr qızı,Dalğaların oğludur.Delfin – dəli dəryanınKamalıdır, ağlıdır.

İnsanların dənizdəSirdaşıdır delfinlər,Gözəl-göyçək bacısı,Qardaşıdır delfinlər.

Niyə uçmaq istərikBiz görəndə delfini,Niyə qucmaq istərik?Su pərisi – delfini?

Bu meyilə səbəb nə,Nədir bu hiss, bu həsrət?Bu duyğunu nə üçünVerib bizə təbiət? –

İnsan həmtay axtarar,Sirdaş gəzər həmişə.İnsan ülfət dalıncaGirər oda, atəşə.

Ulduza da, suya da,Gələr onun gümanı.Ağıllı görmək istərYeri, göyü, ümmanı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri