Bu dünyanın dörd ili,
Dava ili, dərd ili.

1. Qapı

O ilin otları uzun,
dörd il idi biçən yoxdu,
uzanmışdı boyları.
'O ilin qızları uzun,
dörd il idi çalınmışdı toyları,
uzanmışdı, uzanmışdı boyları.
O dörd ili yollara boylanmaqdan
qoca-qoca qarılar da
bəlkə boy atmışdılar...

...Şaxanım nənənin oğlu
davadan qayıdanda
ha uzatdı əlini
Qapının cəftəsinə
əli çatmadı, çatmadı.
Ancaq qapı elə həmin qapıydı,
qapı bir damcı da boy atmamışdı...

Üzün gülsün axşam-axşam,
Dərdin olsun yalan, qapım!
Uzaq eldən qayıtmışam,
Salam, qapım!.. Salam, qapım!..

Gec yatıb, tezdən oyanıb,
Hər qəfil səsdən oyanıb,
Çəpərlər üstən boylanıb
Gözü yolda qalan qapım.

Hörümçəkdən tor bağlayan,
Külək açan, yel bağlayan,
Dərd əlindən yarpaqlayan,
Təzə pöhrə olan qapım...

Şaxanım nənə oğlunun səsini eşitdi, qalxdı, ancaq qapı-ya gedə bilmədi. Sevincindən qıçları tutulmuşdu. Bir qapı-ya baxdı, bir qıçlarına... Dörd il bundan qabaq oğlunu da- davaya yola salanda ayaqlarının ucunda dikəlmişdi, qollarını nı salmışdı oğlunun boynuna, ağlamışdı. İndi də elə onu bacardı ki, birtəhər ayaqlarının ucunda dikəldi, qollarını uzatdı irəli...

Şaxanım nənənin qolları uçdu,
uçub getdi qolları.
Qapıları taybatay
açıb getdi qolları.
Oğlunun başı üstündən,
Gözünün yaşı üstündən
keçib getdi qolları.
Ağaclara, budaqlara çırpıldı,
Göydə bir cüt qanad kimi çırpındı.
İtib qaldı,
azıb qaldı qolları,
Yetim qaldı,
yazıq qaldı qolları.

...Quşlar alar qanadına -
yorulsa,
Atam oğlu,
dünya ölüm-itimdi!
Bu nə işdi -
ana sağdı, oğul sağ,
Göy üzündə bir cüt qol var,
yetimdi...

Şaxanım nənə elə o cür, ayaqlarının ucunda axır ki, bir-təhər qapıya çıxdı, ha boylandı, baxdı, oğlunu görmədi. Aşağıdan, lə» ayağının dibindən bir səs gəldi:
– Hara baxırsan, ay ana?!
Şaxanım nənə baxdı, oğlunu gördü, əvvəl bir şey başa düşmədi:
– Anan ölsün, a bala, - dedi, - niyə oturmusan? Ayağa dursana.
Şaxanım nənənin oğlu:
– Neyləyim, - dedi, - ay ana?!. Elə oturmağım da budu, durmağım da...
...Və Şaxanım nənə başa düşdü, qolları kor-peşman göydən endi, bir ucu öz çiyninə düşdü, bir ucu oğlunun çiyninə - bir cüt yetim qoludu, nə onundu, nə bunun...
Şaxanım nənənin oğlu altdan yuxarı anasının gözlərinə baxdı, alnı islandı:
– Ağlama, - dedi, - ay ana, ağlama!..
Şaxanım nənə:
– Ağlamıram, - dedi, - a bala, sudu...

Sudu dünyanın yarısı,
Əvvəli su, axırı su,

Sudu bizdən yuxarısı,
Sudu bizdən aşağısı...

Bulud qalxdı, haçalandı,
Yağış yağdı, ha çiləndi...
Göl olub gölməçələndi
Ağlar gözdən aşağısı...

Döz bu dərdə -
dözənəcən,
Bu dərd səni üzənəcən,
Oğul gəlib dizinəcən,
'Hanı dizdən aşağısı?!'

Kəndə xəbər yayıldı ki, Şaxanım nənənin oğlu qayıdıb gəlib. Xəbər çatdı Sonaya. Sona da ki, nə Sona!.. Bu kənddə Sona kimi istəyən yoxudu, Sona kimi gözləyən yoxudu: dörd ildi ki, Şaxanım nənənin oğlundan ötrü yollara boylanmaqdan uzanıb-uzanıb kəndin bütün qızlarını ötmüşdü...

Atıldı evin içindən, -
qaçdı Sona, nə qaçdı!..
Sevincindən
ürəyi atdana-atdana,
Kürəyində
hörüyü atdana-atdana
qaçdı Sona, nə qaçdı!..
Bu yol nə çox çəkdi, - dedi,
Ayaqlarım ləngdi, - dedi,
qaçdı Sona,
keçdi Sona,
ötdü ayaqlarını.

Ayaqları dalda qaldı,
Ayaqları yolda qaldı,
özü getdi,
özü çatdı
Şaxanım nənəgi-lə...

...Şaxanım nənənin oğlu
qucaqladı Sonanı,
Qollarının üstə aldı,
əzizləyə-əzizləyə apardı.
İkisi də
bir yastığa baş qoydular, yatdılar, -
aynan, ilnən yatdılar,
'Səhərlər bir-birini
öpdülər, oyatdılar...
...və eləcə '
Sonanın ayaqları
yolu yarı eləyincə
Şaxanım nənənin oğluna
burda
bir oğul doğdu Sona.
Beşiyini
evin içindən asdı,
Hörüyündən asdı, saçından asdı.
Gecələr beşik başına
əyildi başı Sonanın,
ağladı, çığırdı,
dağıldı huşu Sonanın -
Yuxusu dağıldı, saçı dağıldı...

...və eləcə
Sonanın ayaqları

Şaxanım nənəgilin
qapısına çatanda
Sona özü
uşağını
əmizdirə-əmizdirə
pəncərədən baxırdı...

Pəncərədən baxan Sona deyildi, Şaxanım nənəydi. O necə baxmağıdı, iluhi?! Sona diksindi, çaşdı:
– Nə olub, - dedi, - a Şaxanım xala, niyə elə baxırsan?!.
Yoxsa yalandı, - dedi, - yoxsa, qayıdıb gəlməyib?!.
Şaxanım nənə baxdı, baxdı, handan-hana lap yavaşca-dan pıçıldadı:
– Qayıdıb, - dedi, - a bala, qayıdıb.
"Gəlib" deməyə dili gəlmədi...

Birinci nəğmə

Dilin yansın, dil yiyəsi,
Söz deməyə dilim gəlməz.
Bu nə sirdi, sirr yiyəsi,
Gedən gedər, gələn gəlməz.

Dünya, yolların yorulsun,
Suların axsın, durulsun,
Ev yıxan, qapın vurulsun,
Bu qapıya gəlin gəlməz.

Göydə bulud dolar gedər,
Quşlar qanad salar gedər,
Oğullar alar gedər,
Analara ölüm gəlməz...

İkinci nəğmə

Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi.

Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.

Biz ki yol nədi, bilməzdik,
Biz ki öl nədi, bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi...

Üçüncü nəğmə

Kirpik gözə yiyə durmaz.
Ağız sözə yiyə durmaz,
Dünya bizə yiyə durmaz,
Dünyanın da yiyəsi yox.

Dərdimiz-sərimiz birdi,
Hər dərdin canı səbirdi,
Hər ömrün sonu qəbirdi,
Daha bunun niyəsi yox.

Bu ömrü bizə kim biçdi?
Fələyin felinə düşdük,

Dördüncü nəğmə

Ömür ötür yavaş-yavaş,
Daha gün-gündən qısadı.
Gəl duraq boy-boya, qardaş,
Görək kim-kimdən qısadı.

Axtardım itən yolları,
Üstə ot bitən yolları,
Dünyanın bütün yolları
Mənim səbrimdən qısadı.

Qəm eləmə, atam oğlu,
Keçən keçib, olan olub...
Əlim boş, ürəyim dolu,
Dilim ömrümdən qısadı.

Beşinci nəğmə

Bu ot hansı otdu görən,
Kimin üstə bitdi görən,
Kim kimi unutdu görən,
Kim kimin yadında qaldı?

Bilən hanı mən biləni,
Demədim mindən birini.

Nəğmələrin ən şirini
Dilimin altında qaldı.
Ağarmaz saçım qarası,
Ölürəm, anam balası,
Alnıma yazılan yazı
Təlimin altında qaldı...

Altıncı nəğmə

İlahi, öldü bu adam,
Gözləri bağlıdır daha.
Onu nə sevmək qorxudur,
Nə ölmək qorxudur daha.
Kimi var salsın yada ki?!.
Bu gün-sabah dünyadakı
Bir yaşıl otdur, ya da ki,
Bir quru qarğıdır daha.
Ağlamağa bir kəsi yox,
Ağacı yox, kölgəsi yox,
Yeri-yurdu, ölkəsi yox,
"Allahın" oğludur daha...

Yeddinci nəğmə

Səngərlərə günəş doğur,
Oyan, oyan, yatan oğul!..
Hanı tüfəng tutan oğul,
Oğlun əlləri hanı?!.

Evdə yeri göründüsə,
Niyə gəlmir gələndisə?..
Bu gəlin o gəlindisə,
Xınalı telləri hanı?!.

Kim bu yurda qəm daşıdı?!..
Bu dağ deyil, baş daşıdı,
Bu göl deyil, göz yaşıdı,
Bəs bunun gölləri hanı?!.

Səkkizinci nəğmə

Göz yaşında çimən dünya,
Üzün-gözün təmizdimi?
Qalanların yaddaşında
Ölənlərin əzizdimi?

Bizi görən güzgülərin
İndi görür özgələri,
Nə biləsən, ən gözəli
O üzdümü, bu üzdümü?

Dərdimizi az çək, dünya,
Hər gələn gedəcək, dünya,
Qalanların gecikdi, ya
Ölənlərin tələsdimi?!..

Doqquzuncu nəğmə

Bir stəkan çay tök, içim,
Şirin olsun, acı olsun.

Anan mənim anam olsun,
Bacın mənim bacım olsun.

Ev tikdik, uçulan deyil,
Bir kimsə köçürən deyil,
Baxtımız açılan deyil,
Qapımızı açan olsun.

Mənsiz ömrün uzun olsun,
Baş qoymağa dizin olsun,
Ağlamağa gözün olsun,
Ağarmağa saçın olsun!..

Onuncu nəğmə

Bulud gəldi göy başına,
Dedi, anam, döy başına,
Hər kənddən hər ev başına
Oğul getdi, qayıtmadı.

Gün əridi, gecə qaldı,
Ağaclar eləcə qaldı,
Yarpaqları əlcə qaldı,
Budaqları boy atmadı.

Yollar yedi izlərini,
Oğulların dizlərini,
Anaların gözlərini
Yollar yedi.-
doyurtmadı...

2. Ağrı

Oğlu davada ölən gün
Ziba nənə göydəydi, -
əlləri göydə, gözləri göydə.
– İlahi, - deyirdi, - özün kömək ol,
yadından çıxartma bizləri göydə.
– İlahi, - deyirdi, - yerin ucadı,
boylanıb balamı görəsən bəlkə.
– Allah olanda nə olar, oğul, - deyirdi,
– Allahı da ana doğub, - deyirdi, -
boylanıb balamı görəsən bəlkə...

Allahı ana doğmamışdı,
amma anasının səsinə
yaman oxşadı Ziba nənənin səsi,
başından aldı ağlını.
Allah boylandı-baxdı,
Bir yaşıl ağacın altında tapdı
Ziba nənənin oğlunu.
Ziba nənənin oğlu
dalıqatlı uzanmışdı,
sinəsində süngü yarası.
Gözləri açıqdı,
başı üstə yarpaqları görürdü,
buludları görürdü -
Buludlarnan doluydu
yarpaqların arası,
Yarpaqlarının doluydu
buludların arası,
Ağrıyırdı, ağrıyırdı yarası.
– Bu necə ağrıdı, - deyirdi, - Allah,
yoxsa bu ağrının axırı yoxdu?!.

– Kaş öləydim, dincələydim, - deyirdi, -
ölümdən sonra ağrı yoxdu...

Yavaş-yavaş
yarpaqlardan aralandı buludlar,
tutdu göyün üzünü,
buludları görmədi.

Yavaş-yavaş
bir yarpaq
ennəndi-ennəndi tutdu gözünü -
yarpaqları görmədi.
Elə bildi ölüb daha,
sevindi.
...amma yarası hələ də ağrıdırdı...

Diksindi, səksəndi: - İlahi, yoxsa
ölümdən sonra da ağrı varımış?!..
Bilirdi ki, bu ölümün
ucu-bucağı yoxdu,
Bilirdi ki, bu ölümün
qurtaracağı yoxdu,
Və deməli beləcə
yüz il, min il keçəcək,
yüz il, min il ağrıyacaq yarası.
Yazığı gəldi özünə,
ağladı için-için,
ağlaya-ağlaya öldü,
haçan öldü, heç özü də bilmədi...

...amma gözləri hələ də açıqdı,
gözləri
düz Allahın gözlərinə baxırdı.

Allah dözə bilmədi,
yayındırdı gözünü -
Ziba nənəni gördü.
Ziba nənə "oğul" deyib ağlayırdı.
Allahın
ürəyi ağrıyırdı.
Allah dedi: - Ay ana!
Ziba nənə: - Nə var, ay oğul? - dedi.
Allah dedi: - Ay ana,
özgə oğulu neynirsən,
gəl mənim anam ol, - dedi.
Ziba nənə: - Yox, - dedi, -
səni mən doğmamışam!

Utandı, sıxıldı Allah,
qaldı göyün üzündə.
Ziba nənədən gizlicə
yazıq uzatdı əlini,
Ziba nənənin oğlunun
yumdu açıq gözlərini,
Göz yaşından
islandı barmaqları.
Sürtdü ətəyinə barmaqlarını,
barmaqları yenə yaşıydı ancaq.
Yenə sürtdü ətəyinə barmaqlarını,
ancaq barmaqları yenə yaşıydı...

3. Göz yaşının nağılı

Ziba nənə ağlayanda
uzanardı sifəti...

Uzandı-uzandı getdi
Ziba nənənin sifəti.
Yollara qarışdı itdi
Ziba nənənin sifəti.
Bu yolların yoxuşları
dirəndi sinəsinəcən,
Axdı gözünün yaşları
gözündən çənəsinəcən.
Çənəsindən qəlbinəcən,
Qəlbindəki səbrinəcən,
Qəbrinəcən, qəbrinəcən
· axdı gözünün yaşları...

...Ziba nənə ağlayanda
uzanardı sifəti...

"Oğul" dedi addımbaşı,
Eşidənlər dəli oldu.
Böyüdü gözünün yaşı,
Gözlərindən iri oldu.

Kim dindirdi, kim kiritdi?!
Ağac olub yolda bitdi,
Nənələr nəvə böyütdü,
Böyüdü gözünün yaşı.

Böyüdü gözünün yaşı,
Yatıb-yuxlaya bilmədi.
Böyüdü gözünün yaşı,
Bir gün ağlaya bilmədi.

...bir gün ağlaya bilmədi
ağlamaq istəyəndə...

Hanı indi Ziba nənə?!..
Dərdi qalıb özbaşına.
Döndü, döndü Ziba nənə
Özü boyda göz yaşına...

4. Ölüm

Nə davadan balan gəldi,
Nə evinə gəlin gəldi,
Gözün aydın, Ziba nənə,
Aç qapını, ölüm gəldi!.

Üzü yox səni çağıra,
nəfəsini qısıb ölüm.
Ölümlərin ən fağırı,
yazıq ölüm, kasıb ölüm.

Nəyin var ki, nə apara, -
bircə dərdindən savayı.
Qırış-qırış sifətindən,
əyri qəddindən savayı.

Bu ölüm sənə nə desin?
"Ana" desin? "Nənə" desin?
Anasansa balan hanı?
Nənəsənsə nəvən hanı?
Nəvəsiz, balasız qarı,
Qız qarı, yalqız qarı,
Yastıqlar zay oldu
gözün yaşından,
Başını qalxız barı!

Deyəsən səksəndin ölümdən axı,
Yuxun qaçdı deyəsən.
Heç kəs ac getməyib evindən axı,
Dur, qazan as, ölüm açdı deyəsən.

Çıx qapıya, ölüm küsüb getməsin,
sürt üzünü ayağına-əlinə.
Nə yaxşı ki, bu dünyada hər kəsin
haqqı çatır haqdan gələn ölümə.

Dünya batıb oğulların qanına;
Balıq kimi ha çırpınar, çapalar,
Nə yaxşı ki, ölüm gəlib aparar
Anaları oğulların yanına.

Anaları görüb çaşar oğullar,
bir oğul da anasını tanımaz -
Anasının dərd dolusu üzünü,
üz dolusu dərdini də tanımaz.
Alnındakı bir qırış,
saçındakı bir dəni də tanımaz.
– Bu qan kimdi? - deyər.
Ölüm deyər:
– Anandı!
– Yox, bu mənim anam deyil,
mənim anam cavandı...

Gözlərini döyə-döyə
ölüm qalar ortada,
İndi axı
öz başına nə daş salsın bu ölüm?
Qoca-qoca qarıları qaytarıb»,

Cavan-cavan anaları

hardan alsın bu ölüm?

Ölüm, nə var, nə döyürsən gözünü,
Niyə belə itirmisən özünü?
Ölüm, sən ki, aydan-gündən ayırıb
ömrümüzü bizə pay-pay
bölüşdürən ölümsən.
Bu dünyada
sən hamını bir-birindən ayırıb,
O dünyada görüşdürən ölümsən.

Milyon-milyon can alsan da,
cansızsan,
Dəmirdənsən, poladdansan, nədənsən?!
Ölüm, sənin balan yoxdu - sonsuzsan,
Ölüm, sənin anan yoxdu - yetimsən.

Nə baxırsan
anaların, oğulların üzünə?
Sonsuz ölüm, yetim ölüm, buyur seç;
Anaların arasında
ana axtar özünə,
Oğulların arasından oğul seç.

Atamız ol, başımızı sığalla,
Anan sənə layla çalsın, yatasan.
"Oğul" desək - sən nə nankor oğulsan,
"Ata" desək - sən nə zalım atasan.

Çıx get, ölüm, aramızda dayanma,
Sağımız-a-solumuza dolanma,

burda sənə yiyə duran tapılmaz,
anan olan, balan olan tapılmaz.

Diri-diri oğulları
ala bildin anaların əlindən,
Amma indi
çəpər kimi qısılıb bir-birinə,
Bərk-bərk tutub
çoxdan ölən balaların əlindən,
Bir ana da oğul verməz ölümə.
...Və hər oğul beləcə
· əlindən tanıyar öz anasını...

Hər oğul öz anasının əlini
tumarlayar, sığallayar, oxşayar,
Nə baxırsan, ay Allahın ölümü?!
Sağlıqla get, ölüm, sənə yaxşı yol!..

5. Yuxu

Bir tənha qarının qapısına da
Bu səhər ölümün ayağı düşdü;
Gözləri yumuldu -
çeşməyi düşdü,
Saçları açıldı -
darağı düşdü.

Gözündə yaş qalmamışdı,
gözündən yaş düşmədi.
Ağzında diş qalmamışdı,
ağzından diş düşmədi.

Gözündə yaş yoxuydusa,
kirpiyi niyə nəmdi?
Ağzında diş yoxuydusa,
ölənəcən yediyi qəm nə qəmdi?

Dərdi-qəmi gözlərindən süzülüb
yastığına-balışına çıxmışdı.
Ağladıqca gözəl canı üzülüb,
nəyi varsa göz yaşına çıxmışdı.
Qurumuşdu gözünün içinəcən,
Qurumuşdu qoluna-qıçınacan,
Ağappaq saçınacan qurumuşdu.

Çiynimizdə quş kimiydi tabutu,
qəbri qəbirlərdən balaca düşdü.
Apardıq, basdırdıq, qayıtdıq, gəldik,
gün keçdi, gecə düşdü.

...Gecə yuxumuza girdi o qarı -
elə bil ki, bir az da qarımışdı.
Yeridikcə bükülürdü dizləri,
O əlləri, ayaqları, gözləri
elə bil ki, bir az da qurumuşdu.
Gözünü ovduqca - gözündən yerə
ovula-ovula qum tökülürdü.
Əlini vurduqca daşa-divara -
ovula-ovula qum tökülürdü.
Ayağına dəyən ot quruyurdu,
Dodağına dəyən su quruyurdu,
O qarı keçdikcə kəndin içindən -
Elə bil ki, kənd özü quruyurdu.
Quruyurdu bağçaları-bağları,

Çinardan söyüdəcən quruyurdu.
Çığrışırdı acından uşaqları,
Anaların döşündəki
südəcən quruyurdu.
Qan yox, qum axırdı damarımızdan,
İynə vursan, - qum kimi
qanımız ovulub töküləcəkdi,
Diksinirdik keçdikcə yanımızdan,
Elə bil o qarı toxunan kimi
hamımız ovulub töküləcəkdi.

Üstümüzə yağış yağdı qəflətən,
Sevindik - ilahi, bu nə yağışdı?!.
O qarı da yoxa çıxdı qəflətən,
Bəlkə elə o yağışa qarışdı.
Bu kəndin hər yerinə də
indi yağış yağırdı,
O qarının evinə də
indi yağış yağırdı.

Qapısının kilidi gül açırdı.
Qapısında tabutu gül açırdı.
O tabutun üstə çıxıb
güllərin arasında
durmuşdu o qarı da -
Ətəyini açıb göyə baxırdı.
Ətəyinə
göydən yağışqarışıq
qapqara tut yağırdı.
Buluddan da yuxarıda,
bir nəhəng tut ağacının başında,
İndi oğlu dayanmışdı
yeddi-səkkiz yaşında -

Davada da ölməmişdi, sağıydı,
Bir balaca, bir dəcəl uşağıydı.
Yalın ayaqlarıyla
çırpırdı budaqları;
Tut yağırdı
o qarının ətəyinə, başına,
Tutun qapqara rəngi
çıxırdı ağ saçına,
Tutun qırmızısından
rəng alırdı o qansız dodaqları.
O qarı yavaş-yavaş
gör kimə çevrilirdi,
Bir cavanca, qarasaç
gəlinə çevrilirdi.
O gəlin də gülə-gülə
ətəyini açıb göyə baxırdı;
Tut yağırdı göydən yerə.
GÜLLƏ kimi yağırdı!..

Sonuncu nəğmə

Bir dumanlı yuxu gördüm,
Yuxumdan düşdü bu duman.
Bir ah çəkdim ayılanda,
Ahımdan düşdü bu duman.

Tutdu yolumu-izimi,
Uddu neçə əzizimi.
Bəlkə də, ağlar gözümün
Ağından düşdü bu duman.

Nə o dağın adına yaz,
Nə bu dağın adına yaz,
Ürəyimin çalın-çarpaz
Dağından düşdü bu duman...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri