Canlılar insanın üstünə düşməz,Yaraqsız olanın üstünə düşməz.

Bir çocuq ağlıdır ağlı onların,Varlığı varlığa bağlı onların.

Kin nə, ədavət nə, biləni yoxdur,Var üçün, pul üçün öləni yoxdur.

Utansın onlara böhtan atanlar,Yalaq şeirlərlə yalan satanlar.

Canlılar təkbətək vuruşur, oğlum,Tutuşur, təkbətək boğuşur, oğlum.

Onlar sürülərlə vuruşmaz heç vaxt,Kənardan birisi qarışmaz heç vaxt.

İkisi birinin üstünə düşməz,Biri birisini görüb irişməz.

Canlılar hiylə nə, minnət nə bilməz,Alış-veriş nədir, rüşvət nə, bilməz.

Gözəl canlılara sayğı gərəkdir,Nəvaziş gərəkdir, qayğı gərəkdir.

Birinin burnunu qanatma, Xəndan,Bir yol güllə nədir, daş atma, Xəndan!

Canlılar oylağı torpaq, asiman,Onların düşməni olma heç zaman.

Dostu ol, sözümü başa düş mənim,Onların düşməni mənim düşmənim.

Onlara qəfəsdə baxa bilmirəm,O dəmir məhbəsdə baxa bilmirəm.

Canlılar ovqatı açıq-saçıqdır,Ən böyük canlı da böyük çocuqdur.

Onlarsız qaralar qanımız bizim,Gözəlim canlılar canımız bizim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri