Xəyalımın qanadında ənginliyə yol açdım.Gəzdim döyüş meydanını, cəbhələri dolaşdım.O yerdə ki, sərin sular çağlayırdı dupduru,evlər gördüm – külə dönmüş, çaylar gördüm qupquru.Körpə gördüm – dodağından damla-damla qan sızır,süngüsünə keçirmişdi onu faşist qansızı.Qoca gördüm – əyilmişdi sinəsində ağ başı.Bacı gördüm – diri-diri basdırılmış qardaşı.Ana gördüm – bir gecədə qara saçı ağarmış.Göyə sordum: yay günündə buluddan qar yağarmış?Göylər dedi: bu qar deyil, cinayətin barıdır.Zənn etmə ki, o gördüyün ömrü keçmiş qarıdır.

İyirmialtı bahar görmüş həyatında bu qadın,saçlarını ağartmışdır qanlı əli cəlladın.Bir cüt körpə balasını bir süngüyə taxdılar.Atasını öldürdülər, komasını yıxdılar.Tikə-tikə doğradılar yaralı qardaşını.Ətəyinə tulladılar anasının başını.Belə qara tarixi var o ağarmış saçların.Bu sadə bir əməlidir insan yeyən acların.Çox dolaşdım, çox şey gördüm vəhşilikdən nişana!Rast gəlmədim o yerlərdə boyun əymiş insana.Oğlu ölmüş mərd analar səngərlərdən səslənir.Hər ürəkdə yağılara qəzəb və kin bəslənir.Dağlar gördüm, dedim, bunlar söyləyin, nə dağıdır?Dedilər ki, bir döyüşdə məhv edilmiş yağıdır.Gecə sordum ulduzlardan nə qədərdir sayınız?Dedilər ki, qızılqanad şahinləri sayınız.Gündüz baxdım göy dənizə dedim: nə çox suyun var!Dedi: məndən sərvətlidir yurdundakı buruqlar.Daş-qayaya baxdım dedim: qranitin nə bərkdir!Dedi: sənin tanklarından mənim daşım kövrəkdir.İldırımdan sordum: nədir səsindəki bu qüvvət?Dedi: məndə olaydı kaş topundakı o qüdrət!Dedim: nədən rəngin belə qıpqızıldır, ey səhər?Dedi: sovet bayrağından nur almışdır üfüqlər.Yerə baxdım, göyə baxdım, dedim: zəfər bizimdir.İnsanlığı güldürəcək nurlu səhər bizimdir!Nifrətimiz dərya kimi sahilləri aşaraq,qəzəbimiz sinəmizdə tufan kimi coşaraq,Yurdumuzun qisasını yağılardan alarıq.Axıtdığı hər qan üçün, ondan yüz qan alarıq.Qan çilənmiş torpaqlarda gülər yenə ilk bahar.İntiqamın alovunu onda görər yağılar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri