Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!Vaqqıldama bayquş kimi, idbar dilənçi!

Bu məclisimiz məclisi-ehsandır əgərçi,Düzdüklərimiz neməti-əlvandır əgərçi,Ehsan füqəra kəsləri sayandır əgərçi,Bir adəti-irsiyyəti dəxi var, dilənçi!Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dövlətliləriz, məqsədimiz eysu səfadır,Mehmanlarımız büsbütün ərbabi-qinadır,Kökdür, yekədir, boynu yoğundur, nücəbadır,Bəydir, ağadır, ağzı duali üləmadır,Bişmişlərimiz min cürə ləzzətli qidadır,Dikmə gözünü mətbəxə, biar dilənçi!Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dəxli bizə nə boşda qalıb dəsti-sualın?!Yainki acından mələşir əhlin, əyalın?!Bax, bax, necə çirkindir o mənhus cəmalın!Hax-tuf üzünə, surəti murdar, dilənçi!Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dövlətli neçin sərf edib öz bəzlü səxasın,Əyanı qoyub, doydura şəhrin füqərasın?Töksün görüm Allah üzünün şərmü həyasın!Əl çək yaxamızdan, itil, idbar dilənçi!Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Bir dəfə fəqir olduğunu anla da, zinhar,Dövlətlilərin bişmişinə olma həvəskar,Yoxsa yeməyə bir zadın, öl, canını qurtar!Etmə bu qədər bizlərə azar, dilənçi!Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Fəqr əhli qənilərlə mülaqat edə bilməz,Dövlətliyə insanlığın isbat edə bilməz,Dövlətli fəqir ilə müsavat edə bilməz,Nöqsan gətirər şəninə bu kar, dilənçi!Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri