Səhifə 3 / 3 · 67%

Hüseyn

Yox, bilmirəm. Bilsəm, xərc çəkib soruşmaram ki...

Səməndərli

Onda bir əlini at cibinə, bir əlini də ürəyinə tutub çığır: elə isə, əlvida, artıq anbar Hüseynin ömrü bitdi. Mən özümü öldürəcəyəm. Onda qız qorxub özünü sənin üstünə atacaq.

Hüseyn

Birdən atmasa?

Səməndərli

Onda qızın qabağındaca özünü öldürərsən.

Hüseyn

Doğrudan öldürüm?

Səməndərli

Qeyrətin çatsa, öldürərsən, qeyrətin çatmasa, gələrsən mənim yanıma, sənə üçüncüsünü öyrədərəm. Yəni üsuli salis.

Hüseyn

Onda mən gedim, qızın yanına.

Səməndərli

Dayan! Bu cür getmək olmaz. Paltarını dəyiş, üzünü qırxdır. Ondan sonra üsulları işlətməyə başla.

Hüseyn

Mən, deməli, əvvəlcə gedib geyinim?

Səməndərli

Get geyin, çünki bütün aşiqlər geyiniblər.

Hüseyn

Üzümü də qırxdırım?

Səməndərli

Get qırxdır. Çünki bütün aşiqlər qırxılıblar.

Hüseyn

Gedirəm.

Səməndərli

Get! Allah qüvvət versin, mənim Qıratım!

Qurbanov və Gülümov girir

Vücudi şərifinizə salam olsun, qibleyi-aləm!

Qurbanov (gülür)

Hə, artist, yenə damağın yuxarıdır. Bu yassara da bir kömək elə, bir evlənməyi də bacarmır.

Səməndərli

Az qalıb, yoldaş Qurbanov. Bir-iki günə kimi o da adam olar.

Qurbanov

Gör də, gör neylərsən.

Səməndərli

Görək neyləyəcəyəm. Gedək, Hüseyn.

Hüseyn və Səməndərli çıxırlar.

Qurbanov

Gəl bura görək, Gülümov, ya onlara verər Allah, ya mənə.

Gülümov

Nə olub, yoldaş Qurbanov? Deyəsən, üstünüzə böyük bir qoşun çəkiblər.

Qurbanov

Qoy çəksinlər. O qoşunun qabağında tək dayanacağam. Raykomdan adam-zad gəlməmişdi ki?

Gülümov

Rəsmi heç kəs gəlməyib.

Qurbanov

Bizi yaman hərləyirlər. Deyəsən, material gündən-günə şişir. Eybi yoxdur, arıqladarıq.

Gülümov

Raykomun təlimatçısı Ağazadə buralarda çox hərlənir. Bizim Qumru ilə çox xosunlaşır.

Qurbanov

Hə? Qumru ilə? Nə danışırlar?

Gülümov

Bilmirəm. Ağazadə subay oğlandır, qorxuram quş uçurdalar. Siz bir az tələsin, yoldaş Qurbanov.

Qurbanov

Hə, necədir? Sən onunla danışdın? Meyli var?

Gülümov

Meyli olmayıb, nə olacaq ki? Sizdən gözəlinə getməyəcək ki? Siz möhkəm girişin.

Qurbanov

Di get onda onu bura çağır, işə girişim. Gözdə-qulaqda ol. Kabinetə adam girməsin.

Gülümov

Arxayın olun.

Çıxır, Qurbanov özünü düzəldir. Bir azdan Qumru qaçaraq içəri girir.

Qumru

Məni çağırırsınız, yoldaş Qurbanov? Buyurun.

Qurbanov

Gəl yaxına, gəl görək, Qumru! Rəngin niyə qaçıb?

Qumru

Sözünüzü deyin, mən tələsirəm.

Qurbanov

Hara tələsirsən? İşə? Sənə bu gün vıxadnoy verirəm. Gəl yaxına, danışım, gör başımda nələr var.

Qumru

Bilirəm, elə işlərlə maraqlanmıram.

Qurbanov

Maraqlanmasan yaxşıdır. Sən gülsən, gülün material ilə, intriqa ilə nə işi var? Dayan, getmə görək.

Qumru

Yersiz söz danışırsınız, yoldaş Qurbanov! Mənim işim var.

Qurbanov

İşlərin hamısını səndən əvəz mən görərəm. Sən özünə əziyyət vermə, arıqlayarsan.

Qumru

Kökəlməyi neyləyirəm ki? Məni ətliyə satmayacaqlar ki. Yolumu kəsməyin, gedirəm.

Qurbanov

Eh... ay Qumru? Gərək sən məni bir il bundan qabaq görəydin. Qapımda saat kimi işləyən qaz maşın dururdu. Kefim elə kök idi ki, deyəsən bir dəqiqə ayıq vaxtım olurdu? Düşdüm dolaşığa. Üstümə böhtan atdılar. Gətirib məni saldılar bu palçıq rayona, eybi yoxdur. Qurbanov palçıqda da üzə bilir. Gör mən burada hələ sənin üçün nə dəstgahlar düzəldəcəyəm!

Qumru

Ayıb deyilmi sizinçün, yoldaş Qurbanov? Evli adamsınız...

Qurbanov

Nəyəm? Evli? Xeyr. Günü bu gün Firuşun dəmdəstgahını verəcəyəm qoltuğuna. Onda nə sözün ola bilər?

Qumru

Buraxın görək... (Qurbanov Qumrunun qolundan tutur. Qumru çəkilmək istəyəndə, Firuzə və Səməndərli içəri girirlər)

Səməndərli

Dəhşət, yerlər qan, göylər qan!

Firuzə

Qurban? Qurban?

Qurbanov

Yazığın dişi ağrıyırdı. Dişinə baxmaq istəyirdim.

Firuzə

Al, bu da sənə dişağrısı. Ay uşaq, yapışın məndən, partladım.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri