Məzmun
  1. Beşinci şəkil
  2. Altıncı şəkil
  3. Yeddinci şəkil

Səhifə 4 / 5 · 60%

Rəşid Məğrur

Mənə qoçu lazım deyil, qəzetçi lazımdır.

İmamqulu

Onu da bacarar. Əlindən nə köpəkoğluluq desən gəlir. Dayan, bu saat çağırım, özün mala bax.

Çıxır. Mirzə Əlabbası darta-darta gətirir. Onun bir əlində şərab şüşəsi, bir əlində də cücə budu var.

Mirzə Əlabbas

Ay İmamqulu, qoy çörəyimi yeyim, gecənin bu vaxtı nə qoçuluq?

İmamqulu

Yaxın gəl, mala baxmaq istəyirlər.

Mirzə Əlabbas

Tapançanı çıxardım?

İmamqulu

Yox, qabiliyyətli dayan! (Rəşidə) Nə qədər qiymət qoyursan?

Rəşid Məğrur

Mirzə Əlabbasın qiyməti litrlədir. İçinə neçə litr şərab yerləşsə o qədər də qiyməti var.

Mirzə Əlabbas

Bəy əfəndi, təhqirinizi təcili geri götürün. Mənim əlim dinc dayanan deyil.

Tapançasını çıxardır.

Əlibaba

Yaman əzazil qoçudur, dayı.

Rəşid Məğrur

Mirzə Əlabbas, vallah, sözümü geri götürürəm, tapançanı o yana tut, qəfildən açıla bilər.

İmamqulu

Qorxma ey, boşdur, patronu yoxdur.

Mirzə Əlabbas

Boşdur? Tfu, belə qoçuluğa!

İmamqulu (Mirzə Əlabbasın qolundan tutur)

Tüpürmə, dadı qaçar. (Rəşidə) Beş yüz manat qiymət eləyirəm, necədir?

Rəşid Məğrur

Üç yüzdən bir qəpik artıq vermərəm.

Mirzə Əlabbas

Burax məni, canım, inək satmırsan ki?

İmamqulu

Mənim tapançamın patronu var, ha!.. (Rəşidə) Yaxşı, üç yüz olsun, gedək, oynayaq.

İmamqulu Mirzə Əlabbası darta-darta aparır. Rəşid və Əlibaba onların arxasınca gedirlər. Rəcəb səhnəyə çıxır. Pəncərədən küçəyə baxır. Alagöz gəlir.

Alagöz

Rəcəb, Rəcəb!

Rəcəb

Buradayam, xanım!

Alagöz

Fayton görünmür?

Rəcəb

Küçə bomboşdur.

Alagöz

Bəlkə kənarda saxlayıb, buradan görünmür, düş aşağı, tez mənə xəbər gətir.

Rəcəb

Baş üstə! (Casus içəri girir, Alagözə diqqətlə baxır) Xanım, gizlən, yad adam gəldi.

Alagöz (üzünü gizlədir, pıçıltı ilə)

Tanımırsan?

Rəcəb

Xeyr, gördüyüm adam deyil.

Alagöz

Bəlkə faytonçudur?

Rəcəb

Bu saat öyrənim. (Casusa) A kişi, sənin faytonun var, atları qanadlı quş kimi?

Casus

Faytonum yoxdur, ancaq mən özüm gözəllik görəndə qanadlı quş kimi oluram.

Rəcəb (Alagözə)

Baş-ayaq vurur, o deyil, sən get, mən bu iti yola salıb gəlirəm.

Alagöz gedir.

Casus (Rəcəbə)

Bəri gəl, sənə söz deyəcəyəm.

Rəcəb

Sözün var, sən bəri gəl...

Casus

Dövlət sirridir, tək sən bilməlisən...

Rəcəb

Yumala gəlsin.

Casus

Sən bu evin nökəri Rəcəbsən.

Rəcəb

Gözünü dağlayım. Bütün Bakı bilir ki, mən bu evin nökəri Rəcəbəm. Bunun harası sirr oldu?

Casus

Az danış, qulaq as! Jandarma kapitanı sizin evdə qonaqdır.

Rəcəb

Tutaq ki, qonaqdır. Ondan sənə nə?

Casus

Sualı mən verirəm, cavabı müxtəsər elə: hə, yox?

Rəcəb

Hə...

Casus

Onu xəlvət bura çağır.

Rəcəb

Yox.

Casus

Niyə yox?

Rəcəb

Saqqal tərpədib söz danışdın, kapitan boyda adam, bir dılğır Rəcəbin sözüylə yerindən durar?

Casus

Denən on üç nömrəli çağırır?

Rəcəb

Dustaqsan ki, nömrən var?

Casus

Get, əmrimi yerinə yetir. Əgər bu sözü kapitandan başqa bir adama desən, dilini burub boynuna sarıyaram.

Rəcəb

Elə bu cür acıqlı olmusan ki, ad tapa bilməyib sənə nömrə qoyublar da!

Gedir, kapitanla qayıdır.

Kapitan

Kimdir məni çağıran?

Rəcəb

Bax, bu acıqlı kişi.

Kapitan

Mən bu adamı tanımıram.

Rəcəb (Casusa)

Hə, indi sənin öz dilini burub boynuna sarıyacaqlar.

Gedir.

Kapitan (pıçıltı ilə)

Tez ol, sözünü de!

Casus

Oğlanın və qızın izindəyəm, adamlarım onları bir dəqiqə gözdən qoymurlar.

Kapitan

Kimi qarşılayırdılar?

Casus

Məlum olmadı, gəmi yaxınlaşanda bir qarışıqlıq düşdü ki, it yiyəsini tanımadı.

Kapitan

Bəs çanta, qızın əlindəki çanta?..

Casus

Budur, çırpışdırmışam, ancaq içi boşdur.

Kapitan

Yenə səni aldatdılar. (Öz-özünə) Sən bir bunun sirsifətinə bax!

Casus

Xoşunuza gəlmir, dəyişim.

Kapitan

Dəyiş, nömrən də oldu otuz doqquz. Onu da bil ki, nömrən artdıqca maaşın azalır.

Casus

Cənab kapitan, axı insaf deyil.

Kapitan

Sus! Sən bütün dünyadakı casusların ən kütbeyinisən. Qulaq as. Onları bir dəqiqə gözdən qoyma. Qazdan ayıq ol, qarğadan bic. Üzünü şəhərin bu başında sabunlat, o başında qırxdır. Mən hələlik bu evdə olacağam, sonra da... olacağam... qulağını gətir. (Qulağına pıçıldayır, casus gülür) Hırıldama, əmrim yerinə yetirilməlidir.

Casus

Baş üstə.

Casus gedir, kapitan içəri girir. Kəblə Muxtar ilə rastlaşır.

Kəblə Muxtar

Kapitan, burada tək neyləyirsiniz, narahat oldum.

Kapitan

Papiros çəkirdim.

Kəblə Muxtar

Buyur içəri. Papirosu orada çəkə bilərsiniz, buyurun!

Kapitan gedir. Kəblə Muxtar tək qalır. Əlibaba qəhqəhə ilə gülərək yan otaqdan çıxır.

Əlibaba

Dədə, kefdir, qoçu İmamqulu Mirzə Əlabbası dayıma uduzdu.

Kəblə Muxtar

Lənət olsun əbavü-əcdadınıza! Mənim hesabdarımı bu ona uduzur, o buna.

Gedir. İmamqulu, Rəşid Məğrur və Mirzə Əlabbas içəri gəlirlər.

İmamqulu

Mirzə Əlabbas, sən daha qoçu deyilsən, tapançanı bəri ver.

Mirzə Əlabbas

Götür bu zəhrimarı. Elə bil od olmuşdu, böyrümü yandırırdı.

İmamqulu (tapançanı alır, Əlibabaya)

Gedək, xırda-xırda oynayaq.

Əlibaba

Sənin heç nəyin qalmayıb axı. Gül kimi qoçunu da uduzdun.

İmamqulu

Bu tapançanı qiymət eləyərsən, oynayarıq, gəl!..

Çıxırlar. Səhnədə Əlabbas və Rəşid Məğrur qalır.

Rəşid Məğrur

Mirzə Əlabbas bəy!

Mirzə Əlabbas

Buyurun, təzə ağa.

Rəşid Məğrur

Sənin nə pis adın var?

Mirzə Əlabbas

Allah verən addır da!..

Rəşid Məğrur

Qəzetçi adı deyil. Sən indi mühərrirsən, gərək özünə ləqəb tapasan. Mənim adım Rəşid Məğrurdur, sənin də adın olsun Əli Məsrur...

Mirzə Əlabbas

Abbası yedin?

Rəşid Məğrur

Abbas getdi. Əli Məsrur! Denən bəli.

Mirzə Əlabbas

Bəli, bəy əfəndi!

Rəşid Məğrur

Evə gedən kimi alarsan qələmi əlinə, bir səhifə padşahı tərifləyərsən, bir aydan sonra onun baldızının ad günüdür.

Mirzə Əlabbas

Axı, mən ömrümdə haqq-hesabdan başqa heç nə yazmamışam.

Rəşid Məğrur

Şərabı vur, özü gələcək. Şərab pulu məndən.

Mirzə Əlabbas

Şərab içəndən sonra mən yaxşı söyüş söyürəm.

Rəşid Məğrur

Çox gözəl, padşahı özüm tərifləyərəm, sən bir yaxşı söyüş məqaləsi yaz.

Mirzə Əlabbas

Mənim gözlərim üstə. Kimin barəsində?

Rəşid Məğrur

“Molla Nəsrəddin” məcmuəsini çıxardan bir Cəlil Məmmədquluzadə var, onu gərək yer ilə yeksan eləyək! Dişinin dibindən çıxanı yaz.

Mirzə Əlabbas

O cür adamı söyməyə heyfin gəlmir?

Rəşid Məğrur

Kəs səsini, ey qəzetçilərin ən cavanı və ən təcrübəsizi! Sən balaca uşaqlar kimi nə danışdığını özün də bilmirsən. Bizim məsləkimizə müğayir olan bu cümlə bütün Bakını titrədə bilər.

Kəblə Muxtar qaçaraq içəri girir.

Kəblə Muxtar

Tez olun, çıxın qabağa. Bəylər gəlir.

Gedir.

Rəşid Məğrur

Əli Məsrur! Özünü qaydaya sal, papağını yaxşı qoy. Qibləgahımız təşrif gətirir.

Əlibaba ilə İmamqulu çıxırlar.

İmamqulu

Nə olub, adə?!

Rəşid Məğrur

Bəylər gəlir. Əlibaba, kartı gizlət, çıxaq qabaqlarına.

Hamı səhnədən çıxır. Otaq bir anlığa boş qalır. Rəcəb çadraya bürünmüş Alagözlə içəri girir.

Rəcəb

Gəl, xanım, fayton bizi gözləyir. Yaxşı ki, ara qarışdı, bizi görən olmaz.

Gedirlər. Nəsrullah bəylə Əhməd bəyi qollarından tutub təntənə ilə içəri gətirirlər. Hacı ilə Məşədi yan otaqdan çıxıb gəlirlər. Kəblə Muxtar iki kreslo gətirib səhnənin ortasına qoyur. Nəsrullah bəylə Əhməd bəyi bu kreslolarda oturdurlar.

Nəsrullah bəy

Kəblə Muxtar, xeyir işin mübarək. Hanı qızın, kürəkənin, çağır, bizi tanış elə!

Kəblə Muxtar

Bizlərdə adət deyil, bəy dadaş, qızı heç kəsə göstərmək olmaz, oğlanın da ayağı gərək toya qədər bu evə dəyməyə.

Nəsrullah bəy

Ştrissen fayt.

Kəblə Muxtar

Qadan alım, Əhməd bəy, nə deyir?

Əhməd bəy

Deyir ki, vəhşilikdir!

Mirzə Əlabbas

Bizim milləti yalnız bu adam qabağa aparacaq. Fikri çox iti işləyir.

Rəşid Məğrur (Mirzə Əlabbasa)

Götür bir kağız, onun ağzından çıxanı qeyd elə. Qəzetimizdə çap eləyəcəyik.

Nəsrullah bəy

Şair, vəziyyət necədir, altmış işçini tapa bildinmi?

Rəşid Məğrur

Birini tapmışam. Budur, Əli Məsrur, qalıb əlli doqquzu.

Nəsrullah bəy

Tələsmə, diqqətlə seç, sən böyük tarixi iş görürsən. Tarixi iş görəndə tələsməzlər.

Rəşid Məğrur

Haqqınızda yazdığım şerin üçüncü bəndi də hazırdır.

Nəsrullah bəy

Şair, yüz bənd hazır olandan sonra hamısını bir yerdə oxuyarsan. İndi dinləməyə vaxtım yoxdur.

Rəşid Məğrur

Baş üstə. (Mirzə Əlabbasa) Yüz bəndi yüz günə qurtara bilmərəm.

Mirzə Əlabbas

Ölməmişəm. Kömək eləyərəm.

Kəblə Muxtar (işarə ilə Əlibabanı yanına çağırır. Yavaşdan)

Bunları bir bəhanə ilə çək apar, bizim xəlvət söhbətimiz olacaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri