Məzmun
  1. Beşinci şəkil
  2. Altıncı şəkil
  3. Yeddinci şəkil

Səhifə 3 / 5 · 40%

Roza

Nə olub ki?

Firuzə

Səhərdən Alagözün ağlamağından evi sel aparırdı. İndi, sən ona neylədin ki, dişlərini yığa bilmir?

Roza

Mən onu başa saldım ki, bu gün yeni bir dünyaya daxil olur. Belə bir gündə sevinməyən qız olar?

Firuzə

Sevinirsən, az?

Alagöz

Sevinirəm, ana can, qoy səni öpüm, söysən də, acıqlansan da, yenə anasan, anadan ayrılmaq çətindir.

Firuzə

Az, niyə ayrılırıq? Oyan-buyan olar, kürəkənimi də gətirərəm yanıma, bir yerdə yaşayarıq. Atanın dövlətini bütün Bakı yesə qurtarmaz.

Alagöz

Çox sağ ol, anacan, de görüm, mənim ərimi çox istəyəcəksən?

Firuzə

Az, bəsdi, a, a, biabır olduq! Urusa qoşulmaq belədir də, bir dəqiqənin içində qızın üzü sırtıldı.

Roza

Niyə elə deyirsiniz, Firuzə xanım, mən ona pislik eləyirəm?

Firuzə

Zarafat elədim, ey!.. Axşama qalarsan ha, nişana...

Roza

Xeyr, evə getməliyəm. Bir dəqiqə gecikəndə anam döyür.

Firuzə

Əcəb eləyir. Qızını döyməyən dizini döyər. Yaxşı, sağ ol. Tez-tez gəl bizə, səndən xoşum gəldi.

Gedir.

Roza

Tez Pərvizə xəbər göndərmək lazımdır. Bu evdə inandığımız bir adam varmı?

Alagöz

Var. Nökərimiz Rəcəb. Pərvizi tanıyır. Ondan mənə neçə dəfə məktub gətirib.

Roza

Elə isə çağırın o Rəcəbi, tez olun. Gecikmək olmaz.

Alagöz çıxır. Rəcəblə qayıdır.

Alagöz

Rəcəb, mənim xətrimi çox istəyirsən?

Rəcəb

Yenə soruşdu. Əlbəttə çox istəyirəm, matişgənin yanında açıq danışa bilərəm?

Alagöz

Matişgə nədir? Ayıb deyil? De ki, Roza xanım.

Rəcəb

Roza xanım, and olsun Kərbəladakı ağalarımızın qəbrinə, bu evdə bir adam varsa o da mənim bu xanımımdır. Desə öl, ölməsəm Quran belimdən vursun.

Roza

Nə istəyirsiniz? Bu da onun proqramı.

Alagöz

Bu saat Roza xanım sənə bir ünvan deyəcək, ora gedə bilərsən?

Rəcəb

Səndən ötrü dünyanın o başına gedərəm.

Roza

Dünyanın o başı lazım deyil. Dağlı məhəlləsinə get. Orada bir baqqal dükanı var, tanıyırsan?

Rəcəb

Tanıyıram, niyə tanımıram? Bir dəfə o dükandan meyvə almışdım, qurdlu çıxdı, Firuzə xanım belimə təpiyi elə vurdu ki...

Alagöz

Yaxşı, yaxşı, səndən tarix soruşan yoxdur.

Roza

Həmən baqqal dükanının üstündə, ikinci mərtəbədə bir adam yaşayır, adı Kazımdır.

Rəcəb

Kazım.

Roza

O Kazımı taparsan, yavaşdan deyərsən ki, mən Pərvizi görmək istəyirəm.

Rəcəb (hırıldayır)

Pərviz dadaş gəlib?

Alagöz

Sus... yavaş danışa bilmirsən?

Roza

O səni aparacaq Pərvizin yanına. Pərvizin qulağına pıçıldayarsan: Alagöz xanım deyir, bu gecə...

Rəcəb

Dalını deməyim?

Roza

Ayrı heç bir söz lazım deyil. Yalnız bunu deyərsən: “Bu gecə”.

Rəcəb

Alagöz xanım deyir ki, bu gecə, bu gecə nəmənə?..

Alagöz

Daha orası sənə borc deyil.

Rəcəb

Necə borc deyil? Bə mən?

Alagöz

Necə yəni “bə mən?”

Rəcəb

Pərviz dadaşa deyim “Bu gecə”. Sonra evimizdə gözəl bir quş var, pırr eləyib uçsun, onda bə mən?

Alagöz

Sən də qalarsan ağanın, xanımın yanında.

Rəcəb (birdən papağını yerə çırpıb hönkürür)

Xanım, fırfıra kimi başına dolanım, ayağının altını yalayım, məni burada qoyub getmə, dərimə saman təpərlər, yazığam.

Alagöz

Dur ayağa, axmaq, səs salma!

Roza

Səni də aparsa, gedərsən?

Rəcəb

Gedərəm, niyə getmirəm?

Roza

Bəs heç soruşmursan hara?

Rəcəb

Hara aparsalar bu evdən yaxşı olar.

Alagöz

Di tez ol.

Rəcəb

Söz verirsən ki, məni də aparacaqsan?

Alagöz

Söz verirəm.

Rəcəb

Onda gedim. Yaxşı, birdən canavar rast gəlsə, soruşsa, hara gedirsən, nə deyim?

Alagöz

Gözünə görünmə, xəlvətcə aradan çıx. Deyilənlər yadından çıxmayıb ki?

Rəcəb

Deməli, baqqal dükanı, üstündə Kazımın evi. Pərviz dadaşa deyirəm: “Bu gecə”. Çalışım, canavara rast gəlməyim.

Gedir.

Roza

Mən də gedirəm. Gecə görüşəcəyik. Ehtiyatlı ol, yoxsa bütün planlar pozular.

Alagöz

Sağ ol, bacım!

İşıqlar sönür.

Yeddinci şəkil

Kəblə Muxtarın evi. Bəzəkli otaq. Buradan qonaq otağına və yan otağa qapılar var. Kəblə Muxtar həyəcanla pəncərədən boylanır. Firuzə xanım içəri girir.

Firuzə

Oğlan evindən xəbər yoxdur?

Kəblə Muxtar

Yox. Sənin burada nə işin var? Çıx, çıx!

Firuzə

Yaxşı, yaxşı, arvadını yemədilər. Qoy bu açar yerindən baxım. (Baxır) Qonaqların da özün kimi qoca-mocadır.

Kəblə Muxtar

Məni abırdan salma, çıx otaqdan.

Firuzə

Dayan görüm, sən Allah, o Parisdən gələn tacirləri görmək istəyirəm.

Kəblə Muxtar

Hələ gəlməyiblər.

Firuzə

Hələ gəlməyiblərsə deməli heç gəlməyəcəklər. Sənin kimi taciri itirim, gecə-gündüz əlimdə çıraq, axtarım.

Kəblə Muxtar

Firuzə, heç olmasa belə şad gündə məni dilxor eləmə.

Firuzə

Yandırmısan məni, Muxtar, odsuz-alovsuz yanıram. Əşi, özgə tacirlərin arvadları...

Kəblə Muxtar

O barədə sonra danışarıq. İçəri keç, kişi gəlir.

Firuzə (qapıdan baxır)

Kişi deyil, qardaşımdır.

Rəşid Məğrur içəri girir.

Rəşid Məğrur

Kəbleyi, hərarətli salamlar, mənalı kəlamlar, bu mənim ilk şeir kitabımdır. Alagözə hədiyyə gətirmişəm.

Kəblə Muxtar

Ay-hay...

Firuzə xanım

Alagöz üçün əzizdir, ver bura.

Rəşid Məğrur

Bacım, maşallah, günü-gündən gözəlləşirsən, elə bil sən də on səkkiz yaşındasan, Alagözdən seçilmirsən.

Kəblə Muxtar

Qardaşın bacıya eşqnamə oxumağını birinci dəfədir görürəm.

Rəşid Məğrur

Kəbleyi, ilhamım gəlib, şerin qabağında dayanma, bacım, hələ saçların... saçlarınla fəxr edirəm, burax onlar dalğalansın, Xəzər kimi, xar olmasın xəzəl kimi.

Kəblə Muxtar

Bəh, bəh, bəh... Əhsən bu kəlama.

Firuzə

Boyuna bacın qurban, deyirlər, Nəsrullah bəy sənə əlli min manat pul verir?

Rəşid Məğrur

Bacım, axı ki, şerin sərrafı tapıldı. Qəzetim, dünyanın ən böyük qəzeti olacaq. Rəşid Məğrurun qabağında hamı diz çökəcək, iki günə kimi Peterburqdan pullarımı alıram. Kəbleyi, o hesaba yüz manat ver.

Kəblə Muxtar

Pul vaxtı deyil, başım qarışıqdır.

Firuzə

Ondan niyə istəyirsən? Bacın ölməyib, al.

Sinəsindən pul çıxarıb verir.

Rəşid Məğrur (pulu iyləyir)

Uf, nə gözəl qadın qoxusu verir.

Kəblə Muxtar

Əstəğfürullah.

Rəşid Məğrur

Əlimə pul keçən kimi gözüm qaralır, başım fırlanır. Qapı haradadır, qapını mənə göstərin.

Firuzə

Bu otaqda Əlibaba qoçu İmamqulu ilə kart oynayır, get, sən də məşğulat elə.

Rəşid Məğrur

Gedirəm, gedirəm, gözəl bacım!..

Kəblə Muxtar

Firuzə, axırda sən məni müflis eləyəcəksən.

Firuzə

Kəs səsini, xəsis, mənim ora-bura pul səpələməkdən xoşum gəlir.

Hacı ilə Məşədi içəri girirlər. Firuzə xanımı görüb öskürməyə başlayırlar.

Kəblə Muxtar

Çıx get də... görmürsən kişiləri?

Firuzə

Onların kişi sifətlərinə torpaq ələyim. Gətirdikləri hədiyyəyə bax. Çırpasan başlarına.

Gedir.

Hacı

Kəblə Muxtar, oğullu, qızlı olsun, inşallah...

Məşədi

Hədiyyələrimizi qəbul elə. Bax, bu böyüyü mənimkidir, çaşbaş salmayasan.

Kəblə Muxtar

Payınız artıq olsun!

Hacı

Nəsrullah bəylə Əhməd bəy buradadırlarmı?

Kəblə Muxtar

Dallarınca fayton göndərmişəm. Bir azdan buyurarlar. Siz keçin qonaqların yanına, mən o biri otaqlara baş çəkməliyəm.

Gedir.

Hacı (onun arxasınca)

Qoca tülkü. O, qızını verdiyi adama mən itimi vermərəm.

Məşədi

Öz övladını pula, mənsəbə satır.

Hacı

Nə olsun ki, jandarmadır. Ətə qatsan, it yeməz, ota qatsan, at.

Kapitan içəri girir.

Məşədi

Yavaş, dostu gəldi.

Hacı

Kapitan, yallah, yallah...

Kapitan

Aha, burada baş-başa verib nə barədə danışırsınız?

Məşədi

Kəblə Muxtar barəsində.

Kapitan

Şübhəli adamlara oxşayırsınız. Kəblə Muxtar hökumətin nəzərində yüksək mövqedədir. Siz onun əleyhinə niyə danışırsınız?

Hacı

Əleyhinə yox, lehinə deyirik, qızı üçün deyirik, nə yaxşı adam seçib, jandarmeriyada işləyir.

Məşədi

Ay Hacı, qar qar üstə yağar da...

Kapitan

Bura baxın, Hacı, Məşədi, mən qoca qurdam... Tükü tükdən seçirəm. Padşaha xülusi-qəlb ilə xidmət eləmək lazımdır. Dünyaya hərc-mərclik salan elə sizin kimi tacirlərdir.

Məşədi

İşə düşmədik! Hərc-mərclik salanın atasına lənət, a kişi!

Hacı

Kapitan, sabah zəhmət çəkin mənim kantoruma, sizinçün bir hədiyyə hazırlamışam.

Məşədi

Mənim də kantoruma gəl, əliboş getməzsən.

Kapitan

O ayrı məsələ. Bax, bu cür, açıq danışmaq lazımdır.

Kəblə Muxtar içəri girir.

Kəblə Muxtar

A kişilər, burada niyə dayanmısınız? Kapitan, xoş gəlmisən, gözüm üstə yerin var. Buyurun, qonaqların yanına.

O biri otağa keçirlər. Bu halda Rəşid Məğrur çıxır. Tələsik getmək istədikdə Əlibaba və İmamqulu dalınca qaçıb onu saxlayırlar.

Əlibaba

Dayı, dayı, hara gedirsən?

İmamqulu

Dayan, yarımçıq qoyub getmək olmaz, qayıt geri...

Rəşid Məğrur

Qumarın zinəti puldur. Sizin cibiniz boşalıb, boşu doluya vurmağın nə mənası?

Əlibaba

Mənim pulum var, dayı, budur, bax!

Cibindən pul çıxardıb göstərir.

İmamqulu

Pul əvəzinə banka qoçu Əlabbası qoyuram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri