Birinci pərdə
Səhifə 3 / 4 · 50%
Xəlil
Təqaüdə çıxmışam. Ona görə də tamam köçüb gəldim. Bəs, necə? Otur danış görək, haradan gəlirsən, hara gedirsən?
Səfər
Heç yerdən gəlmirəm, heç yerə getmirəm. Burada, Əliqulu Baloğlanoviçin yanında küllənirəm.
Xəlil
Bəs, indi o gözünə döndüyüm Baloğlanoviçi tələsikdə neyləyirsən?
Səfər
Səhər onu təcili çağırdılar. Hələ indiyə kimi gəlib çıxmayıb. Nigaranam.
Xəlil
Hara çağırdılar?
Səfər
Yuxarıya.
Xəlil
Hə, başa düşdüm. O sıxışdırır, yoxsa, onu sıxışdırırlar?
Səfər
Bilmirəm. Nigarançılığım da ondandır.
Qapının zəngi çalınır.
Xəlil (oyanki otağa üzünü tutub)
Gövhər, Qumral, gəlin qapını açın!
Gövhər ilə Qumral gəlirlər.
Qumral
Yəqin atamdır.
Gövhər
Tez aç!
Qumral qapını açır. Əliqulu içəri girir. Heç kimə baxmadan bikef otağın ortasında dayanır.
Əliqulu
Gövhər, şlyapamı götür başımdan. Yavaş, saçımı yoldun ki... Boğazımdan şarfı aç. Dayanın, dayanın, Xəlil, pəncərə açıqdırsa, bağla!
Xəlil
Pəncərə bağlıdır.
Əliqulu
Yanındakı kimdir?
Səfər
Mənəm, Əliqulu Baloğlanoviç, Səfərəm.
Əliqulu
Qapını ört, başımın ortasını soyuq vurar.
Səfər
Bu dəqiqə təşkil eləyərəm. (Qapını örtür) Tapşırdığınız kimi qapını bağladım, Əliqulu Baloğlanoviç!
Əliqulu
Hə, indi başlayın paltomu çıxartmağa.
Gövhər ilə Qumral onu soyundururlar.
Xəlil (Səfərə)
Bəs, onu idarədə kim soyundurur?
Səfər
Katibəsi ilə mən.
Əliqulu
Yavaş, az qala, qolum çıxmışdı. Yaxşı, ayaqqabılarımı özüm çıxardaram.
Xəlil
Nə dedi?
Səfər
Deyir, ayaqqabılarımı özüm çıxardaram.
Xəlil
Zəhmətkeş adamdır.
Qumral
Ata, niyə rəngin qaçıb?
Səfər
Bir az fikirli görünürsünüz, Əliqulu Baloğlanoviç...
Əliqulu (əsəbi halda)
Gövhər, get mənə bir papiros gətir.
Xəlil
Oho!.. Bəs tərgitmişdin?
Gövhər
Bir ildir çəkmirdi, ey... İndi təzədən başlayır.
Əliqulu
Gövhər, əsəb mərkəzinə təsir eləmə! Get papiros gətir!
Gövhər
Yaxşı, yaxşı, hirslənmə. Nə deyirəm ki? (Çıxır)
Xəlil
A kişi, nə olub belə hirslənirsən?
Əliqulu
Sən mənim daxili işlərimə qarışma, Xəlil!
Xəlil
Bir sözdür soruşdum, daha cəncəl demədim ki? (O biri otağa gedir)
Əliqulu (Qumrala)
Nə qabağımda dikəlib durmusan? Paltonu, şlyapanı aparıb yerindən asa bilmirsən?
Qumral pərt halda çıxır. Gövhər papirosla qayıdır.
Gövhər
Yemək yeyəcəksən?
Əliqulu
Araq var?
Gövhər
Arağı neyləyirsən? Həmişə kəmşirin içərdin...
Əliqulu (kobudcasına)
Həmişə çox şey eləyərdim, ondan sənə nə? Kəmşirin. Kəmşirin nə zəhrimardır, sən mənə acı araq ver, qoy ciyərimi yandırıb-yaxsın, tüstüsü təpəmdən çıxsın.
Gövhər
Allah, sən saxla!.. Bu gün nə olub, qan-qan deyirsən? (Gedir)
Səfər
Yuxarıya nə üçün çağırmışdılar, Əliqulu Baloğlanoviç?
Əliqulu
Köhnə məsələ yenə təzədən partlayıb. (Böyük bir sükutdan sonra) Məni işdən çıxardırlar.
Səfər (təəccüblə)
Nə danışırsınız? Harada? Nə vaxt?
Əliqulu
Bu gün... Yuxarıda, nazirlikdə... Hər tərəfdən tökülüşdülər üstümə, qanadlarımı qırıb, saldılar yerə.
Səfər
Baho, nə bədbəxt hadisə!.. Nə bəd xəbər!.. Bəs, o kağız nə olacaq? Qol çəkilməmiş qaldı, Əliqulu Baloğlanoviç?
Əliqulu
Nə kağız?
Səfər
Hesab kağızı. Hər gün sizə demirdim?
Əliqulu
Yadımdan çıxıb.
Səfər
Ezamiyyətə gedəndə idarənin hesabına şey-şüy almışdım, bir o,... bir də pul... Neçə vaxtdır ilişib ayağımızda qalıb. Dediniz ki, saxla, bir çarə taparıq.
Əliqulu
Nə pis vaxtda arabanın dümbəsini vurduq yerə...
Səfər
Axı, bir deyin görək, sizi işdən çıxartmağa nə bəhanə gətirdilər?
Əliqulu
Sual-cavabdansa, mənə bir əlac tap, Səfər! Əlac!
Səfər
Ətraflı bilməsək, əlac tapmaq çətindir. Hirslənməyin, sakit danışın...
Əliqulu
Elə əvvəlcə söhbət sakit gedirdi. Sonra yavaş-yavaş sıxma-boğma başlandı. Axırda dərya elə təlatümə gəldi ki, bu boyda paroxodu batırdı.
Səfər
Dərya birdən-birə niyə coşdu axı? Neçə vaxtdır ki, sakit idi.
Əliqulu
O ağbaş, çeşməkli var ha... Muradov... Nazirliyə gələndən düşüb mənim üstümə. O vaxt da məsələni o qaldırmışdı, bu gün də ortada kəndirbazlıq eləyən o idi. Yanında da üç-dörd nəfər var idi – komissiya üzvləri. Kollegiyaya məsələ hazırlayırlar. İşimi orada bitirəcəklər.
Səfər
Ağbaş, çeşməkli? Nazlının dayısını deyirsiniz?
Əliqulu
Nazlı kimdir?
Səfər
İndi tanımayacaq ha!.. Bir göyçək arvad vardı ey... Nazirliyin plan şöbəsində işləyirdi.
Əliqulu
Görməmişəm.
Səfər
Ola bilməz.
Əliqulu
Əşi, lobya əkmə də... Deyirəm, görməmişəm, görməmişəm.
Səfər
Ay Əliqulu Baloğlanoviç! Neçə ay bundan qabaq, sizin məsələniz yuxarıda ilişəndə, özünüz demədiniz ki, ona bir məktub yaz, dayısı lazımlı adamdır?
Əliqulu
Hə, onu deyirsən?.. Əşi, bu davleniyə məni birtəhər eləyib. Üzünü görməyinə görməmişəm, amma o vaxt sən bərk tərifləmişdin. Deməli, məktubu yazıb göndərmisən.
Səfər
Əlbəttə! İmza da qoydum “Ə”. Sonra elə bildim iş düzəlib, daha dalınca düşmədim...
Əliqulu
Deyirəm axı. O, Muradov mənə elə suallar atırdı ki, idarənin lap içərisindən, göbəyindən xəbər verirdi.
Səfər
Yəqin Nazlı danışıb.
Əliqulu
Onun əri kimdir?
Səfər
Kimin?
Əliqulu (hirsli halda)
Necə yəni kimin? Mənim.
Səfər
Başa düşmürəm.
Əliqulu
A kişi, Nazlıdan danışmırıq? Soruşuram əri kimdir?
Səfər
Deyirlər bizim məktubdan sonra əri onu atıb.
Əliqulu
Ola bilməz, canım. Güclü qələmin varmış, qoçaqsan. Tez hərəkət eləmək lazımdır.
Səfər
Bu saat paltarlıq parça alıb, kəsdirərəm qapılarını.
Əliqulu
Xırdaçılıq eləmə, Səfər!
Səfər
Üstə də bir qızıl saat.
Əliqulu
Saxla görək, saat-maat meydanı deyil... Belə vaxtlarda adama gərək ya həmyerli dayaq ola, ya da qohum.
Səfər
Sizin rayondan burada bir zırpı adam yoxdur?
Əliqulu
Vardı, yerlipərəstlik üstündə işdən çıxartdılar.
Səfər
Bəs, qohum?
Əliqulu
Yoxdur. O ağbaş, çeşməkli var ha... Adamın gərək o zorbalıqda qohumu olsun.
Səfər
Necə olsun? O yaşda da deyilsiniz ki, qayınatası olasınız.
Əliqulu
Mən onun qayınatası ola bilmərəm, o mənim qayınatam olsun...
Səfər
Qızı yoxdur ki...
Əliqulu
Bacısı qızı var. Bəs məktubu ona nə üçün yazmışdın? Başa düşdün?
Səfər
Əliqulu Baloğlanoviç, axı siz evlisiniz.
Əliqulu
Onun mətləbə heç dəxli yoxdur. Mən hər dəqiqə subay ola bilərəm. Arvad nə qədər istəsən var. Bu cür vəzifəni isə heç yerdə tapmaq olmaz.
Səfər
ZAQS icazə verməz.
Əliqulu
ZAQS. Nə ZAQS? Mən Gövhərə molla ilə kəbin kəsdirmişəm. O vaxt ZAQS dəb deyildi.
Səfər
Hə, onda lap gözəl! Molla dini mövhumatdır. Siz hökumətin nəzərində heç evli deyilsiniz.
Əliqulu
Əşi, bu tərəfdən nigarançılığım yoxdur. Ancaq o? Məni düşündürən odur... Mənə gələrmi?
Səfər
Mələyə-mələyə.
Əliqulu
Yox, a?..
Səfər
Əliqulu Baloğlanoviçin canı üçün! Yaşınızın keçməsinə nə baxırsınız? Sifətinizə yüngül bir əl gəzdirsəniz, bəsdir. Mən axırıncı dəfə evlənəndə remontdan elə çıxmışdım ki, neçə gün özüm-özümü tanımadım. Gələr, niyə gəlmir...
Əliqulu
Gələr, olar həm ziyarət, həm ticarət.
Səfər
Onun dayısı olar sizin də dayınız. Bu saat sizə elə bir dayı lazımdır.
Əliqulu
Onda məsələ də gedib kollegiyaya çıxmaz!
Səfər
Əlbəttə, çıxmaz!
Əliqulu
Səfər, bu söhbət aramızda. Başa düşdün?!
Səfər
Qəbir kimi dinməz, dəmir kimi möhkəməm.
Əliqulu
Di tez ol!..
Səfər
Göz açıb yumunca işi təşkil eləyəcəyəm.
Əliqulu
Yaxşı, iclas qurtardı. Yeri, əlli-ayaqlı ol!
Səfər
Sizi nə vaxtlar narahat etmək olar?
Əliqulu
Hər vaxt... Gecə, gündüz, səhər, axşam. Çörək yeyirəmsə, yarımçıq qoyaram... Yuxulayıramsa, dik atılaram... Çimirəmsə, sabunlu-sabunlu qabağına çıxaram. Səndən gizlin mənim heç bir sirrim yoxdur, Səfər! Diyirlənib-diyirlənib, lap axırıncı pillədə dayanmışam. Oradan da məni qopardıb salmaq istəyirlər? Yox!.. Mən müdir olmaq, sədr olmaq, rəhbər olmaq üçün yaranmışam. Öləndə də gərək əlim telefon dəstəyində olsun. Vəzifə... Vəzifə...
Səfər
Vəzifə... Katibə... Saysız-hesabsız telefon aparatları... Cürbəcür zənglər... Kabinet...
Əliqulu
Kabinet. Kabinet gözəl şeydir, Səfər! Ancaq gərək isti olsun, rahat olsun... Pürrəng çay qabağında, zənglər də əlinin altında. Bir barmağının hərəkəti ilə bütün idarə qabağında rəqs eləməyə hazırdır. Sən ayağa durursan, hamı ayağa durur; sən gülürsən, hamı gülür; sən acıqlısan, qorxudan barmaqlarının ucunda gəzirlər. Səfər, mən qızımı da böyük vəzifəli adama ərə verəcəyəm. Qoy, o mənə dayaq olsun, mən də ona... Qoy qapımızda maşınlar cüt-cüt dayansın. İnsan yeməyə, yatmağa adət eləyən kimi, mən də bu cür həyata adət eləmişəm. Məni yerimdən qopartmaq öldürmək deməkdir. Əgər dostunun ölməyini istəmirsənsə, hərəkət elə, Səfər!
Səfər
Bu dəqiqədən işə başlayıram. Sağ olun! (Gedir)
Gövhər ilə Xəlil gəlirlər. Qumral və Kamal da onlarla bir yerdə gəlmək istəyirlər, Xəlil qoymur.
Xəlil (qapıdan yavaşdan)
Siz qayıdın, razı olan kimi xəbər verərik, ikiniz də gələrsiniz. (Onları geri qaytarır)
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-eliqulu-evlenir-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dördüncü şəkilYasəmən pərdə qabağına çıxır.*
Şirin bülbül1**Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə heç ağlına gəlməz.
Nəfəs puluƏsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Çiy ətTədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:
Başqa şairlərin şeirləri
Bu şəhin zatini haq məzhəri-tofiq etdi,Namini çünki Qədir isminə tətbiq etdi.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranıQəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.