Səhifə 4 / 4 · 75%

Gövhər (əlindəki yemək podnosunu stolun üstünə qoyur)

Quluş, qadan alım, sənə bir söz desək, acığın tutmaz ki?

Əliqulu

Sözə baxır da.

Gövhər

Gəl otur, yemək ye, yorulmusan...

Xəlil

Canına bax, özünü əldən salma, üzülərsən.

Gövhər

Əsəbiləşmə, bütün günü hirslənirsən. Nə olub sənə?

Əliqulu

Duz ver!

Gövhər

Duz budur, burada. Sənə bir söz desək, acığın tutmaz ki?

Əliqulu

Dedim, sözə baxır da...

Xəlil

Ürəkaçan sözdür.

Gövhər

Bir oğlan var, səni onunla tanış eləmək istəyirik.

Xəlil

Aqronomdur.

Əliqulu

Bizim ştatımızda aqronom yeri yoxdur.

Xəlil

Qulluğa girmək istəmir ey...

Gövhər

Səninlə tanış olmaq istəyir.

Əliqulu

Qız deyiləm ki, mənimlə tanış olur?

Xəlil

Qızla tanış olub. İndi də səninlə görüşmək istəyir.

Əliqulu

Necə? Mənim qızımla tanış olub?

Gövhər

Yox ey... Elə deyil...

Əliqulu

Gövhər, bilirsən ki, mənim hirsim tutanda başımda ildırım çaxır.

Gövhər

Allah, sən saxla!

Xəlil

Ay Əliqulu, acığın niyə tutur? Maşallah, qızın ərə getməli qızdır da...

Əliqulu

Bilirsən nə var, Xəlil! Mənim evim kolxoz bazarı deyil, sən də burada qarpız satmırsan...

Gövhər

Ayıbdır, Quluş, elə sözlər demə.

Xəlil

Dedim mən qarışmayım, bu Əliqulu cəncəl adamdır...

Əliqulu

Mənə bax, Xəlil! Neçə illərdi gözə görünmürdün, indi nə eşidib gəlmisən? Yoxsa Əliqulunu ölmüş bilirsən? Onu bil ki, mənim qızımla tanış olmaq üçün əl uzadanın əlini kəsərəm, mənim evimə ayaq basanın ayaqlarını qıraram.

Gövhər

Xoşhaxoşluqla söz danışırıq, niyə çığırırsan?

Əliqulu

Öz işimdir, istərəm çığıraram.

Gövhər

Yaxşı, özün bil. Qoy qızın qarıyıb evdə qalsın.

Əliqulu

Qalsın, razıyam, razıyam!

Qumral Kamalı çəkib, içəri gətirir.

Qumral

Razıdır, gəl...

Gövhər, Xəlil onları qaytarmaq istəyirlər, ancaq gecdir. Əliqulu Kamalı görmüşdür.

Əliqulu (təəccüblə)

Bu oğlan kimdir?

Qumral

Ata, bu oğlan Kamaldır.

Əliqulu

Kamal kimdir? Dayan, dayan görüm.

Gövhər (Qumrala)

Biz hələ sözümüzü qurtarmamışdıq.

Xəlil

Çiydir, hələ bişməyib.

Qumral

Ata!

Əliqulu

Saxla! Məni başa salın görüm bu Kamal kimdir? Gözümə şübhəli görünür.

Kamal

Şübhəli bir şey yoxdur. İcazə verin kim olduğumu özüm deyim.

Qumral

Kamal, vaxtı deyil.

Kamal (Qumrala)

Sən toxta, gör nə siyasətlə danışacağam. (Əliquluya) Utansam da, gərək sözün düzünü deyim. Mən sizin evinizə ən bahalı, ən qiymətli cavahirat üçün gəlmişəm.

Əliqulu

Obe-xe-esdən?

Kamal

Xeyr, Əliqulu əmi.

Əliqulu

Əmi-zad deyib, ayağımın altına xalı sərmə. Nazirlikdən göndəriblər?

Kamal

Heç kəs göndərməyib, özüm gəlmişəm. Dediyim cavahirat sizin qızınızdır.

Əliqulu

Valı dəyişdirdi, hərifdir. (Kamala) Hə, mənim qızım evdə nə var, nə yox hamısını sənə danışıb?

Kamal

Bəli, danışıb. Biz bir-birimizi...

Əliqulu (onun sözünü kəsir)

Baş-ayaq vurma! De görüm, səni bura kim göndərib? Mənim evimdə nə axtarırsan? Sənə bir ləzgihəngi gələrəm ki, Əliqulu adı eşidəndə tüklərin başında vız dayanar!..

Xəlil

Yaxşı, yaxşı. Belə iş üstündə adam öldürən hələ görməmişəm.

Əliqulu

Xəlil, sən mənim daxili işlərimə qarışma. (Kamala) Çıx buradan!

Gövhər

A kişi, səbrini dər! Sakit ol!

Kamal

Yaxşı, mən gedirəm. Qəm yemə, Qumral, eybi yoxdur. Biz bu evə ayrı qapıdan gələrik.

Əliqulu

Buraya ayaq basanın ayağını qıraram. Qumral, səninlə söhbətim sonraya qalsın. Aç qapını, rədd olub getsin. Gövhər, tut qolumdan, yoxsa, qorxuram əlimdən xata çıxa.

Gövhər

Bəri gəl, görüm, doğrudan da, xata çıxardarsan...

Əliqulu

Gövhər, yıxdın mənim evimi!

Qumral

Bağışla, Kamal can, mən axı sənə dedim də.

Xəlil

Dayan, getmə, oğul, sözüm var.

Əliqulu

Yenə əsəb mərkəzimə təsir eləyirsən, Xəlil!

Xəlil

Sən də mənim mərkəzimə təsir eləyirsən, daha ağ elədin!

Əliqulu

Xəlil, Əliqulu ölməyib ki, onun evində ağalıq eləyirsən...

Xəlil

Xəlil də ölməyib. Mən işə girişsəm, qabağımda Əliqulu-Məliqulu davam gətirməz.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri