Ərəboğlu
Səhifə 2 / 2 · 50%
Ərəboğlu ağız-burnunu büzdü, qara sifəti bir az da eybəcərləşdi, narazı halda dedi:
– Sən öl, lap neçə il bundan qabaq da bu darğanın sözündən mən bir kəlmə başa düşməzdim. Bir yaxşı-yaxşı danış görüm nə həngamə çıxardırlar?
Darğa tez-tez gözünü qırpıb kəkələdi:
– Sənin şəbehini çıxardırlar.
– Mən imam Hüseynəm ki, şəbehimi çıxartsınlar?
– Nə bilim?.. Hər yanda yazıb-yapışdırıblar ki, “Ərəboğlu”. Özüm höccələyib oxumuşam. Elə indi, bu saat Bakıdan gələn ərtislər üzgözlərini bəzəyib çıxıblar... Deyirlər guya sən orda öz arvadını boğacaqsan.
Ərəboğlu qəhqəhə ilə güldü, yoldaşları da ona qoşulub hırıldadılar. Ərəboğlu gözünün suyunu əlinin dalı ilə silib dedi:
– İndi mən başa düşdüm, yəqin mənim barəmdə pyes yazıb oynayırlar. Bəs bilmədin, o pyesi kim yazıb?
Darğa bir az fikirləşdi. Sonra birdən tapıb dedi:
– Şikspir.
– Kim?
– Özüm oxumuşam. Belə yazılmışdı: Şikspir.
Quldurlardan biri dedi:
– Yəqin təzələrdəndir.
Darğa tez əlavə elədi:
– Deyirlər bakılıdır, xüsusi səni tutmaq üçün yazıb.
– Necə? Məni tutmaq üçün?
– Bəs necə? Şəhərə səs yayılıb ki, guya sən bu işə razılıq verməyəcəksən, tratra hücum eləyəcəksən, elə bu vaxt səni tutacaqlar.
Ərəboğlu yenə gülməyə başladı.
– Nə axmaq adamlardır, ə!.. İstəyirlər pyes yox, lap opera yazsınlar, mənə nə? – deyə öz-özünə donquldandı, sonra birdən yadına düşmüş kimi darğadan soruşdu:
– Tamaşaya çox adam gedib?
– Hamı oradadır, – deyə darğa tez cavab verdi. – Şəhərdə heç pişik də qalmayıb. Tratrın dörd tərəfinə tüfənglilər qoyublar. Qoruğun bütün yollarına gizlin qarolçu qoyublar, sən gələn kimi hər tərəfdən tökülüşüb tutacaqlar.
Ərəboğlu həyəcan içində ayağa qalxdı.
– Əsil məqamdır. Bilirsiniz neyləyək? – deyə yoldaşlarına nə isə demək istədi, sonra susdu, tez darğaya müraciət elədi. – Darğa, sən get kəndə, həmin mənim teatrımı çıxardan yerdə ol, elə ki, güllə səsləri eşitdin, qışqır, haray sal ki, “Ərəboğlu gəldi”. Ayrı işdə işin olmasın. Onlar mənim teatrımı çıxardırlar. Mən də onlar üçün bir teatr düzəldərəm ki, gülməkdən bağırsaqları qırılar. Tez ol get, darğa, dediyim söz yadından çıxmasın.
Darğa gedəndən sonra Ərəboğlu yoldaşlarından ikisinə müraciət edərək dedi:
– At minin, tez özünüzü çatdırın qabaq-qarşıdakı dağın döşünə. Atları meşədə bağlayın, ehtiyatla şəhərə tərəf gedin, qoruğa bir az qalmış tüfənglərinizi havaya boşaldın. Tez-tez doldurub atın, elə bilsinlər çox adamsınız. Elə ki, başladılar cavab verməyə, ata-ata qaçın, atlara minib aradan çıxın. Dalısı ilə sizin işiniz olmasın.
Ərəboğlunun dəstəsində “getmirəm, eləmirəm” sözü deyilməzdi.
Bu beş adamın hər birinin vicdanında o qədər qan ləkəsi vardı ki, Ərəboğluna sığınmaqdan və ondan nicat gözləməkdən başqa heç bir əlacları yox idi.
Quldurun ikisi getdi. Ərəboğlu qalan üç yoldaşına müraciətlə dedi:
– İndi biz də çay tərəfdən şəhərə girək. Mən evimə baş çəkmək istəyirəm.
Quldurlardan biri təəccüblə soruşdu:
– Niyə? İki dəfə təcrübə eləmişik, yaxamızı güclə qurtarmışıq.
O biri quldur dedi:
– Ay Ərəboğlu, bu balaca şəhərin bankında nə pul olacaq ki, özümüzü təhlükəyə salırıq?
Ərəboğlu gülə-gülə cavab verdi:
– Mən ora pul üçün getmirəm. İndi ki, söhbət düşüb, açım sizə. O vaxt qaçaqaçda bütün qızıllarımı evdə gizlətmişəm. İndi məqamdır, gedək qızılları aradan çıxardaq, sonra da birbaş özümüzü verək Arazın o tərəfinə. Bildiniz? Darğanın yanında bu barədə bir söz demədim, çünki onun özündən də şübhələnirəm. Gəlin dalımca!
Sürünə-sürünə meşəlikdən çıxdılar. Yayda qupquru qurumuş çaya düşdülər. Ordan keçib şəhər qırağındakı küçələrə girdilər. O hasarın dibindən bu hasarın dibinə, o qapıdan bu qapıya, gizlənə-gizlənə Ərəboğlunun keçmiş evinə çatdılar. Yolda bir-iki qoca-mocaya rast gəlib gizlənmişdilər. Bu tərəfdə ins-cins yox idi.
Ərəboğlu yoldaşlarını ətrafda qarovulçu qoyub evin arxa tərəfindəki divarı aşdı, həyətə düşdü.
Həyətdə heç kəs yox idi. Evdən də səs-səmir gəlmirdi. Cümə günü olduğu üçün bank bağlı idi. Yalnız uzaqdan, qoruq tərəfdən aktyorların səsi eşidilirdi. Kim isə ucadan çığırırdı. Ərəboğlu öz-özünə... “Heç mən elə böyürə-böyürə danışıram?” – deyə düşünüb gülümsündü. O, bir ağacın dibinə qısılıb xeyli gözlədi, nəhayət, uzaqdan güllə səsləri və bunun dalınca camaatın qışqırtısı eşidildi. Bu tərəfdən cavab olaraq tüfənglər açıldı. Ərəboğlu bunu eşidib sürətlə evə yaxınlaşdı, ancaq pilləkənlə yuxarı çıxmadı, zirzəminin qapısına yaxınlaşdı. Qapıda balaca bir qıfıl vardı. Ərəboğlu bıçağını salıb qıfılı bir dəqiqədə qırdı, içəri girdi.
Zirzəmi qaranlıq idi, indicə açılmış qapıdan az-maz işıq düşürdü. O, bir dəqiqə itirmədən əli ilə divarları yoxlamağa başladı. Nəhayət, böyük bir daş bələdlədi, ətrafını bıçaqla qazıb divardan çıxartdı. Onun əlləri əsirdi, tər dabanından süzülürdü. Daşı ehtiyatla yumşaq torpağın üstünə qoydu, yerinə əlini saldı. Gizlətdiyi şeyləri öz yerində idi. Ərəboğlu arxayın nəfəs aldı. Elə bu zaman zirzəminin qapısı tərəfdən ayaq səsləri eşitdi. Ərəboğlu cəld döndü; qapının ağzında üç nəfər dayanmışdı. İşıq onlara arxadan düşdüyü üçün üzlərini seçə bilmədi, əvvəlcə elə bildi ki, öz yoldaşlarıdır, ancaq bu düşüncə bir an çəkdi. Şübhələnib əlini tapançaya atdı, qapıdakılar elə sürətlə onun üstünə atıldılar ki, silahı çıxarda bilmədi. Qısa bir süpürüşmədən sonra təslim oldu.
Ərəboğlunu həyətə çıxartdılar. Məbud kişi, Cəfərov və tanımadığı bir adam onu əhatə eləmişdilər. Qaçmaq üçün heç bir imkan olmadığını görüb Ərəboğlu yoldaşlarını qurtarmaq üçün bərkdən: – Qaçın, qurtulun! Məni tutdular! – deyə çığırdı.
Məbud kişi gülə-gülə dedi:
– Boğazını yırtma. Onları çoxdan aparmışıq. Sən bu evə neçə dəfə hücum eləyəndə biz bilirdik ki, işin içində iş var. Rayon bankında nə pul olur ki, sən özünü bu cür həlak eləyəsən. Ürəyimizə dammışdı ki, nə isə gizlətmisən, onun nigarançılığını çəkirsən. Ancaq ha fikirləşirdik, bir tələ qura bilmirdik. Sağ olsun artistlər. Onlar bizim dadımıza çatdılar.
Ərəboğlu dinmədi. Məbud kişi ətrafındakılara müraciət etdi:
– Götürün gəlini də, onun cehizini də aparaq, bir yaxşı toy eləyək.
... Böyük bir fasilədən sonra tamaşa davam elədi. Ərəboğlunun tutulmağı münasibəti ilə bütün şəhərdə bayram elan edilmişdi. Artistləri bir həftə rayondan getməyə qoymadılar. Gündə neçə yerə qonaq çağırdılar. Hər axşam tamaşa və hər axşam da anşlaq.
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-ereboglu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İkinci şəkilYenə həmin yer. Axşamüstüdür. Səhnənin arxasından gülüş və oxumaq səsləri eşidilir. İşçilər mahnı oxuya-oxuya işdən çıxırlar.*
Üçüncü pərdəDördüncü şəkilYeni tikilmiş istirahət evinin böyük həyəti. Otaqlar rəngləndiyindən iş stolları həyətə çıxarılmışdır. Qabaq planda Nəsirovun stolu. Arxa tərəfdə də stollar var. Stolların üstündə telefon aparatları qoyulmuşdur. Mürşüd və Sadıq səhnədə kağızlara, proyektlərə baxırlar.*
Dördüncü pərdəBeşinci şəkilİstirahət evi hazırdır. Hər yan bəzənib, ağaclardan rəngli fənərlər asılıb. Pərdə açıldıqda uzaqdan orkestr səsi gəlir. Cavanlar oynaya-oynaya səhnədən keçirlər. Sadıqla Mürşüd oynayaraq gəlirlər. Musiqi kəsilir.*
Yalan3 pərdəli, 14 şəkilli komediya*İştirak edənlər
Başqa şairlərin şeirləri
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Çadralı qızlarımızaSizə indi diyorlar: – Çıxınız bu örtüdən,Qovunuz üzünüzdən bu məlun buludları.