Üçüncü pərdə
Səhifə 1 / 3
Dördüncü şəkil
Yeni tikilmiş istirahət evinin böyük həyəti. Otaqlar rəngləndiyindən iş stolları həyətə çıxarılmışdır. Qabaq planda Nəsirovun stolu. Arxa tərəfdə də stollar var. Stolların üstündə telefon aparatları qoyulmuşdur. Mürşüd və Sadıq səhnədə kağızlara, proyektlərə baxırlar.
Mürşüd (Sadığa)
İndi isə gedək ikinci korpusun planını yoxlayaq.
Sadıq
Yox, hələ bir dayan. Bura bax, Mürşüd, bu iki yan otağın rəngi mənim xoşuma gəlmir, bir az dəyişdirmək necə olar?
Mürşüd
İş açarsan. Otaqları mən özüm neçə gün bundan qabaq yoxlamışam, rəngi də yaxşıdır, arxayın ol. (Proyekti yığışdırmaq istəyir)
Sadıq
Yavaş-yavaş, əzmə, mən bunları bizim professora göndərəcəyəm. O tapşırmışdı ki, bir yaxşı işiniz olanda göndərin, sərgiyə verəcəyəm.
Mürşüd
Hə, onda elə yerə qoyaq ki, çirklənməsin. Götür, bunları da götür. (Yığışdırırlar)
Sadıq
Gedək görək usta neyləyib. Qəribə rəngsazdır. Bundan sonra bütün tikintilərə bu ustanı çağıraq. Rəngsaz deyil, rəssamdır.
Mürşüdlə Sadıq gedirlər. Bərbərzadə anbardan çıxıb haqq-hesabla məşğul olur. Sənubər bir dəstə kağız götürüb Nəsirovun stolunun üstünə qoyur, qayıdanda Bərbərzadəni görüb dayanır.
Bərbərzadə (ona diqqətlə baxır)
Niyə belə tovuz quşu kimi bəzənmisən? Toydur?
Sənubər
Mənim ürəyimdə var həmişə toy. Bəs sən, yoldaş Bərbərov, nə üçün evlənmirsən?
Bərbərzadə
Eh. Nə asan danışırsan? Evlənmək halva deyil ki? Papaq papaqdır ki, onu bir aydan tez tikmirlər. Bir də... Otağım hələ boş deyil.
Sənubər
Otağın yoxdur?
Bərbərzadə
Otaq var ey, amma bu saat onun içində qonaqlarım var. Köçsünlər, sonra evlənəcəyəm.
Sənubər
Qonaq? Arvaddır?
Bərbərzadə
Arvad deyil, iki bığıburma kişidir. Mürşüdlə Sadığı tanıyırsan?
Sənubər
Yıram.
Bərbərzadə
Yıram nədir?.. Bu hövsələmin dar vaxtında sən də məni sarıma?
Sənubər
Demək istəyirəm ki, tanıyıram. Mən ixtisar ilə danışıram.
Bərbərzadə
Hə də. Haman Mürşüdlə Sadıq öz arvadlarını ixtisar eləyib, köçüblər mənim yanıma.
Sənubər
Həmişəlik?
Bərbərzadə
Yox, arvadları ilə barışanacan.
Sənubər
Bu oldu çox çətin məsələ. Sən Mirzə Qərənfilin yerini bilmirsən?
Bərbərzadə
Mirəm. Mən də ixtisarla danışıram.
Nəsirov içəri girir.
Nəsirov
Danışanda ixtisar eləyirsən, amma işində ixtisar yoxdur. Üç gündür, sənə cəftə tapşırılıb. Alıb gətirmirsən ki, ustalar işlərini qurtarsınlar.
Bərbərzadə
Mən istədiyim cəftələr hələ hazır deyil. Hər cəftəni bəyənmirəm axı, mən Bərbərzadəyəm.
Nəsirov
Lap Bərbərzadə olma, kim olursan ol. Sabah yerdən də olsa, mənə cəftə çıxart, vəssalam. Bu boyda binanı sənin cəftələrinə qurban eləyə bilmərik. O tərəfə gedirsənsə, zəhmət çək, Mürşüd ilə Sadığı bura çağır.
Bərbərzadə
Baş üstə. (Çıxır)
Nəsirov
Sənubər, gətir qol çəkim...
Sənubər
İndi.
Nəsirov stolun dalına keçib kağızlara qol çəkməyə başlayır.
Nəsirov
Əmrnamə hazırdır?
Sənubər
Hazırdır.
Nəsirov
Gətir, görüm.
Sənubər
İndi. (Kağızları verir)
Nəsirov
Qərənfil gəlib?
Sənubər
Lib.
Nəsirov
Nə əcəb? Heç Mirzə Qərənfildən çıxan iş deyil.
Sənubər
Yoldaş Nəsirov.
Nəsirov
De görək.
Sənubər
Bir neçə ərizə var.
Nəsirov
Ver bəri, sonra vaxtım olanda baxaram.
Sənubər
Gecikdirmək yaxşı deyil, indi qol çəkin, yoldaş Nəsirov.
Nəsirov
Qısa danış. Dedim ki, sonra baxaram.
Sənubər
Axı... Yoldaş Nəsirov...
Nəsirov
Yoldaşsız, Nəsirovsuz, de görüm, nə axı?
Sənubər
Axı içində var mənim də ərizəm.
Nəsirov
Hə, deməli dərdin varmış. Ərizən nə barədədir?
Sənubər
Otaq barədədir.
Nəsirov
Yaxşı, şəhər sovetinə yazaram.
Sənubər gedir. Usta Segah əlində fırça istirahət evinin balkonuna çıxır.
Usta Segah (oxuyur)
Nə yanar kimsə mənə atəşi-dildən qeyri,
Nə açar kimsə qapım badi-səbadən qeyri.
A Gülər, rəng gətir, rəngsiz olmaz işimiz,
Cümlə rənglər qurtarıb, rəngi-qaradan qeyri.
Nəsirov
Ey, yoldaş rəngsaz! İşlə, ancaq səs salma!
Usta Segah
O mümkün deyil.
Nəsirov
Necə mümkün deyil? Əlin işləsin, amma ağzın işləməsin. Bizə mane olursan.
Usta Segah
Ağız işləməsə, əl işləməz, əl işləməsə, ağız. (Yenə də işilə məşğul olur. Oxuyur)
Mən yeyirəm öz bağçamın barını,
Gülər xanım, gətirginən sarını.
Nəsirov (hirslə ayağa qalxır)
Bərbərzadə! Hanı Bərbərzadə? Bu nədir? Özbaşınalıqdır? A kişi, kəs söhbəti, uzunçuluq eləmə!
Usta Segah
Şeir oxumasam, mən rəng çəkə bilmərəm, ey müdir-tələsgən! (Oxuyur)
A Gülər, rəng gətir, rəngsiz aşmaz işimiz,
Cümlə rənglər qurtarıb, rəngi-qaradan qeyri.
Nəsirov
Qurtardı. Nöqtəni qoy!
Usta Segah
Baş üstə!
Mürşüd, Sadıq və Bərbərzadə gəlirlər. Bərbərzadə anbara keçir.
Mürşüd
Bunun harası düz gəlmir, yoldaş Nəsirov?
Sadıq Usta Segahı balkonda görüb, ona sarı yönəlir, işarə ilə danışmağa başlayır.
Nəsirov
Sadıq, fikrin burada olsun, rəngsazla sonra salamlaşarsan.
Sadıq
Salamlaşmıram. Bu rəngsaz o biri tərəfin pəncərələrini rəngləməyib, buranı başlayıb, səbəbini bilmək istəyirəm.
Nəsirov (Usta Segaha)
Kişi, gəl bura, görək sən neyləmisən? (Usta cavab vermir) A kişi, səninlə deyiləm? Cavab niyə vermirsən?
Usta Segah
Dedin danışma, mən də danışmıram.
Nəsirov
Bir aşağı zəhmət çək!
Usta Segah balkondan çəkilir.
Mürşüd
Əgər Bərbərzadə material çatdırsa, bütün elektrik işi bu gün qurtarmalıdır.
Nəsirov
Axır zamanlar Bərbərzadə lap birtəhər olub. İş tapşırırsan, gözünü döyə-döyə baxır.
Sadıq
Bəlkə bir dərdi var.
Nəsirov
Onun da dərdi, yəqin sizin dərdinizdəndir.
Mürşüd
Bizim dərdimiz hansıdır?
Nəsirov
Hansı olacaq? İşimizin ən gərgin vaxtında ailə həyatınızı pozmusunuz.
Sadıq
Onun bura nə dəxli var?
Nəsirov
Çox dəxli var. Ailə məhəbbəti olmayan adamda iş məhəbbəti də ola bilməz. Sən kiçik bir ailəni sevə bilməyəndən sonra öz işini, öz təsərrüfatını necə sevə bilərsən? Yoxsa siz də dönmüsünüz Mirzə Qərənfilə? Gündə bir arvad alıb-boşayır, ev qalır arvada, qaçır üstümüzə, şəhər sovetinin də canını boğazına yığır, bizim də.
Mürşüd
Yoldaş Nəsirov.
Nəsirov (onun sözünü kəsir)
İşə keçək. Deyin görək, bu şüşəbənd hara qədər gəlib çıxır?
Sadıq
Budur, bu pəncərənin yanına qədər.
Baş-başa verib proyektə baxmağa başlayırlar. Usta Segah gəlib onların yanında dayanır.
Usta Segah
Usta hazırdır.
Sadıq
Ay usta, dal pəncərələri nə üçün rəngləməmisən?
Usta Segah
Çünki o pəncərələr düz qurulmayıb.
Mürşüd
Necə yəni düz qurulmayıb?
Usta Segah
Yəni ki, o pəncərələrdən keçən işıq və hava yalnız quşları təmin eləyə bilər, insanları yox.
Sadıq
Özündən iş çıxartma, usta! Bütün ev bu proyekt əsasında tikilib.
Usta Segah
Oğul, mən saysız-hesabsız evlərdə işləmişəm, sizin kitabdan öyrəndiyinizi mənə həyat çoxdan öyrədib. O pəncərələr ümumi ölçüyə düz gəlmir, düzgün qurulmayıb. Oradan düşən zəif işıq mənim çəkdiyim rəngləri tamam öldürər ki...
Mürşüd
Bəlkə usta haqlıdır, Sadıq! Yoxlamaq lazımdır.
Nəsirov (proyekti göstərir)
Gəl burada göstər, görək nə deyirsən? Maraqlı məsələdir.
Usta Segah
O uşaq oyuncağından başım çıxmaz. Mənim təcrübəm budur, bax. (Evi göstərir)
Sadıq
Çıxaq evin özündə göstər.
Usta Segah
Hə, o ayrı məsələ. İş olanda əyani, çox asandır bəyanı. Gedək.
Gedirlər. Bərbərzadə anbardan çıxıb, işləməyə başlayır. Maral səhnəyə çıxır. Bərbərzadəni görüb bərk əsəbiləşir, telefonu götürüb zəng edir. Nəsirovun stolunun üstündəki telefon zəng çalır. Xeyli keçdikdən sonra Bərbərzadə tənbəl-tənbəl qalxıb telefonun dəstəyini götürür.
Maral (telefona)
Bu saat gəlirəm anbarı peçatlamağa, hazırlaş, təftiş eləyəcəyəm.
Bərbərzadə (telefona)
Yoldaş Nəsirovdan başqa heç kəsin ixtiyarı yoxdur, məni təftiş eləsin.
Maral
Səndən soruşan olmayacaq... Bu saat gedirəm surğucun, peçatın dalınca. At nalı boyda peçatı anbarın qapısına vurandan sonra cümlə bərbərləri başına yığsan, yenə dadına çatan olmayacaq.
Bərbərzadə
İstər dünyanın cümlə maralları gəlsin, mən də o peçatı qırıb atacağam.
Maral (telefonun dəstəyini hirslə çırpıb, qabağa gəlir)
Elə mən də onu istəyirəm. Bir cani kimi məhkəmə qabağında oturanda görərsən.
Bərbərzadə (əli cibində onun qabağında dayanır)
Əgər məni mühakimə eləyən sən olacaqsansa, onda mən cani deyiləm, qəhrəmanam.
Maral
Qəhrəman sənsən? Sənin kimi qəhrəmanları çox iclasa qoyub ittifaqdan çıxartmışam.
Bərbərzadə
Özbaşına ittifaqdan adam çıxartmaq sənin işin deyil. Bu qulluqdur, sevgi-məhəbbət-zad deyil ki, xain çıxasan.
Maral
Xainlər başqalarını xain adlandırmasınlar.
Bərbərzadə
Xain olduğun Mirzə Qərənfilə dediyin sözlərdən məlum olur.
Maral
O sözlər sənin yazdığın şerin cavabı idi. Min dəfə şükür elə ki, bu saat mənim vaxtım yoxdur. Yoxsa səni Mirzə Qərənfillə üzləşdirərdim, qıpqırmızı qızarıb turpa dönərdin.
Bərbərzadə
Üzləşdir, görək kim turpa dönəcək.
Maral
Görərik.
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-xosbextler-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.
Qanlı məktubƏlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.
Darvaza dram cəmiyyətiBizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.
İlk tamaşaGülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.