Məzmun
  1. II
  2. III
  3. IV
  4. V

Səhifə 3 / 6 · 33%

– Qayıt, qayıt, odur gəlir, – deyə onu səslədi. Atabala geri döndü.

Anaxanım:

– Başına dönüm, ona bərk acıqlan ki, bir də belə iş görməsin, – dedi. – Həm də soruş görək bu vaxta qədər harda idi?

Arazın evə gec gəlməsi Atabalaya da təsir etmişdi. O, bu vaxtadək güldən ağır bir söz demədiyi nəvəsinə bu gün bərk acıqlanmağa qərar verdi.

Araz gülə-gülə yaxınlaşdı. Atabala:

– Bu vaxta qədər harda idin? – deyə soruşdu.

Araz cavab vermədi.

Atabala yerindən tərpənməyərək, daha kəskin bir səslə onun üstünə çığırdı:

– Sənə, harda idin, deyirəm, eşitmirsən?

Araz halını pozmayaraq:

– Sən harda idin, mən də orda! – deyə cavab verdi.

Bu cavab Atabalanı təmin etmədiyindən, o:

– Mən işdə, de görüm sən harda idin? – deyə daha acıqlı halda təkrar soruşdu.

– Mən də işdə.

– Necə işdə? Söz soruşuram, cavab ver!

– Doğru deyirəm, buruqda işləməyə getmişdim.

– Hansı buruqda?

– Podratçı Əhmədin buruğunda.

– Səni ora kim apardı?

– Heç kim, özüm getdim.

Gözlənilməyən bu cavab Atabalanı dərhal yumşaltdı, o, mehribanlıqla soruşdu:

– Səni işləməyə nə vadar etdi, oğlum? Yoxsa ac qalırsan?

Araz cavab vermədi. Atabala sözünə davam edərək:

– Bilirəm, mənim azacıq qazancım səni yaxşı yaşada bilmir, – dedi.

Araz gülümsədi:

– Yox, baba, mən cavanam, daşdan yumşaq hər şeyi yeyə bilirəm. Sən qocalmısan, indi gərək səni mən saxlayam.

Anaxanım Atabalanın üzünə baxdı. Atabala gözlərini heyrətlə iri-iri açaraq:

– Necə? Məni sən saxlayacaqsan? Hələ ona çox qalır, oğlum. Nə qədər mən sağam səni işləməyə qoymaram, – dedi.

Babası nə qədər çalışdısa Arazı fikrindən döndərə bilmədi. Araz:

– Yox, baba, sənin ağır zəhmətlə qazandığın çörəyi mən yeyə bilmərəm, – deyə qətiyyətlə bildirdi.

Araz həmin gündən fəhlə şagirdi kimi mədəndə işləməyə başladı. Axşamlar mədəndən evə döndüyü zaman arabir babası ilə həyətdəki əncir ağacının altında oturub, uzun-uzadı danışardı. Babası ona öz cavanlığından, fəhləlik həyatından söz açıb deyərdi:

– Oğlum, keçmişlərdə buruqlar su quyusutək əl ilə qazılardı. Bu gün şaxta quyularda olduğu kimi nöyütü quyudan mancanaq, ya da çarxla öküz gönündən qayrılmış tuluqlarla çəkib çıxarırdılar. Tacirlər nöyütü tuluqlara doldurub dəvələrlə, qatırlarla uzaq şəhərlərə aparır, orda satırdılar. Bakı nöyütünü yaxın, uzaq ölkələr çoxdan tanıyır. Mən özüm köhnə quyularda çox işləmişəm. Səhərdən axşama qədər atı bağaraya qoşub qara mazut çəkərdim. Yazıq atlar qan-tər içində əldən düşürdü. Ayda üç-dörd at çolaq olurdu. Bax, indi işlər dəyişib, quyunun üstündə buruq tikib, yeri iti balta ilə qazırlar. Nöyütü quyudan calonka deyilən iri dəmir qablarla çıxarırlar. İndi at yerinə maşın dəzgah qoymuşlar. Onun köməyi ilə quyunu həm qazırlar, həm də nöyütünü jalonka ilə quyudan çıxarırlar; indi işlər bir qədər asanlaşıb. Bizim vaxtımızda çox çətin idi. Ancaq, oğlum, həm köhnə quyular, həm də bu gün qazılan quyular bilirsən nə qədər fəhləni məhv etmişdi? Acgöz mədənçilər quyu qazıldıqca yanlarını möhkəm bərkitmədiklərindən, çox vaxt quyu uçur, qazmaçılar torpaq altında qalır, ya da aşağıda qaz partlayışından ölürlər. Bu motorlu buruqlar da az fəhlə tələf etmir. Qolunu qayış qıran, quyuya düşüb ölənlər az deyil. Bu işdə çox ehtiyatlı olmaq lazımdır.

Atabala o zaman üçün yeni olan “vurma üsulu” haqqında ancaq bu qədər məlumat verə bildi.

Araz bilirdi ki, ata-baba yurdu olan Abşeron yarımadasında təsərrüfatla məşğul olmaq, xəsis sarı qumdan çörək çıxarmaq iynə ilə gor qazmaqdır. Onun və gələcək ailəsinin həyatı yalnız neft mədənlərinə bağlıdır. Ona görə də qazmaçılığın bir çox sirlərini əsaslı surətdə öyrənməyə çalışırdı. O, çəkildikcə bitib-tükənmək bilməyən neftin yer altında nədən əmələ gəldiyini bilmək istəyirdi.

Araz babasının verdiyi bu qısa və səthi məlumatı dinlədikdən sonra soruşdu:

– Baba, bu neft yerin altında nədən olur?

– Oğlum, yerin altında, üstündə nələr yoxdur? Bizim qonşu kəndlərin yanında çıxan duz mədənləri, Suraxanıda gecə-gündüz şölə çəkib yanan alov, yerdən çıxan isti, qaynar su nədən olur? Hələ o ulduzlu, aylı göyləri görürsənmi? Orda da başqa bir aləm vardır! Biz görmürük. Bunların hamısı Allahın hikmətidir.

Arazı bu cavab qane etmədi; gözləri böyük həyat təcrübələrinin mənasını ifadə edən babasının gözlərinə dikilmiş halda fikrə getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri