Məzmun
  1. II
  2. III
  3. IV
  4. V

Səhifə 2 / 6 · 17%

II

19-cu əsrin sonuna doğru yavaş-yavaş neft buruqları ilə qucaqlanmağa başlayan Suraxanı kəndində hər kəsin nəzərini bir ev cəlb edə bilərdi. Adam boyundan alçaq, divarları palçıqla suvanmış bu ev hər kəsin xəyalını uzaqlara, dumanlı keçmişlərə aparır, zehnində bir-birini izləyən fikirlər onu köhnə bir aləmə atırdı. Bu alçaq evin şərq tərəfindən, hasara nisbətən uca qapısından girən adamı, hər şeydən əvvəl, həyətin ortasında balta zərbələri ilə yaralanmış qoca və çılpaq bir əncir ağacı qarşılayırdı. Bir qədər irəlidə hisli-paslı iki kiçik pəncərə arasında alçaq, rəngsiz bir qapı vardı. Bir pilləkən endikdən sonra bu qapı iki kiçik, alçaq və rütubətli otağa açılırdı.

Otaqların bütün əşyası – rəfdə üç-dörd saxsı və mis qab, bir neçə yorğan-döşək, yerə döşənmiş köhnə palaz, divardan asılmış saz, çaxmaqlı tüfəng və köhnə xəncərdən ibarət idi.

Araz bu köhnə evdə yoxsul bir ailədə dünyaya gəlmişdi. Bu ev keçmişin bir abidəsi olduğu kimi, babası Atabala da o dövrün bir nümayəndəsi idi. O, gənc yaşlarından yerli bəylərə, çar məmurlarına qarşı uzun müddət vuruşmuş, ömründə bir kəsə baş əyməmişdi. Hökumət onu təqib etdiyindən üç il Quba meşələrində gizlin yaşamış, xalqa arxayın olduğundan sonra evə, kəndə qayıtmışdı. Onu yaxın, uzaq kəndlər tanıyırdı. Hamı hörmət üçün “Baba” – deyə çağırırdı. O, çox məzlumları zalımların pəncəsindən qurtarmış, çox zalımın ocağını söndürüb yelə sovurmuşdu.

Çar Rusiyası Azərbaycana yiyələndikdən sonra neft işləri əvvəlkinə nisbətən daha da genişləndi. Atabala yenə əvvəlki neft quyularında işləməyə başladı. Oğlu Balakişini 35 yaşında evləndirdi. Araz atasının üzünü görmədi. Dünyaya gəldiyi gündən iki ay əvvəl atası Balakişi neft quyusu qazarkən qaz partlayışından həlak oldu. Bu böyük itki, bu kədərli faciə bütün qohum-qardaşa, xüsusən Atabalaya çox ağır təsir etdi. O, “Mən Balakişi kimi oğuldan sonra yaşamaram” – deyirdi. Ancaq Araz dünyaya gəldikdən sonra onun alnının qırışları açılmış, dərdlərini unudaraq üz-gözü gülməyə başlamışdı. O, uşağın adını Araz qoydu.

Anaxanım kiçik balasını da öz qanadları altına alıb böyütməyə başladı. O, namuslu, çalışqan bir qadın idi. Hər il bir parça əkin yerini qayınatası Atabalanın köməyi ilə əkir, biçir, yığdığı məhsulla dolanırdı.

Atabalanın Araz üzərində böyük təsiri vardı. O, uşağın hər nazını çəkir, hər şıltağına dözür, onun üstündə bir yarpaq kimi əsirdi. Araz göz açıb Atabalanı gördüyündən, onu ata kimi sevirdi.

Anaxanımı istəyənlər oldu, ancaq o, Arazdan ayrılmayıb, gənc həyatını oğluna həsr etdi.

Ay keçdi, il dolandı. Araz böyüdü, ətli-canlı, yaşına görə iri gövdəli bir oğlan oldu. Babası arabir onu qucaqlayıb: “Mənim oğlum pəhləvan olacaq, pəhləvan” – deyərdi.

Araz o yoxsul, sağlam və təmiz ailədə quşlar kimi sərbəst yaşayır, gündən-günə boy atırdı. Ən çox sevdiyi əyləncələrdən biri keçmiş zamanlardan edilən söhbətlərə qulaq asmaq idi. O, arabir Atabalanı qucaqlayaraq: “Baba, ay baba, mənə keçmişlərdən danış!” – deyərdi. Atabala da onun könlünü qırmaz, sevə-sevə yanında oturdub şahidi olduğu bir çox əhvalatlardan uzun-uzadı danışardı.

Bir gün Araz ondan soruşdu:

– Baba, nə üçün bizim evimiz alçaqdır? Elə bil quyudur, başqa evlər kimi küçəyə pəncərələri yoxdur?

Atabala cavab verdi:

– Oğlum, bizim ev də keçmişdən qalma köhnə bir evdir. Əvvəllər tez-tez davalar olurdu. Qonşu tayfalar basqın zamanı bir-birinin varyoxunu talayırdı. Xalq özünü basqınlardan qorumaq üçün belə yeraltı damlar tikirdi. Bizim ev o zaman tikilmişdir.

Bu sözləri deyib Atabala alçaq divarlı damı yanları qırışıq gözləri ilə bir də süzdü.

Atabala mədənlərdə çoxdan çalışırdı. Sonralar yenə çarxlı arabalarla mədəndən şəhərə neft daşıyırdı. Atabala bir gün şəhərdən kəndə qayıdırdı. At ac və yorğun olduğundan, o, arabanı açdı, atı otlamağa buraxıb arabanın kölgəsində oturdu; həmişə özü ilə yola götürdüyü su qabını qarşısına qoyub torbasından bir parça çörək çıxararaq yeməyə başladı. Çörək quru olduğundan hər loxma çörəyi bir qurtum su ilə ağzında isladıb yeyirdi. Araz bu zaman kəndin yanından keçərkən babasını uzaqdan gördü. Bu acı lövhə onun uşaq ürəyini sarsıtdı. O bir daş üstündə oturub babasını uzaqdan seyr etdi. Qoca babasının bu qədər ağır zəhmətlə pul qazanıb onu saxlaması heysiyyətinə toxundu. Araz oradan evə gözü yaşlı qayıtdı. Bütün günü çox fikirli idi, ancaq ürəyini kimsəyə açmadı. Ertəsi gün səhər tezdən babası işə getdikdən sonra, ən yaxın bir mədənə getdi. Mədənin ətrafında çox gəzib dolaşdı. Buruqda fəhlələr çalışırdılar. Yaxınlaşıb dərdini açmağı, onlardan iş istəməyi qüruruna sığışdırmırdı. Bir daşın üstündə oturub düşünməyə başladı. Bu zaman, dünən görmüş olduğu acı səhnə, babasının ağır həyatı yenə onun gözü önündə canlandı. Artıq dayana bilmədi, yerindən dəli kimi sıçrayıb buruğa tərəf getdi. Fəhlələrə yaxınlaşıb ciddi bir səslə:

– İşləmək istəyirəm. mənə iş verin! – dedi.

Fəhlələr uşağın bu amiranə sözündən gülümsəyərək, bir-birlərinin üzünə baxdılar. Onlardan birisi:

– Oğlum, sən hələ uşaqsan. işə girmək sənin üçün tezdir, işi neyləyirsən? – deyə soruşdu.

Arazın üz-gözü dumanlandı:

– Mən uşaq deyiləm, on beş yaşım var. Siz mənə iş verin, sonra baxın! – deyə cavab verdi.

Onun belə kəsərli və ötkəm sözləri podratçının xoşuna gəldi. O yaxınlaşıb əlini Arazın çiyninə qoyaraq:

– Qoçaq, sən kimin oğlusan? – deyə soruşdu.

Araz başını sinəsinə dikib cavab vermədi.

Podratçı Əhməd:

– Sən kimsən? – deyə bir də soruşdu.

– Balakişinin oğluyam, – deyə Araz cavab verdi.

– Balakişinin oğlusan? – deyə Əhməd Araza bir də diqqətlə baxdı, sonra üzünü fəhlələrə çevirib:

– Siz öləsiz, danışığından tanımışdım. Lap atası Atabalanın özüdür, – dedi.

Araz başını qaldırıb Əhmədi yanakı süzərək:

– Atabala mənim atam deyil, babamdır! – dedi.

– Bilirəm, bilirəm, rəhmətlik atan Balakişini də, baban Atabalanı da, əmin Qəhrəmanı da yaxşı tanıyıram. Atabalanı fələk əyə bilməzdi. Balakişinin ölümü kişini yay kimi əydi. Ancaq Balakişi də bir Balakişi idi, – deyə Əhməd gözlərini yenə Arazın üzünə dikdi.

Tanışlıqdan sonra fəhlələrdə Araza qarşı böyük bir məhəbbət hissi yarandı. Yaşlı bir fəhlə üzünü podratçı Əhmədə tutaraq:

– Xozeyin, bu uşağı boş qaytarmaq yaxşı olmaz – dedi.

Əhməd uşağa yanaşıb soruşdu:

– Adın nədir?

Uşaq ağzı dolusu:

– Araz! – deyə cavab verdi.

Araz öz adını elə cəsarətlə dedi ki, fəhlələrin gözləri onun ulduz kimi yanan parlaq gözlərinə dikildi. Podratçı Əhməd gülə-gülə:

– Yaxşı, oğlum, bu gündən səni fəhlə şagirdi götürürəm, – dedi. – Gəl, işlə!

Anaxanım o gün oğlunu çox gözlədi. Araz gəlib çıxmadı. İntizar və həyəcan onun ana qəlbini dəlir, zehnindən keçən qara fikirlər vücudunu əzirdi. Hər gün müəyyən vaxtda evə gəldiyi halda bu gün nə üçün bu qədər yubandığını, harada olduğunu, nə etdiyini səbirsiz və aramsız bir halda düşünürdü. Ana, gözlərini yollara dikib oğlunu çox gözlədi; Araz gəlib çıxmadı. Anaxanımın səbri büsbütün tükəndi. O, Arazı axtarmaq üçün yola çıxdı, qohum-qardaşdan soruşdu, kəndi bir-birinə vurdu, oğlundan bir xəbər verən olmadı. Anaxanımın dərdi və intizarı daha da artdı; qəlbini qorxu və sıxıntı aldı. O, indi qapı ağzında, əlləri qoltuğunda durub düşünürdü.

Günəş ətəklərini yavaş-yavaş qüruba doğru çəkməyə, kölgələr get-gedə uzanıb bir-birinə qarışmağa başlamışdı. Atabalanın gələn vaxtı idi. Anaxanım qəlbini sıxan dərdini, kədərini bölüşmək üçün Atabalanın yolunu səbirsizliklə gözləyirdi. Bir az sonra Atabala uzaqdan göründü. Anaxanım yeyin addımlarla onu qarşılayaraq, əhvalatı həyəcanladanışdı. Atabala onu soyuqqanlılıqla qarşıladı, sadəcə gülümsəyərək:

– Qorxma, – dedi, – harda olsa gəlib çıxar.

Onun cavabı Anaxanımın ana qəlbini sakit etmədi. O, qayınatasından ciddi kömək gözlədiyi halda, aldığı cavabdan ümidi büsbütün qırıldı. Artıq dayana bilmədi. Birdən uşaq kimi hönkürə-hönkürə:

– Necə qorxma, bu vaxta qədər harada qaldı? Yəqin uşağın başında bir iş var! – deyə ağlamağa başladı.

Anaxanımın bu hərəkəti Atabalaya çox təsir etdi. Araz sərsəri uşaqlardan deyildi. Anaxanım onu hər bir yaramazlıqdan göz bəbəyi kimi qoruyur, izin almadan, başlı-başına bir yerə getməyə buraxmırdı. O hara getsə müəyyən saatda evdə olmalı idi. Artıq Atabala da düşünməyə və rahatsız olmağa başladı. Yerindən qalxaraq:

– Sən darıxma, bu saat onu tapıb gətirərəm, – deyərək çıxıb getdi. Beş-on addım getməmişdi ki, Anaxanım arxadan:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri