Məzmun
  1. II
  2. III
  3. IV
  4. V

Səhifə 6 / 6 · 83%

V

Araz 25 yaşına çatmışdısa da, həyatda çox mühüm məsələ olan evlənmək haqqında hələ düşünməyə tələsmirdi. Yaxın tanışları, qohumları, onunla qapı bir qonşu olan köhnə dostu Əlisəfa dəfələrlə ona evlənməyi məsləhət gördükləri halda, Araz heç birinə qəti cavab verməyib: “Hələ tezdir” – deyirdi. Kiçiklikdən öz əməyi ilə yaşaması, yoxsulluq, ehtiyac ona həyat hadisələrini ölçüb-biçmək, onun müsbət və mənfi cəhətlərini duymaq vərdişini öyrətmiş, onda həyata qarşı tənqidi münasibət oyatmışdı.

O, evlənmək əleyhinə deyildi. Ailə həyatını o hər kəsdən çox sevir, onun bütün insanlar üçün mühüm bir vəzifə və təbii bir qanun olduğunu bilirdi. Ancaq, o öz təbiətinə, vəziyyətinə uyğun bir həyat yoldaşı axtarırdı.

Kənddə Günəş adlı bir qız vardı. Onu yaxın, uzaq kəndlər də tanıyırdı. Ata-anası Günəşi ərköyün böyütmüşdü. O, kişi təbiətli, dəlisov, ətli-canlı bir qız idi. Hər gün iri darvazalarının üstünə çıxıb ayaqlarını sallar, əlindəki iri dəyənəyi darvazanın çərçivəsinə çırpar, yoldan keçənləri seyr edərdi. Dəvəçilərin, arabaçıların haradan gəldiyini, şəhərə nə apardıqlarını soruşar, sonra amiranə bir səslə: “Atam, atam, Allah xeyir versin! – deyərdi. Tanıyan cavanlar onu söylətmədən keçməzdilər. O da lovğa cavanları acı-acı iynələr, hər birinin ayıbını üzünə deyərdi. Onu təhqir edən olursa, ildırım kimi yerə atılaraq əlindəki dəyənəklə hücum edirdi. Ona görə də hər kəs onu acıqlandırmadan sivişib getməyə çalışırdı. Günəşin bu xasiyyətləri hamıya qəribə görünsə də, təmiz əxlaqı, mərdliyi ilə çoxlarında rəğbət oyadırdı. Odur ki, hərdənbir ona elçi gələn də olurdu. Ancaq yaşı iyirmini keçməsinə baxmayaraq, qapısına gələn elçilərin hamısına rədd cavabı vermişdi. Evdə onun bu hərəkətlərindən əsəbiləşir, cəza verir, ancaq heç bir şey ona təsir etmirdi. Anası arabir ona:

– Başın batsın, dəli olduğun üçündür ki, qapımızı elçi tanımır, gələnləri də üzü qara qaytarırsan. Sən bu evdə qurdnan qiyamətə qalacaqsan, – deyərdi.

Günəş isə bu sözləri cavabsız buraxmazdı:

– Elçini neyləyirəm. mən özüm də bir kişiyəm.

Yoldan keçən cavanlar onu qızışdırmaq üçün:

– Günəş, Günəş, bax, hansımızı bəyənirsən, de, sabah sənə elçi göndərək! – deyəndə, onları yuxarıdan acıqlı baxışlarla süzərək: “Atam, atam, tayınızı tapın, mən it-qurd yoldaşı deyiləm” – deyə acıqlanar və əlindəki ağacı qapıya çırpa-çırpa etinasız bir halda fit çalmağa başlardı.

Bir gün kəndin adlı cavanlarından olan Teymur, qapılarının ağzından keçərkən onu görüb:

– Ay qız, sən ata evində qalmaqdan bezikib yorulmadınmı? – deyə soruşdu.

Günəş üzünü yana çevirib, cavab vermədi. Teymur sözünə davam edərək:

– Boş-boş oturub fit çalmaqdansa, toy tədarükündə ol, könlümüz aş istəyir, – dedi.

Günəş:

– Atam, atam, get tayını tap! – deyə cavab verdi.

Teymur gülərək:

– Tayımsan, məndən artıq oğlana gedəcəksən? – deyə kəkələndi.

Günəş əlindəki dəyənəyi havada oynadaraq bağırdı:

– Ey, gözlərini yaxşı aç, itə gedərəm, sənin kimi başı-papaqlıya getmərəm! Yolunu düz get, yoxsa...

Teymur yerə mıxlanmış kimi donub qaldı. Qız onu həm təhqir, həm də təhdid edirdi. Teymur acığını yemək istəməyib, ona ağır bir cavab verməyə hazırlaşarkən arxadan yaxınlaşan Araz gülə-gülə əlini onun çiyninə vurub:

– Doğru deyir, yolunu düz get! – dedi.

Teymur şikayətçi bir səslə:

– Sözlərini eşitmədin? Bu həyasıza nə cavab versəm yaxşıdır? – deyə soruşdu.

Araz başını mənalı-mənalı tərpədərək:

– Eşitdim, eşitdim. çox yerində deyir, – dedi. – Payın idi, aldın! Paltarı yırtılmaq istəməyən meşəyə girməz, mənə nə üçün demir?

Araz kənd qızlarından yalnız Günəşi bəyənmiş, onu sevmişdi. Arabir qapılarından keçərkən müştəri gözü ilə ona baxar, qız da onu görüncə başını aşağı dikərək, gözaltı onu süzərdi. Hər ikisinin arasında başlanan bu gizli məhəbbət gündən-günə artmaqda, alovlanmaqda davam edirdi.

Günəş gələn elçilərə rədd cavabı verdiyindən, Araz ona elçi göndərməyə cəsarət etmirdi.

Gedərkən yolda Araz Teymura:

– Bu qızdan çox xoşum gəlir, – dedi.

– Nəyindən?

– Xasiyyətindən.

Teymur istehza ilə gülərək dedi:

– Onda yaxşı heç nə yoxdur, onunku dəlilikdir!

– Dəlilikləri var, onu əvvəlindən əysəydilər, belə olmazdı.

– O elə tərs kötükdür ki, onu heç fələk də əyə bilməz.

– İnsan əyə bilər.

– Yoxsa öz gücünə güvənirsən? Çətin bir iş deyil, istəyirsən bir təcrübə elə.

– Əymək mümkün olsa, bu kənddə onun kimi qız yoxdur.

Teymur qəhqəhə çəkib güldü, sonra əlini Arazın çiyninə qoyub:

– Zövqünə maşallah, – dedi, – yoxsa bu dəliyə bənd olmusan?

– Yox, doğrudan belədir.

– Səhv edirsən, bu dəlidən heç bir şey çıxmaz, quru odun parçasıdır.

Araz cavab vermədi. Adilikdən xoşlanmayan bu gənc fəhlə, o qızda bəyəndiyi, təqdir etdiyi bir çox gözəlliklər duyurdu. Onun Teymura: “İtə gedərəm, sənin kimi başı papaqlılara getmərəm” – dediyi sözlərdə bir həqiqət görür, silinməmiş, işlənməmiş o paslı gövhərə haqq verirdi. Bir tərəfdən Teymurun: “Yoxsa öz gücünə güvənirsən? Çətin bir iş deyil, istəyirsən təcrübə elə”, “Bu dəlidən heç bir şey çıxmaz!” – deyə istehza ilə söylədiyi sözlər onu iynələyir, fikirlərində yanılmadığını isbat etmək istəyirdi. O bilirdi ki, onu istədiyi kimi dəyişdirə bilsə, gözəl bir həyat yoldaşı qazanmış olacaqdı.

Bu fikirlər üç-dörd gün Arazı rahat buraxmadı. Ancaq o, bu məsələnin başqa tərəfini də düşünürdü: əgər Günəşi istədiyi kimi islah edə bilməsə, yaxud göndərdiyi elçilərə rədd cavabı verilsə, o zaman gülünc bir vəziyyətdə qalacaq, hər kəsin ağzında dastan olacaqdır. Bu acı düşüncə, bir qurd kimi onun qəlbini gəmirir, tutmaq istədiyi işdən onu uzaqlaşdırırdı. Ancaq, Günəşdə təqdir etdiyi xüsusiyyətləri, ona qarşı hiss etdiyi hörmət və məhəbbəti ölçüb-biçdikcə bu tərəddüd və şübhə bir anda silinir, qəlbində doğan işıqdan gözləri məşəl kimi yanırdı.

Bu iki fikir arasında davam edən çarpışma uzun sürmədi. Araz yumruğunu havada oynadaraq: “Kişinin sözü bir olar” – deyib, ürəyini açmaq üçün Əlisəfanın yanına getdi.

Əlisəfa Arazın ata-baba qonşusu və uşaqlıq yoldaşı idi. Onun kiçik bir evi, bağı və kəndin yanında bir parça əkin yeri vardı. Öz sənətini sevən, son dərəcə də qənaətkar, ağır təbiətli bir kəndli idi. Az danışmağı, çox qulaq asmağı sevərdi. Bəzən söz arasında qəhqəhə çəkib gülmək lazım gələrkən, o sadəcə gülümsərdi. Hətta öz evində də onun bərkdən güldüyünü, ya uzun-uzadı danışdığını kimsə görməmiş və eşitməmişdi. Kənd içində az-çox hörməti olduğundan, kəndlilərin ümumi işlərinə də qarışırdı. Arazla uşaqlıqdan başladığı dostluğu davam edirdi.

Əlisəfa Arazı səmimi bir dost kimi qəbul etdi. Bir qədər söhbətdən sonra Araz məsələni açdı. Günəşə elçi getməyi ona təklif etdi. Əlisəfa bu sözü eşidən kimi yerindən dik atılıb təəccüblə:

– Bu nədir? – dedi, – Atanın ocağını söndürmək istəyirsən?

– Söndürmək yox, yandırmaq, işıqlandırmaq istəyirəm.

– Atam, ondan ocaq yandıran olmaz. O elə bir bəladır ki, beş gündə ocağını kor qoyar. Bu fikirdən əl çək!

Araz başını sallayaraq, bir an düşündükdən sonra birdən-birə qətiyyətlə:

– Yox, sözüm sözdür! – dedi. – Bu fikrimdən dönən deyiləm!

Araz bu sözləri o qədər qəti dedi ki, Əlisəfa susmağa məcbur olub, artıq bir söz demədi. Arazı bu qərarından döndərməyin mümkün olmadığını gördükdən sonra:

– Yaxşı, gedərəm! – dedi.

Səhəri Əlisəfa elçi getmiş və Günəşin fikrini soruşdurmuşdu. Günəş razılıqla başını yerə dikib: “Araza gedərəm” – demişdi. Qızın ata-anası Əlisəfanı məmnun yola salmışdılar.

Bu söhbətdən on gün sonra kiçik bir toy məclisi Arazı Günəşə qovuşdurdu.

Araz indi yalnız bir şey haqqında düşünürdü: Günəşi islah etmək. Bu xüsusda o bir çox tədbir tökmüş, çarələr düşünmüş və tədricən onları həyata keçirməyi qərara almışdı.

Günlər, həftələr, aylar keçdi. Araz Günəşində nə cüzi bir qüsur, nə də qaba bir hərəkət gördü. Günəş büsbütün dəyişmiş, qılıqlı, nəzakətli və idarəçi bir qadın olmuşdu. Bu ani dəyişiklik hamıda heyrət doğururdu.

Günəşi yaxından tanıyanlar:

– Ay qız, o tutduğun işlər nə oldu, yazıq İsgəndərin evində daşadivara dırmanırdın, – deyə soruşurkən, Günəş cavabında:

– Ata evi başqa, ər evi başqadır, – deyirdi.

Günəş evin bütün işlərini öz əlinə almış, Arazı hər zəhmətdən azad etmişdi. İşdən dönərkən Günəş onu gülərüzlə qarşılayar, paltarını dəyişdirər, başını, ayaqlarını təmiz yudurdur, yeməyini verir, xörək olmayan günlər şən görünməyə çalışırdı. Sonra bir az rahatlanmaq üçün yatağını hazırlayır, onun üstündə bir uşaq kimi əsirdi. Araz yorğunluğunu aldıqdan sonra Günəş sazı ona uzadıb: “Al bir az çal, oxu ürəyimiz açılsın!” – deyirdi. Sazın, Arazın səsini eşidincə qonşusu Əlisəfa arvadı Pakizə ilə o yoxsul ailənin keçirdiyi bu sadə həyata heyrət edirdilər.

Hər gün Arazı işə yola salandan sonra Günəş öz yoxsul daxmasında səhərdən-axşama kimi çalışırdı. Onun yaradan əlləri kiçik, alçaq otaqların quruluşunda, çılpaq və tənha əncir ağacından ibarət olan bağçada böyük bir dəyişiklik əmələ gətirmişdi. Otaqların üst tərəfini götürüb, divarları bir arşın qədər ucaltmış, küçəyə iki pəncərə açdırmışdı. Bağçaya tut, əncir, püstə ağacları, qızılgül, yasəmən fidanları əkmiş, evi, həyəti intizama salmışdı. Araz bunları gördükcə fərəhlənir, “doşab almışam bal çıxıb” – deyirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri