İkinci fəsil
Səhifə 4 / 7 · 43%
Axund Mirzə Mehdi onu çox çağırdı. Qulu dönmədi.
Aslan bəyin ümidi burada qırıldıqdan sonra, hansı şərtlə olursa-olsun Qulu ilə barışmağa qərar verdi. Daşdəmirin: “Onu yatdığı yerdə döşəyi ilə oğurladacağam” sözünün ona çox baha oturacağını bilirdi. Oradan mədənə gəlib, Şeydanı bir də Qulunun dalınca göndərdi. Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. Öz-özünə deyirdi ki, “Naşükürlük edib beş min manatı almaram, ip də gedər, it də”. Aslan bəy onunla görüşən kimi sözü mətləbdən başlayıb:
– Qulu, gəl tərsliyi burax, – dedi, – mən doğrudan səninlə barışmaq istəyirəm. De görüm bu torpağı nə şərtlə mənə verərsən?
– Bəy, mənim şərtim budur, ya torpağımı qaytar özümə, ya da şərikli qazdıraq!
– Şərikli nə şərtlə qazdıraq?
– Necə ki, başqaları qazdırır. Quyunu sən qazdır, nə qədər neft çıxsa yarısı sənin, yarısı mənim.
Aslan bəy istehza ilə gülərək dedi:
– A kişi, mən ölü eşşək axtarıram ki. ayağından nalını çıxardım, sən mənim dərimi də soymaq istəyirsən? “Yarısı mənim, yarısı sənin” nədir? Ağzın isti yerdədir. Notariusdan əlimdə sənəd ola-ola mən öz torpağımı səninlə əlli faizə qazdırsam, mənə nə deyərlər. Belə görürəm ki, bizim sövdamız baş tutmayacaq. İndi ki, belə oldu, mən o yeri qazdırmıram. Hələlik qoy qalsın. Bir zaman kefim gələndə qazdıraram. Öz torpağımdır, get, əlindən nə gəlir, elə!
Qulunun beynində şimşəklər oynadı. Bir an düşündükdən sonra:
– Bəy, sənin şərtin nədir? – deyə soruşdu.
Aslan bəy etinasız:
– O şərtdən sonra sənin qabağına nə şərt qoyum?
– Yenə, sən də öz şərtini de!
– Mənim şərtim budur: sənə ancaq iyirmi faiz verəcəyəm. Mədənin podratçılığını sən öz üstünə götürmək şərti ilə.
– Podratçılığı mənə nə üçün verirsən?
Aslan bəy ciddi bir tövr alaraq, inandırıcı bir tərzdə:
– Mal sahibi öz işinin üstündə olsa yaxşıdır, – dedi.
– Mənim mədən podrata götürüb qazdırmağa pulum hanı? Köpüyə güllə atıram.
– Sənin ancaq adın podratçı olacaq. Pulu mən verəcəyəm, işi sən aparacaqsan. Həm də altı aya quyunu qazdırıb qurtarmalısan.
Uzun çəkişmədən sonra Aslan bəy çıxarılacaq neftin otuz faizini Quluya verməyə razı oldu. Müqavilənamədə Qulunun quyunu altı aya qazdıracağı, bütün işləri öz üzərinə götürəcəyi və Aslan bəyin Quluya on səkkiz min manat pul buraxacağı qeyd edildi.
Qulu işə başladı. Aslan bəy ona çeklə bankdan hələlik səkkiz min manat pul buraxdırdı. Qulu taxta-şalban aldı, usta qazmaçılar, fəhlələr çağırdı, qarovulçu tutdu. Lakin iş əvvəlindən düz gətirmədi. Elə birinci gün taxta-şalbanın hamısı oğurlandı. Qulu başı odlu hər yana qaçdısa, bir şey çıxmadı. Taxta-şalban tapılmadı ki tapılmadı. Qulu qarovulçunu qovub yerinə başqa qarovulçu tutdu.
Oğurluq yenə əvvəlki kimi davam edirdi. Podratçılıq və mədən işlərinə bələd olmayan Qulu başını tamam itirmişdi. Bu xüsusda Aslan bəylə görüşərkən Aslan bəy: “quyu qazdırmaq, buruq qoymaq sənə asan gəlir? – deyə soruşmuşdu. – Mən qorxuram ki, sən bu işi başa vura bilməyəsən. Zərərləri isə üstümə götürən deyiləm!”
Qulu işdən daha möhkəm yapışdı. Gecə-gündüz mədəndən ayrılmadı. Motor, şlanq, balta, boru, dəzgah və başqa şeylər üçün Aslan bəy bankda yenidən beş min manat kredit açdı, Qulu həmin şeyləri aldı. Fəhlələr onları quraşdırıb, quyunu qazmağa başladılar. Oğurluq yenidən şiddətləndi. Bir gecə bütün borular, üç gün sonra qayışla motor yox oldu. Qulu oğrunu tapmaq üçün çox çalışdı, bir çox mədənləri gəzdi, lakin faydası olmadı. Təzə qarovulçunu da işdən qovdu. Şeylərin bir hissəsi gündüz oğurlandığından şübhələnib qarovulçunun sayını artırdı. Şeylər isə yenə də yoxa çıxırdı. Oğurlanan şeylərin əvəzinə yenilərini almaq lazım gəlirdi. Amma onun adına açılan kredit ərimiş olduğundan bu şeyləri almağa kifayət etmədi. Qulu ikinci dəfə Aslan bəyə müraciət etməyə məcbur oldu. Aslan bəy bu dəfə qaşlarını çataraq acıqla:
– A kişi, məgər mən xəzinə üstündə oturmuşam? – dedi. – Bankda mənim nəqd pulum yoxdur. Tacir babayıq, pulumuzu bir yerdə saxlamaq bizə əl verməz. Mən pullarımı neft birjasında aksiya almağa buraxmışam. Qorxuram bu quyunu verəcəyi qazancdan da baha başa gətirəsən?
Qulu düz bir həftə Aslan bəyin yanına ayaq döydü, getdi, gəldi, axırda birjada satmaq üçün Aslan bəy ona beş min manat aksiya buraxdı. Oğurlanan şeyləri almağa hazırlaşırkən, Daşdəmirin qardaşı Zaman Qulunun yanına gəlib:
– Daşdəmir deyir mənə on iki min manat pul göndərsin, çox lazımdır, – dedi.
Qulu ona:
– İndi pulum yoxdur. Buruq hələ qazılıb qurtarmayıb. Neftimiz çıxanda mən özüm Daşdəmirin xəcalətindən çıxacağam, – dedi.
– Daşdəmir deyir ki, Aslan bəyin bankda onun adına açdırdığı kreditdən versin. Sonra özü Aslan bəylə hesablaşar.
Qulu ağır vəziyyətdə idi. Bir tərəfdən böyük qardaşı Həsən məhkəməyə şikayət edib, ondan öz haqqını tələb edirdi, o biri tərəfdən də Aslan bəy itən şeylərin pulunu Qulunun ayağına yazdırdığından onun adına açdırdığı kredit borc olaraq boynunda qalmışdı. Pul xərclənib gedir, ortada isə heç bir şey yoxdur. Oğurlanmış şeylərin əvəzinə yenisini almaq, quyunu yoluna qoymaq mümkün deyildi. Aslan bəy də ona daha borc pul buraxmayacaqdı. Bunlardan başqa qazmaçı Rəşidə işlədiyi gündən bəri pul verilməmişdi. Qulu onu bu günə qədər “bu gün-sabaha” salıb, başını bir tövr aldatmışdı. İndi Rəşid də öz haqqını tələb edir, quyuda işi dayandıracağını bildirirdi. Qulu bunların hamısını düşündükdən sonra yumşaq bir səslə:
– Zaman, sənin başın üçün mənim adıma bankda pul qalmayıb. Doğrudur, Aslan bəy mənim adıma kredit açdırmışdı, mən o pullara mədən üçün lazım olan şeylər aldım. Bu saat özüm məəttələm, – deyə cavab verdi.
Zaman qaşlarını çataraq getdi. Onun acıqlı getməsi Qulunu çox qorxudurdu. Qulu öz-özünə: “Zalım oğlu yaxşılıq elədi, ancaq qılıncını yaman yerdə siyirdi” – deyə düşünməyə başladı.
Qulu çox yaxşı başa düşürdü ki, onun başına gələn bütün bu oyunların hamısı Aslan bəyin kələkləridir. İşi yarımçıq qoymaq, yeni podratçı tutmaq isə mümkün deyildi. Aslan bəy buna heç vəchlə razı olmayacaqdı.
Birja, neft kralı Nobelin əlində bir oyuncaq idi. O istədiyi vaxt neftin qiymətini ucuzlaşdırır, istədiyi vaxt da bahalaşdırırdı. Bir neçə xarici ölkə ilə ticarətə girişdiyindən, ona çox neft lazım idi. Kiçik mədən sahiblərini iflasa uğratmaq və onlardan ucuz qiymətə neft almaq üçün istədiyi vaxt birjada aksiyaları qiymətdən salırdı.
Aksiyaların birjada ucuzlaşdığını Aslan bəy öyrənmişdi. Ona görə də Quluya nəqd pul əvəzinə beş min manatlıq aksiya buraxmışdı.
Qulu birjaya gəldi. Aksiyalar otuz faiz ucuzlaşmış olduğundan Aslan bəyin ona beş min manat əvəzinə verdiyi aksiyaları ancaq otuz beş faiz aşağı satmaq olurdu. Neyləsin? Quyunu tez qazdırmaq lazım idi. Fəhlələr işsiz qalmışdı. Qulu məcbur olub aksiyaları satdı. Mədənə lazım olan şeyləri aldı.
Quyu yenidən qazılmağa başladı.
Pul yenə qurtarırdı. Ustalar, fəhlələr, qarovulçular pul istəyirdi, həm də mühəndis çağırıb quyunun daha neçə sajen qazılacağını aydınlaşdırmaq lazım idi. Bütün bunlar üçün xeyli pul lazım idi. Müqavilənaməyə görə Aslan bəy 18 min manatı verib qurtarmışdı. Hətta sonuncu beş min manatı Qulu güc-bəla ilə ondan qopardığı zaman Aslan bəy ona: “Borcumu verib qurtardım, bundan sonra pul üçün mənim yanıma gəlmə!” – demişdi. Lakin pulsuzluq və ehtiyac Qulunu yenə Aslan bəyə müraciət etməyə məcbur etdi.
Qulu Aslan bəyin yanına getdi. Aslan bəy ona:
– Mənim daha pulum yoxdur. Aksiyalar birjada otuz beş faiz aşağı düşüb. Mən aksiyalarımı su qiymətinə satıb sənə pul verə bilmərəm! – dedi.
Qulu oradan evə başı alovlu gəldi. Arvadı Dilarə ona bir parça kağız uzadıb:
– Al, bunu sənə gətirdilər, – dedi, – məhkəməyə çağırırlar. Sənin məhkəməlik nə işin var?
Qulu kağızı alıb, o tərəf-bu tərəfinə baxdıqdan sonra, bir kəlmə danışmadan evdən çıxdı. Onu üç gün sonra qardaşı Həsənlə aralarında olan torpaq davası üstündə məhkəməyə çağırırdılar.
Qulu məsləhət üçün Aslan bəyin yanına gəldi, məsələni açıb ona söylədi. Aslan bəy bu əhvalatı çoxdan bilirdi. Həsən isə onu qorxutmurdu. Qulunun acgözlüyünü bildiyindən onu qorxutmaq üçün:
– Qulu, bizim işimiz heç gətirmir, – dedi, – bu quyu lap başımıza bəla oldu. Bir ətək pul tökmüşük, amma hələ heç yüz sajen də qazılmayıb. Bu tərəfdən də qardaşın Həsən dava başlasa quyunun işi, demək Allaha qalır.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-araz-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
İki qaranquşKür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.
Başqa şairlərin şeirləri
در کوی تو مستمند و زار آیم؟
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik