Məzmun
  1. II
  2. III
  3. IV

Səhifə 2 / 7 · 14%

– Bəy, sən özün də bilirsən ki, o yer ata-babadan bizim yerimizdir, – dedi, – sən ona necə sahib dura bilərsən? Buna şəriət yol verməz axı!

Aslan bəy vəziyyətini pozmayıb:

– Şəriətin bura dəxli yoxdur, – dedi, – hökumət mənə torpaq verir, mən necə qəbul eləməyim?

– Yox, belə deyil. Hökumət çağırıb sizə torpaq paylamır. Siz özünüz əlləşib min yolla özgə adamların əkin yerlərinə yiyələnirsiniz.

– Hər yolla olur-olsun, torpaqdan kim əl çəkər? Rusların bir məsəli var; verirlər al, döyürlər qaç!

Qulunun bütün ümidi qırılıb qolları yanına düşdü. Nə edəcəyini, nə deyəcəyini bilmədi. O özünü toplayaraq:

– Bəy, bu işin axırı yaxşı olmayacaq, ölsəm də ata-baba torpağından əl çəkməyəcəyəm! – deyərək ondan uzaqlaşdı.

II

Çar üsuli-idarəsi bütün xalqlar kimi Azərbaycan xalqını da iqtisadi, mədəni cəhətdən öldürmək, ona canlanmaq, dirçəlmək imkanı verməmək üçün min bir şərait hazırlayırdı; kəndlərdə, şəhərlərdə təsərrüfat, sənaye və mədəniyyət işlərini tərəqqi və inkişaf etdirmək yerinə zülm və istibdad qurdları olan pristav, naçalnik, qubernator və qradonaçalniklər təyin edir, rüşvət düşkünü olan bu çar quyruqları yerli bəylərlə, burjuaziya ilə əlbir olub, xalqın başına bəla kəsilirdi. Buna görə də hər tərəfdən əzilməkdə. boğulmaqda olan və heç bir yandan ümid və qurtuluş yolu görməyən kütlə cana doyub bəzən əsaslı, mütəşəkkil mübarizə əvəzinə yanlış yollara sapırdı. Bu surətlə cinayət, oğurluq və qoçubazlıq gündən-günə artır və güclənirdi. Xalqı iqtisadi və siyasi cəhətdən öldürmək və mədəniyyətdən uzaqlaşdırmaq işində rüşvət və cinayət yuvası olan kənd və şəhər məhkəmələri də az rol oynamırdı. Bunların hamısı müəyyən bir plan daxilində görülürdü.

Dövrün zəhərli meyvələrindən biri də qoçubazlıqdı. Çar siyasətinin müdafiə etdiyi bu qara qüvvə özlərini qorumaq üçün bəylərə və sərvətdarlara da lazım idi. Belə ki, ticarət və sənaye işlərində onlara əngəl olan şəxsləri ortadan qaldırmaq, yaxud özlərini düşməndən qorumaq üçün hər biri mədəndə və evində qoçu saxlayır, bu surətlə qoçuluq get-gedə yeni bir qazanc mənbəyinə çevrilirdi. Hökumət və məhkəmə məmurlarının verdikləri haqsız qərarlar, rüşvət alıb qatilləri buraxmaları, iki qanlı arasında kin və ədavəti daha da kəskinləşdirir, hər iki tərəfin qohum-əqrəbasını başına toplayıb bir-birini məhv etməsinə səbəb olurdu.

Çar hökumətinə yalnız Azərbaycan nefti lazım idi. Yavaş-yavaş ayılmağa, öz hüququnu düşünüb anlamağa başlayan xalqın, fəhlə sinfinin gələcəyi onu qorxudurdu. Üzdə özünü dost kimi göstərən çar hökuməti gizlində xalqın kökünü qazıyırdı. “Mən səni çox istərəm, bir yanını boş istərəm” atalar sözünü o yüz qat artıqlaması ilə həyata keçirir, xalqın bir yanını deyil, iki yanını da boş görmək üçün üsullar, tədbirlər axtarırdı. Çar hökuməti bir zaman bütün Azərbaycan xalqını Sibirə köçürüb yerinə rus mühacirləri gətirmək istəyirdi. Bu iş baş tutmadığı üçün o indi Azərbaycan xalqını göstərdiyimiz yollarla məhv etməyə çalışırdı. Siyasət və mədəniyyətdən məhrum olan yerli bəy və sərvətdarlar da öz şəxsi mənafeləri üçün bu azğın siyasəti həyata keçirməkdə, düşmənin yandırmış olduğu bu yanğını yelpikləyərək alovlandırmaqda ona kömək edirdilər.

Belə bir mühitdə yaşayan Qulu Aslan bəydən ayrıldıqdan sonra çox düşünüb daşındı, lakin bir ümid və qurtuluş yolu tapmadı. O, bilirdi ki, haqsızlıq və rüşvət yuvası olan məhkəmələr də ona kömək etməyəcəkdir. Ümidi hər tərəfdən qırıldıqdan sonra qəlbində kin odu alovlandı, intiqam almağa qərar verdi. Ancaq bu intiqamı necə almalı idi? Ailə, çoluq-çocuq var. Həm də məhkəmə qurdları ağzını iri-iri açıb rüşvət istəyəcək. Bütün bunları düşündükdən sonra: “ah, yoxsulluq” – deyə inlədi. İntiqam almaq üçün başqa bir yol düşündü. Axtardığını tapan adamlara məxsus bir sevinclə üz-gözü işıqlandı. Artıq ona ümid və qurtuluş hissi verən bir yol tapmışdı. Bu ümidlə üç-dörd arşın ağ bez alıb, onu kəfən kimi biçdi. Axşamüstü birbaşa qəssab Daşdəmirin evinə getdi.

Daşdəmir qoçuluqda şöhrət qazanmış varlı bir qəssab idi. Son zamanlar qardaşını dükanda qoyub özü sallaqxananı icarəyə götürmüşdü. Üç qardaşından başqa bir çox əlaltı qoçuları da vardı.

Qulu qapını döydü. Qapını təxminən qırx yaşlarında olan xidmətçi bir qadın açdı. Onun önlüyündən xidmətçi olduğunu bilib:

– Ağan Daşdəmir evdədirmi? Onu görəcəyəm! – dedi.

Xidmətçi qadın qapını örtüb xəbər üçün getdi. Qulu tez çuxasını çıxartdı. Biçdiyi kəfəni əyninə geydi. Bu zaman qadın cavab üçün qayıtdı. Qulunu kəfən içində görüncə qorxub geri-geri çəkildi və şübhəli baxışlarla onu süzərək:

– Ağa buyurur içəri gəlsin, – dedi. Qulu pillələri basa-basa dəhlizə və oradan zala girdi. Daşdəmir stol yanında ayaq üstə, əlini mauzerinin üstə qoyub qonağı gözləyirdi. Qulu içəri girər-girməz iki əlini yuxarı qaldırdı, titrək və yalvarıcı bir səslə:

– Qapına gəlmişəm, Daşdəmir, ölümü yerdən götür! – deyə başını sinəsinə dikib durdu.

Daşdəmir ona heyrətlə baxaraq:

– Nə var? Nə olub? – deyə soruşdu.

Qulu başını qaldırıb, yenə yalvarıcı bir səslə:

– Daşdəmir, ya məni öz evində öldür, ya mənim dərdimə bir çarə elə! Ürəyim partlayır, ciyərim parçalanır! – dedi.

– Axı bir de görüm, nə var!

– Mənim ata-babadan qalma bir parça əkin yerim var. Aslan bəy rüşvətlə o yeri notariusda öz adına saldırıbdır. İndi gözüm baxa-baxa mənim yerimi qazdırır. Başına dönüm, Daşdəmir, mənə çarə! Ya öldür, ya qurtar! Mən bu dərdə dözə bilmərəm.

Daşdəmir gözlənilməz bir vəziyyətdə qaldı. Onun evinə kəfən geyib gələn bu qonağın xahişini yerə salmaq olmazdı. Daşdəmir ayaq üstə, əli mauzerdə olduğu halda, üç-dörd dəqiqə dayanıb düşündü. Sonra üzünü Quluya tutub:

– Yaxşı, get üç gün sonra sənə cavab verərəm, – dedi.

Qulu qapıdan çıxarkən:

– Başına dönüm, Daşdəmir, bu yaxşılığı eləsən, sənə satınalma qul olaram, – dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri