Üçüncü fəsil
Səhifə 4 / 7 · 43%
Arıq adam onun sözünü kəsərək gülə-gülə:
– Mənə artıq təbliğat lazım deyil, mən də bu gün hökumətimizin sadiq və rəsmi bir məmuruyam – deyə, qoltuğundan çıxardığı kitabçanı Kokun qarşısına atdı; sonra məğrur bir tövrlə iki barmağı arasında tutmuş olduğu papirosu yandırdı.
Azad kibrit işığında onun sarı bənizini, tutqun sarı gözlərini, hətta üzündəki çilləri bulaşıq şəkildə zor-güc seçə bildi. Onun hərəkəti, rəftarı, hətta danışığı tamamilə dəyişmişdi. Bu üç gündə adam belə dəyişə bilərmi? – deyə Azad düşünür, bunun Mişa olduğuna şübhə edirdi.
Kok kitabçaya baxdıqdan sonra gülə-gülə:
– Təbrik edirəm! – deyə onun əlini əlləri içində sıxdı. “Burada içmişdilər!” – deyə bakalları doldurdu. Öz bakalını arıq kişinin bakalına vuraraq:
– Sağ ol Semyon, hökumətimizə sədaqət göstərməklə daha böyük rütbələrə nail olmağını arzu edirəm – deyə bakalı başına çəkdi. O birilər də:
– Sağ ol Semyon! – deyə onun sağlığına içdilər. “Semyon” adı Azadı yenə şübhələndirdi.
– Yox, bu Mişa ola bilməz! – deyə oradan qayıtdı.
Xalıq qapı ağzında Andreylə danışırdı. Onu görüncə gülə-gülə:
– Dostunu tanıya bildinmi? – deyə soruşdu. Azad qəmgin bir səslə:
– Bir az tanıdım, ancaq aydın görə bilmədim, – deyə cavab verdi.
Qoca Andrey:
– Mən onu sənə də, Xalıqa da sabah aydın göstərərəm, – dedi.
Azad o gecə dan yeri ağarıncaya qədər yata bilmədi. “Bu satqın Mişa olsa onda kim bilir, bəlkə təşkilatımıza soxulub bizimlə yan-yana çalışan belə adamlardan yenə də var”, – deyə düşünürdü.
Azad səhər bir qədər gec oyandı. Gözlərini açınca Mişanı kamerada gördü. Mişa başına gələn fəlakəti yan-yana uzanmış yoldaşlarına söyləyirdi.
– Mişa, səni nə əcəb buraxdılar? – deyə Azad soruşdu. Mişa ona əl verib salamlaşdıqdan sonra:
– Saxlamağı faydasız gördülər, – dedi, – ancaq başıma min oyun gətirdilər. Bir söz isə ala bilmədilər. Dünən Kok axırıncı dəfə məni danışdırdıqdan sonra ümidsiz bir halda dedi ki, “sabah bunlardan bir dəstəsini buraxın getsin, hökumətin çörəyini müftə yedirtmək olmaz!”
Azad diqqətlə ona baxırdı. Mişanın rəngi saralmış, gözlərinin altı çuxura düşmüşdü. O, üzünü Azada çevirib, iki əli ilə belini sıxaraq:
– Dünən gecə səhərə qədər yatmamışam, – dedi. – Soyuq bədənimi tamam qurudub... Hər yerim ağrıyır...
Mişa sözünü qurtarmamışdı ki, qapı açıldı. Kokun müavini içəri girdi. Siyahıya yazılmış 7 nəfər dustağın adını oxuduqdan sonra:
– Qalxın, şeylərinizi yığışdırın, sizi buraxırlar – dedi.
Həmin siyahıda Arazın adı yox idi. Dustaqlar qapıdan çıxarkən Arazla görüşüb vidalaşdılar. Araz köhnə dostu Vanya və Mişa ilə çox səmimi görüşüb, onlardan ürək ağrısı ilə ayrıldı. Azad onun əlini sıxarkən:
– Qorxma, Araz, möhkəm ol! – dedi. – Biz səni azad etmək üçün əlimizdən gələni edəcəyik. Çox çəkməz ki, səni buraxarlar.
Onların azad olması Arazı çox sevindirirdi. Araz indi özünün buradan nə zaman və necə qurtulacağını düşünürdü.
Bir ay sonra onu məhkəməyə çağırdılar. Vaxtı ilə göstərilən şahidlərdən bir nəfəri də məhkəməyə gəlməmişdi. Ona görə də məhkəmə Arazın işini başqa bir vaxta təxirə saldı. İkinci dəfə də şahidlər gəlmədi. Nəhayət, üçüncü dəfə kazak zabitini öldürmək ona sübut oluna bilmədiyindən Araz bəraət qazandı.
Araz azadlıq qoxusu duyunca yoldaşları ilə görüşdü, paltarını dəyişib, birbaş kəndə getdi.
Həmin günlər inqilab dalğaları çar məmurlarını bərk qorxuya salmışdı. Onlar vəziyyəti nəzərə alıb, müvəqqəti olaraq fəhlələrə güzəştə getmiş, həbsə alınmış fəhlələri azad etməyə məcbur olmuşdular.
Bu müvəffəqiyyət fəhlələri daha da ürəkləndirmişdi. Araz bunların çoxundan xəbər tutmuşdu. O indi bütün bunları gözü ilə görmək, qazanılan müvəffəqiyyət münasibəti ilə yoldaşlarını təbrik etmək istəyirdi.
III
Mişa indi mədən işlərinə əvvəlki kimi can yandırmırdı. İşə çox vaxt gec gəlir, bəzən də heç gəlmirdi. Ona görə də tez-tez danlanır və qazancının çoxu cəriməyə gedirdi. O buna əsla əhəmiyyət vermirdi.
İşə belə soyuq yapışması ucundan günlərin birində onu mədəndən qovdular. O indi işsiz qalmış, gününü mədənlərdə iş axtarmaqla keçirir, tez-tez təşkilat üzvləri ilə görüşür və arabir şəhərə gedib-gəlirdi.
Mişanın bəzi hərəkətləri, xüsusən həbsxanadakı hadisələr Azadda dərin bir şübhə oyatmışdı. Ona görə də bu məsələ onu çox düşündürürdü. Odur ki, son vaxtlar və Mişaya tamamilə inanır, nə də onun xain olduğuna birdəfəlik hökm verə bilirdi. O, şübhə və tərəddüd arasında qalmışdı. Bunlara birdəfəlik nəhayət vermək üçün təşkilatın sınanmış və sadiq üzvlərindən biri olan Vanya ilə görüşüb, məsələni ona başa saldı, Mişanı təqib edərək, nə ilə məşğul olduğunu öyrənməyi tapşırdı. Vanya işə çox ciddi yanaşdı. Bir neçə gün məharətlə Mişanı uzaqdan-uzağa təqib etdi. Bir gün yenə onu Sabunçu stansiyasına qədər izlədi. Qatar hərəkət etmək üzrə idi. Adamlar stansiyada qaynaşırdılar. Mişa tez atılıb qabaq vaqona mindi. Vanya adamları yara-yara keçib özünü ikinci vaqona saldı. Onun şəhərə nə üçün getdiyi Vanyanı çox maraqlandırırdı.
Qatar şəhər stansiyasına yaxınlaşdığı zaman qəlbindəki acı duyğudan Vanyanın bütün vücudunu isti bir tər basmışdı. Vaqonun qabaq qapısı ağzında durub düşünürdü. Qatar dayanar-dayanmaz özünü qapıdan bayıra atdı. Bir-birini basa-basa vaqondan çıxan sərnişinlərə qarışıb, xəlvət bir guşədə Mişanın çıxmasını gözlədi. Qabaq vaqondan çıxan sərnişinlər mühüm işi olan adamlar kimi yeyin addımlarla uzaqlaşıb gedirdilər. Vanya vaqondan çıxanları bir-bir diqqətlə gözdən keçirir, lakin Mişanı görmürdü. Adamlar seyrəlməyə başlamışdı. Mişa bütün sərnişinlərdən sonra çıxdı. Ətrafını şübhəli baxışlarla süzdükdən sonra işsiz, avara adamlar kimi yavaş-yavaş oradan uzaqlaşmağa başladı. Onun bu hərəkəti Vanyanın şübhələrini daha da artırdı. O böyük bir məharət və maraqla uzaqdan-uzağa Mişanı izləməyə başladı. Onu izləyə-izləyə geniş bir küçədəki uca bir binanın qarşısına qədər gətirdi. Mişa arxaya baxmadan binanın dəmir darvazasından həyətə girdi. Vanya binaya yaxınlaşdı. Orada hansı idarə olduğunu bilmək üçün diqqətlə qapılara, divarlara baxdı, dəmir darvazanın ağzından boylandı. Heç bir şey anlaya bilmədi. O, divara söykənib bir az düşündü, sonra qarşıdakı kiçik saatsaz dükanına tərəf getdi. Qoca bir yəhudi saat təmir edirdi. Vanya içəri girib salam verdi. Qoca başını qaldırıb onun salamını alaraq, saymazyana yenə öz işinə məşğul oldu. Kiçik dükanın sol tərəfində iki stul qoyulmuşdu. Vanya:
– Ata, rahatlanmaq üçün bir az oturmaq olarmı? – deyə soruşdu.
Bu adamın kim olduğunu, nə üçün oturmaq istədiyini bilməyən qoca diqqətlə ona baxdı. Üzündə, gözündə qorxu və həyəcan duyulurdu. Vanya bunu hiss edib yumşaq, nəzakətli bir səslə:
– Qorxma, ata, mən adi bir fəhləyəm. Məndən sənə ziyan dəyməz, arxayın ol! – dedi və cavab almadan stula oturdu.
Qoca cavab vermədi. O, əsəbi bir halda işləyir, arabir şübhəli nəzərlə naməlum adama baxırdı. Vanya gözünü darvazadan çəkmirdi. Qoca çox narahat idi. Vanyanın qarşıdakı binaya diqqətlə baxması onun qorxu və həyəcanını bir qat da artırırdı. Nəhayət, qoca özünü saxlaya bilməyərək, gözlüyünü çıxarıb, əsəbi bir səslə:
– Sən o binaya nə çox baxırsan? – deyə soruşdu.
– Dostum oraya girib, onu gözləyirəm, indi çıxacaq. Sən məndən qorxma, ata!
Qoca başını aşağı dikib işləyə-işləyə:
– Dostun kimdir?
– O da mənim kimi fəhlədir!
Qoca başını qaldırıb, istehza ilə gülümsəyərək:
– Fəhlənin bu binada nə işi? – deyə soruşdu.
Onun bu sözü Vanyada maraq doğurdu, sanki gözləri bir ümid qığılcımı ilə parıldadı. Vanya dərhal:
– Ata orada hansı idarə yerləşir? – deyə soruşdu. Qoca başını qaldırmadan yavaşca:
– Hansı idarə olduğunu bilmirsən? Bilmirsən dostun ora nə üçün gedir?
Vanya təəccüblə çiyinlərini çəkərək, cavab vermədi.
Qoca diqqətlə onu süzdükdən sonra yenə başını aşağı salıb, işinə məşğul oldu. Vanyanın təəccüb və marağı daha da artdı. İçəridəki lal və mübhəm sükutu müxtəlif saatların çıxardığı zəif və ahəngdar çıqqıltı pozurdu. Bu çıqqıltı ilə müşayiət olunan hər an Vanyaya bir il qədər uzun görünürdü. Çünki o tələsirdi. O bir dəqiqə belə yubanmadan hər şeyi öyrənmək, şübhə və tərəddüdlərdən birdəfəlik qurtulmaq istəyirdi. Bütün bunlarla birlikdə onun zehnində qocanı nə yolla və necə dilə tutub, ondan bir sirr öyrənmək fikri həll olunurdu. Nəhayət, o, stulunu qocaya bir qədər də yaxınlaşdıraraq, sözə başladı:
– Ata, məsləkimə, vicdanıma and içirəm ki, mən təmiz bir adamam. Məndən sənə heç bir xətər gəlməz. Mən səndən yalnız bir şeyi bilmək istəyirəm və bunun üçün sənə çox minnətdar olacağam. Mənim dostum buraya tez-tez gəlib gedir, görəsən onun burada nə işi var? Bura haradır? Bunu bilmək mənim üçün çox əhəmiyyətlidir. Sən qorxma, mənim ağzımdan söz çıxmaz. Bura haradır?
Kitabxana.az · https://kitabxana.az/works/saiq-araz-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Sinəmə dağ çəkir mənim bu dövranSinəmə dağ çəkir mənim bu dövran,Halımı dərk edər kim çəksə hicran.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,