Üçüncü fəsil
Səhifə 7 / 7 · 86%
V
Sərin və ulduzlu bir gecə idi. Qaraşəhər körpüsündə qızğın iş gedir, yan-yana durmuş gəmilərə yük vurulurdu. Yalnız körpüdən bir qədər uzaqda durmuş bir qayıqçı qayığı təmir etməklə məşğul kimi görünürdü; arabir alıcı gözlərini sahilə dikib, bir şey axtarırmış kimi baxırdı. O birdən-birə doğruldu, tez kürəklərə hərəkət verib qayığı sürətlə sahilə doğru sürdü. Sahildə gözləyən on bir adam dərhal qayığa atıldı. Qayıq sahildən ayrılıb sürətlə uzaqlaşmağa başladı. Miniklərdən biri şən və gurlayan səslə:
– Qoçağım Araz, sən qayıq sürmək də bacarırsanmış? – deyə heyrətlə ona baxdı.
Araz cavab vermədi. O, gözlərini dənizin sakit səthinə zilləyib düşünürdü. Vanya diqqətdə ona baxıb:
– Araz, nə düşünürsən? – deyə soruşdu.
Araz üzünü onlara çevirib, əli ilə uzaqları göstərərək:
– Bax; o yerlərdə su altında qalmış köhnə bir şəhər var, – deyə sözə başladı. – Dəniz durğun, hava saf olduğu zaman dənizçilər keçərkən onu su altında görürlər. Deyirlər ki, o şəhərin adı “Səba” imiş. Süleyman padşahın sevgilisi Səba bu şəhərdə yaşayırmış. Bu xüsusda eldə söylənən köhnə bir dastan var. Mən hələ kiçik ikən rəhmətlik babamdan eşitmişdim.
Qayıq göy suları yara-yara irəliləyirdi. Araz üzünü Bibiheybətə, İçərişəhərə tutub “Qırx damcı” qayasını, “Qız qalası”nı göstərərək, onların haqqında qısa izahat verdi və öz biliciliyinə məğrur olan adamlara məxsus bir tövrlə əlavə etdi:
– Bu yerlərin hər qayası, hər daşı bir dastandır.
Bu sözləri deyib Araz yenidən düşünməyə başladı. Qayıqdakılardan qarayanız, ortaboylu, xoşsima bir gənc:
– Araz, bu yerləri çoxmu sevirsən? – deyə soruşdu.
Araz dərhal cavab verdi:
– Bir gün söz arasında düşmənlərdən birisi mənə dedi ki, “siz fəhlələrdə, bütün yoxsullarda vətən məhəbbəti yoxdur. Siz bu ananın övladı deyilmisiniz? Onu nə üçün sevmirsiniz?” Mən isə cavabında: “Vətəni siz sevmirsiniz, – dedim, – sizin sevdiyiniz yalnız puldur. Vətəni sevən də bizik, onu azad edən də biz olacayıq!”
– Haqqın var Araz, qorxma, o gün yaxındır. O günü sənə firqəmizin açdığı geniş yol, izlədiyi milli siyasət verəcək. O zaman sosialist vətənini gənc bir aşiq qəlbi ilə sevəcəksən. İndi yelkəni aç, otur, işə başlayaq.
Qarayanız gənc:
– Bu günkü vəziyyət və gələcək fəaliyyətimiz haqqında danışmaq üçün söz Azad yoldaşa verilir, – deyə əlavə etdi.
Qumral gözlü, xoşsima gənc sözə başladı:
– İmperializmin əsas xarakterlərindən biri müstəmləkəçilikdir. O bütün yer üzünə sahib olsa, yenə də gözü doymaz. Göylərə əl atıb orada müstəmləkə axtarmağa başlar. Çar imperiyası çoxdan bəri iki müstəmləkəyə göz dikmişdir: birinci Hindistan, ikinci Mancuriya. Bu müstəmləkələri ələ keçirmək üçün ciddi hazırlıq aparırdı. O, əvvəlcə ingilis müstəmləkəsi olan Hindistana sahib olmaq istəyirdi. Hətta müəyyən zabitlərə farsca öyrənmək haqqında ayrıca göstəriş verilmişdi. İngilis xəfiyyələri bundan xəbər tutmaya bilməzdi. Bütün dünyanı öz barmağı ucunda oynadan ingilis siyasətçiləri, çar ordusunun ağzını Hindistandan Mancuriyaya çevirdi. Bu gün Yaponiya ilə şiddətli müharibə gedir. Çar ordusunun hər yerdə məğlub olması, Rusiya flotunun yaponlar tərəfindən batırılması çar üsuli-idarəsinin və hökumət başçılarının nə qədər çürük olduğunu meydana çıxardı.
Rus-yapon müharibəsi məğlubiyyətlə qurtarmaq üzrədir. Çar hökuməti müharibə ilə ölkədə güclənən inqilabi hərəkatı zəiflətmək ümidində idi. Lakin onun ümidləri, xam xəyalları boşa çıxdı. Peterburq və başqa sənaye mərkəzlərində qüvvətlənən fəhlə tətilləri bunu sübut etməkdədir.
Hökumətin gündən-günə zəifləməsindən istifadə edən burjuaziya sərbəstlik və bəzi hüquq almaq məqsədi ilə qanuni-əsasi verilməsini hökumətdən tələb etməyə hazırlaşır. Onun bu tələbinə menşeviklər də səs verir, bu xüsusda fəhlə və kəndlilər arasında indidən ciddi təbliğat aparırlar. Lakin bizim yolumuz aydın, cəbhəmiz məlumdur: biz çar mütləqiyyətini yıxıb, fəhlə-kəndli dövləti qurmalıyıq. Bizim vəzifəmiz olduqca məsuliyyətli bir vəzifədir. Buna görə də biz nə etməliyik? Burjuaziyanın öz faydasına hökumətdən tələb etdiyi qanuni-əsasinin iç üzünü, menşeviklərin proletariata xain çıxdığını açıb göstərməliyik. Menşeviklər hər yerdə məğlub olur. Müsəlman fəhlələri dəstə-dəstə axıb təşkilata yazılır. Bilirsiniz ki, müsəlman fəhlələri bizim üçün böyük qüvvədir. Onları firqəmizə cəlb etməyincə mədənçilərə qalib gəlmək olmaz! Biz yaxın zamanda uzun, davamlı tətillərə və nümayişlərə başlamalıyıq!
Azad sonra qəti bir səslə sözünə davam etdi:
– Bakı komitəsindən aldığım məlumata görə hökumət də bizim tətillərin, nümayişlərin qabağını almaq üçün böyük hazırlıq görür. İnqilabı yatırmaq məqsədi ilə erməni-müsəlman qırğını salmaq üçün tədbirlər görür.
Araz əlini dizinə vurub:
– Vay, şeytan oğlu şeytan, öz başını qorumaq üçün gör nələr düşünür! – deyə heyrətlə Azadın üzünə baxdı. Yoldaşlardan bir neçəsi onun sözünə və hərəkətinə güldü. Qaraşın, xoşsima gənc:
– Buna müvəffəq olsalar, inqilaba böyük zərbə vuracaqlar. Hər halda bu bizim tətil və nümayişlərdən əvvəl ola bilməyəcək. Hər necə olsa bunun qarşısını almalıyıq! – deyə yumruğunu şiddətlə qayığın təknəsinə çırpdı.
Məsələnin ciddiliyi hamını düşündürürdü. Arazın qaşları çatılmış, siması bulud kimi tutulmuşdu. Azad düşüncəli halda başını qaldırıb davam etdi:
– Bu faciə kəndlərdən əvvəl şəhərlərdə oynanacaq. Faciənin baş rolları müsəlman qoçuları ilə erməni daşnaqlarına veriləcək. Yerli burjuaziya ilə erməni burjuaziyası arasında çoxdan bəri kəskin bir rəqabət davam edir. Erməni katolikosu Bakıya gəldiyi zaman erməni burjuaziyasına: “Ey Bakı erməniləri, Nikolay deyir ki, Tiflis mənimdir, yalan deyir, Tiflis ermənilərindir. Çünki ən böyük, möhtəşəm binalar, ticarət, qısası şəhərin iqtisadi həyatı bizim əlimizdədir. Mən zənn edirdim ki, Bakı erməniləri də Bakını Tiflisə çevirmisiniz. Mən yanılmışam, burada siz mühüm bir iş görə bilməmisiniz. Böyük binalar, torpaq, ticarət əksərən yerli varlıların əlindədir” – deyə söylədiyi nitq bu rəqabət və düşmənçiliyi bir qat daha artırmışdır. Bunu hökumət çox yaxşı bilir. Buna görə hər iki millətin burjuaziyasından da istifadə edəcək. Arada zərər çəkən yenə hər iki tərəfin zəhmətkeşləri olacaqlar.
Azadın qısa məruzəsindən sonra yığıncaqda iştirak edənlərdən bir neçəsi də çıxış etdi.
Mişanın xəyanəti haqqında isə Vanya özü danışdı. O, Mişanı izlərkən topladığı bütün məlumatı, gördüklərini olduğu kimi nağıl etdi. Qayıqdakılar heyrət və qəzəblə onu diqqətlə dinləyir, arabir Mişanın ünvanına nifrətli sözlər yağdırırdılar. Vanya çıxışını bitirdikdən sonra Mişanın xəfiyyə paltarındakı şəklini iclasdakılara göstərdi. Onun xain olması haqqında artıq heç kimdə şübhə qalmadı. Sonra yenə Azad söz aldı. O özünə məxsus təmkinlə sözə başladı:
– Yoldaşlar, Mişa hadisəsi göstərir ki, mütləqiyyət nökərləri firqəmizə zərər yetirmək, içərimizdə qarışıqlıq salmaq üçün bizim öz aramızdakı adamlardan da istifadə edir. Bu hadisə bizi bir daha ayıq olmağa, sıralarımızı möhkəmlətməyə çağırır. Mişanın özünə gəldikdə isə hələ bir müddət onu özümüzdən hürkütməməli, onun vasitəsi ilə hökumətin görmək istədiyi gizli tədbirləri qabaqcadan öyrənməli, jandarm idarəsində bizim təşkilatın işləri haqqında yanlış təsəvvür oyatmaq üçün ona səhv məlumatlar verməliyik. Başqa yerlərə soxula bilməməsi üçün isə, Mişa haqqında qonşu mədən partiya təşkilatlarına xəbər verilmişdir. O hələlik bizim üçün qorxulu deyil. Onun ifşa olunacaq günü isə təşkilat özü müəyyənləşdirməlidir.
Azadın çıxışı yığıncaqdakıları tamamilə qane etdi. Bu məsələ ətrafında danışmaq üçün söz alan gənc bir fəhlə Azadın fikirləri ilə razı olduğunu bildirdikdən sonra bu işdə son dərəcə ehtiyatlı olmağı, Mişanın şübhələnməsinə yol verməmək üçün möhkəm iradə nümunəsi göstərmək lazım gəldiyini söylədi. Axırda yığıncaq müvafiq qərarlar qəbul etdi.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-araz-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Sinəmə dağ çəkir mənim bu dövranSinəmə dağ çəkir mənim bu dövran,Halımı dərk edər kim çəksə hicran.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,