Səkkizinci fəsil
Səhifə 3 / 3 · 67%
Məhərrəm əmi on-on beş gün bu halla yaşadı. O birdən-birə yeməkdən və hərəkətdən qaldı. İki gün sonra günəş qərb buludlarının arasında gizlənərkən onun da xatirəsi başı üstündə həsrətlə son görüşə toplanmış olan ziyalıların qəlbinə gömüldü.
Rəmziyyənin oğlu olduqdan sonra Hacı Yunus çox yumşalmışdı. Əhmədlə barışmağa, onu oğlu Gəraya və Rəmziyyəyə qovuşdurmağa kiçik bir bəhanə axtarırdı. Bunu qızın anası hiss etmiş olduğundan bir gün Hacının ağzını yoxlamaq fikri ilə dedi:
– Hacı, sənə bir söz deyəcəyəm, acığın tutmasın. O gün Gəray ağlayırdı. Rəmziyyə uşağı kiritmək üçün qucağına aldı. Döşünü çıxarıb verdi, uşaq əmmədi, yenə də bərkdən ağlamağa başladı. “Atalı yetim, daha niyə ağlayırsan?” – deyə Rəmziyyənin gözləri doldu. Onun bu sözündən ürəyimin başı odlandı. Görürəm qız ərindən, evindən ayrıldığına dərdlənir. Hər ikisi cavandır. Allaha xoş getməz. Bu vaxta qədər yazıq yetim oğlunun üzünü görməyibdir. O bizə hörmət saxlayır, bizim insafımıza nə deyirsən? “Heç olmasa uşağımı versinlər görüm”, – deyə adam-adam üstündən göndərir. Xalq da bizə yaxşı deməz. Sən gəl bunların günahından keç, iki həsrətlini bir-birinə qovuşdur.
– Sən mənə söz öyrətmə, onu mən də bilirəm, ancaq onlara belə bir cəza gərək idi. Mən cəzamı verdim. Bir də belə iş görməmək şərti ilə gəlsin arvadını, uşağını aparsın, sözüm yoxdur.
Hacının sözü arvadını sevindirdi. Oturduğu yerdən cəld qalxaraq, Rəmziyyəni müjdələmək üçün getdi.
Kazino hadisəsindən sonra Əşrəf Əhmədlə əlaqəsini büsbütün kəsmiş və onu təhqir edərək ayrılmışdı. Bu hadisə Əhmədə olduqca acı təsir buraxmışdı. Subaylıq həyatı, kimsəsizlik də onu bir tərəfdən sıxır, saatlarla düşünür, kədərlənir, bu əzici həyatdan qurtarmaq üçün tədbir və çarə axtarırdı. Hətta Hacı Yunusdan məhkəməyə şikayət etməyi qərara almışdı.
Bir gün yeməkdən sonra qoltuqlu sandalyaya yayılaraq qəzet oxuyarkən Hacı Yunusun xidmətçisi yemək otağına girdi. Əhməd onun səsini eşidincə əlindən qəzeti alıb, dimdik qalxdı və xidmətçi qızı görüncə:
– Ay qız, xeyir olsun! – deyə soruşdu. Xidmətçi qız gülə-gülə:
– Xeyirdir, qorxma, muştuluğumu ver, ağa da, xanım da səni çağırır, – dedi.
Əhməd dərhal məsələni duydu:
– Demək, axır insafa gəldilər. Rəmziyyə necədir?
– Necə olacaq, şadlığından əl-ayağı yerə dəyməyir.
– Demək barışmaq istəyirlər, bu çox yaxşı oldu. Hələ de görüm, Gəray mənə bənzəyirmi?
– Yox, sənə bənzəmir, qohum-qardaş deyir ki, lap babası Hacı Yunusun özüdür.
Əhməd gülə-gülə:
– Paho, elə isə ondan qorxmaq gərəkdir! – deyə qızın ovcuna beş manatlıq basdı.
– Al, bu sənin muştuluğun. Sonra yenə də görüşərik.
O gün Əhməd Hacı ilə barışmışdı. Bir il həsrətini çəkdiyi gözəl Rəmziyyənin, oğlu Gərayın evinə qayıtması Əhmədin üz-gözünü işıqlandırmış, könlünü şənləndirmişdi. Əhməd ailə həyatını sevdiyi üçün o gündən öz namusu və vicdanı qarşısında Rəmziyyəyə sadiq qalmağa söz verdi. Onu indi nə kazinoda rəqs edən qızlar, nə öz namusunu pula satan svetlanalar, nə də əyyaşlıq, içki və qumar maraqlandırırdı. O indi ancaq ad, şöhrət və sərvət qazanmaq xülyası ilə yanırdı. Əhməd qayınatası Hacı Yunusun və başqa qohum-əqrəbasının köməyi ilə şəhər dumasında ən mühüm bir şöbəyə sədr təyin edilmişdi. Üzvlükdən və tutduğu yüksək mövqedən istifadə edərək, ucuz qiymətə boş torpaq alır, bir qismini baha qiymətə satır, bir qismini tikdirir, bu yolla böyük mülkədar və sərvətdar olmağa çalışırdı. Ziyalıların könlünü almaq fikri ilə “Nicat”, “Nəşr-maarif” cəmiyyətlərinə üzv yazılaraq hər il üzvlük haqqı verir, böyük müsamirələrdə bir az maddi köməklik etməklə kifayətlənirdi. Əhməd çox dəyişmişdi. Onu nə ictimai işlər maraqlandırırdı, nə də xalqın, vətənin müqəddəratı. Sərvəti, şöhrəti artdıqca xalqa olan münasibəti də dəyişirdi. Onun ictimai şüuru inkişaf etməkdənsə gündən-günə geriləyirdi.
Şəhər duması hər il yay tətili münasibəti ilə ali məktəblərdən vətəninə qayıtmış yoxsul tələbələrə vəzifə verirdi.
İki yoxsul tələbə yay tətilindən istifadə edərək, kiçik bir vəzifə üçün onun yanına getdi. Əhməd onları iki saat qapıda saxladıqdan sonra qəbul etdi. Hər ikisi öz vəziyyətini ona söylədikdən sonra kiçik bir vəzifə istədilər. Onların gülə-gülə sərbəst danışmaları Əhmədin xoşuna gəlmədi. Onları qürurla dinlədikdən sonra stol üzərindəki zəngi basdı, katibi çağırdı. Onlara vəzifə verəcəyini düşünən tələbələr çox şad oldular. Qapıçı içəri girdi. Əhməd üzünü ona tutaraq, məğrur bir görkəmlə:
– Bunları kabinədən çıxart! – deyə əmr etdi.
Gözlənilməz bu hadisədən tələbələr donub qaldılar. Bu təhqirə dözməyərək, Əhmədi təhqir etdikdən sonra kabinəni tərk etdilər.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-esrimizin-qehremanlari-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Düşmənin düşməndir, sən ki, bilirsən,Dostundan gəl gözlə özünü, oğlum.
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,