Səhifə 1 / 3

Qızı olduqdan sonra Əşrəf Sonaya ancaq bir ana kimi baxırdı. Qəlbinin içini dolduran əvvəlki səmimiyyət və məhəbbət get-gedə sönməyə və boşalmağa başlayırdı. O, indi müxtəlif bəhanələrlə gecələr evə vaxtsız qayıdır, rəftarında, hərəkətlərində Sonaya qarşı əvvəlki qədər səmimi görünə bilmirdi. Sona isə eşqini kimsə ilə bölüşmək istəmədiyindən gecə-gündüz onun keşiyini çəkir, dəlicəsinə sevdiyi Əşrəfini özünə bağlamaq üçün çarələr düşünür və onu dərhal tətbiq etməyə çalışırdı. Lakin bunların səmərəsiz və təsirsiz qaldığını və ailə həyatındakı sevgi və səmimiyyətin Əşrəf tərəfindən gündən-günə ayaqlanıb, insafsızcasına tapdalandığını gördükcə kədərlənirdi. O çox düşündü, bir çox tədbir və çarəyə əl atdı, amma heç biri fayda vermədi. Son tədbir olaraq bir gün:

– Əşrəf, teatra gedəndə məni də özünlə apar, – deyə yalvardı.

– Bunu sənə kim öyrədib?

– Heç kəs, mən də görmədiklərimi görmək istəyirəm.

– Yox, bu sənin başına gələn fikir deyil, doğru de, bunu sənə kim öyrədibdir?

Sona qaşlarını çataraq bir an düşündü, sonra köksünə dikmiş olduğu kiçik başını qaldıraraq:

– Kim öyrədibdir? Sənə olan eşqim, – deyə cavab verdi.

Əşrəf istehza ilə güldü:

– Arvad ağzından birinci dəfədir ki, belə söz eşidirəm. Qadında eşq olmaz, ehtiras olar.

Bu söz bir xəncər kimi Sonanın qəlbinə saplandı. Bir anın içində dəyişdi.

– Bunu kim deyir? Qadının ürəyi yoxdurmu?

– Var, ancaq aldadıcı bir ürəyi var. Odur ki, şəriətimiz qadınlara açıq gəzməyə yol vermir.

– Kişilərə qadınlarla qol-qola gəzməyə yol verirmi?

– Kişi başqa... Qadın kişinin namusudur. Mən səni yanıma salıb, min bir millətin içində teatr və ya müsamirəyə apara bilmərəm. Bundan gözünü çək!..

Sona daha cavab vermədi. Əşrəfin bu hərəkəti onu tamam sarsıtmışdı. O indi ərinin çirkin yollarda dolaşdığını və ona tamamilə başqa gözlə baxdığını anlayırdı.


Əşrəf paltarını geyinib evdən çıxdı. O bu gün çox nəşəsiz idi. Kazino lojasında gözəl qızın onu qoyub qaçması, o gecə başqa lojalardan varlı oğlanlarının ona dikilən istehzalı baxışları Əşrəfin qəlbini neştər kimi dəlmişdi. Bu təhqirləri öz qüruruna sığışdıra bilmədiyindən onlara cavab olaraq, ən gözəl bir qızla tanış olmaq qərarına gəlmişdi. Yolda hara gedəcəyini hələ təyin etməmişdi. Birdən o gün baletdə iştirak edən bəyəndiyi qız yadına düşdü. Üz-gözündən kədər kölgəsi silindi, o qızı ələ keçirmək ümidi ürəyinə qüvvət verdi. Oradan birbaş kazinoya gedərək, bir vasitə tapıb o qızla tanış olmağa qərar verdi.

Ağamürsəlin Abram Bakşteyn adlı bir hesabdarı vardı. Əşrəf Moskvadan dönüncəyə qədər Ağamürsəl onu çıxarıb yerinə başqa bir hesabdar qəbul etmişdi. Əşrəf kazinoya gedərkən həmin Abrama təsadüf etdi. Görüşüb bir-birindən xəbər tutmağa başladılar. Ayaqüstü söhbət uzun, həm də maraqlı olduğundan Abram Əşrəfi güclə evinə apardı, onu arvadı və o gün onlara qonaq gəlmiş bacısı qızı Sara ilə tanış etdi. Əşrəf Saranı görən kimi bəyəndi və ürəyində: “Nə gözəl, nə müdhiş afətdir!” – dedi.

Onlar oturub söhbət etdilər. Abram Bakşteyn yoxsul, ancaq səliqəli bir süfrə açdı. Yedilər, içdilər. Söhbət uzandı. Hər mövzuda danışdılar. Qısası, silkələnməmiş bir budaq qoymadılar. Gecə gec qalxdılar. Gedərkən Abram da Saranı evə ötürmək üçün paltosunu geymək istədi. Əşrəf qızı ötürməyi öz üzərinə götürdü və Abramın zəhmət çəkməsinə razı olmadı. Küçəyə çıxınca bir faytona oturdular, Əşrəf qızı evlərinə qədər apardı. Qız təşəkkür üçün Əşrəfin əlini sıxarkən evlərini göstərdi:

– Bizə də gəlin! Çox sevinərik, bu təsadüfdən isə son dərəcə razı qaldım. Evimizi tanıdınız, məni unutmayın, – dedi.

Bu sözlər Əşrəfin qəlbinə yağ kimi yayıldı. O həmin gündən sonra Saranın evinə ayaq açaraq gəlib gedirdi.

Saranın atası kiçik bir məmuriyyətdən aldığı az maaşla böyük ailəni çox çətinliklə idarə edə bilirdi. Halbuki Sara artıq böyümüş, nazlı, qəmzəli bir qız olmuşdu. Gözəl yemək, gözəl geyinmək, müsamirələrdə, gəzintilərdə, teatrlarda görünmək, xoşladığı gənclərə özünü bəyəndirmək istəyirdi. Atasının aldığı az maaşla bu arzusuna nail ola bilmirdi. Bu ehtiyac Saranı Əşrəfə bağlayırdı.

Əşrəf gördüyü ilk gündən Saranı xoşlamışdı. O yalnız gənc qızın gözəlliyinə yaraşmayan biçimsiz libasını bəyənməmişdi. Qızı yeni moda ilə tovuz quşu kimi bəzəmək, bu ürkək ceyranı bir təhər özünə ram etmək onun ən böyük arzusu idi. Əşrəf bu arzusuna gözlədiyindən tez qovuşdu. Sara artıq o Sara deyildi. O, indi gözəl, yeni moda ilə geyinərək Əşrəflə müsamirələrə, teatrlara gedirdi. Hər şeydə başqalarından seçilmək istəyən şöhrətpərəst, məğrur Əşrəf Sara ilə qol-qola dolaşdığı zaman özü kimi qadın düşkünlərinin ehtiraslı baxışlarını gördükcə qıza daha da yaxınlaşaraq, bir yenilik göstərməyə çalışır, qürurundan yerə-göyə sığmırdı.

Sara gündən-günə gözəlləşir, yeni açılmış qönçə kimi ətri ətrafı bürüyürdü. Məğrur Əşrəf buna görə də Saraya məftun idi. Lakin o, Saranı səmimi bir aşiq kimi sevmirdi. Bununla belə özünü qıza səmimi göstərməyə çalışırdı. Ancaq, aldanırdı, çünki qızların kişilərdən daha tez duyan, daha həssas olduğunu bilmirdi. Sara Əşrəfin ona qarşı olan məhəbbətini hər zaman ölçür, biçir, onun aldadıcı, sönük bir şölədən başqa bir şey olmadığını bilirdi. Qızı yalnız öz istəyi, öz qüruru üçün sevdiyi kimi, qız da müvəqqəti olaraq onu öz faydası üçün sevirdi. O, arabir qıza sarılaraq: “Gözəl Sara, sən mənim ruhum, qəlbim, zövqüm, həyat və idealımsan! Sənə qarşı olan eşqimi ölçə biləcək bir cihaz olsaydı, səni nə qədər sevdiyimi bilərdin!” – deyə cavab gözləyən gözlərini ona dikərdi. Sara cavabında: “Cihaza nə hacət, sənin eşqini mən öz qəlbimlə ölçə bilərəm” – deyirdi.

Qızın kinayəli bu sözünü Əşrəf doğru sayaraq, ürəkdən sevinirdi. Hələlik Sara kimi gözəl və şıltaq bir qıza Əşrəf kimi bir adam lazım idi ki, onu istədiyi kimi öz barmağında oynatsın. Onun artıq nəyi yox idi? Ən zəngin qızlarda olan hər şeyi var idi. O, namusunu yalnız buna qurban edirdi.

Əşrəf Saranı teatra aparmaq üçün gəlmişdi. Sara isə o gün çox kefsiz görünürdü. Dostlarından birisi ona yeni il münasibəti ilə dekabrın 31-də böyük bir müsamirə olacağını və hamının oraya hazırlaşdığını söyləmişdi.

Əşrəf Saranın başına, ayağına keçir, şirin dillərlə onun qəlbini almağa çalışır, ancaq müvəffəq ola bilmirdi. Qız iri, mavi gözlərini aşağı dikib, özünü kədərli göstərmək istəyirdi. Nəhayət, başını qaldırıb:

– Əşrəf, ayın 31-də böyük müsamirə var, – dedi.

– Yoxsa sən də getmək istəyirsən?

– İstəyirdim, ancaq...

– Bəs mane olan nədir?

Qız onun gözlərinə baxaraq güldü, sonra yenə tez başını aşağı saldı.

Əşrəf qəti səslə:

– Sara, nə istəyirsən, de!

Sara özünü bir az doğrultdu. Qaşlarını, gözlərini işvəkar bir surətdə oynatdıqdan sonra:

– Bilirsən, müsamirəyə təzə modada, qızılla işlənmiş bir paltar hazırlamaq istəyirəm. Ancaq çox baha tamam olur, – dedi.

Əşrəf ehtirasla onun əllərindən yapışaraq dedi:

– Gözəl Sara, mən ölməmişəm, nə istəyirsən, hazırla! Mənim səndən tələb etdiyim ancaq bir şeydir.

Sara onun saçını oxşayaraq:

– Bilirəm, bilirəm, qısqanc uşaq, – Əşrəfi sakit etdi və dodaqlarını ona doğru uzatmaqda olan Əşrəfin dodaqlarına yapışdırdı. Sonra yerindən oynayaraq, şən bir quş kimi ötməyə, müsamirə haqqında uzunuzadı məlumat verməyə başladı.

Əşrəf ona istədiyi paltarı tikdirmiş, müsamirə gecəsi Sara maskaradda iştirak etdiyi zaman bir çox gəncin ona vurulduğunu duymuşdu. Oyun bitərkən maskanı üzündən götürdüyü zaman bütün gözlər ancaq ona dikilmiş və “Yaşasın Sara” sözləri salonu bürümüşdü. Oyunda birinciliyi qazanan və bu qədər qızğın alqışlarla qarşılanan Sara artıq yerə-göyə sığmırdı. Onun kimi gözəl, bir az da məğrur olan bir qıza bunlar azmı şərəf idi?

Ancaq bütün bunlar Saraya ucuz başa gəlmirdi. Son dərəcə qısqanc olan Əşrəfin: “Ona nə üçün baxdın? O səni haradan tanıyır? Nəşən neçin qaçdı? Bu gün səndə başqa bir hal var” kimi sözləri hər yerdə onun sərbəstliyini alır, cəmiyyətdən uzaq, çox uzaq bir aləmdə yaşamasına səbəb olurdu. Bu hallar Saranı çoxdan bezdirmişdi. Hətta bir gün teatr foyesində dolaşdıqları zaman Saranın qarşıdan gələn bir gəncə baxdığını görüncə Əşrəf onun qolunu şiddətlə sıxaraq:

– Ey, sən özünü idarə etməyi unudursan! – deyə ona bərk acıqlanmışdı. Bu sözləri o qədər hiddətlə demişdi ki, Saranın bütün vücudu titrəmiş və qolunu onun qolundan çəkərək, gözü yaşlı evə dönməyə məcbur olmuşdu. Ona görə də sərbəst bir həyata atılaraq, özünə səmimi bir həyat yoldaşı tapmaq arzusu Sarada gündən-günə artırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri