Səhifə 3 / 3 · 67%

Əşrəf bunların hər birindən bir növ həzz və zövq alırdı. Bu qədər lətif, gözəl qızlar onun ətrafını aldığı və bir çox lətifələrlə onu məşğul etdiyi halda o, yenə ara-sıra gözlərini izdihama dikərək, bir şey axtarırmış kimi baxırdı. Bir də nə gördü?.. Bütün ömrünü dizləri dibində keçirməyə hazır olduğu Sara uca, gənc və yaraşıqlı bir zabitin qoltuğunda nazlı bir əda ilə gəlir. Bunu görər-görməz başında ildırım çaxan kimi oldu, gözləri dumanlandı, acı bir hiss bütün vücudunu titrətdi. Başına topladığı qızlardan bir bəhanə ilə ayrılaraq, adamları yarmaq, özünü gözəl Saraya yetirmək istədi. Mümkün olmadı, uzaqlaşmışdılar. Durduğu yerdə mıxlanmış kimi qaldı. Onların qayıtmalarını gözlədi.

Saranı sevənlərin sayı gündən-günə artmaqda idi. Qız isə nədənsə ərə getməkdən boyun qaçırırdı. Opera aktyorları içərisində böyük şöhrət qazanmış Aleksandr İvanoviçə getməyə bir qədər meyl göstərdisə də, şıq geyinməyə, zəngin həyat sürməyə alışmış Sara bir aktyora getməyə razılıq vermək istəmədi. Bütün aktyor yoldaşları: “Aleksandr İvanoviçin parlaq gələcəyi var. Belə bir nişanlını əldən buraxma” – deyə nə qədər ona nəsihət edirdilərsə də, qız tərəddüd etməkdə davam edirdi. Nəhayət, Aleksandr İvanoviçə getməyə qərar vermək istərkən, gənc və zəngin bir zabitlə tanış oldu. Zabit onun qəlbini birinci gündən ovladı. O gündən Sara onunla tez-tez görüşməyə başladı.

Bu gün yenə onunla birlikdə “Demon” operası tamaşasına gəlmişdi. Hər ikisi teatr foyesində gəzirkən, Əşrəfi uzaqdan görmüş, lakin gözlərini izdihama dikərək, məğrur bir görkəmlə onun yanından keçmişdi.

Əşrəf həsrətlə onların arxalarından baxa-baxa qalmışdı.

Sara ilə zabit gəzişirdilər. Əşrəf barmaqları ucunda boylanaraq, gözlərini ürək yandırıcı mavi gözlərə dikib qalmışdı. “Ah, əgər bir dəfə mənə baxsaydı... Amma yanındakı bu yaramaz nə çirkindir. Gül budağına sarılmış ilana bənzəyir” – dedi. Sara indi əvvəlki Sara deyildi. Bir naz pərisi, bir gözəllik timsalı olmuşdu. Yerişində, hərəkətində, rəftarında bir başqalıq vardı. Ayaqlarında uzun dabanlı tufli, əynində son moda ilə tikilmiş paltar vardı, o indi incə qızıl ipəklərlə işlənmiş ətəklərini əli ilə qaldıraraq, canalıcı bir qəmzə ilə yeriyirdi. O yaxınlaşdıqca Əşrəfdə iztirab və həyəcan artır, qəlbində şiddətli bir çırpıntı, bədənində isitməli bir titrəyiş, damarlarında yandırıcı bir ağrı hiss edirdi. Artıq üz-üzə gəlir, Əşrəf ona baxır, ona yaxınlaşaraq, hər vasitə ilə olur-olsun, onun qəlbini bir də ələ almaq istəyirdi. Lakin bu qədər səy, təlaş və iztirablar faydasız idi, çünki o, Əşrəfdən istədiyini almış, arzusuna çatmışdı. İndi üç aya yaxın idi ki, operalarda bir aktrisa sifəti ilə çalışır, baletlərdə çıxış edir, alqışlarla qarşılanaraq, varlıların nəzər-diqqətini cəlb edirdi.

Əşrəf onun gözəl ovuna sahib olan bu adamın kim olduğunu bilmək və hər vasitə ilə olur-olsun, onu qızdan əbədi olaraq uzaqlaşdırmağa bir çarə axtarırdı.

Onlar bir də döndülər. Əşrəfdə iztirab və həyəcan artırdı. Zabit onun Saraya dikilmiş ehtiraslı nəzərlərini əvvəlcə görmüşdü. Bu dəfə də Əşrəfin uzaqdan Saranı yeyəcək kimi ac nəzərlərini görüncə ağzını qızın qulağına yaxınlaşdıraraq, nə isə dedi. Sonra hər ikisi istehzanı andıran bir təbəssümlə Əşrəfi acı-acı süzdülər. Əşrəf də bunu gördü.

İndi yenə keçəcəklərdi. Sara bir əlində ətəyi, o biri əlində yelpiyi oynada-oynada işvəli bir tövrlə irəliləyirdi. Əşrəf gəzmək bəhanəsi ilə qıza doğru getdi. Ona zehnində qərar vermiş olduğu sözləri deyəcəkdi. Ancaq bir-birlərinə yaxınlaşdıqları zaman cəsarəti qırılaraq, bir söz söyləmədən məyus bir halda dayandı. Gənc zabit hiddətli baxışlarla onu süzərək: “Bu adam nə istəyir? Bir də yaxınlaşsa həddini bildirəcəyəm” – dedi. Bu sözləri elə qəti və kəskin bir səslə dedi ki, hamı eşitdi. Kəlmələr Əşrəfin qulaqlarında bir ildırım kimi partladı. Tez özünü bir guşəyə çəkdi.

Zabitin sözləri onu qılınc kimi kəsmişdi. Onun beynində uçuşan qara düşüncə, dumanlı xəyallar ağzından havaya buraxdığı papiros tüstüsü kimi beynində burum-burum uçur, öz rəqibindən intiqam almaq üçün qəti tədbirlər düşünürdü.

Onu bu qara xəyallardan çiyninə toxunan bir əl uzaqlaşdırdı... Başını çevirərkən:

– Nə var, Əşrəf? Nə fikirdəsən?

Əşrəf acı-acı gülümsəyərək:

– Ay sənsən, Murad? – deyə əlini ona tərəf uzatdı.

– Doğrudan nə var? Bir az kədərli görünürsən.

– Heç, bir az xəstəyəm.

– Bilirəm, bilirəm, gərək qızı əldən buraxmayaydın!


O gecə Əşrəf evə dönmədiyindən Sonanın gözlərinə yuxu getməmişdi. Onun gəlmədiyinin səbəbini min yerə yozaraq ürəyindən qara qanlar axırdı. Gecəni dərin bir sıxıntı, həyəcan içində keçirdi. Dan atdı, günəş doğdu, günəş yaqut tacı ilə firuzə taxtına oturdu. İlk qızıl şəfəqlər pəncərədən Sonanı salamlarkən onu bulud kimi tutqun gördü. O, qəlbini sıxan acı sıxıntıların, ruhunu qaraldan həyəcanların, beynini dumanlandıran qara xülyaların ağır pəncəsi altında çırpınırdı. Güllərə rəng və lətafət verən gözəl çöhrəsi xəzan görmüş bir çiçək kimi solmuş, ulduzlara aydınlıq saçan qara parlaq gözləri şimşəkləri sönmüş qara bulud kimi alacalanmışdı.

Yalnız Əşrəfin gecə gəlməməsi deyil, axşam baş verən hadisə onun bütün varlığını sarsıtmış, saf və parlaq eşqini insafsızcasına bulandırmışdı. Hər şey ona qara, hər şey ona kədərli görünürdü. Hətta aləmə həyat və şənlik verən günəş də sanki: “Özünü üzmə, o bu gecə yeni sevgilisinin qolları arasında daha bəxtiyardır” – deyə ona istehza ilə gülümsəyirdi. Sona Əşrəfin ona qarşı olan münasibətinin dəyişməsini düşündükcə kədərindən partlayırdı. O artıq dayana bilmədi, xidmətçini anası Gülcahan xalanı çağırmağa göndərdisə də, intizar və həyəcanından bir an rahat ola bilmirdi. Əşrəfin gəlməsi ehtimalını verən hər kiçik səs onun həyəcan və çırpıntılarını bir qat daha artırırdı.

Gülcahan xala gəldi. Sona onu görüncə ürəyi kövrəldi, birdən-birə hönkürə-hönkürə ağlamağa başladı. Gülcahan xala ona nə qədər təsəlli verdisə də, Sona sakit olmadı.

– Qızım, nahaq yerə narahat olursan, yəqin yoldaşlarının evindədir, – deyə ona təsəlli verməyə çalışdı. Sona sakit olmadı. Əşrəfin bir qıza vurulduğunu, bu xüsusda aralarında keçən dünənki hadisəni nə qədər ona açmaq istədisə, bacara bilmədi. Acı və yanıqlı bir dillə:

– Bu gecə yoldaşlarının deyil, təzə məşuqəsinin evindədir, – dedi.

Anası heyrətlə onun üzünə baxarkən qız yenidən ağlamağa başladı. Sonra Sona keçən gecə aralarında baş verən hadisəni qırıq-qırıq danışdı. Gülcahan xala heyrətlə dedi:

– Nə bilim, ay qızım, mən onu ağıllı-başlı bir adam bilirdim. Atası Ağamürsəlin yolunu tutubsa, vay halıva.

Gülcahan xala sözünü bitirməmişdi ki, pilləkənlərdə eşidilən qarışıq səsdən Sona qapıya tərəf qaçdı. Qapıya çatar-çatmaz qapı vuruldu. Sona qapı döyənin kim olduğunu soruşmadan qapını açdı. Murad onu görüncə:

– Bacı, Əşrəf naxoşlayıb, onu xərəkdə gətirmişik, hara qoyaq – deyə soruşdu.

– Necə naxoşlayıb? Özü hanı?

Murad əli ilə pilləkəni göstərərək:

– Budur, gətirirlər, siz yer göstərin, – dedi.

Sona başını pilləkənlərə tərəf uzatdı. Əşrəfin xərək üzərində uzanıb, meyit kimi üstünə ağ qətfə çəkilmiş olduğunu görüncə dili tutuldu, ayaqları qurudu, bağırmağa, çığırmağa artıq onda hal qalmadı. Gülcahan xala qızını belə görüncə qoluna girərək Murada:

– Bu otağa gətirin, bu otağa!.. – dedi və Sonanı çəkə-çəkə apardı.

Əşrəfin meyitini öz otağına gətirdilər. Gülcahan xala Sonanı otaqda qoyub, sinəsini vura-vura, həyəcan içində Əşrəfin nə üçün, kim tərəfindən öldürüldüyünü Muraddan soruşdu. Murad məsələni çox müxtəsər nağıl etdi:

– Qəza gərək öz işini işləsin. Əşrəfin tanıdığı bir qız başqa zabitlə teatra gəlmişdi. Onları birlikdə görən Əşrəf cəhənnəm kimi alovlandı, ona çox nəsihət etdim, fayda vermədi. Tamaşa bitdikdən sonra hər ikimiz qapıdan çıxdıq. Əşrəf qapıda durub onları gözlədi. Mən çox dedim, az eşitdi. Qız zabitlə qol-qola qapıdan çıxdı. Əşrəf onlara yaxınlaşaraq nə isə dedi, əlini tapançasına atmağı ilə yıxılmağı bir oldu. Elə bil zabit qabaqcadan hazır idi, Əşrəfə macal verməmişdi. Qaradavoylar zabitin tapançasını alıb, özünü də polis idarəsinə apardılar. Mən tez fayton çağırıb, Əşrəfi Mixaylovski xəstəxanaya apardım. Bir saat sonra Əşrəf canını təslim etdi.

Gülcahan xala Muradı qohum-qardaşa xəbər vermək üçün göndərdi. Sona ayılmışdı. Özünü dəli kimi meyitin üzərinə ataraq, iki əli ilə saçlarını yola-yola ağlayırdı. Gülcahan onun əllərini bərk-bərk tutaraq:

Qızım, özünü üzmə, Məryəmə yazığın gəlsin, – deyə ağlaya-ağlaya Sonaya yalvarırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri