Əhməd Əşrəfin təsiri altına düşdükdən sonra Zəki ondan əlaqəsini tamamilə kəsmişdi. Bir gün küçədə Əhmədlə qarşı-qarşıya gəldi. Üzünü çevirib keçmək istərkən Əhməd onun qolundan tutub:

– Bura bax, üzünü çevirib keçmə! – dedi.

Zəki dayandı:

– Nə deyirsən? – deyə soruşdu.

Əhməd onun bu hərəkətindən pozulduğunu hiss etdirməyərək:

– Canım, daha bizi saymırsan, görəndə də üzünü çevirib keçirsən? – dedi.

– Elədir, biz özü üçün yaşayan xudbin, məsləksiz adamları görəndə üzümüzü yana çeviririk. Bir də ki, sən indi mələklərlə birlikdə göyün yeddinci qatında uçursan. Bizim qısa əllərimiz o yerlərə çata bilməz.

Dostunun nə demək istədiyini Əhməd çox gözəl anlayırdı.

– Mən göylərdə uçan adam deyiləm. Həmin gördüyün, bildiyin Əhmədəm.

Əhmədin bu inadkarlığı Zəkinin ürəyini yumşaltdı. Onun yadına köhnə dostluq günləri, təhsil illəri düşdü. Moskvanı xatırladı. “Eh dünya!” – deyə dərindən köksünü ötürdü. Bu anda ötən günlər Əhmədin də gözləri qarşısında canlandı, çox mütəəssir oldu. Sonra Zəkinin kefini, vəziyyətini xəbər aldı. Onlar söhbət edə-edə yaxındakı bağçada oturdular.

Əhməd siyasi hadisələrlə çox maraqlanmasa da, daha doğrusu, ondan çox ehtiyat etsə də Zəkini çox sevdiyindən, onu görəndə o saat siyasətdən söhbət salmağı sevərdi. Çünki bilirdi ki, Zəkinin özünün də buna azarı var. Odur ki, Zəkigildə yaşadığı günləri, Zəkinin və dostlarının gizli xəfiyyəlik fəaliyyətini xatırladı. Elə dərhal Zəkigildən getdiyi günlərdə qəzetdə Liza haqqında oxuduğu bir məlumat yadına düşdü:

– Hə, yaxşı yadıma düşdü. Liza məsələsini də qəzetdə oxudum. Doğrudan da dostun Mustafa mahir imiş. Elə qəzetdə Liza adını görən kimi bildim ki, sizin əhvalatdır. O saatca sən yadıma düşdün, – Əhməd bir an sükutdan sonra: – Bəs Lizanın yaxalamaq istədiyi inqilabçılar necə oldu? Bunlar haqqında qəzetdə heç bir şey yox idi – deyə suallı nəzərlərini Zəkinin gözlərinə dikdi.

Zəki bir qədər fikrə getdi. Əvvəlcə dostunun suallarını cavabsız buraxmaq istədi. Ancaq bunu bacarmadı. Bir də ki, Əhməd özünün sirr saxlamaqda çox möhkəm bir dost olduğunu çoxdan sübut etmişdi. Odur ki, üstü örtülü də olsa dedi:

– Hərçənd ki, səninlə belə mövzularda söhbət etməyə bir firqəçi kimi haqqım yoxdur, ancaq necə olsa arada dostluq və etibar var. Lizanın qeyb olması oxuduğun kimi qəflətən oldu. Onun başını Mustafa Balaxanıya getdiyi zaman yolda əzmiş, meyitini isə heç güman gəlməyən bir yerdə basdırmışdı. Ölürkən: “Belə bir taleyi mən sənin üçün, dostların üçün hazırlayırdım, hayıf ki, sən qabağa düşdün” – demişdi. Zalım qızı, bizim də kim olduğumuzu bilirmiş. Onun başı lap vaxtında əzildi. Yoxsa onunla bacarmaq çox çətin idi. Tülkü kimi hiyləgər, şeytan kimi ağıllı idi. Lizanın iş başında yaxalamaq istədiyi təşkilat üzvlərinə gəlincə bundan bir şey çıxmadı; çünki basqın hazırladığı vaxtdan bir gün əvvəl onun özünü Mustafa haqqa vasil etmişdi.

Zəkinin dediklərinə diqqətlə qulaq asan Əhməd, dostunun son cümləsini təbəssümlə qarşıladı:

– Doğrudan da vaxtında gorbagor etmisiniz, yoxsa o sizin başınıza cəncəl aça bilərdi. Bəs bu hadisədən başqa xəfiyyələrə, sizlərə heç bir söz gəlmədi? Mustafa ki, onunla bərabər işləyirdi!

– Sən bunları nə yaxşı yadında saxlamısan? – deyə Zəki heyrətlə cavab verdi, – yox, Lizanın qeyb olmasının nəticəsi bizim üçün bir o qədər də yaxşı olmadı. Mustafanı sorğu-suala çəkdilər. Mustafa həmin gün jandarmeriyaya başqa bir işdən ötrü gedəcəyini bildirmişdi. Lizanı basdırandan sonra isə həmin işin dalınca gedib, idarəyə lazım olan məlumatı gətirmişdi. Odur ki, ondan şübhələnməyə əldə heç bir əsas yox idi. Ancaq məsələ burdadır ki, hadisədən sonra fəhlələrin içərisindən özlərinə sadiq bilib seçdikləri xəfiyyələrə etibar azalmışdı. Onsuz da bizimlə bir qədər ehtiyatla dolanır, çox güman ki, yeri gələndə təqib də edirlərmiş. Nə isə son təmizləmədə Mustafanı da, məni də işdən çıxardılar. Jandarmeriyanın rəisi bizi yanına çağırıb:

– Bu saat yuxarıdan aldığımız qərara əsasən idarəmizdə ixtisar gedir. Siz bu gündən işdən azadsınız. Lazım olanda özümüz çağıracağıq. Lakin burada olan müddətdə gördükləriniz işlər haqqında, təkrar tapşırıram, bir kəlmə də eşitməməliyik, – dedi. Sonra dilimizdən iltizam aldı.

– Bəs Yelena?

– O, hələlik işləyir. Çox bacarıqlı, ağıllı qızdır. Təşkilatımız hazırda jandarmeriyadakı işlərdən az-çox onunla xəbər tutur. Firqəyə faydası çox dəyir.

Aralarında gedən bu açıq söhbət iki dostu bir-birinə sanki bu son bir-iki saatda xeyli yaxınlaşdırmışdı. Bunu Əhmədin gözlərindən, səmimi rəftarından da görmək olurdu. Odur ki, Zəki Əhmədi bir də sınamaq istədi, onu təsiri altına almağa, firqəyə tərəf çəkməyə təşəbbüs etdi, indiki fürsəti qaçırmaq istəmirdi.

– Əhməd, sən xalqın oğlusan, – dedi, – belə bir fəlakətli gündə onu düşünməyən övlada nə ad vermək olar? Sənin vücudunun, biliyinin bu xalqa, bu ölkəyə bir faydası olmayacaqsa nəyə lazımsan?

Əhməd bu sözlərin ağırlığı altında əzilərək, ciddi bir səslə:

– Mən də öz ixtisasım dairəsində çalışıram, – dedi.

– Aldığın maaşa görə rəsmi bir məmur kimi çalışmağının bizim üçün nə əhəmiyyəti var. İnqilabçılardan uzaqlaşdın, siyasətdən yaxanı bir kənara çəkdin. Bu gün İran inqilab içində çırpınır. Bütün namuslu inqilabçılar İran xalqını əyyaş və müstəbid şahların pəncəsindən qurtarmaq üçün heç fədakarlıqdan çəkinmirlər.

Əhməd onun sözünü kəsərək:

– Bura bax, Zəki, məni o yollara çəkə bilməzsən. Sən öz yolunda çalış, mən də öz ixtisasımda. Bunun faydası daha çox olar, – dedi.

Zəki qəhqəhə ilə güldü:

– Hacı Yunusun sərvəti, bu azğın neft səltənəti səni çox dəyişdirmişdir. Haram olsun sənə bu qoca Məhərrəmin çəkdiyi əmək! Ona yazdığın məktublar, verdiyin vədlər nə oldu?

– Sən nə deyirsən? Mən on beş il qara gün içində can çürüdüb təhsil alım, sonra da bu canımı, bu biliyimi qurban verim? Yox, mən bunu bacarmaram.

– Heç olmazsa bu yolda canını qurban vermək istəyənlərə uzaqdan-uzağa əl uzat, kömək et! Bu qanlı üsuli-idarəni yıxmaq, onu alt-üst etmək lazımdır!

– Bura bax, dostluğumuz öz yerində, məslək öz yerində. Bir də hansı üsuli-idarə olur-olsun, mənim üçün nə fərqi var? Kim eşşək olsa mən ona palanam.

Bu söz elektrik cərəyanı kimi Zəkinin bütün vücudunu titrətdi. Söz söyləməyə onun iqtidarı olmadı.

– Tfu, alçaq, vicdansız, – deyə Zəki ondan uzaqlaşdı.


Bakı Komitəsi İran “Ədalət” təşkilatı ilə birlikdə çalışır, İran inqilabçılarına maddi və mənəvi kömək göstərirdi. Yerli təşkilatın qərarı ilə bütün üzvlər hərbi təlim keçməli, silah işlətməyi öyrənməli idilər. Zəki bu sahədə də heç kimdən geridə qalmırdı. O, bomba qayırmaq işində böyük ixtisas qazanmışdı. Bu sənəti İran inqilabına kömək etmək istəyən yoldaşlarına da öyrədir, onlara bomba atmağın qaydalarını başa salır və İran inqilabında iştirak etməyə hazırlayırdı. Axı o özü də İrana gedəcək təlim keçmiş dəstənin üzvlərindən idi. Zəkinin arzu etdiyi günlər gəlmişdi...

Azadlıq məftunu olan Zəki xalq azadlığı yolunda çarpışmaqdan böyük zövq alırdı. İrana hərəkət etmək üçün tələsir, hər gün ona bir il qədər uzun görünürdü. Zəkinin səbirsizliklə gözlədiyi günlər gəldi. O, Firuzə xala ilə görüşdü, Nəzakətin yaşarmış gözlərindən öpdü, hər ikisinə təsəlli verərək öz yoldaşları ilə birlikdə İrana hərəkət etdi.

Bu hadisədən altı ay keçmişdi, bir axşam Əhməd yolda Zəkinin dostu Mustafa ilə üz-üzə gəldi. Əhməd ötüb keçmək istərkən Mustafa onu dayandırdı:

– Necəsən, Əhməd? Daha bizi saymırsan, – dedi.

Əhməd gülərək:

– Bağışla, görmədim, sən necəsən? – deyə ayaq saxladı.

Mustafa bir az susdu. Sonra yavaşca:

– İrana getmişdim, – dedi. – Sonra Əhmədə söz söyləməyə imkan verməyərək əlavə etdi: – Hələ, başın da sağ olsun, deyilənlərə görə, dostun Əşrəfi də öldürüblər?

– Hə, öldürdülər, ancaq günah özündə oldu, – deyə Əhməd cavab verdi.

Mustafa ona mənalı baxaraq:

– Zəki də cəbhədə vuruldu, – deyə gözlərini Əhmədin üzünə dikdi.

Əhməd qorxmuş halda əllərini Mustafanın çiyninə qoyaraq, həyəcanla soruşdu:

– Nə deyirsən? Doğrudanmı?

Mustafa qəti bir səslə:

– Doğrudur, – dedi, – Əşrəf də öldü, Zəki də. Ancaq o, yubka qurbanı, bu isə azadlıq və inqilab qurbanı oldu. Aralarında nə böyük fərq var! Namuslu ölüm də namuslu həyat qədər şərəflidir! Bir cəbhədə çarpışırdıq. Zəki vurulan kimi başını dizlərimin üstünə aldım. Qurşun ürəyini dəlib keçmişdi. Gözlərini açaraq üzümə baxdı. Söz deməyə taqəti qalmamışdı. Ancaq sağ qolunu boynuma keçirərək, məni qucaqladı. Yavaşca: “Azadlıq, azadlıq!” – deyə dizlərim üzərində canını təslim etdi. Namusla yaşayanların ölümü də namuslu və şərəfli olurmuş!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri