Gözəl bahar
Səhifə 2 / 3 · 33%
İkinci səhnə
Biri sağda, biri solda olmaqla iki daxma. İkisinin arasında bir ağac. Yer lətif otlarla
döşənmişdir. Durnalar, sığırçınlar gəlir. Şirin bir nəğmə eşidilir:
Oyan, oyan, ey insan!
Dəyişdi artıq zaman.
Yox oldu Qış, Boran, Qar;
Parıldayır xoş Bahar.
Əmək bizi çağırır,
Torpaq, tarla bağırır.
Məhv oldu donduran Qış,
Durma, haydı, get çalış!
Açıldı hər yanda gül,
Sən də oyan danış, gül!
Dəzgah, mədən sənindir,
Torpaq, çəmən sənindir;
Sənindir indi fərman,
Artıq sənsən hökmran!
Bülbül səslənə-səslənə gəlir. Qaranquşla əl verib görüşürlər.
Qaranquş
Uğur olsun bu günün!
Bülbül
Dərdi, qəmi at, söyün!
Günəş gülsün üzünə
İşıq gəlsin gözünə...
Qaranquş
Qış, Borandan qurtulduq
Həm azad, həm şad olduq.
Onlar ağac altında oturub, bir-birilə yavaş-yavaş danışır, arabir gözəl cəh-cəh
vururlar. Aslan daxmadan çıxıb, sevinə-sevinə onlara baxır, birdən-birə bağırır.
Aslan
Gəlin gözəl yaz günəşi var bu gün, Gəlin bura, Pəri, Nazlı, a Dursun! Gəl, qızınaq gün altında bir azca.
Dursun, Pəri, Nazlı sevinə-sevinə Aslanın yanına gəlirlər.
Pəri
Aslan, Aslan, gəl söyləyək tapmaca.
Dursun
Yox, yox, Aslan, sevməyirəm mən onu.
Nazlı
Gəl oynayaq ayaqsayma oyunu...
Pəri
Mən razıyam.
Aslan
Bəs kim saysın?
Dursun
Bax, Pəri.
Aslan
Dursun, ayağını uzat irəli!
Pəri
İynə-iynə,
Ucu düymə,
Bəli, bəli,
Bətir keçi,
Qoz ağacı,
Qotur keçi.
Happan,
Hoppan;
Yırıl,
Yırtıl,
Su iç,
Qurtul!
Günəşin üzünü Bulud örtür. Külək uğuldayır, uşaqlar bir-birilə danışırlar. Dursun
ayağını çəkir.
Dursun
Düz olmadı, mənimki qurtuldu.
Pəri
Yox!
Nazlı
Oynamıram!
Aslan
Mənə soyuqdur, soyuq.
Hamı ayağa qalxır, Buludlu göyə baxaraq oxuyurlar
Tağalaq gəldi, duman qaç!
Tağalaq gəldi, duman qaç!
Gün-çıx, gün çıx,
Kəhər atı min çıx!
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür qaç...
Külək uğuldayır, Bülbül, Qaranquş və uşaqlar qaçıb gedir. Bulud
və Kül ək içəri girir.
Külək
Boranlı qış, hardasan ay bəxtəvər?
Bahar gəlir, sən bu işdən bixəbər.
Gəl qarşıla, tez ol!
Bulud
Qaçmışdır yoxsa?
Qəlbinə qəm çökmüş, batmışdır yasa?
Külək
Peşmanam bu gün mən öz işimdən.
Bulud
Peşmanam mən də bax, keçmişimdən.
Kül ək
İnsaf üçün Bahar hara, Qış hara?
Qış qəlbimdə açmışdı min bir yara.
Boran içəri girir.
Boran
Bəs Qış hanı?
Külək
(istehza ilə)
Ha... Ha... Qaçmış o çoxdan.
Boran
Yalan demə, qaçmaz o Qış, qəhrəman.
Külək
Mən desəm də, deməsəm də belədir.
İşi duymuş...
Boran
Səni söylədən nədir?
Neçin atamdan üz çevirdin, axmaq?
Külək
Ey, üstümə kükrəmə çox, mənə bax! Qardan, buzdan üz-gözümüz bozarmış. Bircə anlat, bizə nə verdi boz Qış?
Vıyıldamaq bəlkə də xoşdur sana,
Mən gəlmişəm artıq bu işdən cana.
Bulud
Mən də, mən də...
Boran
Oho... düşmanmış hər yan,
Bizə qarşı hazırlanmış üsyan.
Bunu duydunuz,
Üz çevirib bizdən ona uydunuz!
Külək
Ey... Sən kimsən, aç gözünü, mənə bax! Deyilsənmi əlimdə bir oyuncaq?
Mənəm sənə qüvvət verən, can verən, Qarda, qışda sənə soyuq qan verən.
Mən olmasam, səni varmı bir sayan?
Boran
Çox öyünmə artıq, bu sən, bu meydan!
Hər ikisi çarpışır, qanadları ilə bir-birini vurur. Günəş, S u,
Torpaq gəlir.
Günəş
Ey, sən kimsən?
Boran
Dünyaları donduran
Qəhrəmanam əzəldən, adım Boran.
Torpaq
Boran... Oho...
Günəş
Böyük düşməndir bizə,
Axtarırdıq. Yaxşı düşdün əlmizə.
Siz kimsiniz?
Bulud
Mən Buludam.
Külək
Mən Külək.
İstəyimiz Bahara xidmət etmək.
Təngə gəldik don-şaxtalı bu Qışdan. Ona görə bizə olmuş bir düşman.
(Boranı göstərir)
Günəş
Sınayarıq indi onun gücünü,
Biz alarıq gücsüzlərin öcünü.
Boran
Səndən qorxan yox, gücünü gəl, sına!
Külək
Tülküyə bax, qarşı çıxmış aslana.
Boran
Tülkü sənsən, bu Boran pəhləvandır! Oğlum Ayaz, atam Qış qəhrəmandır.
S u
Ay, məhrəba, böyük əslin, nəslin var!
Torpaq
Artıq Qışın əlində yox ixtiyar.
Günəş
O qəhrəman atan söylə bir hanı?
Boran
Sən uşaqsan, neylərsən qəhrəmanı.
Günəş
Qəhrəmanlıq öyrənməkdir məqsədim.
Boran
Çıx meydana, sənə qoy mən öyrədim.
Torpaq
Ha... Ha, tamam igid oğlu igiddir.
S u
Zalım oğlu barıtdır, ya kibritdir.
Ha... ha... ha... ha...
Boran
Əylənməyin mənimlə!
Torpaq
Yaxşı oldu, bu yerdə keçdin ələ,
Əlimizdən sənə yoxdur qurtuluş.
Günəş
Çıx meydana, ay yapalaq, ay bayquş!
Günəş Borana hücum edir. Boran onun üzərinə atılır. Qanad-qanada çarpışırlar. Günəşin
alnındakı şəfəq Boranın üzünə düşdükcə Boran bihal olur. Yavaş-yavaş qol-qanadı
yanına düşür. Birdən-birə yerə yıxılıb ölür.
Günəş
(Küləyə, buluda)
Siz də gəlin, işə orda baxarıq,
Dostu sevər, düşmanları yaxarıq.
Günəş, Torpaq, Su, Bulud və Küləyin aralarına alıb çıxarırlar.
Uzaqdan musiqi səsi gəlir. Bir saniyə sonra Durna, Qırqovul, Turac, Tovuz,
tar, saz, kamança, dəf çala-çala gəlirlər. QaranquşBənövşə ilə, Bülbül
Qızılgüllə, ArıZanbaqla, KəpənəkQərənfillə qol-qola ayaqlarını,
əllərini oynada-oynada gəlib otlu, çiçəkli bir yerdə dayanırlar. Hamısı ətrafı şən
baxışlarla süzdükdən sonra
Bülbül
(çalğıçılara).
Çal, çalğıçı, çal, ruhumuz şənlənsin! Çal, bu otlu çəmən də bir əylənsin. Çal ki, bahar çağıdır,
Bu şənlik oynağıdır.
Çal ki, paslı dərdləri
Şaqraq tellər dağıdır.
Qızılgül ortalığa atılır, əllərini yoldaşlarına uzadıb oxuyur.
Qızılgül
Doğdu günəş qırmızı,
Can, gülüm, can, can!
Hamısı əl-ələ halqa vurub oynaya-oynaya oxuyur.
Hamı
Doğdu günəş qırmızı,
Can, gülüm, can, can!
Topladı oğlan-qızı,
Can, gülüm, can, can!
Hər birimiz bir çiçək,
Can, gülüm, can, can!
Bir bağçanın ulduzu,
Can, gülüm, can, can!..
Qaçdı Ayaz, qar, Boran,
Can, gülüm, can, can!
Bizə qaldı çöl, orman...
Can, gülüm, can, can!
El şənlənir, canlanır,
Can, gülüm, can, can!
Sevinc içində hər yan,
Can, gülüm, can, can! Qış bir etdi, on verdik. Can, gülüm, can, can!
Ölümdən bir don verdik, Can, gülüm, can, can!
Ordusunu dağıtdıq,
Can, gülüm, can, can!.. Qara günə son verdik, Can, gülüm, can, can!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/saiq-gozel-bahar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I1904-cü ilin əvvəlində başlamış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun Lyaodun və Mukden cəbhələrində məğlubiyyəti, Uzaq Şərqdə ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq, bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.
Dördüncü fəsilIBazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir ağacı yanında durmuş bir nəfər:
Beşinci fəsilITətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla irəlidə xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:
Altıncı fəsilIIAslan bəy böyük oğlu Varisi realnıməktəbə vermişdi. Varis aşağı siniflərdə ciddi və istedadlı bir şagird kimi görünürdü. Böyüyüb yuxarı siniflərə keçdikcə ildən-ilə dəyişirdi. Yalnız təbiətində deyil, vücud və simasında belə bir dəyişiklik əmələ gəlmişdi. O çox ərköyün böyüdüyündən tərbiyəsi və əxlaqı gündən-günə pozulurdu. Öz sinif yoldaşı Şamilin və onun kimi yoxsul tələbələrin başına bir bəla kəsilmişdi. Onları hər gün, hər saat təhqir edir və bundan böyük zövq alırdı.
Başqa şairlərin şeirləri
Ey yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.