Ürək tikmək və ya Qurban bayramı
Uşaqlar üçün bir pərdədə mənzum dram
Məclis - əhli
Kərim – 40 yaşında, kasıb çoban
Nazlı – 35 yaşında, onun arvadı
Aslan – 10 yaşında, onun oğlu
Fatı – 8 yaşında, Aslanın bacısı
Rüstəm – 45 yaşında, Kərimin qardaşı
Dursun – 10 yaşında, bəy oğlu
Zeynəb – 8 yaşında, bəy qızı
Dərviş
Başqauşaqlar
Aslan və Fatı
(qaça-qaça içəri girib)
Ana, bu gün bayram etmiş uşaqlar,
Geymiş təzə çuxa, qırmızı paltar.
Fatı
Pəri qızın da güllü bir donu var.
Aslan
Hər birinin qoç kimi qoyunu var.
Dursun bəyin də var yaxşı çuxası,
Qızıldandır qolu, döşü, yaxası.
Nazlı
Darılmayın, oğlum, qızım neyləyək?
Aslan və Fatı
Bəs bizə də təzə paltar al geyək!
Nazlı
Atan inəyimizi haçan ki satar,
Sizin üçün də yaxşı paltar alar.
Aslan və Fatı
Bizə deyirsən bu sözü hər zaman
Nazlı
Sata bilmir, neyləsin yazıq atan?
Gəlin sizə verim bir az qovurğa,
Oynayın çöldə, getməyin uzağa.
(Uşaqların ovcuna qovurğa tökür)
Aslan
Bir az da ver, mənimki çox az oldu.
Nazlı
Acgöz! Al! Bax, kefi necə saz oldu.
(Bir az da Aslanın ovcuna qovurğa tökür. Bacı qardaş atıla-atıla gedirlər)
Nazlı
Dil qanmazlar əlində qalmışam, ah!
Sən bircə aç düyünmüzü ay Allah!
Kərimkişi qəmgin bir halda əlində çomaq içəri daxil olur.
Nazlı
Pul tapdınmı?
Kərim
Olmadı!
Nazlı
Ay kişi, sən
Yoxa çıxardırsan hər bir işi sən.
Kərim
Necə bir qaz düşər çənə, dumana,
Mən də elə əl atıram hər yana,
Üzü üstə qayıdıram, neyləyim?
Nazlı
Səbəbini, otur, sənə söyləyim:
Səndə yoxdur bil ki, şüur, bacarıq,
Diribaş ol, çalış, yazıqsan, yazıq.
Kərim
Allah şüur verməyib, neylim daha,
Nazlı
Sən də elə yapışırsan allaha.
Sən tənbəl ol, neyləsin allah sənə?
Kərim
Nazlı, yenə dolaşırsan sən mənə?
Mənim dərdim bəsdir, sən də saraltma, Beş gün dünyadır, günümü qaraltma!
Nazlı
Əyri otur, düz danışaq ay kişi
Axır allah götürməz boyla işi.
Mən hələ heç, allah mənə dayaqdır,
Görürsən ki, uşaqlarım çıplaqdır.
Nə var, başında, nə ayaqlarında,
Qan yox yazıqların yanaqlarında.
Qonşu uşaqları geyibdir əlvan,
Bunlar baxır uzaqdan heyran-heyran. Gedib, gəlib üstümə ağlayırlar,
Mən anayam, ürəymi dağlayırlar.
Bir də qonşularla kəsilsək qurban,
Olurmu biz durub, baxaq uzaqdan?
Kərim
Ağrın alım, sən de görüm neyləyək?
Nazlı
Çara yoxdur, gərək dananı kəsək.
Kərim
Süd verərmi axı inək danasız?
Nazlı
Uşaqların görüm qalsın anasız,
Bəs neyləyək, elə-belə qalaqmı?
Qurban kəssin el, biz gendən baxaqmı?
Allahın da bircə gəlmir əcəli!
Kərim
Necə qıyıb deyirsən, ah, ay dəli!
(Kərim palazın ucundan qaldırıb)
Bu palazı çiyniməcə atım qoy,
Kənd içində tez aparıb satım qoy.
Nazlı
Quru yerdəmi qalaq ay heyvərə!
Kərim
Mənim yapıncımı döşərsən yerə.
Bu il qışı yapıncısız keçinnəm,
Altdan cındır-mındırları geyinnəm,
Aparımmı? Gözəl Nazlım darıxma.
Nazlı
Apar, apar tez ol, ürəymi sıxma!
(Kərim palazı çiyninə salıb gedir. Nazlı dalınca
acıqlı-acıqlı deyir)
Bunun kimi olmaz şüursuz adam,
Böylə kişi, ağzına dəysin qadam.
Cümşüd bəyə on ildi qulluq edir.
Ayda vur-tut beş manat pul verir.
Çox gözü dar, daş parçası xəsisdir,
Arvadı ki, hələ özündən pisdir.
Ha deyirəm, əl çək bunlardan kişi.
Qulaq asmır, təhərsizdir hər işi.
Bu bəylərə möhtac olarsa insan,
Dam altında, vallah, ölər acından.
Yenə mənəm, o qapı bu qapıda,
Sümsünürəm, ona yoxsa qalırsa,
Dolandıra bilməzdi yalnız başın,
Allah salamat eyləsin qardaşın.
Bizə yalnız o əl tutur ara-bir
Dəli-dolu, üzügülər, comərddir.
Kasıb qohum-qardaşına tutur əl,
Allah tutsun əlin, qıymasın əcəl.
Aslan, Fatı və qonşu uşaqları Zeynəb, Dursun içəri girirlər. Aslan ilə Fatı analarının
ətəyində n tutub göstərirlər.
Aslan və Fatı
Qurban olum sənə, ana, ay ana,
Fatı
Bircə gəl bax, Zeynəb qızın donuna. Nə yaxşıdır? Mənə də al bu dondan.
Aslan
Mənə də al, ana, bax bu çuxadan.
Dursan
Bu çuxanı mənə atam alıbdır.
Zeynəb
Bir donum da hələ evdə qalıbdır.
Fatı
Tez ol, tez ol, mənə də al don.
Aslan
Çuxa!
Nazlı
Ay, nəsliniz qırılsın, çıxsın yoxa.
Hardan alım?
Aslan
Neyləyim bu çarığı!
(Çarığı ayağından çıxarıb atır)
Fatı
Bağlamıram mən də hisli yaylığı.
Zeynəb qızınkinə bax, güllü-güllüdür,
Nazlı
Çünki onlar kasıb deyil, pulludur.
Aslan
O pulları bunlar hardan alıbdır?
Nazlı
Həsən bəyin atasından qalıbdır.
Fatı
Bizim babamızdan heç nə qalmadı?
Nazlı
Yox!
Aslan
Nə üçün?
Nazlı
Çünkü çox kasıb idi.
Aslan
Gərək kasıb olmayaydı babam da.
Nazlı
Oğlum, çalışqanlıq olsa adamda
Kasıb olmaz!
Aslan
Bəs qonşumuz Həsən bəy,
Heç çalışmır, işləmir, onda gərək
Kasıb olaydı, hər gün ancaq yatır.
Amma atam gecə-gündüz çalışır.
Bəs nədən o pullu, atam pulsuzdur?
Nazlı
Ah, nə bilim? Dünya belə yolsuzdur.
Dişarıda toy çalınır.
Nazlı
Qaçın, gedin, dişarda toy, zurna var.
Aslan, Zeynəb və Dursun qaçırlar.
Fatı
Dayan, dayan, yavaş, məni də apar.
Aslan
Tez ol, Fatı, tez ol gedək, gəl, qurtar.
Nazlı
Ruziləri bölən ey pərvərdigar,
Bu yolsuzluq kimin işi? Sən göstər! Yaxasını ver əlimə, mən əgər
Onu da öz halımıza salmasam,
Anamdan əmdiyim süd olsun haram.
Ey rəhimli sandığımız ilahi,
Məsum çocuqların nədir günahı?
Baxmaq olmur yazıqların üzünə,
Ölüm rənci çökübdür gözlərinə.
Yazıq uşaqlarım şamtək sönüblər,
Yaralanmış ceyranlara dönüblər.
Kərim çiynində palaz dişarıdan oxuya-oxuya gəlir.
Kərim
Əzizinəm, mən qurbanı,
Gözləriyin mən qurbanı,
Apar Mina dağına
Qurban kəs mən qurbanı.
Palazı nazlının qabağına atır.
Kərim
Nazlı, vallah, alan yoxdur bir nəfər,
Nazlı
Oxuyursan, kefin gəlib bəxtəvər,
Almadılar... Məgər nədir bu sovxa,
Çıxarırsan hər yerə getsən yoxa.
Kor qız kimi qayıdırsan üstümə,
Mən laqeydim, sən də mənim tüstümə. O olmadı, bu olmadı, neyləyək?
Kərim
İnsaf elə, mən neyləyim de görək?
Nazlı
Neyləyəsən? Kor, şil, topal deyilsən, Qorxma, yırtılmazsan, motal deyilsən. Başqa iş tap, çalış, vuruş, get qazan!
Kərim
Ay heyvərə, de bircə hardan, hardan?
Dişarıda it hürür, adam səsi
Nazlı
(Kərimə)
Gör bir kimdir?
Rüstəm
(Dişarıdan)
Kim var, kim yox, ay Kərim?!
Kərim
Gəl, gəl... (Qapıya çıxır)
Nazlı palazı salır, Aslan qaça-qaça gəlir.
Aslan
Ana, gəlibdir Rüstəm əmim.
Gətiribdir, bizə yekə bir qoyun
Çiynində də vardır böyük bir xurcun.
Rüstəm, Kərim və Fatı ilə birlikdə çiynində
xurcun içəri daxil olur.
Rüstəm
Nazlı, xoş gördük.
Nazlı
Ay, xoş vaxtın olsun!
Rüstəm
Bayramınız hələ mübarək olsun!
Nazlı
Sağ ol, sağ ol, xoşbəxtlik ilə yaşa,
Uşaqların və Gülcahanla qoşa.
Uşaqları yanına çağırıb bir arxalıq və başmaq Aslana, bir don,
yaylıq Fatıya, bir yaylıq Nazlıya verir.
Rüstəm
(Aslana)
Al, bu sənin, geyin görüm, ay dana?!
(Fatıya)
Bax, necə güllü dəsmal aldım sana?!
(Nazlıya)
Nazlı, bu da səninki al.
Nazlı
Çox sağ ol!
Allah sənə qoy ömür versin bol-bol.
Rüstəm
Deyin görüm, necə keçir ruzigar?
Korluq çəkmir ki, ay Kərim, uşaqlar?
Kərim
Yaman, yaxşı dolanırıq, dünyadır.
Nazlı
Beşi ağ keçsə də, beşi qaradır.
Rüstəm
Fikr etməyin, allah kərimdir, keçər.
Nazlı
Keçincə də insanın ömrün biçər.
Dursun, Zeynəb və başqa uşaqlar gəlirlər.
Aslan
(uşaqlara)
Mənim də var başmağım, arxalığım.
Fatı
(Zeynəbə)
Mənim də vardır, bax donum, yaylığım.
Nazlı
Əmin aldı.
Rüstəm
Nuşdur mənim canıma,
Gəl bir görüm, gəl bir görüm yanıma.
(Fatı gəlir)
Bilirəm, bu çox istəyir əmisin,
Kərim
Yaxşı sözlər bilir, qoy bir oxusun.
Oxu görüm, oxu görüm, ay quzum.
Nazlı
Oxuyacaq, sözəbaxandır qızım.
Fatı
(oxuyur)
Bibili qoz ha, bibili qoz.
Bibim getdi iki qoz.
Mindim qozun boynuna,
Getdim Xaxar yoluna.
Xaxar yolu buz bağlar,
Dəstə-dəstə gül bağlar.
O gülün birin üzəydim,
Tellərimə düzəydim.
Əmioğlunun toyunda
Bir doyunca süzəydim.
Rüstəm
(gülə-gülə)
Necə süzəcəksən?
Bircə süz görüm.
Fatı utanıb qaçmaq istəyir.
Kərim
Oyna! Oyna!
Rüstəm
İşin yoxdur, ay Kərim.
Nazlı
Oyna, yoxsa əmin daha don almaz.
Rüstəm
Fatı yaxşı qızdır söz yerə salmaz.
Fatı bir az qısılıb oynayır, Kərim saz çalır.
Rüstəm
Sağ ol qızım, sağ ol qızım, afərin!
Kərim
Aslan, indi sən oyna!
Aslan
(utanıb)
Yox!
Kərim
Ey xırçın!
Fatı
Nədən bəs mən oynadım?
Nazlı
Oyna, Aslan!
Rüstəm
Oynayacaq, aslandır oğlum, aslan!
Aslan da oynayır. Kərim saz çalır.
Rüstəm
Sağ ol, oğlum, sağ ol, gözəl oynadın.
Nazlı
Can-gülüm oynayın.
Aslan
Gəl, Zeynəb, Dursun!
Hamı əl-ələ verib oxuya-oxuya oynayırlar.
Əzizim gedər qalmaz, can gülüm can, can! Axar su gedər qalmaz, can gülüm can, can! Vəfalıya can qurban, can gülüm can, can!
Vəfasız gedər qalmaz, can gülüm can, can! Əzizim, atar məni, can gülüm can, can!
Qul edib satar məni, can gülüm can, can!
Vəfalı dostum olsa, can gülüm can, can!
Axtarıb tapar məni, can gülüm can, can!
Rüstəm
Qurban kəsir Hacı Babalar Minada,
O gün olaydı, biz də olaydıq orda
Bir azca allah mənə dövlət versə.
Nazlı
Allah başından töksün!
Rüstəm
Həccə gedərəm piyada!
Dişarıda qapı ağzında dərviş oxuyur, hamı dinləyir.
Dərviş
Vacib neçin olub bizə Kəbə ziyarəti?
Məqsəd nədir, gəl ey Hacı qan bu işarəni!
Ey Kəbə arzusu edən gəl, inan mənə,
Artıqdı qəlb tikmənin ondan şərafəti.
Hamı məbhut
Rüstəm
Bax, nə yanıqlıdır dərvişin səsi.
Kərim
Həm də çox itidir onun nəfəsi.
Nazlı
Bu dərvişin sözlərinin var canı.
Rüstəm
Qalx, ay Kərim, rahat edək qurbanı.
Hamısı qalxır, uşaqlar sevincək dişarı yüyür
Qardaş malı kimi bölək tən yarım, Bir şaqqasın mən də evə aparım.
Hamısı dişarı çıxır.
Nazlı
(yalqız)
İnsan deyil, bir mələkdir bu ya da. Bu ürəkdə adam olmaz dünyada.
Mətləbini Rüstəm, versin yaradan! Bu dünyada demiyəsən of, aman! Allah səni qoymasın heç bir darda, Görüm gözün qalmasın intizarda.
Oynaya-oynaya dişarı gedir.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/saiq-urek-tikmek-ve-ya-qurban-bayrami
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dördüncü şəkilSəhnə bəyin malikanəsini təsvir edir.*
Dördüncü pərdəAltıncı şəkilMeymun paltar yuyur. İt də iki ayağı üstə durub onun paltar yumağına tamaşa edir.*
Beşinci pərdəYeddinci şəkilPiri babanın eyvanı. Püstə ilə Saymaz gəlirlər. Püstə ona*
Nə gözəldir o camalın, a gülüm!Nə gözəldir o camalın, a gülüm!Canıma dərdü məlalın, a gülüm!
Başqa şairlərin şeirləri
Xoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Qəzəl: Zəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəZəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəKönlümün hər əqdəsi bir əqdi-gövhərdir mənə
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,