Səhifə 1 / 2

İştirak edən şəxslər

HacıMürsəl – tacir
Göhərxanım – Hacının arvadı
Saleh – Hacının oğlu darülfünun tələbəsi
Cəmilbəy – müəllim, Salehin dayısı
Kərim – Hacının kiçik oğlu
Qulubəy – Salehin tələbə arkadaşı, əyyaş
Yelena – Qulubəyin aşnası və atasının baldızı
Qasım – Məhəllə uşağı
Şükür
Ədhəm
Talibə və tələbələr,
Rəhiləxanım
Salehin arkadaşları

Rəmziyyəxanım }

Kamal

Məclis Salehin yazı odasında vaqe olur. Saleh dərslərini hazırlayır.

Göhərxanım (qapını açıb içəri girir. Salehi görüncə). Oğlum, evdəsən? Mən səni getmiş bilirdim... Səhər atanın bağırtısını eşitdinmi? (Saleh cavab vermir) Qocaldıqca bu kişinin ağlı azır...

Saleh. Ay ana, nə deyirsən?! İndi dərslərimi hazırlayıram, sonra danışarıq.

Göhərxanım. Sənin bu dərslərin də mənim qara baxtım kimi uzun, bitmək-tükənmək bilmir. Bir saat da anan ilə oturub dərdlərini eşitsən, günah olar?

Saleh. Ay ana, mən sizin hansı dərdinizi eşidim? Dərd birmi, beşmi, onmu? Bu qalmaqal hər gün doğur, bu qazan hər gün qaynayır.

Göhərxanım. Səni bəs nə gün üçün böyütdüm? Mən dərdlərimi sənə deməyib, kimə deyim?

Saleh. Tutaq ki, taxçadakı, boxçadakı dərdlərin hamısını açıb mənə dedin. Mənim əlimdən nə gəlir? Atadır, döyə bilmərəm, söyə bilmərəm. Fikrimi qarışdırmaq, beynimi qaraltmaq, qəlbimi bulandırmaqdan başqa bunun nə faydası?!

Göhərxanım. Görünür ki, mən daşdan yaranmışam, mənim qəlbim, başım yoxdur. Hamınız öz rahatlığınızı düşünürsünüz, mənim canım...

Saleh. Ana, elə deyil! Axı mənim dərslərim çətindir; Bunları hazırlamağa sağlam baş istəyir. İnan ki, dərdlərini o yanıqlı dil ilə ki, sən söyləyirsən, bir həftə mən özümə gələ bilmirəm. Dəli kimi oluram. Dayım dəfələrlə sənə söyləməyib ki, evdə bir söz, bir qalmaqal oldumu, Salehə demə?!

Göhərxanım. O boş danışır. Salehə deməyib bəs kimə deyim ki, ürəyim boşalsın.

Saleh. Fatma xalaya, dayı dostuma!

Göhərxanım. Atan kimi nainsaf olma. Axır onlarla görüşüncəyə qədər ürəyim partlayır, anladınmı? (sükut) Sənin canın üçün, heç bir şey yoxdur. Maşının üstündəcə süd qızdırırdım, südü götürmək istəyirdim ki, cam bir az sürüşüb, beş-on damla yerə töküldü. Anamın qəbri haqqı, bacımın ruhuna and olsun, sənin və Cəmilin ölümünü görüm, Kərimi qarşıma döşəyib ağlayım ki, necə deyirəm elədir. Beş-on damcıdan artıq tökülmədi. Vay, bir də nə görüm? Atan ağızı köpürə-köpürə üstümə kükrəmədimi? Az qaldı məni basıb döysün. (Ağlaya-ağlaya) Hələ böyrümə elə bir dümsük vurdu ki, qabırğalarım indi də sızlayır. Özünə demişəm, sənə də deyirəm, bir gün mən də bunun saqqalını dəstələyib yolacağam. Daha bəsdir, bu gün-sabah gəlin gətirəcəyəm, qız ərə verəcəyəm. Gəlin, kürəkən yanında mənim nə hörmətim olacaq? Bu işləri daha götürməyəcəyəm (vəziyyətini dəyişdirir). Bu gün amma mən də sözlər dedim ha!

Saleh (durub gəzinə-gəzinə). Ana, bitirdinmi?

Göhərxanım. Bitirdim, oğlum

Saleh. Ürəyin boşaldımı?

Göhərxanım. Boşaldı!

Saleh. Amma mənimki doldu: qara qanla, irinlə, zəhərlə!

Göhərxanım. Sənə də bir söz deməyə adam peşman olur. Dəli olub divara çıxırsan.

Kərim (tələsik içəri girib). Ana, dayım gəlir.

Cəmilbəy (əllərində kitablar daxil olur). Salam, salam! “Əlindəki kitabları Salehə uzadır) Al, sənə yenə türkcə kitablar gətirmişəm.

Saleh. Sağ ol, dayı. Sən hər zaman məni düşünürsən.

Cəmilbəy. Bəs düşünməzmiyəm? Azərbaycan darülfünununda türk professoru olacaq bir zat unudulurmu, Saleh?!

Göhərxanım. Nə olacaq dedin?

Cəmilbəy. Professor

Göhərxanım. Professor nədir?

Cəmilbəy. Böyük alim, müəllim! Mühəndislərə, doktorlara dərs verəcək.

Göhərxanım. Müəllim olacaq? Ayə! Sən müəllimlikdən gül dərdin, o da gülabını çəkər, lazım deyil!

Cəmilbəy. O mənim kimi müəllim olmayacaq. Üç-dörd dəfə məndən artıq biləcək. Böyük müəllim olacaq. Onun elmilə bütün gənclik işıqlanacaq! (Kərimi qucaqlayır) Quzum, Kərim, sən nə olacaqsan?

Kərim. Bilmirəm.

Cəmilbəy. Mən bilirəm, Saleh riyaziyyat professoru olacaq, sən də təbiiyyat.

Göhərxanım. Yox, o ya doktor olacaq, ya tacir. Məni o saxlayacaq.

Saleh. Professor olsa, saxlaya bilməzmi?

Göhərxanım. Aya, nə bilim, o mənim beynimə batmır. Atası arabir deyir ki, Kərimi çox oxutmayacağam. Ona ticarət öyrədəcəyəm.

Cəmilbəy (Salehə). Dərslərin nasıl keçir?

Saleh. Fəna deyil, çalışıram.

Cəmilbəy. Yoxlama başlandımı?

Saleh. Bu günlərdə başlanacaq.

Cəmilbəy. Verdiyim kitablar necə, işinə gəlirmi?

Saleh. Çox...

Cəmilbəy. Oxu, fənni istilahları öyrən ki, sonra sənə çətin olmasın. Türkcəyə diqqət ver. Yaxın zamanda milli darülfünunumuzda mənbərdən söylədiyin leksiyonları dinləmək istərəm, anladınmı?

Saleh. O fəziləti qazanmaq üçün çalışacağam dayı.

Cəmilbəy. Çalış, çalışmaqla hər şey mümkündür. İnsanda əzm, səbat və iradə olursa, istədiyi hər bir işi yapar. Gənc Azərbaycanımızın istiqbalı sizə bağlıdır.

Hacı Mürsəl (dışarıda səs gəlir). Hanı o uzunqulaq, hanı?

Kərim (qorxu içində). Bu yenə kim ilədir?

Hacı Mürsəl (daxil olur). Sən nə bəla oldun? Niyə rahat oturmayırsan, hə? (Ağacı qaldırıb vurmaq istəyir. Kərim qaçıb anasının arxasında gizlənir. Hacı onun ardınca coşur. Göhər xanım Kərəmi müdafiə edir)

Göhərxanım. Nə olub yenə bilmirəm, nə istəyirsən?

Kərim. Mən neyləmişəm, de görüm neyləmişəm?

Pəncərədən iki çocuq baxıb gülə-gülə “Kərim, Kərim” – deyə səsləndikdən sonra
başlarını çəkirlər.

Hacı Mürsəl (bir əlilə ağacı havada tutub, o biri əlilə Kərimi anasından almaq üçün çalışır). Ver bura o heyvan oğlunu, öldürəcəyəm!

Kərim. Ana can! Dayı can!..

Cəmilbəy (yerindən fırlayaraq, Hacının əlini tutur). Hacı, bəsdir!..

Kərim qapını açıb qaçır.

Hacı Mürsəl. Səninlə mən gecə danışaram. (Arxasınca qapıya qədər coşur)

Göhərxanım. Bu nə oddur mən düşmüşəm. Səhərim, gündüzüm, axşamım, hər gün qan, irin. (Ağlayır)

Cəmilbəy. Hacı, bir dəfə olmadı ki, mən gəlib, sizin evdə gülər üz, dadlı söz eşidim. Hər dəfə də belə qalmaqala, gurultupatırtıya rast gəlirəm. Heç olmazsa mən burada olduğum zaman belə işlər yapma. Yoxsa mənim gəlməyimdən məmnun deyilsən?

Hacı Mürsəl. Sən də uşaq-uşaq danışırsan. Sən oldun da, olmadın da müqəssirdir, cəzasını verəcəyəm. Bunun sənə nə dəxli?

Göhərxanım. Ağac dəysəydi, uşağın başını yarmışdı. Allah saxladı.

Hacı Mürsəl. Yarılsa idi nə olardı? Onun canı itdən bərkdir.

Göhərxanım. Nə olardı? Bu evi alt-üst edərdim. Sənin gül camalına, şirin dilinə aşiq deyiləm. Bu qədər ağrılara uşaqlarımın ucundan qatlanıram, anladınmı?

Cəmilbəy. Nə olmuşdu, mən ki, bir şey anlamadım.

Hacı Mürsəl. Nə olmuşdu?.. Nə olacaq, hər gün qonşu uşaqları yolumu kəsirlər ki, Kərim bizim toyuğun ayağını vurub qırdı?

Kərim mənim kiçik qardaşımı döydü, bu gün də daş atıb camlarını qırıbdır.

Saleh. Bu yenə yalan olacaq. O oğlan həmişə Kərimi döydürmək üçün belə yalanlar qoşur, sən də ki...

Göhərxanım. Kərim bu gün heç küçəyə çıxmayıb. Dayısı gələndə həyətdə oynayırdı.

Hacı Mürsəl. Hamı yalan deyir, elə bircə siz...

Uşaqlardan birisi pəncərədən görünür.

Saleh (uşağı görüncə). Qasım, Qasım, bura gəl! İndi görərsiz, əgər bu söz yalan olmasa...

Qasım daxil olur.

Saleh. Qasım, doğru söylə, bu gün Kərim Müzəffərgilin pəncərəsinə daş atmışmı?

Qasım. Doğrusunu söyləyim. Hacı əmi gəlirdi. Müzəffər mənə dedi ki, Qasım, yavaş, indi Hacını bax necə qızdıracağam? Bu saat Kərimi elə döydürüm ki, it kimi. Sonra yalandan Hacıya o sözləri dedi.

Göhərxanım. Uşağın taxsırı olmaya-olmaya, ay müsəlmanlar, hər gün beləcə döyülür, evdən, eşikdən itkin düşür. Kim bilir, qorxusundan yenə gecə nə zaman gələcək. Gəlir, qapı ağzında boynunu büküb durur. Ha yalvarıram, içəri girmir. Deyir ki, qorxuram, atam döyəcək. Atası yatağa girdikdən sonra qısıla-qısıla gedib yatağa girir, ac, susuz, yatır. Hələ elə zaman olur ki, yatdığı yerdə ağacı götürüb uşağı dəli-divanə edir. (Salehə) Sən xoşbaxtsan, bu günləri çox görmədin. Dayın səni naz-nemətlə saxlayıb.

Hacı Mürsəl. Bu sözləri yəni niyə söyləyirsən? Yaxşı eləyirəm, oğul mənimdir, döyərəm özüm bilərəm, söyərəm özüm bilərəm. Heç kəs mənim vəkilim deyil.

Göhərxanım. Hay-hay! Oğul sənin nə üçün olur? Mənimdir, mənim. Onların qara gününü sən çəkirsən, mən? Sən ancaq öz canını bəsləyirsən Oğul sənin nə gözündədir.

Hacı Mürsəl. Elə də lazımdır, onlar qəbrimdə mənə çırağ tutacaq? İnsana öz canı lazımdır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri