Səhifə 2 / 2 · 50%

Göhərxanım. Hamı elə sənin kimi canını sevir. Vallah, bu kişi məni çərlədib öldürəcək. (Ağlaya-ağlaya çıxır)

Saleh. Ata, mən səndən neçə dəfə təvəqqe etmişəm ki, Kərimin işinə sən qarışma, mən də bu evin böyük oğluyam. Onu mənim öhdəmə burax.

Hacı Mürsəl. Mən də sənə neçə dəfə demişəm ki, başından böyük danışma! Sən kimsən? Yoxsa bir-iki çırt-pırt oxumaqla özünü bir şey bilirsən? Sən heç, o professorlarınızın beşini bu cibimə soxaram, beşini də bu biri cibimə.

Saleh. Professorlar sənin bildiyin para deyil, onlar sənin cibinə sığmazlar.

Hacı Mürsəl. Mən sığışdıraram.

Cəmilbəy. Görünür, Hacının cibi çox böyükdür.

Hacı Mürsəl. Yox, çox da böyük deyil, ancaq, bunlar, bu oxumuşlar mənim nəzərimdə kiçikdirlər. Bütün bu bəlaları başımıza gətirən bunlardır.

Saleh. Onlar deyil, atalarımızın, dədələrimizin əkdiyi toxumlardır ki, indi meyvəsini dərirsiniz.

Hacı Mürsəl. Görünür ki, siz əkdiyiniz toxumlar bal verəcək.

Saleh. Ata, siz bizə bal verməmisiniz ki, biz əkdiyimiz toxumalar da bal versin.

Hacı Mürsəl. Sus, heyvan! Bunun bir ağzına, burnuna bax, danışdığı sözünə bax! Tısbağa qabığından çıxdı, qabığını bəyənmədi. Ah, nə eyləyim? Cəmil burada olmasaydı, səninlə başqa cür danışardım. Tfu!.. (Hacı Mürsəl gedir. Bir an sükut)

Saleh. Görürsən dayı?! Sizin sözünüzə görə hər gün bu zəhərləri udur, bu ağrılara qatlanıram.

Cəmilbəy. Doğrudur Saleh, bu peyğəmbərlər sifətidir. Bu böyüklüyün əsiridir, hər zaman belə olur. Məni düşündürən yalnız bir şey var. Sən bu mühitdə çalışmazsan.

Saleh. Nə yapayım, dayı?

Cəmilbəy. Sən bunların işinə heç qarışma, o səni işdən qoyar.

Saleh. Mən qarışmıram, zor, güc qarışdırırlar.

Qapı vurulur.

Buyurun!

QulubəyləYelenaxanım daxil olurlar.

Qulubəy. Salam!

Saleh. Əleykəssəlam! (Əl verəndən sonra Cəmil bəyi göstərib) Tanış olun, mənim dayımdır, Cəmil bəy!

Qulubəy (əlini uzadıb). Söhrabov!

Yelena (əlini verir)...

Cəmilbəy. Bu hankı Söhrabovdur? Yoxsa sən Yunis bəyin oğlusan?

Qulubəy. Bəli, yaxşı tanımısınız.

Cəmilbəy. Yaxşı tanıyıram. Onu mənim kimi tanıyan olmaz. Simanız da ona çox bənzəyir. (Bir az sükutdan sonra) O bir rus qızı saxlayırdı, yenə onunla yaşayırmı?

Qulubəy (gülə-gülə). Hansı rus qızını deyirsiniz?

Saleh. Görünür ki, bir neçəsini saxlayırmış.

Cəmilbəy. Doğru deyir, gərək ki, Bulatnikova idi.

Qulubəy. Bəli, bəli, onu buraxdı, indi bir başqasını saxlayır.

Cəmilbəy. O qoluna qol keçirməsə, kədərindən partlar. Bizim bu ziyalılarımız çox tuhaf insanlardır. Türk qızına evlənirsə, ona bir qul, bir xidmətçi gözü ilə baxar, kef, əyləncə zamanlarına gəlincə, onu yelenalarla birlikdə keçirir.

Qulubəy. Doğrudur kişi heç qocalmaq bilmir. O yaşda yenə bizlərdən həvəslidir. Kefi kiminlə keçirməyə gələndə isə...

Cəmilbəy (Yelenaya işarə edərək). Bu xanım kimdir? Sizin rəfiqənizmi?

Qulubəy. Xayır, atamın baldızıdır.

Cəmilbəy. O elə kafirdir ki, bilirəm, buna da əl atmamış olmaz.

Qulubəy. Yox, ata bilmədi, mən işi duydum. Ondan qoçaq tərpəndim. (Gülə-gülə) Amanını kəsmişəm.

Cəmilbəy. Ata, oğul! Bir bacı ona düşəndə, o birisi də sənə düşməzmi? (Qalxar) Dünya beş gündür, beşi də qara, vur partlasın, çal oynasın! (Salehə) Saleh, mən gedirəm. (Əlindən tutaraq) Sən bu gün bir qədər havaya çıx, bu kimi şeylərə əhəmiyyət vermə! Sağ ol! (Qulubəylə, Yelenayla əl vermədən çıxar).

Saleh. Sağ ol!

Qulubəy. Dayın bir az məğrur adama bənzəyir, gedərkən bizimlə əl də vermədi.

Yelena. Kto on takoy?

Saleh. Dyadya!

Qulubəy. O tom ya i qovoryu.

Saleh. Net vı, oşibayetes, tak kak vı yeqo blizko ne znayete, potomu vam tak i kajetsya, nu kakim obrazom vı popali syuda?

Yelena. Ox, ne spraşivayte, mı seqodnya kuda ne zaşli? Seqodnya ya sovsem ustala.

Qulubəy. A veçerom, v teatr?

Yelena. Ya ne poydu.

Qulubəy (biletləri göstərir). A biletı?

Yelena. Çort s vaşimi biletami.

Qulubəy (gülə-gülə). Bu gün bunu it kimi yormuşam. Səhərdən çıxmışıq keçi kimi bu dağdan o dağa dırmanıb, bu təpədən o təpəyə atılıb, üç-dörd saat gəzmişik, qaçmışıq, təpələrdən baş aşağı yuvarlanmışıq. Sonra oradan qəbristana gedib rus və türk qəbirlərinin üzünü oxuya-oxuya bir saat da vaxtımızı orda keçirmişik. Ordan gəlib bir dəniz seyri yapmışıq. Kürək çəkməkdən qollarımız ağrayır. Bir saat da belə keçdi. O qədər acmışdıq ki, evə getmədik, bir restorana girib qarnımızı doydurduq. Sonra düşdük dükanların canına, Yelena xanıma ətir, pudra alacaq idik, bir saat da bu dükanları dolaşdıq, axırda bir dükanda o istədiyi ətri, pudranı tapıb almışıq. Yolda gələrkən bu yaxındakı qənnadı dükanına girib adama dörd-beş perojnı yedikdən sonra demişəm, gəl burdan Salehi gedib görək.

Saleh. Arabir dağ və dəniz seyri fəna deyil!

Qulubəy. Ayə, bizim hər gün işimiz budur.

Saleh. Bəs dərslər?

Qulubəy. Allah kərimdir, qorxma!

Yelena. Boltayte, boltayte. Sluşay, qovorite po çeloveçeski.

Saleh. Mı po çeloveçeski i qovorim.

Qulubəy. Yelena, tı nas prosti, privıçka vtoraya natura.

Yelena. Tı je doma s Yunisom, i s druqimi nikoqda po svoyemu ne qovoriş. Daje sestre po svoyemu boltat vospreşşayu. (Pəncərədən kağız yumurlanıb atılır, kağızı götürüb) Eto çto takoye? (Hamı pəncərəyə tərəf baxar, Qulubəy durub pəncərənin barmaqlığından dışarı boylanır).

Saleh (Qapı vurulur). Buyurun! (Vurulur) buyurun!

Qulubəy (Qapını açır) Heç kəs yoxdur, bu kimdir? (Pəncərədən yenə kağız atılır. Hər üçü pəncərəyə yanaşır, qapı vurulur, hər üçü qapını açıb baxırlar, durub otağa gəlincə, pəncərədən çalğı səsi eşidilir).

Yelena. S nami iqrayut.

Qapı birdən-birə açılır. Şükür, Ədhəm, Kamal, Rəhiləxanım
və Rəmziyyəxanım müntəzəm surətdə, bəzisinin əlində tar çala-çala
içəri girirlər. İçəridəkilər şən bir çöhrə ilə onları qarşılayıb ayağa dururlar.
Musiqi birdən-birə susur.

Ədhəm (amiranə bir səslə). Rahat!

Tələbələr. Xoş gördük Saleh!

Saleh. Bu nə haldır? İstiqbalın bəxtiyar gəncləri, gəncliyin bəşşaş simaları!

Şükür. Bu sözlər lazım deyil, hazır ol gedirik!

Saleh. Nerəyə?

Rəhiləxanım. Nerəyə sizə əmr etsələr, oraya!

Saleh. Nerəyə gedəcəyinizi bilməyincə getməm, mən cilovumu sizin əlinizə verə bilmərəm.

Ədhəm. Biz cilovundan tutub çəkə-çəkə apararız.

Rəmziyyəxanım. Öldü var, döndü yoxdur, sizin iştirakınıza qərar verilmiş.

Qulubəy. Yoxsa, seyrə gedirsiniz?

Rəhiləxanım. Tapmısan.

Ədhəm (Böyük bir şapkanı Salehin başına keçirir). Sənə əmr olunur, qalx! Hazır ol! (Gülüşürlər).

Şükür (kitabları tez-tez vərəqləyir). Bunları nerədən buldun?

Saleh. Dayım gətirmiş. (Kitabları əlindən alaraq) Bunlar sizinlə qonuşmaz! Sən get Yevgeni Onegini oxumağa!

Kamal. Saleh bəyin bu türk kitablarını oxumaqdan məqsədi var.

Ədhəm. Çox böyük məfkurə... Azərbaycan darülfünununun türk professoru olacaq.

Hamısı. Yaşasın Azərbaycan darülfünununun türk professoru Salehbəy, ura!..

Qulubəy (Şükür ilə oturub yavaş-yavan qonuşub gülən Yelenaya). Tı mnoqo sebe pozvolyayeş!

Yelena. Vot Vostoçnıy idiyot! Revnuyet.

Rəmziyyəxanım. Çem luçşe severnıy idiyot?

Yelena. Ni çem, oba duraki!

Qulubəy. Şuçu, ya proşayu, s kem i skolko uqodno.

Hamısı. Bravo! Bravo! (Gülüşürlər).

Şükür (yerindən fırlayaraq). Vaxt keçir, haydı, qalxın.

Saleh. Bilmədim nerəyə?

Rəmziyyəxanım. Bu gün yoldaşlar bir-iki saat tənəzzöh yapmağa qərar verdik.

Qulubəy. Tans da olacaq?

Şükür. Əlbəttə!

Saleh. Rəmziyyə xanım rəqs edəcəksə gedərəm, yoxsa...

Kamal. Hamı rəqs edəcək. Boyun qaçıranın adı qara lövhəyə yazılacaq.

Saleh (kitabları göstərib).Bu kitabları dayım bir saat əvvəl gətirmiş. Bu gün onlara baxmaq istəyirdim. Lakin vücudumda bir ağırlıq, yorğunluq var. Bu tənəzzöhdə məmnuniyyətlə iştirak edərəm.

Qulubəy (Yelenaya soyuq bir tövr ilə). İ mı poydyom?

Yelena. Koneçno!

Qulubəy. A teatr?

Yelena Uspeyeş.

Ədhəm (amiranə səslə). Sıra başına marş! (Hamısı sıraya düzülür) Hazır ol!

Çala-çala otaqdan çıxırlar.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri