Beşinci pərdə
Səhifə 1 / 3
Birinci şəkil
Səfi bəyin evi. Qapılar səliqə ilə düzəlmiş geniş həyətə açılır. Günəş ilə
Ülkər həyətdə ağac altındakı skamyada oturub söhbət edirlər.
Günəş. Ülkər, çox oturdum, daha gedim. Bir də, məni qoy burda görməsinlər, atan gələr, yaxşı olmaz. Elə bilər ki...
Ülkər. Heç zad bilməz. Onsuz da daha bir kimsədən qorxmuram. Bircə anama yazığım gəlir, yoxsa bunlara bir toy tutardım ki...
Günəş. Bilirəm, Ülkər, müəlliminizə afərin. İldırımın sevgilisi elə belə olar. (Bir qədər sükutdan sonra) Sən çox xoşbəxt qızsan!
Ülkər. Eh, nə bilim, yenə xeyli zamandır görmürəm; demişdi gələcəyəm, gözlə, amma indiyə qədər gəlib çıxmayıb. Heç bilmirəm hardadır. Müəllimdən də söz almaq olmur.
Günəş. Söz veribsə, gələr... (Dərin fikrə gedir. Birdən-birə) Ülkər, sağ ol, mən getdim. (Gedir)
Ülkər yavaş-yavaş evə keçir. Bu zaman aşıq qiyafəsində olan
Rüstəmin səsi eşidilir.
Rüstəm. Dursun, Dursun! Üzünə həsrət qaldığım oğlum. Axtara-axtara sorağını gəlib burda tutmuşam.
Dursun (görünür). Ax, dünya, sənə ayaq basdığım günə min lənət!
Rüstəm. Oğlum, Dursun!
Dursun. Sən kimsən, baba?
Rüstəm. O qədər dəyişdin ki, atan Rüstəmi də tanımırsan?
Dursun (diqqətlə baxıb tanıyır). Ay, ata! (Qaçıb ona sarılır)
Dursun. Sən gedəndən sonra xəbər çıxdı ki, bir dəyirmanda ölübsən. Şükür ki, sağ-salamat görüşdük. (Yenə öpüşürlər)
Rüstəm. Kaş öləydim, bu qara günləri görməyəydim. Söylə, oğlum, mən baş götürüb gedəndən sonra evimiz necə dağıldı, anan, qardaşın nə oldu?
Dursun. Ata, o qara günləri soruşma. Səndən sonra bu namərd borcunun əvəzinə evimizi, şeylərimizi satdırıb bizi çölə atdı. Bunlar borcu ödəmədi, qardaşım Rəcəbi alıb qapısında işlətdi. Tay daşımaqdan beli ikiqat oldu, işə yaramadı. Onu qovub məni gətirdi...
Rüstəm. Rəcəb bəs hardadır?
Dursun. Öldü. Anam da dərdindən vərəmlədi. Qalan yalnız mənəm.
Rüstəm. Ey haqq, sənin səbir kasan haçan dolacaq? Evim, eşiyim, aslan kimi oğlum bir yabıya qurban oldu. Ocağım söndü, lənət onu aldığım günə! (Ağlayır) Oğlum, səndən başqa ümidim yoxdur. Gəl, bu cəlladın qapısından uzaqlaşaq.
Dursun. Ata, ağa evdədir, çıxıb səni görsə, bizi şişə çəkər. Sən get, sonra görüşərik.
Rüstəm. Səni almamış getmərəm. (Səs gəlir)
Dursun. Ağa gəlir, ata, get!
Rüstəm bir tərəfə, Dursun bir tərəfə çəkilir. Səfi bəy daxil olur.
Səfibəy. İşlər yaxşı getmir. İldırım üçün düzəltdiyimiz kələk baş tutmadı. Yoxsa qazaklar ona yaxşı divan tutacaqdı. Müəllim də kənddə bərk işləyir. Ağzından çıxan hər söz xalq üçün qanundur. Biz də qabağında pişik kimi miyoldayırıq. Gecələr gözümə yuxu getmir... Bilmirəm bu Kərim kəsmişə nə olub, ondan da bir xəbər yoxdur. Deyəsən, zəmanə tərsinə dövran edir. Qəzetlər gündə bir xəbər verir, elə bil bu günsabah qiyamət qopacaq... hökumət başını itirib... Yox, Səfi bəy, qorxaqlıq sənə yaraşmır. Yerində möhkəm dur, dövran sənindir. Öldü var, döndü yoxdur. Yoxsa bu var, bu dövlət, bu bağ-bağça, bu torpaq, qapıdakı nökərlər, rəiyyət – bunlarsız sən, sən Səfi bəy necə yaşarsan?! Ürəyim lap partlayır, bu Şükür bəy də gəlib çıxmır ki, bir az dincəlim.
Şükür bəy yasavulları ilə gəlir.
Səfibəy. Lap vaxtında gəlib çıxdın. Hövsələdən çıxmışdım.
Şükürbəy. Çox darıxma, hər şey düzələcək. Şad xəbərnən gəlmişəm.
Səfibəy. Xeyir ola?
Şükürbəy (Səfi bəyi kənara çəkərək). Axırı dünən naçalnikdən müəllimin öldürülməsinə icazə aldım. Ağa buyurur ki, elə öldürün ki, sizdən bilməsinlər. Bunu doğru deyir. İşi kəndlilərin əlilə görmək lazımdır.
Səfibəy (sevincək). Buna nə var ki... Elə bu gün. Özümüzkülərdən birinə tapşırarıq, öldürər, sonra da bir kəndlinin boynuna atarıq.
Şükürbəy. Mənim fikrim də belədir. Bu, kəndlilər arasında müəllimin hörmətini də salar. Bu işi Xuduşa tapşırsaq, necədir?
Səfibəy. Lap əla. Əsil adamıdır.
Şükürbəy. Xuduş, Xuduş!
Xuduş. Bəli, ağa.
Şükürbəy. Yaxın gəl, sənə bir tapşırığımız var.
Xuduş. İstəyirsiz yüzünü tapşırın.
Şükürbəy. Bu gün müəllimin işini bitirməlisən. Aldığım məlumata görə, o, axşamüstü İldırımın yanına gedəcək. Meşəyə gedən yol böyürdəndir. Bir neçə yasavul götür, pusquda durarsan. Özünü öldürəndən sonra yaxındakılardan birini tutub, qatil kimi bura gətirərsən. Amma bizim bu işdən xəbərimiz yoxdur, başa düşdün?!
Xuduş. Başa düşdüm, ağa.
Səfibəy (25 manat verib). Al bu iyirmi beş manatı. Hələlik bu qədər. Bu axşam Mirzə Möhsünün ölüsünü səndən istəyirik. Dalısı sonra.
Xuduş. Arxayın ol, ağa, bizim gülləmizdən göydə quş da qurtarmaz.
Şükürbəy. Daha sən işində ol. Biz də naçalnikin yanına gedirik. (Xuduş gedir) Bizim burda qalmağımız məsləhət deyil. Mən getdim, sən də şeyləri sahmana salıb tez gəl.
Şükür bəy gedir
Səfibəy (tək). Hər şeyin açarı puldur. Verməzsən, iş aşmaz. Ancaq kisənin ağzını açanda elə bil ürəyimin bir tikəsini qoparıb atıram. Sabaha da ki, bir ətək pul töküb, Şükür bəyi qonaq çağırmışam. Çarəm yoxdur. Belə etməsəm, ağzıma baxan olmaz, bir quruşluq hörmətim qalmaz. Demək, bu gün iki böyük düşmənin biri aradan çıxır, çox şükür. Onların ucundan Fərrux Sibirdə çürümürmü? Mənim başıma hər bəla bunlardan gəlir. Yaranı birdəfəlik kökündən kəsmək lazımdır. (Gedir)
Rüstəm (görünür). Oğlum, Dursun.
Dursun. Bəli, ata.
Rüstəm. Eşitdin?
Dursun. Eşitdim, ata.
Rüstəm. Bəs niyə dayanmısan? Müəllimi xəbərdar etmək sənin borcundur.
Dursun. Qorxuram, ata, Səfi bəy bilsə, dərimə saman təpər.
Rüstəm. Nədən qorxursan, bala? Məni yurdumdan, yuvamdan ayıran, oğlanlarıma həsrət qoyan zalimdənmi?
Dursun. Hə, o zalimdən, özü də çox bərk qorxuram.
Rüstəm. Qorxaq oğlu qorxaq! Hər bəla qorxaqlıqdan gəlir. Bunu mən təcrübəmlə öyrəndim. Bizi bu hala qoyan qorxaqlıq deyilmi? İşin əvvəlində bu canavarları vurub öldürsəydim, bu bəlalar başıma gəlməzdi.
Dursun. Ata, mən qorxaq olmuşam. Ancaq axırda gördüm ki, bunun axırı yoxdur. Odur ki, bu canavardan intiqam almağa fürsət axtarırdım. İndi isə gedim müəllimi xəbərdar edim. Yoxsa kənd başsız qalar. (Gedir)
Rüstəm. Gedərsən. Həyat adama ən doğru yolu öyrədir. Ax, oğlum! Zülm sənin də ruhunun işığını almış, qorxursan. Üzünə həsrət qalan atanla dərdləşməkdən qorxursan. Bu gün sən də mənə yadlar kimi baxırsan. Mənim dərdlərimin ən yaxın sirdaşı bu üçtelli sazımdır. (Sazı alıb səsləndirir və oxumağa başlayır)
Bir dərdliyəm gecə-gündüz yanaram.
Həsrətlimi zaman-zaman anaram.
Ürəyimin ta içindən qanaram,
Elim-günüm, səndə bitməz dərdlər var,
Dağın, daşın, yuvan, tarlan sızıldar.
Zəhər vardır, tikan vardır dilimdə,
Soyuq, acı ruzgar əsir elimdə,
Dolaşıram kənd-kənd bu saz əlimdə,
Aradığım sonalardan əsər yox.
Soraram hər kəsdən, doğru xəbər yox.
Məni düşmən ayrı saldı elimdən,
Üç oğlumdan, həsrətli sevgilimdən,
Xəbər tutdum, bir daş dəydi belimdən,
Dedi: onlar köçüb, zülüm qalmışdır.
Həyat, dirlik sönmüş, ölüm qalmışdır.
Rüstəmin səsinə Ülkər çıxır.
Ülkər. Zülüm qalmayacaq, baba, onu sənin kimi məzlumların fəryadı boğacaq!
Rüstəm. Ülkər, bu sənsən?
Ülkər. Bəli, mənəm, baba, sən məni hardan tanıyırsan?
Rüstəm. Rüstəm əmini nə tez yaddan çıxardın? Səfi bəyin zülmündən balalarına həsrət qalan Rüstəm kişiyəm.
Ülkər. Vay... Yazıq qoca. Yenə Səfi bəy...
Rüstəm. Səfi bəy, Səfi bəy... Burdan baş götürüb gedəndə elə bildim ki, azadlığa çıxacağam, uşaqlarıma qarın dolusu çörək tapacağam. Ancaq getdim, gördüm ki, dörd tərəfimiz səfilərlə doludur.
Ülkər. Rüstəm əmi, Dursunu gördünmü, Allaha şükür, o salamatdır.
Rüst əm. Ancaq onu da bu mühit adamlıqdan çıxarıb, tülkü edibdir.
Ülkər. Əmi can, niyə mənimlə belə sərt danışırsan? Bir qədər saz çal, keyfimiz açılsın.
Rüstəm. Mənim sazım sizə keyf verməz. Barmaqlarımı tellərə basdıqca sızıldayır.
Ülkər. Barmaqlarını elə bas ki, sızlamasın, sızlatsın.
Rüstəm. Onun zamanı yetişməyib.
Bir-iki güllə səsi eşidilir. Rüstəm diksinir.
Rüstəm (təlaş içində). Yoxsa bu namərdlər müəllimi vurdular?!
Xuduş, Dursun, bir - iki yasavul və kəndli gəlir.
Müəllimin paltarını geymiş Kərimin ölüsünü gətirirlər.
Xuduş. Müəllimi öldürən kimdir? Bu saat onu yerin deşiyindən də olsa tapmalısınız!
Yasavul (bir kəndlini darta-darta gətirir). Gücnən axtarıb tapmışam. Müəllimi öldürəndən sonra qaçıb kolluqda gizlənmişdi.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-ildirim-besinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çeşməli yaşıl dağlar,Yazdır, gül, açıl, dağlar.
ŞikayətlərimYenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
Başqa şairlərin şeirləri
Qürrətül-üyunum, ay Güllü xanımHünərin var, bu meydanə gəl indi
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
دیر پیوند بتی زود کسلروی بر تافته زین تافته دل
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,