Bir neçə il keçmişdir. Dörd tərəfdən ağaclarla əhatə edilmiş yaşıl bir tala. Mirzə
Möhsün, Rizvan (şəhərdən gəlmiş inqilabçı), Qurban, Qasım,
Kərim oturub söhbət edirlər. Silahlı kəndlilər ətrafda dincəlirlər.

Mirzə Möhsün (Rizvana). Axır zamanlar sizinlə əlaqəmiz zəifləyib... Şəhərdə vəziyyət necədir?

Rizvan. İşlərimiz yaxşıdır. Bakı Komitəsi Rusiya bolşeviklərilə möhkəm əlaqə saxlayır. Bütün xalq ayağa qalxmışdır. Cəbhələrdə vuruşan ordu və dənizçilər içərisində də iğtişaş var. Biz də gərək ayıq olaq. Bu saat hər dəqiqənin bir hökmü var.

Qasım. Səni xoşxəbər olasan. Demək, ağ günlərimiz yaxınlaşır.

Rizvan. Mirzə Möhsün, bəs sizin işləriniz necədir? Kəndlərdə firqəmizə rəğbət artırmı?

Mirzə Möhsün. Hələlik pis deyil. İldırımın başçılıq etdiyi dəstə gündən-günə böyüyür. Onların bəzisi bizim üzvlərimizdir... Ancaq hələ Səfi bəylərə inanan, padşahın ədalətinə qısılan kəndlilərimiz də az deyil. Onlarla iş aparmaq lazımdır. Mən özüm tez-tez kəndlilərin arasında oluram. Dəstəmiz də, gördüyün kimi, böyükdür. İstəsək daxildəki kəndlilərlə birlikdə Şükür bəyi bir gündə aşırrıq. Amma mənasız bir iş olar, sizi gözləyirik, sizi. Bir hərəkət edin, görün analarımız necə oğullar doğub.

Rizvan. Kənddə silahlı qazaklar çoxdurmu?

Mirzə Möhsün. Çoxdur. Nikolay Petroviçin yerinə gələn təzə qəza hakimi çox hiyləgər və qəddar adamdır. Əlinə keçən üsyançını öldürür, kəndlilərə divan tutur. Dörd tərəfini də qazakla doldurubdur. Hökumət kəndlərdəki asayişə böyük fikir verir.

Rizvan. Odur ki, tədbirlə iş görmək lazımdır. Tək əldən səs çıxmaz. Tərəfdarlarınızın sayını artırmalısınız. Şəhərdə inqilab başlananda, siz də burada bu zalimlərlə haqq-hesab çəkə bilərsiniz.

Qurban. Görünür elə buna görə axır zamanlar Şükür bəynən Səfi bəy qorxudan mövic olub, girməyə birə qabı axtarırlar.

Qasım. Hələ İldırımın adı gələndə gözləri kəllələrinə çıxır.

Kərim. Lap düz deyir. Hər gün məndən soruşur ki: “İldırımdan nə xəbər var?” Deyirəm nə bilim, ay bəy, görəsən qaçıb hara gedib. Deyir: “Yox, bilirəm, o, müəllimdən ayrı durmaz”.

Uzaqdan atəş səsi eşidilir.

Mirzə Möhsün. Bu nədir?

Qurban. Özümüzünkülərdir, növbətçiləri yoxlayırlar.

Mirzə Möhsün. Bu Rəşid də gəlib çıxsaydı, arxayın olardıq.

Atəş səsi eşidilir.

Qurban. Yox, bu deyəsən ayrı şeyə oxşadı, gedim bu saat xəbər gətirim.

Bir qədər sonra, başda İldırım olmaqla Rəşid, Qurban və bir-iki silahlı kəndli
daxil olur. Rəşid kəndli paltarında, ayaqlarında çarıq, başında kəndli papağı,
eşşəyin cilovundan tutub çəkir. Eşşəyin üstündə içi tapança və güllə
ilə dolu aşırma böyük xurcun.

İldırım. Salam, eloğluları! (Rəşidi göstərib) Kişi yığıncağa belə gələr, bax. Başına şapka qoyan Rəşid bir gör özünü nə şəklə salıb? (Gülürlər)

Rəşid. Salam, dostlar! (Hamı ilə görüşür) Sizə bakılı qardaşlarınızdan salam gətirmişəm.

Hamı. Sağ olsunlar!

Rəşid. Doğrusu, bu İldırıma lap heyranam, məni elə gətirdi ki, ruhum da incimədi.

İldırım. Ay Rəşid, sən də məni utandırma. Burada nə iş var ki...

Rəşid. Rizvan gələndən sonra şəhərdə elə təzə bir xəbər yoxdur... Az-çox nə var, bu qəzetlərdə yazılıb. (Qoltuğundan bir-iki qəzet çıxarıb verir)

Mirzə Möhsün (qəzeti oxuya-oxuya). Demək, yoldaşlar möhkəm işləyirlər.

Birkəndli. Bizə, bax, bundan danış.

Rəşid köynəyini soyunur, arxasına tikdiyi məktubu müəllimə verir.

2-cikəndli. Əə... Bu şəhərlilər nə bic olur. Kağızı bir bax harasına tikib, heç şeytanın da fikrinə gəlməz.

Qasım. Mən müəllimdən şəhərə kağız aparanda patavamın içinə tikərdim.

Mirzə Möhsün (məktubu oxuya-oxuya). Görürsünüz, bizim işimizlə maraqlanırlar. Yazırlar ki, İldırımın qüvvəsinə böyük ümidimiz var. Ancaq təkbaşına hərəkət etməsin.

İldırım. Doğrudur, şəhərsiz bir iş görə bilmərik.

Mirzə Möhsün. Bəs onda bir bəy orda, bir yasavul burda qırmaqdan niyə əl çəkmirsən?

İldırım. Doğrusu, onlardan hər birini aşırdıqca elə bilirəm ürəyimdən bir tikan çıxır. Görürsən ki, bu xasiyyətlərimi də yavaş-yavaş sizin köməkliyinizlə tərgidirəm.

Rəşid. İldırım, sən elin igid oğlusan. Bunu birdəfəlik bil ki, yandıran şimşək olsan da, təkbaşına heç bir iş görə bilməyəcəksən. Bir Şükür bəylə, bir Səfi bəylə iş bitməz, minlərcə şükürlər, səfilər var, onlardan daha qorxunc canavarlar var. Zülmü kökündən qazıb atmaq lazımdır. Bunu etmək, xalqı qurtarmaq üçün yalnız bir yol var...

Rizvan (onun sözünü kəsərək). İldırım ha çabalasa, bizdən uzaq düşə bilməyəcək. O, elindir, demək, bizimdir!

İldırım. Dostlar, doğrusu, lap yorulmuşam. Gəlin, yığıncağınızı bir az təxirə salın. Mənim bu igidlərim sizə bir kef versin, ha, nə deyirsiz?

Hamı. Bu lap yerinə düşər.

Qurban. Qoy bu şəhərli dostlarımız bizim də hünərimizi görsünlər.

İldırım. Ə, Qasım, o düzəltdiyin yallını bir gedin.

Musiqi çalınır. Kəndlilər məzlumların gücünü, qüdrətini
nümayiş etdirən yallı gedirlər.

Rizvan (Rəşidə). Ay maştağalı balası, öz aramızdır, belə şeyləri sən görməmisən.

Rəşid. Doğrusu, bu elin hələ bilmədiyimiz çox şeyləri var.

İldırım. İndi də Qurban sizə təzə yazdığı qoşmasını oxusun.

Hamı. Oxusun! Oxusun!

Qurban. Ancaq bilin ki, qoşmanın oyan-bu yanına müəllim bir balaca əl gəzdirib.

(Gülürlər. Qurban saz alıb oynaya-oynaya oxuyur)

A dostlar, yurdumu, mələdir yağı,

Sızlayır dəzgahı, tarlası, bağı.

Dərd alıb çölləri, dərəni, dağı;

Ey ağır ellərin igid yatağı,

Səni bu zülmdən qurtaran yoxmu?

O xəstə halını bir soran yoxmu?

Ey oğul doğuran namuslu ana,

Səndəmi zülmdən gəlmisən cana?

Sarılıq çökmüş o gül yanağına,

Ürəyin dönmüşdür bir kasa qana,

Bu aslan yurdunda qəhrəman yoxmu?

Səni bu zülmdən qurtaran yoxmu?

Hakimlər üst-üstdən vurur hey yara.

Bəylərlə varlılar dönmüş quldura.

Namuslu oğullar çəkilir dara.

Analar, gəlinlər geyinmiş qara.

Bu aslan yurdunda qəhrəman yoxmu?

Elini bu dardan qurtaran yoxmu?

Qasım (hiddətlə). Kim deyir yoxdur? Bəs biz nəyik?

Kərim. Biz ölməmişik ki!..

1-cikəndli. Bu eldə qorxaq oğul tanımıram.

Mirzə Möhsün. Doğrudur, buna inanıram. Ancaq bu igidlər arasında birlik olmayınca, bu dardan qurtarmaq olmaz.

İldırım. Sözümüz yoxdur, onu da siz yaradın.

Növbətçi kəndli ilə Ülkər gəlir.

Növbətçi. İldırım, səni Səfi bəyin qızı görmək istəyir.

İldırım. Vay, Ülkər, sənsən?

Kərim. Kim?

İldırım. Heç, siz işinizdə olun, indi gəlirəm. (Ülkərə) Ay qız, bura nə üçün gəldin?

Ülkər. Xəbərə gəldim. Sənin dəstənin burda olduğunu Şükür bəyə xəbər veriblər. Onlar bərk hazırlıq görüblər. Bu gecə saat 2-də Sarı qaya tərəfdən 200 əsgər ilə hücuma keçəcəklər.

İldırım. Bəs bunları sən necə öyrəndin?

Ülkər. Atam ilə Şükür bəy danışanda eşitdim. Bərk təşvişdədirlər. Qəza hakimi də onlara çox kömək edir. Sizinkilərdən kimsə xaindir. Burada nə olur, onlar hamısından xəbər tuturlar. Deyirlər ki, siz şəhərdən kömək alırsınız.

İldırım. Hı... Bəs belə... hə, Ülkər, sən çox sağ ol. Verdiyin xəbər üçün minnətdaram.

Ülkər. Sən də sağ ol, İldırım, mən tez qayıtmalıyam.

İldırım. Yox, hələ getmə, Ülkər, qoy bir doyunca, doyunca sənə baxım. Axı biz çoxdandır görüşmürük.

Ülkərə yaxınlaşıb məhəbbətlə gözlərinə baxır

Ülkər. İldırım, mən getməliyəm.

İldırım. Tələsirsənsə get, mənim qəhrəman gözəlim. Ancaq gələcəyəm, lap evinizə gələcəyəm, gözlə. (Növbətçiyə) Apar onu yola sal. (Ülkər gedir) Elə atadan belə qız. Dostlar, düşmən başımızın üstünü alır, üç-dörd saatdan sonra Şükür bəy 200 nəfərlik qazakla üstümüzə hücum edəcək, fikriniz nədir?

Kərim. Bu xəbəri sənə kim dedi? Bəlkə yalandır?

2-cikəndli. Görünür bu da bir hiylədir. Yoxsa bəy qızına...

Qurban. O elə qız deyil.

Mirzə Möhsün. Hücum hansı tərəfdən olacaq?

İldırım. Sarı qayadan, heç gözləmədiyimiz tərəfdən.

Kərim. Bəs tədbiriniz nədir? Vuruşmaqdan başqa nə çarəniz var?

Mirzə Möhsün. Vuruşmaqdan qabaq içimizdəki xaini üzə çıxarmaq lazımdır.

Kərim. Hələ onun vaxtı deyil, bu tələdən qurtarmaq üçün bir çarə...

İldırım. Lap vaxtıdır. Axı dörd-beş gündə mən cəmi bir neçə nəfərə kəndə getməyə icazə vermişəm. Bura gəldiyimiz iki gündür. Bu günlərdə kəndə gedənlərdən Möhsün müəllim, Qurban, Qasım, bir də Kərim olub. Möhsün müəllimə heç kəsin şəkki ola bilməz. Qaldı üç nəfər. Yaxşısı budur ki, təqsirkar özü boynuna alsın. Yoxsa... yoxsa sonra yaxşı olmayacaq.

Qurban. Mən təzə yerimizi müəllimə deməyə getmişdim. Onu da götürüb birbaş bura gəldim.

Qasım. Məni də İldırım özü göndərdi. Azuqə üçün getmişdim.

İldırım. Bəs Kərim? Sən nə üçün getmişdin?

Kərim. Mən... mən evdən nigaran idim. Uşağı xəstə qoyub gəlmişdim...

İldırım. Gedəndə axı mənə başqa şey dedin. Dedin ki, bacıqızı ölüb, onu basdırmağa gedirəm.

2-cikəndli. Bacısı qızının öldüyünü o haradan bilirdi?

2-cikəndli. O ki, burada idi.

Qurban. Müəllimnən kənddən gələndə eşitdik. Mən də gəlib Kərimə dedim.

İldırım. Yaxşı, aydındır, bir balaca da olsa, aydındır. İndi tədbiriniz nədir?

Mirzə Möhsün. Yerimizi dəyişmək.

Rəşid. Doğrudur, hələlik vuruşmağın heç bir mənası yoxdur, yerimizi dəyişməliyik.

İldırım (Qurbanı kənara çəkərək). Sən Kərimdən göz-qulaq ol. Mən ondan şübhələnirəm. (Üzünü silahlı kəndlilərə tutaraq) Hə, dostlar, yığışın, müəllimin sözü ilə mən də şərikəm.

Kəndlilər. Gedək!

İldırım. Gedək. Qoy bu doğma meşələr öz qoynunda bizi gələcək intiqam üçün möhkəm gizləsin.

İldırım qabaqda, bütün silahlı kəndlilər meşəyə
doğru getməyə hazırlaşırkən

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri