Üçüncü pərdə
Səhifə 1 / 2
Birinci şəkil
Səhnə kənd hakimi Şükür bəyin evini təsvir edir. Şükür bəy həyət artırmasında Səfi
bəy ilə oturub şərab içir və nərd oynayır. Həyətdə yasavul Xuduş dustaqxanaya
qarovul çəkir. Bir neçə kəndli dustaqxananın ətrafında dolaşır.
Şükürbəy. Müharibə başlayalı kəndlərdə bəzilərinin dili çox uzanıb. (Zərləri atıb oynayır)
Səfibəy. Yaman uzanıb. Kəndli nəydi, bəyə söz qaytardı nəydi. Mirzə Möhsün ilə İldırım ki, lap ipdən, sapdan çıxıblar. Onların əlindən göz aça bilmirik. Sən də ki, adını hakim qoymusan, əlindən bir iş gəlmir. (Zərləri atıb oynayır)
Şükürbəy. Mən əlimdən gələni etmişəm. Bir neçə dəfə naçalnikin yanına gedib Mirzə Möhsünün bizə düşmən cəbhə açdığını, kəndliləri yoldan çıxardığını söyləmişəm. Cavabında bir dəfə mənə dedi ki, “Mən Mirzə Möhsün haqqında Bakı polis idarəsi rəisinə məlumat vermişəm. Mənə cavab verdilər ki, Mirzə Möhsünlə hələlik işiniz olmasın”. Naçalnik sonra dedi ki: “Görünür müəllimin qardaşı İmrandan çəkinirlər. O, axı qubernator həzrətlərinin dəftərxanasında işləyir. Qubernatorun ona böyük etimadı var. Bu nə sirrdir, bilmirəm”. Sonra gülə-gülə əlavə etdi: “Bəlkə o da bu dəstədəndir?” Fərruxu da didərgin salan o olmadımı? Gör necədir ki, qızıl da kara gəlmədi. On ilə kim ölə, kim qala. İldırım da ki, bu yandan. Elə Nikolay Petroviç doğru deyir, deyəsən, bunlarla əlbirdir.
Səfibəy. Elə olsa, vay halımıza. (Əlindəki zərləri atır)
Şükürbəy. Zarafat ilə dedi. Ancaq gərək tədbirlə iş görək. (Oyuna diqqət ilə baxaraq) Sənə qızıl medal gətirtmək mənim üçün çətin iş deyildir, yazıq sənə ki, o maralgözlü, ceyranayaqlı kəhər atından ayrılacaqsan.
Səfibəy. Kəhər atsız qızıl medalın nə ləzzəti. (Oynayır) Oyun mənimdir. Sən qələm, mürəkkəb hazırla.
Şükürbəy. Amma oynadın ha... Qızıl medalın şövqü ağlının işığını elə alıb ki, oyunu da unutmusan. (Zəri atıb oynayır)
Səfibəy. Kəhər at sənin ağlının işığını aldığı kimi.
Şükürbəy. Mənim ağlımın işığını alan kəhər at deyil, başqa şeydir. (Qədəhi qalxızıb başına çəkir, zəri atıb oynayır, çırtıq çala-çala oxuyur)
Haralısan, haralı,
Qəlbim kimi yaralı,
Bir gözəl qız sevmişəm
Bu dağların maralı.
Səfibəy. Sən keflisən, bəy?
Şükürbəy. Onun keflisiyəm.
Səfibəy. O bir xəyaldır!
Şükürbəy. Sənin xəyal sandığın bir gün ulduz kimi sağımda, solumda parlayacaq. (Zəri ata-ata) Hətta sənin qızıl medalının işığı onun şəfəqləri yanında sönəcəkdir.
Səfibəy. İnsan qızıl medalın işığından parlaq ola bilməz. Ağzında qızıl deyirsən, üstəlik bir medal da. Sən nə bilirsən qızıl nədir?
Şükürbəy. Kəhər atı, deyəsən, qazanıram, hərif, işin xarabdır. Sonra səninlə Ülkərdən oynayacağam.
Səfibəy (heyrət içində). Hansı, hansı Ülkərdən?
Şükürbəy. Mənim taleyimin ülkərindən... Ülkərim də mənə kömək edir. Oyunu mən apardım.
Səfibəy (mütəəssir halda). Elədir, əlim gətirmədi. Şükür bəy, borc olsun!
Şükürbəy (bir qədəh qaldırıb içir). Hünərin çatırsa, ikincini də başlayaq. Udsam, Ülkər mənim, sən aparsan, hər şeyə razıyam.
Səfibəy (hiddətlə). Ülkər kimdir, bəy? Sən keflisən! Yoxsa...
Şükürbəy. Çoxdan sərxoşam...
Xuduş, arxada bir qazak daxil olur.
Xuduş. Ağa, nəçərnikin qazağı sizi görmək istəyir.
Qazak əsgəri salam verdikdən sonra məktubu uzadır.
Qazak. Pristav cənabları, naçalnik Nikolay Petroviç həzrətləri sizə məktub göndərmişdir.
Şükürbəy. Çox yaxşı... Nikolay Petroviç həzrətlərinə mənim xüsusi salamımı yetir. Sonra de ki, hər əmrinə hazıram. Yazdıqları yerinə yetiriləcəkdir.
Qazak. Salamat qalın. (Gedir)
Səfibəy. De görüm nə yazır?
Şükürbəy. Şənbə günü camaat ilə danışmaq üçün gəlmək istəyir. Görünür, aldığım təzə əmr haqqında tədbir tökməyə gəlir. Sizin kəndi müharibə qaçqınları və əlilləri üçün – ruslar üçün boşaltmaq istəyir.
Səfibəy. Vay, bu ki lap qara xəbər oldu. Hara köçürürlər?
Şükürbəy. Hara istəsələr, ora! Bu haqda əmr var.
Səfibəy (əllərini bir-birinə vuraraq). Bəs mənim torpaqlarım, bağlarım nə olacaq?
Şükürbəy. Sən də qorxursan? Sənə, mənə zaval yoxdur. Əvəzini alacaqsan, arxayın ol!
Səfibəy. Yaxşı yadıma düşdü, Balaxanımın bağı üçün məhkəməyə verdiyim ərizə üstümə qayıdıb, bu nə məsələdir?
Şükürbəy. Mirzə Möhsünlə İldırımın işləridir. Görünür, məhkəmədə onların sübutlarına bata bilməyiblər. Bəy olduğuna görə məhkəmə də səni çağırmayıb, işi əncamsız qoyubdur.
Səfibəy. Bəs onda necə olsun? Bu işə ətək dolusu pul tökmüşəm. Yox, buna gərək bir əncam çəkəsən, yoxsa bağrım çatlar. Pul cəhənnəmə, camaat deyər ki, Səfi bəy bir lütün əlində aciz qaldı. Buna mən dözə bilmərəm. A kişi, bir ətək pul qoymuşam.
Şükürbəy. Çox elə də güman eləmə. İndi o lüt dediklərinin arxası çox möhkəmlənib. Görmürsən Nikolay kimi padşah onların qorxusundan tük salır... Rəhmətliyin oğlu, belə şeylərə çox da bənd olma. Dünya beş gündür, kefini çək... gəl, gəl bir-iki rumka da ataq. (Səfi bəyin qolundan çəkə-çəkə yan otağa aparır)
Səhnənin həyət tərəfi canlanır
Xuduş (koxaya). Ay üzüqara, yenə əliboş gəlmisən?
Koxa. Hər gün şaban, bir gün də ramazan. Həmişə əlidolu gəlmək olmaz ki...
Xuduş. Ağlamaq sizə peşədir. Xalqın dərisini soyursunuz, bizə gələndə, yeddi dəsmal ilə ağlayırsız.
Koxa. Nə qədər soysaq, yağlı tikəsi yenə sizə düşür. (Gülüşürlər) Yeddi dəsmal ilə ağlayan da sizsiniz, ha veririk, doymaq bilmirsiniz.
Bir qarı dustaqxananın barmaqlığından bir dustaqla danışır. Xuduş bunu
görüncə hücum edib qarını qırmancla vurur.
Xuduş. Ey, çəkil!
Qarı. Bala, oğlumdur, danışmaq da olmaz?
Xuduş. Olmaz!
Qarı. Neyçün tutubsunuz, onu bilmək istəyirəm.
Xuduş. Bilərsən, tələsmə!
Qarı. Nə zaman? Bu gün bir həftədir ac-susuz, quru yerdə sürünür.
Xuduş. İstəyir lap ölsün!
Qarı. Axı niyə? Günahı nədir?
Cavankəndli. Günahı yoxsulluq. Bundan böyük günah?!
Qocakəndli (Xuduşa). Bəy bu gün çölə çıxacaqmı?
Xuduş. Mən bəy, nə işin var?
Qocakəndli. Şikayətim var, dərdim var.
Xuduş. Dərdin dağa-daşa, ona bəy neyləsin?
Qocakəndli. Dərdi verən odur, dərmanını da ondan istəyirəm. İyirmi verst yol gəlmişəm, onu görməmiş getməyəcəyəm.
Xuduş. Bəyin qonağı var.
Qarı. Oğul, bir həftədir gəlib-gedirəm, hər gün bəyin qonağı var, deyirsən.
Cavankəndli. Kimə gedək, kimdən kömək istəyək? Şeytan da, heyvan da bunlardan rəhmlidir. On gündür gəlib-gedirəm, üzünü də görə bilmirəm.
Xuduş. Öl qurtar.
Cavankəndli. Ey! Sən ağzının ipini çək. Yoxsa, onu elə çəkərəm ki...
Xuduş. Bay, yarma da coşarmış. (Ona hücum edir) Yaramaz!
Cavankəndli (qəməsini çəkir). Yaxın gəl, yarmanın nə cür coşduğunu göstərim. (Koxa onu tutmaq istəyir. Cavan kəndli qəməni oynadaraq) Yaxın gəlməyin.
Qocakəndli. Adamın dəlisini görəndə it kimi quyruqlarını gör necə böyürlərinə qısırlar.
Şükür bəy və Səfi bəy artırmaya çıxırlar.
Şükürbəy. Xuduş!..
Xuduş. Nə buyurursan, ağa?
Şükürbəy. Mehtərə denən atları bayıra çəksin. Özün də xəbər verdir ki, bütün kəndlilər şənbə günü səhərdən meydançaya yığılsınlar. Naçalnikin onlara sözü var.
Xuduş. Baş üstə, ağa. (Gedir)
Səfibəy. Amma Xuduş da bir Xuduşdur, xalis əl tulası. İndi kəndlilərdən belə tapmazsan.
Şükürbəy. Olmasa da oldurarıq. Nikolay Petroviçin ağzı bir bunlara dəysin, görüm necə olmur. Allah onu bizim başımızın üstündən əskik eləməsin. Mirzə Möhsünə də, İldırıma da elə onun əliylə bata biləcəyik.
Səfibəy. Doğru deyirsən, o kişidə qurd ürəyi var.
Şükürbəy. Odur, atları çıxardırlar, gəl bir havamızı dəyişək. Kəndlərə dəyməliyəm, kəndlilər gərək sabah hamısı yığılsınlar.
Həyətə açılan qapıdan çıxırlar. Kəndlilər onları görən kimi əhatə edirlər.
Şükürbəy. Yenə nə üçün yığılmısınız?
Qocakəndli. Uzaq kənddən gəlmişəm. Səni görmək istəyirəm, bəy.
Şükürbəy. Bu gün vaxtım yoxdur, tələsirəm. (Üzünü Səfi bəyə tutub) Qoymazlar bir az rahatlanaq. Bayıra çıxmağa aman vermirlər.
Cavankəndli. O rahatlığı biz də istəyirik, bəy.
Şükürbəy. Yaxşı, yaxşı, çox uzun müşərrəf eləməyin, sabah gələrsiz, danışarıq, gəl, gəl, atlar bizi gözləyir.
Kəndlilərin arasından saymazyana çıxıb gedirlər.
Qocakəndli. Bu da pənah gətirdiyimiz böyüklər. Bunların ağına da lənət, qarasına da.
Cavankəndli. Görmürsən burun-buruna verib nə xosunlaşırlar. Elə səni tora salanların başçısı bunlardır. Bunlarla gərək güclə, dəyənəklə, özlərinin bizə işlətdiyi güllə ilə danışasan.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/saiq-ildirim-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Mövzusu S.S.Axundovun eyni adlı hekayəsindən alınmışdır)*İştirak edənlər
Birinci pərdəBirinci şəkilSəhnə, səhər çağı meşədə çay kənarında qaraçı düşərgəsini təsir edir. Qaraçı ailələri*
İkinci pərdəÜçüncü şəkilSəhnə meşəni təsvir edir. Bir-birindən aralı ağaclar, kol-kos. Yaxında bir kiçik*
Üçüncü pərdəDördüncü şəkilSəhnə bəyin malikanəsini təsvir edir.*
Başqa şairlərin şeirləri
Ey nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Qoyun yuyulmaBol fəsəli yağlandı,Süfrələrə bağlandı.
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum