Üçüncü pərdə
Səhifə 2 / 2 · 50%
İkinci şəkil
Kəndin kənarında geniş bir meydança. Kəndlilər yavaş-yavaş yığılırlar.
Qocakəndli. Bizi yenə niyə yığırlar? Xeyir olsun!
Cavankəndli. Bunlardan xeyir gözləmə, görəsən yenə nə oyunları var.
Mirzə Möhsün ilə İldırım danışa-danışa gəlir.
İldırım (üzünü kəndlilərə tutaraq). Nə qədər ki xalq öz hüququnu anlamayıb, bu ağalar başımızda bostan əkəcək. Zülm və istibdadı hər yerdə yaşadan bizim kimi miskinlərdir.
Mirzə Möhsün. Bu doğrudur, ancaq torpağımız heç vaxt miskin oğullar yetişdirməmişdir. Onları miskin eyləyən əsrlərdən bəri gördükləri bəlalardan, çəkdikləri fəlakətlərdən almış olduqları təcrübədir. O indi susur, guruldamaq vaxtını yaxşı bildiyi üçün susur. Bu xalq iki şeyi heç bir zaman unutmaz: biri yaxşılıq, biri də yamanlıq.
İldırım. Eh... Bizlər nə görmədik?! Bundan daha müstəbid sultanları, daha zalım şahları başdan sovduq. İndi dinc və sakit görünən bu miskinlərin bir gün qızmış aslan kimi kükrədiyini, qasırğalı dəniz kimi sahilləri çeynədiyini görəcəksən. O zaman şairlərimiz bu xalqın qəhrəmanlıq şahnaməsini yazacaqlar.
Qocakəndli. Ağzına qurban olaq, doğru deyirsən, sənin hər sözün qızıldır.
İldırım. İnan, dostum, o zaman aslan kimi kükrəyənlər də miskinlik zəncirini parçalayan adamlar olacaqdır. Bu gün sənin fəhlən inləyir, kəndçin inləyir, ziyalıların inləyir. Onları inlədən çar istibdadının zülm toxmağıdır. İstibdad yuvaladığı yerdən ayrılmaq istəməz. Onu kökündən qırıb atmaq lazımdır. Susmaq – zalimlərə təslim olmaq deməkdir. Yaşamaq istəyənlər susmaz!
Qocakəndli. İldırım, xalqı ipindən, sapından çıxarma. Bunları sən hara aparırsan?
İldırım. İki yoldan birinə: ya namusla ölməyə, ya şərəflə yaşamağa.
Bir neçə kəndli gəlir.
1-cikəndli. Kənddə adam qalmadı. Koxalar, əllərində qamçı, hamını bura gəlməyə məcbur edirlər.
2-cikəndli. Qonşumuz Neman bir həftədir qızdırmadan gözlərini aça bilmir. “Mən naxoşam, – dedi, – gələ bilməyəcəyəm”. Koxa şallaq ilə yazığın dərisini soydu. Çoluq-çocuğu qoyun kimi mələşirdi.
İldırım. Mələmək – zəiflərin üsyanıdır.
Cavankəndli. Qurd sürüyə daraşanda qoyunlar mələşir.
Koxa, əlində qırmanc, bir neçə kəndli ilə gəlir.
1-cikəndli. Quyruqların quyruğu görək nə xəbərlə gəlir.
Koxa. Naçalnik indicə gələcək. Sizə sözü var.
Qələbəlikdənbirnəfər (istehza ilə). Bəlkə o sözü sən bizə deyəsən?
Koxa. Mənim bildiyim şey deyil. Ancaq-ancaq əmr quluyuq.
Cavankəndli. Şərəfsiz, ondan başqa heç nəyə yaramazsınız.
Koxa. O kim idi?
Cavankəndli. Səs o tərəfdən gəldi.
2-cikəndli. Yox, bu tərəfdən gəldi.
Koxa (farağat vəziyyəti alaraq). Ağalar gəlir, sakit olun!
Şükür bəy, Səfi bəy, ortalıqda qəza hakimi Nikolay Petroviç, arxada iki qazak, iki
yasavul gəlir. Camaat baş əyir.
Qocakəndli. Xoş gəlmisiniz, nəçərnik!
Nikolay Petroviç (ciddi görkəm alaraq). Mənim əmrlərimi, şübhəsiz, Şükür bəy sizə yetirir. (Şükür bəy təzim edir) Əlahəzrət imperator sizin üçün əlindən gələni əsirgəmir. Ancaq siz də gərək onun iradəsinə əks olmayasınız. Verdiyim əmrlərə, görürəm, soyuq baxırsınız. Bu gün hər yerdə qanlı vuruşmalar gedir. Cəbhələrdə bir neçə milyon əsgər vuruşur. Hökumətimizin belə çətin vaxtında maddi və mənəvi kömək lazımdır. Halbuki vergilər vaxtlı-vaxtında verilmir. Orduya lazım olan at, ot, saman verilmir. Qaçaqlıq, quldurluq gündən-günə artır.
Qocakəndli. Nəçərnik, bu ilin vergisini biz vermişik.
Nikolay Petroviç. Hələ o gün verdiyim əmrə, Şükür bəy deyir ki, razılıq verməyənlər var. Şəhər cəbhələrdən gəlmiş yaralılarla, qaçqınlarla doludur. Hökumətin göstərişi ilə onları qəzalara, kəndlərə yerləşdirmək lazımdır. Bu, əlahəzrət imperatorun əmridir. Ona tabe olmayanlar üsyankar hesab olunacaq, cəzası da edamdır. Onu bilin ki, hökumətimizə boyun əymək istəməyən məğrur başları əymək üçün kifayət qədər süngümüz var. Əmr aldığınız halda indiyə qədər kəndi boşaltmamanıza səbəb nədir? Ən əvvəl bunu bilmək istəyirəm, cavab verin! (Hamı susur) Cavab verin! Qarşımda susmaqdan nə çıxar? Bu mənə bir şey anlatmır.
Cavankəndli. Əmrinizdən xəbər tutalı kənd dəniz kimi çalxalanır. Ancaq ata-babadan bu yerlərə öyrənmiş xalq yurdundan ayrılmaq istəmir. Evi, eşiyi, bağı, bostanı var, necə ayrılsın?
Nikolay Petroviç. Biz ayırarıq, vəhşilər... Sizin yurdunuz, yuvanız var? Sizlər, rəiyyət əlahəzrət imperatorun hər arzusunun quludur, bunu hələ bilmirsiniz? Bu qoçağı yaxalayın. Tez götürün, gözüm görməsin. Qoy bilsin ki, hökumətə ağ olmaq nə deməkdir!
Qocakəndli. Sizin əmrinizə bizim heç bir sözümüz yoxdur, itaət borcumuzdur. Ancaq yer göstərin, hara köçək?
Nikolay Petroviç. Hara köçəcəyinizi, yəqin ki, Şükür bəy sizə söyləmişdir. Mən də təkrar söyləyirəm, hər kəs hara istəyir köçsün. Bu xüsusda sizə tam sərbəstlik verilir.
Birkəndli. Bu işdə padşahımız bizə kömək etməyəcəkmi?
Mirzə Möhsün. Quyruqlar yavaş-yavaş işə qarışır.
Nikolay Petroviç. Bu haqda sizə qəti bir söz deyə bilmərəm, hökumətin yardım etməsi üçün mümkün qədər mən də çalışıram.
Birkəndli. Çox təvəqqə edirik.
Nikolay Petroviç. Çox yaxşı, bu bütün kəndinmi fikridir? (Sükut) Köçməyə razı olanlar sağ tərəfə keçsinlər. Razı olmayanlar yerlərində qalsınlar. (Üç-dörd kəndli keçir, bir neçəsi tərəddüd edir)
İldırım. Tülküyə bax, kənddəki üsyançıları öyrənmək istəyir.
Nikolay Petroviç (əllərini bığlarına aparıb düşünür). Hə... demək, cəmi üç-dörd nəfər. Çox yaxşı... (Üzünü itaət göstərməyən kəndlilərə tutaraq) Bəs siz niyə köçmək istəmirsiniz?
Qocakəndli (İldırıma). Niyə dinmirsən? Guruldasana!
İldırım. Sən sus. Mən guruldayacağım zamanı bilirəm.
NikolayPetroviç eşitməməzliyə vurur.
Şükürbəy, Səfibəy yerlərində hərəkətə gəlirlər.
NikolayPetr ov i ç. Hə, niyə dinmirsiniz? Yoxsa...
1-cikəndli. Dinirik cəza, dinmirik cəza. Bizim sözümüz bəllidir.
Nikolay Petroviç. Bilirəm, hamısını bilirəm. İçinizdə sizə dil verənləri də bir-bir tanıyıram. Fikrinizi çox yaxşı bilirəm. Ancaq... (Özünü itirir)
2-cikəndli. Bilirsiz, daha niyə soruşursunuz?
Nikolay Petroviç (əsəbi halda). Şükür bəy, bu nədir? Bütün qəbahət səndədir. Bunların arpasını çox vermisən, qudurublar.
1-cikəndli. Bizə yeyəcək arpa qalmır. Əlimizə düşəni sizə veririk.
Nikolay Petroviç (yasavullara). Tutun bu gədəni. Tez-tez... Bu hərif məni lap sarsıtdı... Məni heyvan etdi... Yaxalayın onu.
Yasavullar onu tutmaq istəyirlər. İldırım kömək etmək üçün tərpənir, müəllim
yavaşca qolundan tutub saxlayır. Kəndlini tutub gətirirlər.
Şükürbəy. A gədə, apar onu dama qat!
Yasavul. Baş üstə, ağa.
Yasavullar kəndlinin arxalığının boğazından tutub çəkirlər
Nikolay Petroviç. Biz onları itaətə öyrədərik. (Kəndlilərə) Demək, razılıq vermirsiniz? O halda sabahdan süngü gücü ilə sizi buradan çıxarmalı olacağıq.
Kəndlilərdənbiri. Biz heç yerə köçməyəcəyik. Lazım gəlsə, biz də topal deyilik.
Nikolay Petroviç. Şükür bəy. Bunlardan üsyan qoxusu gəlir. Onlara bu fikri verən yoxsa sənsən?
Şükürbəy. Naçalnik həzrətləri, heç bu ağlasığan şeydirmi? Mən nə üçün...
Nikolay Petroviç. Bəs kimdir?
Şükürbəy. Sizə dediyim adamlar.
Səfibəy (yırğalana-yırğalana). Ha, ha... Fitnə törədən bunlardır...
2-cikəndli. Bir o Səfiyə baxın, yekə qarnını yırğalaya-yırğalaya görəsən nə mızıldayır. (Gülüşmə)
Nikolay Petroviç (Şükür bəyə). Sən vəzifəndə möhkəm deyilsən. Sənin kimi adamlara maaş vermək, rütbə vermək, nişan vermək nə üçündür? Üsyançı yetişdirmək üçün?
Şükürbəy. Mən üsyançı deyiləm ki, üsyançı yetişdirəm.
Nikolay Petroviç. Bilirəm, baxsana, bunların ağzı hələ söz tutur. Hökumətin əmrindən boyun qaçırır, bunlar nədəndir? Sənin zəifliyindən deyilmi? Baxsana, bunlar bizimlə əylənir.
Şükürbəy. Naçalnik həzrətləri, vermədiyim cəza qalmayıb... Əmrinizi yerinə yetirmək istədiyim zaman, gecələr də gözlərimə yuxu getmir. Vəzifəmi yerinə yetirməkdə qüsurum olmayıbdır.
Nikolay Petroviç. Bəs bu üsyankarlığa səbəb nədir?
Mirzə Möhsün. Bu vaxta qədər onu bilməyirsinizmi?
Nikolay Petroviç. Səndən söz öyrənəcək qədər cahil deyilik.
Mirzə Möhsün. Madamki bilirsiniz, daha nə üçün soruşursunuz?
Nikolay Petroviç. Sizin kimi cahilləri susdurmaq üçün!
Mirzə Möhsün. İstədiyiniz qədər susdurun, yanar atəş üzərinə su səpməklə sönməz!
Nikolay Petroviç. Atəş səpsək, yenədəmi sönməz?
İldırım. Yox, daha da çox şölələnər!
Nikolay Petroviç. Yoxsa, üsyan atəşini bunlara aşılayan sənsən?
Mirzə Möhsün. Biz deyilik, siz özünüzsünüz!
Nikolay Petroviç. Bu çox qəribədir.
Mirzə Möhsün. Qəribəliyi yoxdur. Bu qədər təzyiq, bu qədər təhqir, bu qədər haqsızlıq “üsyan et” demək deyilmi? Üç min illik tarixi, mədəniyyəti olan bir xalq ilə əylənirsiniz. Sizin ən böyük səhviniz bu xalqı tanımamağınızdır. Siz onların ağlını, şüurunu, idrakını, mühakiməsini başlarındakı iri tüklü papaqları və sizə yabançı görünən qiyafələrilə ölçürsünüz. Bunda çox yanılırsınız. Onlar hər şeyi incədən-incəyə tədqiq edər, qılı qıldan seçər, hər məsələ, hər siyasəti duyar, anlar, lakin susar. Təzyiq son dərəcəyə çatınca nə edəcəyini çox yaxşı bilər. Rəhbərə ehtiyac hiss etməz. Bu təzyiq rəhbər deyilmi? İndi xalqda üsyan fikrini oyadan səbəbi bildinizmi?
Camaat. Sağ ol, Möhsün!..
Nikolay Petroviç. Sən böyük natiqsənmiş. (İstehza ilə ona baxaraq) Kim olursa-olsun, bizi heç bir şey qorxuda bilməz. Hər cür üsyanı yatırmağa gücümüz çatar. Əlahəzrət imperatorun qəhrəman ordularının süngüləri bu dağlarda parladığı zaman hesablaşarıq. Sizin qərarınıza qarşı hökumətin qərarı belədir. Yaxın günlərdə görüşərik. (Getmək istəyir)
İldırım (irəli yeriyərək). Naçalnik, getməyə tələsməyin, camaat tələb edir ki, tutduğunuz kəndlini azad edəsiniz.
Nikolay Petroviç. Həbsə alınan istintaqsız azad edilə bilməz.
Camaat. Azad olunmalıdır!
İldırım. Naçalnik, qazaklarına, yasavullarına güvənmə, camaatın tələbinə əməl et! Yoxsa...
Nikolay Petroviç. Yoxsa neylərsən?
İldırım. Yoxsa hər üçünüzün leşini yerə sərərəm.
Nikolay Petroviç. Bay, bunların hamısı quldur imiş! Tez, tez, tutun onu!
Yasavullar onu tutmaq istəyirlər. İldırım tapançasını çıxaranda çəkilirlər. Nişan alıb
naçalniki vurur. O yıxılır. Qarışıqlıq düşür.
İldırım. Sənin əsil mükafatın budur!
Mirzə Möhsün. İldırım, sən nə etdin?
İldırım. Zalimlərdən birini gəbərtdim!
Camaat. İldırım, qaç, çətin ayaqda qaçmaq da igidlikdəndir.
İldırım qaçır. İki yasavul və qazaklar onun dalınca yüyürürlər. İldırım tapançadan
atəş aça-aça qaçır. Yasavullardan biri yıxılır. Camaat həyəcan içində
2-cikəndli. Vura bilmədilər.
Camaat. Qaçıb qurtardı.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/saiq-ildirim-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Mövzusu S.S.Axundovun eyni adlı hekayəsindən alınmışdır)*İştirak edənlər
Birinci pərdəBirinci şəkilSəhnə, səhər çağı meşədə çay kənarında qaraçı düşərgəsini təsir edir. Qaraçı ailələri*
İkinci pərdəÜçüncü şəkilSəhnə meşəni təsvir edir. Bir-birindən aralı ağaclar, kol-kos. Yaxında bir kiçik*
Üçüncü pərdəDördüncü şəkilSəhnə bəyin malikanəsini təsvir edir.*
Başqa şairlərin şeirləri
Ey nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Qoyun yuyulmaBol fəsəli yağlandı,Süfrələrə bağlandı.
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum