Rüstəm qapı ağzında bir kötük üzərində oturub çubuq çəkir, anası Qəmər
bir tərəfdə palaz salıb cəhrə əyirir. Gülsənəm, əlində matraq,
ayaqlarında çarıq, patava gəlir. Rüstəmə mənalı baxaraq

Gülsənəm
Öküzləri qoşub cütə gedirəm,
Bax, sənə bu vəsiyyəti edirəm:
Mən gəlincə süpür qapı-bacanı,
Uşağım ki, hələ Allah amanı.
Yaxşı saxla, ağlatma, göz-qulaq ol, Cücələrdən, toyuqlardan sayaq ol, Gözlə aparmasın quzğun, çalağan.

Rüstəm
Bildim, bildim...

Gülsənəm
Kişi, darıxma, dayan!
Nəhrə çalxalayıb bir az da yağ tut, Qaynar qazan as, paltarı yu-qurut. Qoymayasan dana-buzovu gözdən, Şələ tutub odun gətir meşədən.
Xəmir yoğur, sac as, ocağı qala,
Mən gəlincə hər bir şeyi hazırla! Qatıq üçün çalası qoydum cama.

(Donunu ona ataraq)

Mən gəlincə donumu da al, yama! Boz inəyi, qoyunu get durma sağ, Südü bişir, üzə qoy tutsun qaymaq.

Rüstəm
Bildim, bildim, hamısını anladım.

Gülsənəm

Mən gedirəm.

Rüstəm

Allaha ismarladım.
(Gülsənəm gedir, Rüstəm başını oynada-oynada)

Hay-hay, duza gedirsən, ey binəva,

Axşam qayıdanda vardır tamaşa.

El tənəsi çox ağırdır, bu doğru,

Cüt sürməyin ləzzətin qoy dadsın bu.

(Qəmərə yaxınlaşaraq)

Ana, neçin qəmgin durursan belə?

Çiçək kimi açıl, danış, gül, söylə.

Qəmər

Nə söyləyim, açıl mənim başımdan!

Rüstəm

Keçmişlərdən bir az danış, ana can.

Uşaqlıqdan bu fikir yormuş məni,

Sən atamı sevdin, yoxsa o səni?

Qəmər

Ələ salma məni, rədd ol, ay çağa!

Rüstəm

Salarammı səni ələ-ayağa?

Ana-oğul edək bir azca söhbət.

Qəmər

Ah, keçmişlər, sizlərə min-min rəhmət!

Açıl başımdan, qalx, azma yolunu.

Arvad iş tapşırdı, çirmə qolunu.

Rüstəm
Demək, mənimlə sən etmirsən söhbət.

(tərəfə)
Bülbül kimi dil açarsan bu saət.
Hanı tütək, hanı? Əlimə alım,
Bir az anam üçün oxuyum, çalım.

(Tütəyi çalıb oxuyur)
Gəl-gəl maral balası,
Dur gəl, gözüm qarası.
Dəsmal gətir, gül apar,
Xəlvətdən bağ arası.

Yaqut yəməni neylər,
Ördək çəməni neylər,
Kətan köynək, ağ bədən,
Gündə hamamı neylər.

Qəmər
Bu havanı gözəl çalırdı atan,
Oxuduqca ləzzət alırdı insan.

Rüstəm
Mənim atam olmuş başqa bir kişi,
Rəhmətliyin dastan imiş hər işi.
Gözəl, ucaboylu bir oğlan imiş,
Eldə adlı-sanlı qəhrəman imiş.
Söylə görüm atammı sevdi səni?
Yoxsa ki, sən?

Qəmər
Yox, yox, o sevdi məni.

Rüstəm
Atam sevmiş səni? Bəs mən eşidən, Atama sən vurulmusan qız ikən. Gecə qapıları özün açmısan,
Rəhmətliyə qoşulub tez qaçmısan.

Qəmər
Utan, utan, danışma çox, Allahsız.

Rüstəm
Aləm deyir, mən demirəm ki, yalnız. Söyləyirlər, çox gözəl imiş atan,
Anan sevib getdi.

Qəmər

Böhtandır, böhtan! Yoxsa ondan əskik idim mən özüm? Oğlanlardan can alırdı qaş-gözüm. Yaraşıqlı, gözəl idim, çağ idim,
Lalədən qırmızı, süddən ağ idim.
Atan hər gün su başında dururdu,
Mən keçərkən bığlarını bururdu.

Rüstəm
Od vurmusan mənim yazıq atama, Belə zülmü etməz adam adama.
Çox sevirmiş səni, ancaq bir anlat
Sən də onu sevirdinmi?

Qəmər

Ay bədzat! Heç kəs mənim ürəyimi bilmədi,
O öləndən bəri qəlbim gülmədi.
Beş yaşında uşaq idin sən onda,
Təkbaşına oynayırdın bir yanda...
Ondan sonra mən dirilik etmədim, Çox istəyən oldu, ərə getmədim.

Qonşu oğlan Murad qaça-qaça gəlir.

Murad
Rüstəm dayı, sizin buzov və dana,
Çəpərləri yarıb, girdi bostana.
Yedi bütün qovun, qarpız tağını,
Dağıdır indi də qonşu bağını.

Rüstəm
Vay-vay!..

Qəmər
Tez ol, durma, sən bir başa bax,
Naqqallıq eləyir mənə bu axmaq.
Arvad kişi kimi çöldə işləyir,
Bu, uşaq tək evdə milçək kişləyir.
Ah, ay keçən günlər, keçən kişilər,
İndikilər də adını qoymuş ər.
İş üstündə arvadla höcətləşir,
Mənim işim səndən çətindir deyir.
Biz ki belə şeyləri heç görmədik,
Dünyada bilmədik nədir tənbəllik.
İndikilər öz canını bəsləyir,
Bilməyirlər ki, ər-arvadlıq nədir.
Biz işi bir-birimizdən qapırdıq,
İş üstünə atlı kimi çapırdıq.
Bu ondandır ki, yox sevgi, məhəbbət, İndikilərdə yox düzlük, sədaqət.

(Rüstəm acıqlı gəlir)
Rüstəm, nə var?

Rüstəm

Nə olacaq, ay ana,
Çər dəymişlər od vurmuş bağa-bostana. Neyləyim, ah, neyləyim, heç bilmirəm? Saman təpəcək dərimə Gülsənəm.

Qəmər
Qan olsa ud, öz suçundur, darıxma,

Rüstəm
Sus, qəlbimi sən də bir yandan sıxma!..

(Tarlaya baxaraq)
Nə həvəslə işləyir, bir ora bax!
Zalım qızı bilmir nədir yorulmaq.
Gedim bir az pendir tutum, yağ tutum, Bu paltarı harda yuyub-qurudum?
Bir iş deyil, ürək sıxır, yassardır,
Arvad işi özü kimi murdardır.
Bu günlər də nə tez keçir, dan atır,
Papağını çevirirsən gün batır.
Təknə boşdur, nə fətir var, nə çörək, Axşam oldu, xamır yoğurmaq gərək!

(Otağa girir)

Qəmər
Eşitmişəm keçmiş ata-babadan,
Çox çəkməz ki, gələr öylə bir zaman, Kişi arvad olar, arvadlar kişi,
Zəmanənin üzüqara gedişi
Göstərir ki, yaxınlaşır o dövran.
Ah, başında nələr vardır, ay insan!

Toyuq-cücələrin qışqırığı gəlir

Rüstəm

(Otaqdan)
Nə var, ana?

Qəmər

Ay aman!

Cücələri vurub getdi çalağan.

Rüstəm əlləri xamırlı gəlir.

Rüstəm

Allah, Allah, başım düşdü cəncələ,

Öz-özümü saldım əcəb əngələ!

(Ağac götürüb evin arxa tərəfinə keçir,

bir az sonra qayıdıb otağa girir)

Vay-vay, bura bax, it yeyir xəmiri,

Zəhrimar ye... Aha, quduzun biri.
(İti vurur, it içəridə zingildəyir, Rüstəm həyətə çıxır)

Hanı o it?

Qəmər

Mən nə bilim!..

Rüstəm

De görək,

Bu otağa hardan girdi o köpək?

Qəmər

Ay yaramaz, vecsiz, köndələnyatan,

Görmürsənmi girmiş arxa qapıdan?!

Rüstəm

Başımı lap itirmişəm, neyləyim?

Axşam oldu, Gülsənəmə nə deyim?

(Uzaqda qızı Nazlı ilə Gülpəri görünür)

Bunlar kimdir?

Qəmər
Qudalardır deyəsən.

Rüstəm
Ay nəsliniz kəsilsin yer üzündən
Duran yerdə əcəb düşdüm kələyə!..
Bunlar da vaxt tapdı qonaq gəlməyə.

Qəmər
Rüstəm, Rüstəm, ağlın azıbdır, nədir? Durma, salam ver, xoş dil ilə dindir.

Rüstəm
Sən allah, rədd olun mənim başımdan, Cücələri çalıb getdi çalağan,
Bostan orda, xəmir burda yeyildi,
Arvad ilə aramız da əyildi.
Onlar ilə qohum olandan bəri
Xərçəng kimi hey gedirik biz geri.
Çarxımız döndü, işləmir bəxtimiz.

Gülpəri
Allah iraq eyləsin, neylədik biz?

Qəmər
Rüstəm, Rüstəm!.. İnciməyin, ay quda, İş üstündə acıqlanıb arvada.
Odur olubdur bu zəhər bulağı,
Bir də onun çox zaman axşam çağı,
Birdən-birə halı olur çox yaman.

Gülpəri
Baxsana bu nələr tökür ağzından.
Bu sözləri bilsə bizim kişilər,
Allah göstərməsin, böyük qan düşər.

Qəmər
Siz allah, ay quda, bir söz deməyin.

Rüstəm
Gedin, hər nə bilirsiniz söyləyin!

Qəmər
Azma, azma sən, ay zəhərli tuluq.

Gülpəri
Olmaz belə adam ilə qohumluq.

Qəmər
Ay qudalar, bağışlayın.

Nazlı
Gəl, gedək!

Gülpəri
Zor-güc ilə qohum olmaq nə gərək: Acı olar belə ağacın barı.

(Gedirlər)

Qəmər
Öləydim kaş, görməyəydim bunları. Bu yaramaz gördünüzmü nə etdi?
Namus getdi, hörmət, həyamız getdi.

(Rüstəm acıqlı-acıqlı gəzinir)

Rüstəm
Xamır yeyildi, tapdalandı bostan,
Cücələri vurub getdi çalağan.
Neyləyim mən?

Qəmər

Zəhrimar et canına. Görüm səni bulanasan qanına.

(Uşaq beşikdə ağlayır)

Rüstəm
Kəs səsini, murdar oğlu, bihəya,
İstəyirsən canın çıxınca ağla!
Mənim indi sənlik yoxdur macalım, İt günündən yaman olubdur halım. Ancaq yaxşı tədbir çəkdim bu işə, Qudalar ilə başladım deyişə.
Gülsənəmə bu iş olsa aşikar,
Bostan, xamır, cücə yadından çıxar.

Gülsənəm gülə-gülə, əlində matraq, oxuya-oxuya gəlir.

Gülsənəm
Dağların başında sərildim yatdım, Aynalı tüfəngi doldurdum, atdım.
Tarlamı şumladım, məqsədə çatdım, Soruşma, ay kişi, haralıyam mən!
Dağların, çöllərin maralıyam mən! Ay kişi, bu uşaq nöşün ağlayır?
Bağırtı, şivəni ürək dağlayır.

Rüstəm
Qoy ağlasın, işim vardır, neyləyim!

Gülsənəm
Ağlama, ağlama, gözüm, ürəyim!

(Uşağı qucağına alır)
Nə var, nə yox?

Qəmər
Heç soruşma olanı.
Dana-buzov dağıtdı bağ-bostanı.
İki cücə vurub getdi çalağan.

Gülsənəm
Siz burada deyildinizmi insan?

Rüstəm
Mən neyləyim? Boz it yedi xəmiri?

Gülsənəm
Neyləyirsən bəs bu səhərdən bəri?

Rüstəm
Yaman yerdə axşamladım, neyləyim, Bu qədər iş yalnız başımdır mənim. Bunlar ilə mən nə sayaq çarpışım? Heç bilmirəm hansı işə yapışım?
Bu yandan da gəldi azğın qudalar,
İş tökülüb qaldı.

Qəmər
Danışma, yassar.
Hələ işlər var ki, deyə bilmirəm.

Gülsənəm
Nə var, nənə?

Qəmər

Nə deyim, ay Gülsənəm!
Allah bizi nə pis gündə yaratdı,
Qudaların üzü üstə qayıtdı.

Fatı ilə Yunis gəlir

Yunis

(Qəmərə)
Niyə?

Gülsənəm

(Yunisə)
Yavaş görək.

Yunis

Nə olmuş məgər?

Gülsənəm
Bir aman ver söyləsin, ay bəxtəvər.

Yunis
Rüstəm, nə var?

Gülsənəm

(Qəmərə)

Söylə görüm nə oldu?

Qəmər
Qızın bəxti yenə gül kimi soldu.
Qudalara sözlər dedi bu nadan,
Dedi, dedi, hər nə çıxdı ağzından. Qudaların qayıtdı kor-peşiman.

Fatı

(Tərəfə)

Bəxtim düyümləndi yenə, ay Allah, Görürsənmi nə iş açdı bu, eyvah!

Yunis
Rüstəm, bu nə oyundur açdın yenə?

Rüstəm
Qulaq vermə arvadların sözünə.

Qəmər
Qorxuram ki, geriləsinlər qızı.

Gülsənəm
Görüm Allah qırsın sizin hamınızı,
Görüm sənin daş düşsün o başına,
Zəhər qatılsın, ay kişi, aşına.

Rüstəm
Daş da düşsün, dağ da ensin üstünə, Qarğa kimi nə hey ötürsən yenə!
Bulud kimi nə çıxmısan özündən,
Duman yağır boranlı üz-gözündən. Baş-qulağım yoruldu, bəsdir, bəsdir. Oraq kimi, bax, nə doğrayıb, biçir.
Nə var, nolmuş, göylərmi parçalandı? Ocaqda qaynayan südmü calandı?
Mal-qaraya bir azarmı daraşdı?
Tufan qopub, sel çaylardanmı aşdı? Qızıl ilə yazmalı bu məsəli:
“Qara toyuqca arvadın yox əqli”.

Gülsənəm
Ha, görürəm çoxdur ağlın, kamalın, Ancaq vardır zorba bığın, saqqalın.

Rüstəm
Sizin ilə danışmağa baş gərək.

(Rüstəm gedir)

Yunis
Fikr eləmə, bir az sakit ol görək,
Kişi kimi söz verirəm, sən inan,
Qudaların əl çəkməz bu Fatıdan,
Əmlik kimi belə bir qız harda var?
Tapammazlar çıraqla axtarsalar.

Gülsənəm
Bu Rüstəmi görüm gəlsin qılınca,
Dava açar, qoy gedim mən ardınca.

Yunis gedir. Gülpəri gəlir. Gülsənəm onu hörmətlə qarşılayaraq

Nə var, quda, xoş gördük, ay Gülpəri.

Gülpəri
Aparmağa gəldim bizim şeyləri.

Gülsənəm
Niyə?

Gülpəri
Elə!..

Gülsənəm
Axır niyə?

Gülpəri
Elə-belə...

Gülsənəm
Nə olmuş ki, durma, səbəbin söylə! Qapıdakı kimdir?

Gülpəri

Əhməd qudandır.

Gülsənəm
Gəl, ay quda, görməmişəm haçandır. Gendən baxırsan, gəl otur, danışaq.

Əhməd
Yox, gedirəm.

Gülsənəm

Gəl, ay quda, barışaq. Qohumluqda çəkişməyən, bərkişməz, Hər söz ilə yaman bir fikrə düşməz. Xoş gəldiniz, ay qudalar, əyləşin.

Əhməd
Əyləşməyə üz qoyubdurmu kişin?

Gülsənəm
Nə eyləmək, xasiyyəti belədir.

Əhməd
Gözəl sifət insanda – hövsələdir.

Gülpəri
Hər bir şeyin, quda, bir ölçüsü var.

Gülsənəm
Bu sözləri buraxın, ay qudalar,
Fatı kimi qızdan keçmək olarmı?
Bu dağlarda ondan gözəl qız varmı?

Gülpəri
Biz gəlindən yerdən-göyə razıyıq.

Gülsənəm
Demək, quda, yaman yerdə biz qaldıq.

Gülpəri
Yox, yox, quda...

Gülsənəm

Belə çıxır sözündən.

(Rüstəm gəlir, acıqlı keçir)
Zəhər yağır kişinin üz-gözündən.
De bir görüm, kürəkənim necədir?
Qəlbim nanə yarpağından incədir.
Könlümə çox yaman düşür arabir.

Əhməd
Quda, o da sizi yaman istəyir,

(Gülpəriyə)
Xalam gözü yolda qalıb, dur gedək!

Gülsənəm
Qan olmuşmu, nə var?

Gülpəri

Quda, nə demək,
Ana qəlbi olduqca köyrək olur.

Əhməd
Ürəyi qoy sakit olsun.

Qəmər

Doğrudur!..

Gülsənəm
Xoş gəldiniz, məndən qudama söylə, Hay-hay, qohumluq heç olurmu belə? Boş söz üçün necə keçir Fatıdan?

Əhməd
Mən onu sakit eylərəm.

Gülsənəm

Əhməd can,
Unutma bizləri, gəl-get arabir.

Əhməd
Sağ ol!

Gülsənəm

Sağ ol!

(Gedirlər)

Rüstəm
Bunlarda bu dil nədir?

Fatı
Yarəb, anamı sən alma əlimdən. Bu dünyada anasız qalmayım mən.

Qəmər

(Gülsənəm)
O ağlına, kamalına mən qurban.

Gülsənəm
Razı getdi qudalar, ay can, ay can.

Rüstəm
Bu yağlı dil ki, bu arvadlarda var, İlanı da yuvasından çıxardar.

Gülsənəm oynayır, sonra Qəmər də ona qoşulub oynayır.

Gülsənəm
Ağacda alma turş olar,
Yerə düşər meyxoş olar,
Bəzi kişi sərxoş olar,
Yarın canı, turun canı,
Sənə qurban yarın canı.

Rüstəm

(Oynaya-oynaya)
Öküz kimi işlətmişəm arvadı,
Evdə oturmağın var imiş dadı,
Cücə, bostan, xəmir çıxdı yadından, Uşağım da ağlamır, ay can, ay can. Olmasaydı bizim əziz qudalar,
Saman təpərdi dərimə bu yassar...

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri