Məzmun
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil

Səhifə 1 / 4

Birinci şəkil

Səhnə Bərdə sərhəddini təsvir edir. Otlu, çiçəkli, seyrək ağaclı geniş bir açıqlıq, or-
tada üstü yosunlu kiçik bir qaya, qaya ətəyində – ağac altında kiçik bir çeşmə çağla-
yır. İki sərhədbəyi – İnci və Mərcan pəhləvan qiyafəsində, əllərində süngü, qalxan,
bellərində qılınc, təpənin üstündə durub ətrafa diqqətlə baxırlar. Arxadan ardı kəsil-
mədən keçməkdə olan ordunun nəğməsi eşidilir.

Ey sərhədçi, ayıq ol sən,
Qoru yurdu yad kimsədən!
Qoru ellər ürəyini,
Qoru gözlər bəbəyini.
Torpağına girsə düşman,
Köksün olsun süngü, qalxan.
Aman vermə azğın qurda,
Ziyan verər anan yurda.

Pəhləvan qızlar səhnədən uzaqlaşır. Şəki xanı Tərxan, yanında vəziri Saltik, gəlir.

Tərxan
Durmayın, haxlayın vurulmuş ovu!

Saltik
Sənə yar oldu gəncliyin alovu.

Tərxan
Bax, vəzir, Bərdə ovlağı... Hər yan Qırqovuldur, turac, maral, ceyran.

Saltik
Hər şikarın yatağıdır o gədik.

Tərxan
Şəkidən ov edə-edə gəldik.
Görmədim böylə bir gözəl ovlaq.

Saltik
Hələ sən göy yamaclı dağlara bax! Qəlbə hakim olur gözəlliklər,
Belə yerdən qaçar düşüncə, kədər...

Sərhəddə ardı kəsilmədən ordu keçib gedir. Nəğmə və musiqi səsi ucalır.
Tərxan Saltikdən soruşur.

Tərxan
Bax, nədir o axın, yürüş, həyəcan?

Saltik
Hüduda ordu toplayır xaqan.

Tərxan
Nə üçün?

Saltik
Çünki rumlu İskəndər –
Hindi, İranı fəth edən qeysər
İndi də Bərdəyə gəlir.

Tərxan
Hay-hay!
Yoxsa çarpışmaq istəyir bu saray? Ovçu şahinə qırqovul neylər?
Tükünü qanlı caynağında didər!

Saltik
Sən də... Nuşabəni zəif sanma,
Qəhrəmandır o, hissə aldanma.
Elə coşqun, hünərli ordusu var,
Kükrəsə Qafı Elbrusa dayar.

Tərxan
Əjdaha olsa da, qadındır adı.

Saltik
Onda var odlu ildırım qanadı!
Həm igid, həm hünərlidir, gerçək.

Tərxan
Dişi ceyranı sən də öymə görək.

Saltik
Kişilərdən, inan, geri qalmaz.

Tərxan
Erkəyə tay olarmı ağlıdayaz?!
Hanı onlarda o kəsər, o hünər?
Yüzünü bir əli ağaclı yenər.

Saltik
Qarşına çıxmamış dişi aslan.

Tərxan
Oxuma, ey vəzir, mənə dastan!
Qeysərin dağ kimi bir ordusu var. Cənginə qarşı yer də, göy də susar.

(Bir an düşündükdən sonra)

Bəlkə başqa səbəblədir bu gəliş, Yoxsa, Nüşabəni o da sevmiş?

Saltik
Sevsə də, qız könül verərmi ona? Bağlıdır çünki başqa qəhrəmana. Çox çətindir onu keçirmək ələ.

Tərxan
Kimdir o qəhrəman? Açıq söylə!

Saltik
Uluğun qardaşı igid Salur.
Xanımın qəlbinin sevinci odur.
Şəklini öz sarayına asmış,
Hey pərəstiş edir ona yaz, qış.
Atası sağ ikən sevişmişlər.
Sevgiyə qarşı neylər İskəndər!..

Tərxan
Bu Salur sağmıdır, vəzir? Anlat!

Saltik
Nə deyim, xan, qəribədir bu həyat! Fitnə, acgöz qadın kimi gündə
Bir dona, rəngə, şəklə girməkdə. Bir üzü olsa ağ, beşi – qaradır.
Bir sevinc versə, min bəla yaradır. Məlik adlı bir özgə sərkərdə
Düşərək sevgi adlanan dərdə,
Salura qarşı bəsləmiş nifrət,
Axtarıb intiqam üçün fürsət,
Bərk hazırlıq gedən zamanda toya, Zindan olmuş ona geniş dünya.
Saluru bağçada yatan görmüş,
Bir zəhərli bıçaqla öldürmüş.

Tərxan
Bu cinayət açıldımı?

Saltik

Canan
Gözü yaşlı çalışdı xeyli zaman,
Ən sonunda cinayəti açdı,
Asdırırkən, Məlik duyub qaçdı.
Xanımın artdı möhnəti, dərdi, Hər yana xeyli atlı göndərdi.
Yoxa çıxdı, tapılmadı düşman.

Tərxan
Dərdli imiş, demək, yazıq xaqan!

Gəncə xanı Gəray gəlir.

Saltik

(onu görüncə)
Bax, Gəraydır.

Tərxan
Uğurlu olsun, xan!

Gəray
Səni xoş gördük, ey igid Tərxan!

Tərxan
Birbaşa Gəncədənmidir bu gəliş?
Hansı qüvvət bu ölkəyə çəkmiş?

Gəray
Biləcəksən, dayan, tələsmə bir az!

Tərxan
Xanların çantasında səbr olmaz!

Gəray
Sən nə məqsədlə gəlmisən Şəkidən? Fikrini aç de, gizləmə məndən.

Tərxan
Fikrimiz Bərdəni səyahətdir.

Gəray

(gülümsəyərək)
Bu səyahət də bir siyasətdir.

Tərxan
Sən neçin gəldin? İndi sən söylə!

Gəray
Sorma heç, aldığım bu dərd ilə
Bir cəhənnəm keçir mənə bu həyat.

Tərxan
Nə üçün? Durma, dərdini anlat!

Gəray
Məni Nüşabə eylədi təhqir,
Tökürəm intiqam üçün tədbir.

Tərxan
Siz onunla görüşdünüz nə zaman?
Susma, tez söylə!

Gəray

Sorma, ey Tərxan! Seyrə çıxmışdı bu çiçəkli düzə,
Gəldim o şən bahar ilə üz-üzə.
Eşqimi nazlı yara anlatdım,
Sözümə bal, noğul, şəkər qatdım.
Mənə söz verdi, bağladıq peyman,
Elçi getdi vəzirim Alp Arslan.
Söyləmiş: “Biz onunla əyləndik,
O da şənləndi, biz də şənləndik”.

Tərxan
O gözəl qız, o ovçu, şux tərlan
Könlünü ovlamış sənin.

Gəray

Tərxan!

Onu yenməkdə əlbir olsaq biz,

Çox gözəl bar verər diləklərimiz.

Qarşıda həm də rumlu qeysər var.

Çarəsiz, qorxudan bizə sığınar.

Beləliklə, o tabe olsa bizə,

Şübhəsiz, baş əyər hər əmrimizə.

Toxtasın dövləti, cəlalı sənə,

Təkcə Nüşabəni bağışla mənə.

Nə deyirsən? Bu işdə əlbir olaq?

Tərxan

Razıyam, kimsə bilməsin ancaq!

Məndə var dağları yıxan ordu.

Get hazırlan.

Gəray

Sağ ol, yaşa, qonşu!

(Gəray gedir, Tərxan düşüncəyə dalır)

Tərxan

(vəzirə)

Nədir, anlat, sehirli bu əsrar?

Bu gözəl qızda hər kəsin gözü var

Doğrusu, məndə də oyandı maraq.

Saltik

O qıza uyma, xan, bu fikri burax!

Ələ keçməz o nazənin afət.

Tərxan

Qüvvətə baş əyər hər ülviyyət.

Gəl ki, qiymətlidir bu an, bu zaman.

Fürsəti fotə verməz əqli olan.

Tərxanla Saltik gedir. İnci pusqudan çıxıb onların ardınca baxır.
Bu zaman Uluca gəlib İnciyə yaxınlaşır.

İnci
Qaplanı get çağır da sərhəddən;
Saraya dəvət et Uluğ bəyi sən.

Uluca
Bu nə həycandır, İnci, söylə?

İnci

Baba,
Qorxudaykən saray, bu el, bu oba,
Xanıma qarşı qonşu xanlıqlar
İttifaq etdi...

Uluca

Burda təhlükə var. Bu iki xanlıq olsa gər əlbir
Batırar ölkəni...

İnci

Nədir tədbir?

Uluca
Burada başqa bir düşüncə gərək,
Tapılar çarəsi, darıxma, gedək!

Hər ikisi gedir. Məlik - Kimon pusqudan çıxıb onların ardınca
kinli-kinli baxır.

Kimon
Onun eşqində qatil oldum mən,
Düşdüm itkin sevimli ölkəmdən.
O qızıl gül bənizli, laləyanaq
Mənim olsun gərək, mənim ancaq!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri