Məzmun
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil

Səhifə 3 / 4 · 50%

Üçüncü şəkil

Birinci şəkildəki görünüş. Nüşabə, onun ətrafında İnci, Uluca, Uluğbəy,
Mərcan, Almaz və başqaları dayanmışlar. Nüşabə təpə üstündən ətrafı göz-
dən keçirərək, yanında dayanmış kənkandan soruşur.

Nüşabə
O laçın bürcünə bu dağlardan
Atılan ləğm necə?

Kənkan

Ey xaqan,
Az qalıb qurtara.

Nüşabə

Bəs xəndəklər?

Kənkan
Qurtarıb.

Nüşabə

Pusquda durmuş qeysər, Çiy süd əmmiş, işi vaxtında görün, Olarıq yoxsa peşiman bir gün.
Anlayın ki, qazılan dəhnələrin
Çoxdur əhmiyyəti; düşmən hünərin Yenməyə nər kimi coşqun Tərtər
Ən çətin gündə bizə yardım edər.

Uluğbəy
Döyüşün üz-üzə bir ləzzəti var:
Süzməsə göydə qılınc, toppuzlar,
Yerdə də, göydə də rəqs etməsə baş, Nəşə verməz igidə, bil ki, savaş.

Nüşabə
Ağıl etsə qanı hər yerdə əvəz,
Qoruyar qüvvəti qurban verməz.
Elimin olsa da aslan ürəyi,
Ehtiyatdır igidin ilk bəzəyi.
Qeysərin qüvvəti zordur, bunu bil! Bir həqiqətdi bu, əfsanə deyil.

Uzaqdan atlı görünür. Almaz diqqətlə ona baxır.

Almaz
Kimdir o?

İnci

Atlı gəlir bax, çaparaq,

Uluca
Çox mühüm bir iş üçündür bu gələn.

Nüşabə
Şübhəsiz, fitnə törətmiş düşmən.

Atlı gəlib baş əyir.

Atlı
Uğur olsun, uca şanlı xaqan!

Nüşabə
Uğur olsun, nə xəbər var?

Atlı

Düşmən
Ölkəyə xəlvət adamlar salmış,
Nə ki un, ət və taxıl var, almış.
Göndərir başqa diyara.

Nüşabə

(ətrafındakılara)

Bu nədir? Ağacı qurdlar içindənmi yeyir?
Bizə gülməz bu fəlakətli xəbər!

Uluca
Gör nə fitnə törədir İskəndər!
İstəyir məmləkəti qoysun ac.

Nüşabə
Tülküyə ordum olardı möhtac!

(Ulucaya)

Baba, get, tez bu işə əncam çək!
Ölkədən zərrə də tərpənməyəcək!

Uluca, Uluğ bəy və atlı gedirlər.

Nüşabə

(Almaza)
Məni rahətsiz edir bu işlər.

(Kənkana)
Gəl, baba, hamsını bir-bir göstər!

Qabaqca Nüşabə, onun ardınca başqa qızlar təpədən enirkən əvvəlcə
Saltik, onun ardınca Tərxan gəlir.

Saltik
Xan, gəlir, bax, nə gözəldir, gerçək!

Tərxan
Öndəki qız, hamısından göyçək.

Qabaqca Nüşabə, onun ardınca başqaları danışa-danışa səhnədən
uzaqlaşmaq istərkən Tərxan Nüşabəyə yaxınlaşır.

Tərxan

Getmə, dur, mərhəmət et, ey can alan!

Bu turac könlümə saldın həyəcan.

Qızlar istehza ilə gülüşürlər.

Nüşabə

Bir bu gəncdə hünərə, cürətə bax!

Almaz

Bu kiçik yaşda uca niyyətə bax!

Nüşabə

Söylə, kimsən, haradansan, ey gənc?

Oynayırkən zər atırsan şeş, pənc...

Saltik

Şəki mülkündə, xanım, xandır bu,

Adlı-sanlı igid Tərxandır bu.

Qəhrəmandır, igidin hörməti var,

Özü gənc olsa da, şan-şöhrəti var.

Tərxan
(Aşiqanə nəzərlə Nüşabəyə baxaraq)

Söylə, Nüşabəmisən, nazlı mələk?

Səni gördükdə çiçəkləndi dilək.

Nüşabə

Ey igid, biz hara, Nüşabə hara!

Məstur

Düşmə Nüşabə adilə bu tora.

İnci

Burda sərhəd bəyiyik biz ancaq.

Almaz
İşimizdir ana yurdu qorumaq.

Tərxan
Məni aldatmamış əsla ürəyim,
Bax, budur, sevgili nazlı çiçəyim.

Mərcan
Tapmısan, tut ətəyindən, bərk tut, Başqa dilbərləri artıq sən unut!

Nüşabə
Yetişir, bizdə əzizdir qonşu,
Düşünün, bir nə zərafətdir bu?

İnci
O da gənc, biz də cavan; əylənirik, Bu çəmənlikdə bir az şənlənirik.

Nüşabə

(Tərxana)
Məqsədin nə, buraya gəlməkdən?

Tərxan
Məqsədim, sevgili yar, sənsən, sən!

Nüşabə
Nə zamandan bəri yar olduq, xan?

Tərxan
Olmadıqsa olarıq, ey canan!
Öz vəzirim bu gün elçi gələcək.

Nüşabə

(Almaza)
Bığlı-saqqallı çocuqdur, gerçək.

Qızlar gülüşürlər. Nüşabə qabaqca, onun ardınca Almaz və
Mərcan gedirlər.

Tərxan

(Öz-özünə)
Min bəla yağsa da göydən, yerdən, Çəkmərəm əl bu gözəl dilbərdən.

Məstur
(Tərxana yanaşaraq zarafatla)
Vaxt keçir, durma, hazırlıq gör, xan! Elçi gözlər o sevimli canan.

Tərxan

(Saltikə yanaşaraq)
Dəyməmişkən əli qeysər əlinə,
Elçi get məndən o nazlı gəlinə.

Tərxan və Saltik gedirlər. Günəş qüruba doğru enir. Qərb üfüqlərini gözəl lövhələr
bəzəyir. Uca, başı qarlı dağlar uzaqda büllur kimi ətrafa şəfəqlər saçır, hər tərəf
zəngin boyalarla bəzənir. İnci heyrətlə təbiətin bu gözəlliyinə tamaşa edir.

İnci
Qərb üfüqlərini bəzəyir günəş,
Yorulmaq bilməyir bu sönməz atəş. Qürubun günəşi oyadır sevda.
Yoxsa qəlbim kimi vurğundur o da?

Bu zaman İskəndərin sərkərdələrindən Attal bir neçə
Rum əsgəri ilə gəlib sərhəddi dolaşır.

İnci
Kimsiniz?

Attal

Sən kimsən?

İnci

Mən, sərhədbəyi!

Attal

(İstehza ilə)
Xaqanın ürəyi, gücü, dirəyi.

İnci
Bu nə söz? Sən kimsən?

Attal

Mən, bir pəhləvan.

İnci
Hardansan?

Attal

Hardanam?.. Gəlirəm Rumdan.

İnci
Sərhəddə girməkdən məqsədin nədir?

Attal
Buna bax! Millətlər bizə bəndədir.
Hər yerə at sürdük, bu məğrur dünya Duz və çörək ilə çıxdı qarşıya.

Axilles
Yunana baş əyir bütün dövlətlər,
Azadlıq paylayır böyük İskəndər!

İnci
O verən azadlıq nə gərək bizə?
Geri dön, soxulma şən ölkəmizə.
Geri dön!

Axilles
Kim məni qoyar yolumdan?

İnci
Vəzifəm!

Axilles

(İstehza ilə)
Vəzifəm, qürurlu ceyran...

İnci
Geri dön, deyirəm!

Attal

Ey qadın, çəkil!

İnci
Bu ölkə, ey adam, yiyəsiz deyil
Hər ötən soxulub dərsin barını!

Attal
Bax, əcəl söylədir miskin qarını...

İnci
Ölümlə qorxutma, rumlu pəhləvan, Bu eldə tapılmaz rumludan qorxan. Acizlər, miskinlər sizə bəndədir.

Axilles

(Attala)
Hər sözü tənədir, bir top iynədir.

Attal
Susdur bu naqqalı!

Axilles

Haydı, durma vur!

İnci
Neylər bir igidə yolkəsən quldur?

Axilles
Alın bu çəngini bizim çadıra!

İnci
Bu çəngi yenilməz rumlu ayqıra!

Qılıncını çəkib üzərinə hücum edən rumlu əsgərlə vuruşur, bu zaman
Uluğbəybirneçəigidlə gəlib ortaya atılır.

Uluğbəy
Ey, dayan! Bu dərəbəylikmi, nədir?

Axilles
Geri dur!

(Onun döşündən itələyir)

Uluğbəy

Yaramaz!

(Qılıncını çəkib vuruşur)

Attal

Bu nə fitnədir?

Qılıncını çəkib vuruşur. Bu zaman Uluca gəlib onları vuruşan görür.

Uluca
Dayanın, bu nədir, birinci görüş
Kin ilə başlanmaz, nədir bu döyüş? Dost ikən hər iki şövkətli dövlət,
Nə gərək bu qanlı, kinli ədavət? Nüşabə, İskəndər tutarsa xəbər
Sizə də, bizə də bərk cəza verər.
Barışın, dost kimi yanaşın bizə.
Dostlar, xoş gəldiniz bu ölkəmizə!

Attal

(Kinli)
Hələlik etdim bu qocaya hörmət.

Sərt baxışlarla İncini süzüb, gəldikləri yoldan geri qayıdırlar.
Uluca onların ardınca baxdıqdan sonra İnciyə yaxınlaşır.

Uluca
Qılıncdan kəskindir ağıl, siyasət,
Ayıq ol, döyüşə yaratma imkan,
Hər kiçik iş üçün tökülməsin qan.

İnci
Düşmənin kəşfiyyat qoludur bunlar.

Uluca
Nüşabə xatuna get xəbər apar.

(Uluğ bəyə yaxınlaşaraq)
İgidə yaraqdır səbir, ehtiyat,
Bunlarla gül açır, şənlənir həyat.

Uluca gedir. İnci onun ardınca baxaraq, dönüb saraya getmək istərkən,
Uluğ bəy İnciyə yaxınlaşır.

Uluğbəy
Getmə, dur, ölkəmin qəhrəman qızı.

İnci

(Utanaraq)
Ah, Uluğ!

Uluğbəy

Ömrümün ey şən ulduzu, El xəzinəsində dəyərli inci,
Ruhumun, qəlbimin sonsuz sevinci. Mənə bax, gözümdən qəlbimi oxu,
Sevgindən başıma bir çələng toxu.
Yad kimi uzaqdan baxma, gəl yaxın.

İnci
Ah, Uluğ, dərd edir hər yandan axın, Köksümün içində çarpan ürəkdir,
Məni də inlədən tək bir diləkdir.

Uluğbəy
Könül bir ovçudur, girir hər dona,
Azadə bir quşdur, neylərsən ona?

İnci
Ah, nədir qəlbimi çəkən bu qüvvət?

Uluğbəy
Darılma, o mənim sevgimdir əlbət,
Qəlbini qəlbimə bağlayan teldir.

İnci
Bu sevgi qaynayıb daşan bir seldir.
Köksümü yalayır hey çağladıqca,
Sevgidən həm gülüb, həm ağladıqca.

Uluğbəy
Sövdamın rəngi var yanaqlarında,
Həyatım gülümsər dodaqlarında.
Çeşmədən durusan, şəfəqdən oynaq. Belə mərd qızlarla gülər hər ocaq.

İnci
Ah, Uluğ...

Bir an gözlərini yerə dikib, sonra sürətli addımlarla səhnədən çıxıb
getmək istərkən, Uluğ bəy onu saxlayır.

Uluğbəy

Bir dayan, ey canlı çiçək!

İnci
Xanıma sözüm var!

Uluğbəy

Nədir? De görək?

İnci
Düşmənlər hüdudu pozmuşdur deyə, Gedirəm xanıma xəbər verməyə.

İnci gedir, Uluğ bəy onun ardınca həsrətlə baxır.

Uluğbəy
Gedişi köksümə çəkir odlu dağ,
Görüşü qəlbimdə yandırır çıraq.
Varlığım sarsılır onu görüncə.
Bu dilsiz sevgi, bu kədər, düşüncə
Qurd kimi gəmirir vurğun könlümü,
Sevgi yollarında yorğun könlümü.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri