Səhnə Jirikovun çadırını təsvir edir. O, Qodunov ilə nərd oynayır.

Qodunov (zərləri atır). Do ba yek.

Jirikov. Pənco çahar.

Qodunov. Dur, bu Kaxetiya şərabından bir qədər içim. (İçir). Ox, ruh verir, ruh. Oynayaq, dostum, çahar sə.

Jirikov. Do pənc.

Qodunov. Do pənc, demək, maaşımın hamısı getdi. (Almas üzüyü barmağından çıxarıb) Mən bu almas üzükdən keçirəm, sən də o Qafqaz çiçəyini ortaya qoymalısan.

Jirikov. Zəhranımı?

Qodunov. Zəhranı, Zəhranı!

Jirikov. Səni qırmızı şərab söylədir.

Qodunov. Xeyr, məni söylədən talesizliyimdir. Səndən igid, səndən bacarıqlı olduğum halda, daima arxada qalıram. Mən də gənc bir insanam, mən də gözəllərlə bəxtiyar bir həyat sürmək istəyirəm. O Qafqaz çiçəyinin uğrunda hər şeydən keçməyə qərar verdim.

Jirikov. Dəf ol, o yalnız mənimdir. Sən məni təhqir edirsən. Sən mənim namusum və heysiyyətimlə oynayırsan. Mən oynamıram.

Qodunov. Əlbəttə, oynamazsan. Oyunu qazandıqdan sonra qaçmaq – bu da bir növ oğurluqdur.

Jirikov (paraları masaya ataraq). Al paralarını!

Qodunov. Dırıjıkov!

Jirikov. Götür!

Qodunov. Bu mənim yaralarımı sağaltmaz. Mənə Zəhra gərəkdir, Zəhra!

Jirikov. Sənin əlin gətirməyir.

Qodunov. O məni əsla düşündürmür. Bu oyunları çox gördük. Mən açıq səhralarda doğulmuş azad bir insanam. Bu rütbəm, bu vəzifəm mənə nə vermiş? Heç bir şey! Çünki axmağam. Çünki heç bir təsadüfdən istifadə edə bilmirəm. And olsun Şərqə və Qərbə, bu təsadüfdən əl çəkməyəcəyəm. Zəhra mənim olmalıdır.

Jirikov. Azma, bura qul bazarı, Zəhra da satılıq mal deyil! Bilirəm, siz mənə həsəd edirsiniz. Mən ləzgilərə əsir düşdüyüm zaman bu qız həftələrlə mənə xidmət etmiş və qaçıb qurtarmağıma səbəb olmuşdu. Darğo qalasını aldığımız zaman qudurmuş qazaqlar onun arxasınca qaçırdı, mən yetişib bu gözəl şikarı onların əlindən aldım. O məni tanıdı, vəhşətdən iri-iri açılmış qara gözlərini üzümə dikib qaldı. O alıcı gözlər mənə qarşı kinlə deyil, hörmət və məhəbbətlə parlayırdı.

Qodunov. Sən taleyin bu süni boyaları ilə rəssamlığa qalxışma! Bunlar mənim mətanətimi qırmaz. Mənə acıqmı verirsən?

Jirikov. Bu sözləri onun üçün söyləyirəm ki, bu əsir qızın yalnız mənə məxsus olduğunu anlayasan. Mən daima öz eşqimin qaraulundayam. Zəhranı kimsə məndən ayırmaz! Sən bu tərsliyin ilə özünə dərin bir fəlakət quyusu qazırsan.

Qodunov. Götür manatlarını, xoşbəxt insan! Fəqət unutma ki, məni bu fikrimdən heç bir qüvvət çəkindirməz, qərarım qətidir; ya səadət, ya ölüm! (Gedir)

Jirikov yalnız. Bir az sonra qazaq, əlində məktub, daxil olur.

Jirikov. Yazıq! Sənin nəsibin ancaq ölüm və fəlakətdir. (Qazağa) Nə xəbər?

Qazaq. Şövkətli əfəndimiz, əlahəzrət qraf Varansovdan sizə məktub var. (Məktubu verib gedir)

Jirikov (məktubu oxur). Nə böyük səadət, məni padşahım öz hüzuruna çağırır. Şübhəsiz, bu yenə qrafinya Şumilina xanımın işi olacaq. Birlikdə keçirdiyimiz o gözəl qış gecələrini xatırlamış da, ayrılığa nəhayət vermək istəyir. Bu çox gözəl! Fəqət Zəhra?.. O da mənimlə getməlidir. Bu iki eşqi bir hiylə ilə bir-birindən gizlətmək şərtilə!

Zəhra (daxil olur). Ah, sıxılıram, knyaz.

Jirikov. Sən düşünürsən, Zəhra! Bət-bənizin qaçmış. Səni rahatsız edən nə şeydir, söylə?

Zəhra. Mən namussuz və günahkar bir qızam, knyaz!

Jirikov. Burax bu sözləri, Zəhra!

Zəhra. Bu gün yaşıl bir təpədə oturmuşdum. Bir də gördüm, Aslan qarşımda durur və məhəbbətlə məni oxşayıb deyir: Zəhra, sən mənimsən. O, məni sevə-sevə iki qolları arasına aldı. Mən vəhşi ahu kimi ondan qaçdım.

Jirikov. Zəhra, mənə sənin qəzavü-qədərin lazım deyil. Burax onlar bu vəhşi dağlarda qalsın. Söylə görüm, mənimlə başqa ölkəyə gedərmisən?

Zəhra. Haraya?

Jirikov. Başqa bir məmləkətə.

Zəhra. Bu gözəl yerlərdən uzaqlaramı?

Jirikov. Şimala, Rusiya paytaxtı olan Peterburqa.

Zəhra. Of, nə ağır təklif. Məgər sən gedirsən?

Jirikov. Sabah, səhər ertə.

Zəhra. Səbəb?

Jirikov. Əlahəzrət padşahımız məni öz yanına çağırır və mənə uca bir rütbə və vəzifə verir.

Zəhra. Düşmənimin ölkəsinəmi?

Jirikov. Nə söyləyirsən, Zəhra?! Bax, gör sən hardasan?

Zəhra. Öz düşmənimin çadırında.

Jirikov. Zəhra, məgər mən sənə düşmənəm? (Zəhra sükut edir) Cavab ver. Sən mənimlə Peterburqa gedəcəkmisən? Ora bizim paytəxtdir. Əzəmətli saraylar, yüksək binalar, böyük idarələr, geniş küçələr, qaldırımlar, hər şeydən artıq eyş və səadət...

Zəhra. Yox, mənim orada nə işim var? Onlar bizim sərbəst yaşamış xalqımızı, azad ölkəmizi boyunduruq altına alıb əsir etmək istəyir. Yox. Mən bu yoxsul xalqdan, bu uca dağlardan, bu yaşıl təpə və yamaclardan ayrılmaram.

Jirikov. Yoxsa səni Aslanın məhəbbəti saxlayır?

Zəhra. Yox, o artıq məni sevmir.

Jirikov. Yoxsa ümidvar olursan ki, atan səni bağışlayacaq?

Zəhra. O da mənə lənət oxuyur.

Jirikov. Ya qardaşlarına güvənirsən?

Zəhra. Of! Xain bir qızı kim sevər?

Jirikov. O halda vətən və millətin üçün silahlanmaq istəyirsən.

Zəhra. Ax, mən artıq kimə lazımam? Yer, göy mənə lənət oxuyur.

Jirikov. Axmaq! Səni burada lənət, nifrət, orada məhəbbət və səadət bəkləyir. Mən gedirəm, bu gün son fikrini mənə söylərsən!

Zəhra (yalnız). Ah, mən burada sarp və yalçın qaya başından uçuruma doğru atılmaq istəyən vəhşi bir ceyran vəziyyətindəyəm. Ey gözəl Qafqazın mətin qayaları, mən sizdən ayrıla bilərmiyəm? İndi məni qolları arasında sevə-sevə böyüdən atam, qardaşlarım mənə lənət oxuyur. Ölkəmizin qəhrəmanları məndən nifrətlə üz çevirir. Aslan da gurlayan səsilə: “Zəhra, lənət olsun sənə!” – deyə bağırır. Rəhmətlik anacığım da gəmik əllərini məzardan çıxarıb: “Zəhra, Zəhra, lənətlər olsun sənə, sən mənim qızım deyilsən!” – deyir. Ah, anacığım, anacığım!

(Yıxılır)

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri