Səhifə 3 / 3 · 67%

Oruc. Sən bilmirsən o necə tərsdir. Nə deyirsən qaya kimi səs verir.

Yasəmən. Söz deməyin qaydası var. Bəs mənim sözümdən niyə çıxmır?

Gülpəri. Yaxşı, yaxşı, beş-on şahı pul gətirir deyə sən də bu tat qızını dingə eləyib başımıza qoyma.

Yasəmən. Sənin kimi ananın elə də oğlu olar. Əti acı, dili acı. Yazıq bir parça quru çörəyi də göz yaşı ilə yeyir. Siz yaxşılıq bilməzsiniz.

Oruc. Bura bax, sən bizə ağıl öyrətmə, bu matrağı görürsən?

Qaracaqız gəlir. Yasəmənin qarşısında oturur. Yasəmən onu qucaqlayır.

Qaracaqız (Yasəməni qucaqlayıb). Ay ana, nə yaxşı sən varmışsan. Yoxsa mən bir saat burda dayanmazdım.

Yasəmən. Neylərdin, qızım?

Qaracaqız (Yasəmənin qulağına). Qaçardım.

Yasəmən. Dəli balam, hələ de görüm, bu gün yaxşı çalıb oxudunmu?

Qaracaqız. Ana can, elə yaxşı oxuyub çaldım ki, adamlar dəfimin içinə pul ilə doldurdular.

Yasəmən. Sənə bundan da yaxşı havalar öyrədəcəyəm. Dəfi götür, dünən öyrətdiyim havanı oxu, görüm necə öyrənmisən?

Qaracaqız (tez qalxır). Qoy ayını gətirim, çalıb oxuyaq.

Yasəmən. Yaxşı qızım, get, gətir. (Qaraca qız gedir)

Gülpəri. Adamın allahı var, indi ağ günə çıxmışıq. Hər gün dəf dolusu pul gətirir.

Yasəmən. Ancaq yetimin günü, rüzgarı yoxdur.

Oruc. Nə qədər ki, tərsdir matraq yeyəcək.

Qaracaqız ayı ilə oynaya-oynaya gəlir. Dəfi əlinə alır, çalır, oxuyur, ayı ilə
üz-üzə oynayır.

Qaracaqız (oxuyur).

Ey mehriban ayım oyna

Mən çalım, oynayım, oyna!

Sən şabaşla dəfi doldur,

Gətir ver, mən sayım, oyna!

(Ağacı ayının əlinə verir, ayı qoca kişi kimi əlində ağac

əyilə-əyilə oynayır)

Gül çiçəkli yaz gəlmişdir.

Ayım, söylə bu nə işdir?

Yoxsa sən də qocalmısan

Belin neçin əyilmişdir?

(Ayının başına papaq qoyur)

Ey bığları burma oğlan!

Saf poladdan qurma oğlan!

Qırqovullar bax, səslənir.

Nişan al tez, durma, oğlan!

(Ayının başına qırmızı dəsmal salır)

Mənim ayım, çoban qızı,

Yanaqları al qırmızı.

Boyu onun sərv ağacı,

Başı Şüvəlan qarpızı.

Oyun bitdikdən sonra ayaqlarını aralayaraq dəfi onlara tərəf tutur.
Yasəmən dəfin içinə bir abbası pul atır.

Yasəmən. Sağ ol, qızım, sağ ol, hələ sənə bundan da yaxşı mahnılar, oyunlar öyrədəcəyəm.

Oruc (ayının böyrünə matraq ilə bərk vurur. Ayı bərk donquldanır). Apar, apar, ayını bağla!

Qaraca qız ayı ilə oynaya-oynaya gedir. Arabir dayanır.
Ayı matraq dəyən yeri dililə yalayır.

Gülpəri (göyə baxaraq). Paho, göy üzü yaman bulanır. Buludlar üstümüzü alır.

Oruc. Bir yağış yağacaq ki, tut ucundan göyə çıx.

Gülpəri. Tez ol, tez ol çadırın ətrafına dərin xəndək qaz. Bərk yağış yağsa çadırı da, bizi də sel apara bilər. İki dağın arasındayıq. Bu dərə yaman selli dərədir. Yadımdadır, bir dəfə burda selin ağzından özümüzü zor-güc ilə qurtardıq.

Oruc. Gəlin, gəlin, xəndək qazaq.

Qaraca qız, Yasəmən, Oruc əllərində külüng, bel çadırın ətrafını qazırlar. Göy gu-
ruldayır, şimşək çaxır.

Yasəmən. Mənim ürəyimə damıb, bu yağış ziyansız keçməyəcək. Onsuz da çaya bax, necə daşır. Sel getdikcə güclənir.

Oruc (Qaracanı ayağilə bərk vurur). Sən bu tərsin bir külüng vurmağına bax!

Qaracaqız (acıqla). Niyə vurursan?

Oruc. Görünür, könlün yenə matraq istəyir.

Qaracaqız. Dayan, sənin bu matraqlardan canımı elə qurtarım ki, bir də mənim üzümü görməyəsən.

Oruc. Sən o günü görməyəcəksən.

Qaracaqız (tərəfə). Görərik.

Gülpəri. Oruc, Oruc çay daşır, sel bizə tərəf gəlir.

Yasəmən. Vay, başıma kül!

Göy guruldayır, şimşək oynayır, ildırım çaxır, şiddətlə yağış yağır.

Gülpəri. Sel bizi ağzına alıb aparmasa yaxşıdır. (Yerindən qalxıb çadıra tərəf gəlir) Hələ bir yağışa bax!

Oruc. Çadıra gəlin, bura salamatlıqdır.

Gülpəri. Çadıra girir. Yasəmən, Qaraca və Oruc tamaşa edirlər.

Yasəmən. Təpələrdən dərəyə axan selə baxın! Bu allahın bəlasıdır.

Meymun çadıra girir.

Qaracaqız. Sən bu meymuna bax, o da qorxusundan gəlib çadıra sığınır.

Oruc. Yaxşı yadıma düşdü. Qız, tez ol get, ayını aç, gətir.

Qaracaqız. Vay, bu yağışda, seldə mən necə gedim.

Yasəmən. Bu uşağı göndərmə, o bacarmaz!

Oruc. Bəs kim getsin? (Qaracanın qolundan itələyir) Get deyirəm sənə!

Yasəmən. Niyə özün getmirsən?

Oruc. Sən ağzını yum. (Qaracanın qolundan tutub itələyir) Sənə get deyirəm!

Qaracaqız (ağlayır)Mən qorxuram.

Yasəmən. Yaxşı, yaxşı mən gedərəm... O qız ilə işin olmasın. (Getmək istəyir)

Qaracaqız. Sən getmə, ana can, bax, çay daşıb o tərəfi bürüyür.

Oruc. Bir bax, canlarının üstündə nə əsirlər.

Yasəmən. Sən yaman əsirsən. (Getmək istəyir)

Qaracaqız. Getmə, ana can, getmə, qoy mən gedim.

Yasəmən. Yox, qızım, səni qoymaram.

Qaracaqız. Qorxma, mənə bir şey olmaz.

Getmək istərkən Yasəmən onu tutub saxlayır.

Yasəmən. Sən dur, tərslik etmə, mən gedirəm. (Gedir)

Şimşək oynayır, ildırım çaxır, ayı qorxusundan dartınır, budağı qırıb zəncirilə
bərabər qaçır. Gülpəri başını çadırdan çıxarıb ətrafa baxaraq:

Gülpəri. Vay! Bu sel dünyanı basacaq.

Qaracaqız (həyəcanlı). Anamı sel aparmasa yaxşıdır, hanı görünmür? (Yasəmən seldən keçmək istərkən yıxılır. O ayağa durmağa çalışarkən sel onu itələyib irəli aparır. Nə qədər çıxmağa çalışır, bacarmır. Birdən bağırır)

Yasəmən. Vay...

Qaracaqız. O nə səsdir? Vay!.. Anamın səsidir... (Tez qaçır, yolun yarısından) Köməyə gəlin, anamı sel aparır.

Oruc da qaçır, Qaraca özünü selə vurur, sel onu o tərəf-bu tərəfə atır.

Yasəmən. Qızım, sən gəlmə batarsan. Orucu çağır, Orucu.

Qaracaqız. Ana can, qorxma, mən üzməyi yaxşı bilirəm. Oruc əmi!.. Oruc əmi!.. (Özünü selin ağzından qurtarıb Yasəmənə çatdırır. Onun qolundan tutub çəkir. Sel onları o tərəf-bu tərəfə vurur. Oruc gəlir)

Oruc. Qız, sən Yasəməni bu tərəfə çək. Əlini uzat, mən səni çəkim.

Qaracaqız. Mən anamı tutmuşam...Əlim sənə çatmır... Bir az irəli gəl!

Oruc. Ha, qoçaq qız, qolundan tut, bu tərəfə çək.

Qaracaqız. Sel qoymur... Sən də gəl!

Oruc. Mən gələ bilmərəm... Bərk tut, ha qoçaq... Ha!.. Çək... Bu tərəfə. Vay... Sel hər ikisini alıb aparır. Təkcə başları görünür. Odur yenə üzə çıxdılar. Qaraca, Qaraca!..

Qaracaqız. Vay! (Ağlayır). Anamı sel aparır.

Oruc. Ağlama... Yasəməni o daşa tərəf çək.

Qaracaqız. Çəkirəm, sel qoymur, məni də batırır... Köməyə gəl!..

Oruc. Yox, mən gələ bilmərəm.

Qaracaqız. Vay... Anamı sel daşa vurdu.

Oruc. Ha, qoçaq qız... Bu tərəfə çək... Sel sizi sahilə vurur.

Qaracaqız. Sən əlini mənə uzat, tez ol, tez ol!

Oruc əlini ona uzadır, Yasəməni yarımcan sudan çıxarırlar.

Yasəmən. Vay... vay...

Qaraca qız başının dəsmalını açıb Yasəmənin başını ağlaya-ağlaya bağlayır.

Qaracaqız. Vay, başı daşa dəyib yarıldı. Qan gör necə axır. Ana can, ana can...

Yasəmən. Of, əl vurma, qızım, ölürəm.

Oruc. Nə olub, sənə ki... Başı yarılmaqla adam ölməz.

Gülpəri. Oruc, Oruc, gəl məni burdan götür.

Yasəmən. Məni yerimdən tərpətməyin. Of, Qaraca hanı?

Qaracaqız. Burdayam, ana can! (Qucaqlayıb ağlayır)

Yasəmən. Yetim balam, yazıq balam! (Onu qucaqlayır, ağlayır.

Qaraca başını onun başına söykəyib ağlayır)

Oruc (birdən). Ayı nə oldu? (Birdən gedir baxır, tez qayıdır)

Qaracaqız. Ana can, başın çox ağrıyır.

Yasəmən (halsız). Qızım, belim, of, belim yaman ağrıyır.

Qaracaqız (əli ilə başına baxır). Qan heç kəsilmir.

Oruc. Ayı budağı qırıb qaçmış, get onu tap... Tez ol!

Qaracaqız. Mən onu harda tapım? Bəlkə onu sel aparmış?

Oruc. Mən bilmirəm... Harda olsa tap gətir, yoxsa...

Qaraca ağlayır.

Yasəmən. Oruc, dayan, nə qədər canımda can var, sənə vəsiyyətimi eləyim. Dörd-beş ildir səninlə yaşayıram, acı söyüşdən başqa bir şey görməmişəm. Cavan ömrümü çürütdüm, min zülm, min cəfa etdin. Bunların hamısını sənə halal edirəm. Ancaq sən də mənə söz ver ki, bundan sonra Qaraca qız ilə mehriban dolanıb onu incitməyəcəksən... (Halsız olur)

Oruc. Yaxşı, yaxşı...

Qaracaqız. Ana can... ana can... sənə nə oldu?

Yasəmən (halsız). Heç... heç... qızım. (Onu qucaqlamaq istəyir, bacarmır) Vay...

Oruc. Yasəmən!.. Yasəmən!..

Qaracaqız. Ana can, ana can!.. Of, cavab ver... Ana can, sənə nə oldu?

Yasəmən canını təslim edir.

Oruc. Bu da belə getdi.

Qaracaqız. Ana can, ana can, məni kimə tapşırıb gedirsən. Sən ölmə, qoy mən ölüm, mən sənsiz yaşaya bilmərəm. (Ağlayır)

Gülpəri (bağırır). Ay oğul, ay oğul, gəl məni burdan götür.

Oruc. Sənin də kefin gəlib. Bəxtəvər, arvad burda ölüb, ayı budağı qırıb qaçıb, sən də canıyın hayındasan... (Qaracaya) Qalx, zırıldama, tez ol, ayını get tap. (Qolundan tutub çəkir)

Qaracaqız. Burax qolumu... Mən anamı qoyub hara gedirəm.

Oruc. Dur deyirəm sənə. Ayı tapılmasa dərini boğazından çıxaracağam. De görüm o hara qaçar?

Qaracaqız. Nə bilim.

Oruc. Necə nə bilim.

Qaracaqız. Onun gücü məndə olsa, mən də zənciri qırıb qaçaram.

Oruc. O meşəyə qaçmış olacaq... Gəl gedək, axtaraq

Qaracaqız. Bəs anam?

Oruc. Çox mırıldanma, ayını tapıb tez qayıdarıq.

Qaracaqız. Yox, mən anamın yanından ayrılmaram.

Oruc (matrağı qaldırıb havada oynadır və onun qolundan bütün qüvvətilə dartıb çəkərək). Matraq yeməmiş, dur get deyirəm.

Qaracaqız (ağlayır). Of, nə yaman günlərə qaldım.

Meymun gəlir. Qaracanın ayaqları ucunda yalmanır.

Oruc (matraq ilə meymunu vurur). Dur get burdan. (Gülpəriyə) Biz getdik, sən meymundan göz-qulaq ol.

Gülpəri. Ay oğul, məni sel ağzında qoyub hara gedirsən?

Qaracaqız (Yasəmənə baxaraq). Ay... Ana can... ana can... Mən sənsiz nə edəcəyəm?!

Oruc. Yubanma, gedək. (Gedirlər)

Gülpəri. Məni sel ağzında qoyub getdilər. Bəs mənim halım nə olacaq? Bəlkə yenə sel gəldi... Yox, mən burda qala bilmərəm... Gedim başıma bir çarə eləyim.

Birdən şimşək oynayır, ildırım çaxır.

Gülpəri. Vay... Mən burada qala bilmərəm. (Qaça-qaça gedir)

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri