Usta Bəxtiyar
Səhifə 1 / 2
Bir gün öz taleyindən razı olan zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. Qoca vəzirinin bu söhbətlərdə iştirak etmədiyini hiss edincə şahın əhvalı pozuldu, vəzirin bu söhbətlərə münasibətini bilmək məqsədilə soruşdu:
– Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?..
Qoca vəzir öz fikrini açıq söyləməkdən qorxaraq, bir an başını yerə dikib durdu. Saray adamları vəzirin susduğunu görüb, yer-yerdən dedilər:
– Padşahım, yer üzündə sizdən xoşbəxt kim ola bilər? Sizdə olan bu cəlal, bu dəbdəbə kimdə var?
Vəzirin susmağından şah qəzəbləndi. Qaşlarını çataraq, acıqlı səslə:
– Vəzir, mənim sualıma niyə cavab vermirsən? – deyə soruşdu. Vəzir baş əyib cavab verdi:
– Padşahım həqiqəti söyləməkdən qorxuram, bəxtiyarlıq haqqında mənim fikrim başqadır. Onu cəlal və dəbdəbə ilə ölçmək olmaz!
Bu sözlər padşahı qəzəbləndirdi:
– Qoca, yoxsa məndən daha bəxtiyar adam tanıyırsan?
Qoca vəzir baş əyib cavab verdi:
– Qibleyi-aləm, sizin kimi xoşbəxt bir padşahın vəziri olduğum üçün mən də özümü bəxtiyar bir adam sayıram. Bizim bu şəhərdə bir dəmirçi var, adı Əhməddir. Bu adam dünyada dərd nədir, qəm nədir, bilməz. O qədər gözəl və xoşbəxt həyat sürür ki, hamı onun adını “Bəxtiyar” çağırır. Dəmirçi Əhməd desən, heç kəs onu tanımaz. O bu şəhərdə Usta Bəxtiyar adı ilə məşhurdur.
Padşah istehza ilə gülərək soruşdu:
– Onun bəxtiyarlığı nədən ibarətdir? Dəmirçilik hara, bəxtiyarlıq hara?
– Yox, padşahım, mən də birinci dəfə eşitdiyim zaman inanmadım. Dükanına getdim, evinə getdim, axırda onun çox bəxtiyar bir adam olduğuna inandım...
– Gördüklərindən danış, biz də bilək.
– Danışmaqla başa gəlməz, onu görmək lazımdır!
Padşah lap hövsələdən çıxdı, elə o saatca taxtdan enərək:
– Yaxşı, qalx gedək, onu mənə göstər, göstər görüm səhərdən ax şamacan çəkic vuran bu kasıb dəmirçinin məndən nəyi artıqdır, – dedi.
Vəzir qalxdı, hər ikisi dərviş paltarı geyib yola düşdü. Bazara çatdıqda, vəzir dəmirçi Əhmədin dükanını göstərib, özü qayıtdı. Padşah dərviş paltarında gedib Usta Əhmədin dükanı ağzında dayandı; Əhməd qonşu dəmirçilərlə söhbət edirdi. Dəmirçilərdən biri ondan soruşurdu:
– Usta Bəxtiyar, biz də sənin kimi dəmirçiyik. Bu nədəndir ki, sənin çəkicinin altına düşən dəmir o saat gözəl bir alət olub çıxır? Bunun sirrini bizə də öyrət!
– İş çəkicdə deyil, iş onu vurmaqdadır.
– Yaxşı, biz də elə onu öyrənmək istəyirik. Sən çəkici istədiyin yerə elə düz vurursan ki, bir tük qədər də oyan-buyan olmur. Mən niyə elə vura bilmirəm?
– Sənin qəlbində o qədər xılt-mılt var ki...
Başqa bir dəmirçi Usta Bəxtiyarın sözünü kəsdi:
– Bu doğrudur, mən dəmirçiliyə başlayanda on səkkiz yaşım var idi. Usta Bəxtiyar isə elə bu sir-sifətdə toxtamış kişi idi. İyirmi beş ildir dəmirçiyəm, bu iyirmi beş ildə bir dəfə də onu dərdli, kədərli görməmişəm. Həmişə şaddır. Mən qocalıram, o, gündən-günə cavanlaşır. Heç olmasa bizə bu sirri başa sal.
Usta Bəxtiyarın üz-gözündə, həmişə gülümsəməyə alışmış dodaqlarında uçuşan sevinc qığılcımları çəkic altında odlu dəmirdən uçuşan qığılcımlara qarışdı. O, nə isə cavab vermək istəyirdi ki, gözü qapıda dayanmış dərvişə sataşdı; çəkici əlindən yerə qoyub:
– Ağa dərviş, günortanız xeyir olsun, mənə görə qulluq?
Dəmirçilərdən biri qəhqəhə ilə gülərək dedi:
– Günəş çoxdan əyilib, axşamdır, biz dükanı bağlayıb evə getmək istəyirik, bu isə ağa dərvişə günortanız xeyir, deyir.
– O həvəslə ki, o işləyir, yaxşı ki, sabahın xeyir demədi.
– Kişi yorulmaq bilmir.
Usta Bəxtiyar gülümsədi:
– Sənətini sevən yorulmaz! Buyurun, ağa dərviş, əmriniz nədir:
Dərviş gözlərini Usta Bəxtiyarın üzünə dikərək:
– Mənim səninlə işim yoxdur, – deyə geri çəkildi.
Usta Bəxtiyarın bütün ailə üzvləri süfrə başına oturub, deyib, gülüb danışırdılar. Bu zaman qapı döyüldü. Qapını açan Usta Bəxtiyar
bazarda gördüyü dərvişi dərhal tanıdı, qolundan tutaraq:
– Buyur, ağa dərviş, buyur, xoş gəldiniz! – deyə onu içəri gətirib yer göstərdi.
Usta Bəxtiyar qonağı məşğul etmək üçün şirin-şirin danışırdı. Süfrəyə çay gəldi. Usta Bəxtiyar stəkanı qaldırıb baxdıqdan sonra:
– Pəh, pəh, nə gözəl dəm çəkib, padşah da ömründə belə çay içməyib, – dedi.
Bir az sonra süfrəyə piti gəldi. Ceyran hər kəsin xörəyini qablara çəkib qabağına qoydu. Dərviş ətin az olduğunu görüb:
– Ət neçə girvənkədir? – deyə soruşdu.
– Hər gün yarım girvənkə ətimiz olur. Bu gün qonaq gəldiyinə görə bir fincan su artırmışam, – deyə Ceyran gülümsəyərək cavab verdi.
Usta Bəxtiyar məmnun tövrlə dedi:
– Demək, ağa dərviş öz payını yeyir, bizə heç minnəti yoxdur.
Sonra o, böyük iştaha ilə yeməyə başladı. Xörək ona o qədər xoş gəldi ki, özünü saxlaya bilməyib:
– Ağa dərviş, həvəslə ye, belə pitini padşah da ömründə heç yeməyib, – dedi.
– Görünür öz həyatından çox razısan, süfrəyə gələn hər şey səni fərəhləndirir.
– Fərəhləndirir, çünki o bizim Ceyranın əlindən çıxır.
– Demək, Ceyranı çox sevirsən? Nə əcəb demədin ki, belə arvad heç padşahın sarayında da yoxdur?
– Sarayda Ceyrandan gözəl xanımlar çoxdur. Ancaq, ağa dərviş, yaddan çıxarma ki, azad məhəbbətdən doğan səmimiyyət şah sarayında tapılmaz. O, başqa bir aləmdir...
Səhər oldu. Usta Bəxtiyar qəlyanaltıdan sonra xudahafizləşib qapıdan çıxdı. Həyətdə tut ağacı başında budaq-budaq gəzən bülbül şaqır-şaqır ötür, səhər nəğməsi ilə Usta Bəxtiyarı salamlayırdı. Bəxtiyar köhnə dostunun şən nəğmələri altında addımlarını iri-iri ataraq, Dəmirçi bazara gəldi, dükanı açdı, ocağı qaladı, bir dəmir parçasını ocağa qoyub körüklədi. Dəmir parçası köz kimi qızardıqda onu maşa ilə götürüb zindan üstünə qoydu, çəkici qaldırıb vurmaq istərkən şahın carçısı bazar başında uca səslə bağırdı:
– Şahın əmri ilə bütün dəmirçi dükanları bağlanmalıdır. Dəmirçilik qadağandır! Dəmirçilik qadağandır!..
Bu səs Usta Bəxtiyarın qolunu taqətsiz buraxdı. Ömründə dərd, kədər görməyən könlünə bir ağırlıq çökdü. Şahın fərraşlarından biri dükanları bağlada-bağlada Usta Bəxtiyarın dükanına çatdı, kəskin və məğrur bir səslə:
– Dükanı tez bağla! – dedi. Usta Bəxtiyar cavab vermədi. Əlindəki dəmir parçasını dükanın bir tərəfinə atdı, ocağı söndürdü. Dükanı bağlayıb getdi.
İki gün sonra padşah Usta Bəxtiyarın halını soruşmaq üçün dərviş paltarında saraydan çıxdı şəhərin küçələrini gəzə-gəzə yeni tikilməkdə olan bir bina qarşısına yetişdi. Gördü ki, bir bənna çox həvəslə işləyir. Adamlar koma-koma durub onun işləməyinə tamaşa edir. Bənna ikinci qatda bir divar üstündə durub aşağıdakı atılan kərpicləri bir-bir tutur və çox cəld divar hörür. Bənna elə iti işləyir ki, əllərini görmək olmur, tamaşaçılardan biri deyirdi:
– Maşallah, bir ustaya bax, əllərini görmək olmayır, buna həzarpeşə Bəxtiyar deyərlər. Dünyada bunun əlindən gəlməyən bir sənət yoxdur.
Dərviş ürəyində gülərək:
– Hərif dəmirçilikdən bənnalığa keçibdir, – dedi.
Axşam oldu, şamlar yandı. Dərviş Usta Bəxtiyarın kefini soruşmaq üçün qapıya gəldi. Otaqda saz çalınırdı. Saz o qədər məharətlə çalınırdı ki, dərviş həvəslə dinləməyə başladı. Çalğı qurtarınca hər tərəfdən:
– Sağ ol, ata, sağ ol, ata, yaşa, yaşa! – səsləri ucaldı.
Bu vaxt Ceyranın səsi eşidildi:
– Əhməd, sən əlinə bu sazı alanda cavanlığımız yada düşür.
Usta Bəxtiyar şən və gurlayan səslə:
– İndi də heç qocalmamışıq, ay arvad, biz həmişəbaharıq, – dedi.
Ertəsi gün Usta Bəxtiyarı padşahın hüzuruna gətirdilər... Usta Bəxtiyar taxtın qabağında durub şaha baş əydi. Padşah soruşdu:
– Adın nədir?
– Padşah sağ olsun adım Əhməddir.
– Bəs nə üçün sənə Usta Bəxtiyar deyirlər?
– Bu adı mənə camaat veribdir.
– Çox yaxşı, Usta Bəxtiyar, eşitmişəm ki, sən çox qoçaq adamsan; ona görə də səni sarayda fərraş təyin edirəm.
Vəzir: “Pəh, bu kişi doğrudan xoşbəxtdir, – deyə pıçıldadı. – Çəkicin, daş-palçığın üzündən qurtardı. Maaşı yoxsa da, gündə onon beş qran kasıb-kusubdan çalıb çapar, bu pul onun dədəsinə də çatar, özünə də”.
Bu sözləri eşidincə Usta Bəxtiyarın gözləri kəlləsinə çıxdı. İkiqat əyilib, padşahın təklifini rədd etmək istədi:
– Qibleyi-aləm, məni çevir başına, fərraş eləmə.
Vəzir baş əyərək:
– Padşahım, yaxşı tanımısan, fərraşlıq bu kişinin elə bil boyuna biçilib, – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-usta-bextiyar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Arxa planda silsilə dağlar, qayalıqlar, otlu-çiçəkli yamaclar, ortada alma bağı, daha*sonra göz işlədikcə sünbülləri saralmış tarlalar. Bağ ilə tarlaların arasından bir çay*
Üçüncü pərdəAtababa dəmirçi dükanında işləyir. Alagöz ocağı körükləyir. Atababa bir*dəmir parçasını ocağa atır, başqa birisini döyəcləyə-döyəcləyə oxuyur.*
Dördüncü pərdəDivlər bir qalada qarət etdikləri şeyləri yerə qoyub dincəlirlər, Zorba sandığa*söykənib oturmuşdur.*
Beşinci pərdəBirinci şəkilSəhnə Quzğun şahın zülmət kimi qaranlıq ölkəsini təsvir edir. Susuz, çılpaq çöl, ara-*