Səhifə 1 / 3

Günəş tovuz qanadlarını Nil çayı sahillərinə çətir kimi açmış, quşlar xurma, limon və portağal ağaclarında səhər şənliyinə başlayaraq, budaqdan-budağa atılır, yeni doğmaqda olan günəşi şən nəğmələri ilə salamlayırdı. Səid, oğlu Nail ilə xurma ağaclarının quru budaqlarını kəsib yerə atırdılar. Bu zaman arvadı Zəhra aşağıdan səsləndi:

– Səid, qapıya arşın malçı gəlmişdir, pul ver, Naziləyə paltarlıq üçün üç arşın çit alım.

Səid ciblərini araşdıra-araşdıra:

– Zəhra, bu gün yeməyə nəyimiz var? – deyə soruşdu.

– Çörəkdən başqa heç bir şeyimiz,.. Tez ol, pul ver!

– Demək, bu gün allaha qonağıq, – Sonra aşağıda səssiz pul gözləyən Zəhraya baxaraq:

– Pulum yoxdur! – dedi.

Nail kəsdiyi budağı yerə ataraq:

– Ata, sənin elə həmişə pulun olmur, – dedi.

Səid dərindən köksünü ötürdü:

– Oğlum, bu ingilis quldurları əl-qolumu elə bağlamayıb ki, cibimdə pul tapılsın. Yenə az-çox ovçuluq əlimdən tutur.

Zəhra ərini danlamaq üçün bəhanə tapdı:

– Taxsır özündədir. Bu gün ova nə üçün getmədin? Ovçu hər gün ovda olsun gərək.

– Zəhra, nə üçün belə deyirsən? Sən bilirsən ki, bizim Nil çayından timsah tutmaq nə çətin işdir. Mən hər ova gedəndə ölümü gözümün altına alıram. Elə dünən çayın sahilində böyük bir timsaha rast gəldim. Qabağını kəsib tüfənglə vurdum. O bağıra-bağıra dal ayaqları və quyruğu ilə üstümə o qədər daş, torpaq atdı ki, az qaldı altında qalıb tələf olam. Bir daş topuğuma elə dəydi ki, ağzı üstə yerə yıxıldım. Mən durunca timsah qaçıb özünü suya saldı. Gecə ayağımın ağrısından yata bilməmişəm. İndi də hələ göynəyir.

Nail dəhşətdən iri-iri açılmış gözlərini atasına dikib dedi:

– Ata, bundan sonra timsah ovuna getmə!

– Getməyim bəs nə yeyək?

Bu cavabın ağırlığı altında hamı susdu. Səid dərindən inləyərək dodaqaltı pıçıldadı:

– Bizi əsir kimi yaşadan bu ingilisləri görüm yox olsunlar! Uşaqlara bir parça çörək də qazana bilmirəm.

Nailin uşaq qəlbi döyündü, o, gözlərini uzaqlara dikərək dərin-dərin düşünməyə başladı. Onun bu halını görən atası:

– Oğlum, nə düşünürsən? – deyə soruşdu.

Nail yuxudan ayılmış kimi nə cavab verəcəyini bilməyib şaşqın-şaşqın atasının üzünə baxdı. Sonra özünü topladı. Uzaqda görünən uçuq binanı əli ilə göstərək:

– Heç, ata, bax, oraya baxırdım. Keçmişdə o binada kimlər yaşayırdı? – deyə soruşdu.

Səid binanın yeni görürmüş kimi, diqqətlə nəzərdən keçirdikdən sonra belə cavab verdi:

– Oğlum, qədim insanlar Nil çayını müqəddəs sanırdılar; çünki Nil çayı daşıb sahilləri basdığı zaman məhsul bol olur və xalq rahat yaşayır, quraqlıq illərdə isə ac qalırdı. Ona görə də Nil çayı sahilləri suvarsın deyə hər il ona qurban verərdilər. Hər il yaz başında gözəl qızlardan bir dəstə seçib püşk atardılar. Püşk hansı qıza düşsə, o qızı gəlin kimi geyindirib, bəzəyib, əvvəlcə sən göstərdiyin o binaya gətirərdilər. Bu bina keçmişdə ibadət yeri olmuşdur. Ruhanilər qızı dualadıqdan sonra onu təntənə və nümayişlə Nil çayı sahilinə gətirib: “Ey müqəddəs Nil çayı, bizim qurbanımızı qəbul et!” – deyə, qızı qollarının üstündə havaya qaldırıb, birdən Nil çayına atardılar.

Anası Zəhra ilə bərabər quru xurma budaqlarını yerdən toplamaqda olan Nazilə:

– Ata, bu adət yaxşı ki, indi yoxdur, – dedi.

– Qızım, o zaman təbiət hakim idi; çünki xalq təbiətdə zühur edən hadisələrin əsas səbəblərini bilmirdi. Bu gün isə insanlar təbiətə hakim olmağa başlamışlar. O zaman xalq, timsahları da müqəddəs sanırdı. – Sonra əli ilə yaxındakı dərə kimi geniş çuxuru göstərərək: – Bu geniş dərəni görürsünüz, keçmişdə bu dərədə bir neçə timsah bəslənirdi, – deyə izahat verdi. Xalq onların qulaqlarına kiçiklikdən qızılı sırğa asıb, əllərinə qızılı halqalar keçirərdi. Öldükdən sonra onları mumiyaya tutub, müqəddəs evlərdə saxlayardı.

Nail soruşdu:

– Bəs onlar nə yeyirdilər?

– Timsahları hər gün görməyə gələnlər ən dadlı yeməklər gətirib, onları bəsləyirdilər.

Söhbətə Zəhra qarışdı:

– Bu timsahlar insan cəmdəkləri də az yeməyiblər. Yemək gətirən insanları çox zaman tutub yeyirmişlər, deyirlər.

Nail heyrətlə:

– Bəs o adamlar nə üçün timsahlara yemək gətirirmiş? – deyə təkrar soruşdu.

– Çünki onlar timsahları müqəddəs bilirdilər. Onların əqidəsincə timsah hər kimi yesə, cənnətə gedər.

Hər şeyi bilməyə, öyrənməyə can atan Nail yenə soruşdu:

– Ata, Nil çayı daşıb hər il bu dərəni dolduranda nə üçün bizi gölün ətrafına qoymursan? İndi ki, orada timsah yoxdur.

– Oğlum, bilmək olmaz. Su şiddətlə axıb gələndə özü ilə bərabər timsah gətirə bilər.

Zəhra budaqları yığa-yığa ərinin sözlərinə qüvvət verdi:

– Keçən ilki daşqında su lap qapımızın ağzına qədər gəlmişdi.

Nazilə:

– Ana, dərə hələ də yaşdır, yaxşı qurumayıbdır, – dedi. Sonra dərədən dərdiyi çiçəyi göstərdi.

Nail çiçəyə baxaraq:

– Nə yaxşı çiçəkdir, gedib mən də dərəcəyəm, – deyə dərəyə tərəf qaçdı, Nazilə onun arxasınca qaçmağa başladı.

– Nail, dayan, mən də gəlirəm!

– Hər ikisi dərəyə endi. Çiçək dərib kiçik bir dəstə tutduqdan sonra bir dik yerdə oturub danışırdılar. Hər biri öz gül dəstəsini tərifləyirdi. Birdən Nazilə oturduğu yerdən qalxaraq:

– Vay, altımda yer tərpənir... – deyə oturduğu yerə diqqətlə baxmağa başladı, Nail də yerindən sıçrayaraq:

– Doğru deyirsən, Nazilə, bir bax, yer hərəkət edir, sanki canlı bir şey yerin altında tərpənir.

Hər ikisi qaça-qaça gedib əhvalatı Səidə söylədilər. Səid külüng, bel və balta götürüb uşaqlarla birlikdə həmin yerə gəldi. Uşaqlar o yeri atalarına göstərdilər. Səid diqqətlə o dik yerə baxıb, onun altında canlı bir şey olduğunu anladı.

– Nail, tez get böyük dəmir mıxı bura gətir, – dedi.

Nail mıxı gətirincə Səid gözlərini o yerdən ayırmayıb diqqətlə baxırdı. Dörd-beş metrlikdə yer arabir yavaş-yavaş tərpənirdi. Hətta bir-iki yerdən torpaq çatlamışdı. Nail mıxı gətirdi. Səid uşaqlara dedi:

– Siz yaxın gəlməyin uzaqda oturub tamaşa edin. Özü külüng götürüb, o yerin tam ortasından qazmağa başladı. Yarım metrə qədər qazmamışdı ki, əlinə yumşaq bir şey toxundu. Torpağı bel ilə təmizləyib nə gördü? Timsah!..

Onun bel hissəsindən baş tərəfini təyin etdi. Bu dəfə heyvanın baş tərəfindən qazmağa başladı. Yarım metr qazmışdı ki, heyvanın başı göründü. O artıq yaz havası duymuş olduğundan daha şiddətlə tərpənməyə başladı. Səid tez nişanlayıb, dəmir mıxı başının tam ortasından balta ilə vurmağa başladı. Dəmir mıx yarısına qədər getməmişdi ki, birdən yerin altından elə şiddətli bağırtı qopdu ki, dəhşətdən qulaqlar tutuldu. Nail ilə Nazilə qorxub qaçmağa başladılar. Səid gülə-gülə:

– Qorxmayın, timsahdır, yoldaşlarını köməyə çağırır, ancaq bu mənim pəncəmdən qurtara bilməz, – deyə yenə mıxı bütün qüvvəti ilə vurmağa başladı. Qan timsahın başından fəvvarə vurub axırdı. Səid:

– Tez ol, böyük badyanı gətir, – deyə Naili evə göndərdi. Nail qaçıb badyanı gətirdi. Səid badyanı qan ilə doldurub bir tərəfə qoydu. Timsah bağırmaqda davam edir və başından qan fışqırdıqca ətrafı gözəl müşk və ənbər qoxusu bürüyürdü. Səid bütün gücünü toplayaraq, mıxı balta ilə şiddətlə vururkən timsah yenə elə dəhşətlə bağırdı ki, Nail qulaqlarını əli ilə tutaraq:

– Vay, nə yaman səsi var! – dedi. Səid başını qaldırıb cavab verdi:

– Bu o qədər böyük timsah deyil, bir də dörd ay yer altında yatdığından qüvvəti azalmışdır. Elə timsahlar olur ki, bağıranda insanın ürəyi titrəyir, az qalır ödü ağzına gəlsin. Dörd-beş buğanın səsini bir yerə yığsan, ancaq o səsə bir az bənzəyə bilər.

Səsə Zəhra gəldi.

– Siz burda neyləyirsiniz, qorxarsınız, qaçın evə!

Timsah candan düşmüşdü. Buna baxmayaraq arabir səsi eşidilir və həzin iniltisi gəlirdi. Zəhra:

– Səid, ehtiyatlı ol, ziyan yetirər, – dedi.

– Qorxma, canını almışam. Bir də bu timsahların dabbaqda gönünü tanıyıram. Onlar qüvvət qarşısında dovşan kimi qorxaq olur. Sən məni Nil çayı sahilində timsahların qarşısını kəsdiyim zaman görəsən! Donuza bənzər qorxaq gözlərini üzümə dikib baxır və arabir həzin-həzin səslənirlər.

Nail uşaq sevinci ilə atılıb düşərək:

– Ay can, ay can, bu gün timsah qovurması yeyərik. – dedi.

Nazilə də eyni sevinc içərisində idi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri