Səhifə 1 / 2

Səhnə. Azərbaycan kəndlərindən birini təsvir edir. Qabaq tərəfdə kəndə gedən
dar bir yol, sağ tərəfdə İldırımın kiçik bağı və dəyirmanı. Sol tərəfdə Ba laxanımın
evinin pəncərələri, qapısı və iki-üç pilləsi. Səhnənin arxası sıx meşəlikdir. İldırımın
bağının yanından meşəyə ensiz bir cığır gedir. Arxasında dağarcıq, yoxsul müsafir qi-
yafəsində olan Rüstəmlə Mürşüd danışa-danışa gəlirlər. İldırımın bağını görün-
cə, hər ikisi dayanıb mənalı baxışlarla bağı və dəyirmanı süzür.

Rüstəm. Ey dünya! Hər zaman burdan keçəndə İldırımın odlu mahnılarını, dəyirmanın “taq-tuq” səsini eşidirdik. İndi səssizlikdən qulaq batır. Atalar yaxşı deyib: “Sahibsiz mal ağlar”. Dəyirmana, ağaclara baxsana, necə yetim kimi qəmli-qəmli durur!.. Ax, İldırım! Bu bədbəxt ölkədə nə qədər igid olsan, yenə də axırın yoxdur. Bu bağ, bu dəyirman da bir gün acgöz səfilərə mal olacaq.

Mürşüd. Ona Qorxmaz oğlu İldırım deyərlər, a kişi, sən öz dərdinə qal.

Rüstəm. Hansı dərdimə qalım? Bəs mən nə üçün öz kəndimdən baş götürüb gedirəm? Səfi ilə Şükürün, görüm, evi yıxılsın, evim, eşiyim, qoç kimi oğlum onların keyfinə qurban oldu. Bu zülm toxmağı kimin evini yıxmadı? Bu toxmaq bir gün İldırımın da başından enəcək, ondan qorxuram.

Mürşüd. Qorxma, İldırım qoçaq igiddir, ona batmaq çətindir.

Rüstəm. A kişi, igidliyə baxan kimdir? İldən artıqdır ki, zindanda çürüyür.

Mürşüd. Rüstəm, bu işdə Səfinin də əli var?

Səfi bəy ovçu qiyafəsində gəlirkən Rüstəm onu görür.

Rüstəm. Sus! Qurd dedin, qulağı göründü, bizi burda görməsin.

Hər ikisi bağda ağac altında gizlənir. Səfi bəy ovçu qiyafəsində, sağ qolunda qızıl
quş, məğrur və kinli baxışlarla İldırımın bağına və dəyirmanına baxır.

Səfibəy. Gəldiyini bilirəm. Əyilməyən başları mən belə əyərəm, bax! Bu kəndlərdə mənə burun qalxızan bir kişi qoymayacağam. Hələ dur, bu bağ, bu dəyirman də mənim olacaq.

Acıqlı baxışlarla meşəyə doğru gedir. Rüstəm və Mürşüd çıxırlar.

Rüstəm. Ay gorbagor olasan sənin kimi oğul qoyub gedən ata!

Mürşüd. Rüstəm, hələ bir fikir verdin nə deyirdi? Deyir ki, İldırım gəlibdir.

Rüstəm. Görəsən, bu da nə hiylədir. Onu, görüm yox olsun! Bu qəzanı kor qoyanlardan biri də o deyilmi? Onun söndürmədiyi bir ocaqmı var? İldırımı dolaşdıran o olmadımı?

Mürşüd. Doğrusu, bundan xəbərim yoxdur.

Rüstəm. Sən də, rəhmətliyin oğlu, dünyadan xəbərsizsən ki...

Koxa Xankişini döyürdü, İldırım yetişib ona dedi ki, kəndliləri bu qədər incitmə, bir də adam döydüyünü görsəm, bu kənddə ya sən qalacaqsan, ya mən. Bu söz üstündə Səfi ilə Şükür onu dolaşdırdılar.

Mürşüd. Eh... görəsən, bu zülmlərə göy nə üçün dinmir?

Rüstəm. Əyə, yurd yiyəsiz qalanda donuz təpəyə çıxar. Bu dərdləri deməklə qurtarmaz. Yolçu yolda gərək, sağ ol. Mürşüd, halal elə məni.

Mürşüd. Xoş gəldin. İşin avand olsun, Rüstəm.

Bir-birindən ayrılırlar. Rüstəm həsrətli baxışlarla kəndə baxır və başıyla onu salam-
lar kimi olur. Mütərəddid, yorğun addımlarla meşəyə doğru gedir.
Mirzə Möhsün və İldırım daxil olurlar.

Mirzə Möhsün. Sən necə oldu qurtardın?

İldırım. Qardaşın İmran qurtardı. Yazıq gecə-gündüz çalışırdı. Onun yanında çox xəcalətəm.

Mirzə Möhsün. Borcudur! (Əlini onun çiyninə qoyaraq) Dostum, bu bəlanı da başdan sovduq. Bundan sonra bir qədər ehtiyatlı olmalısan...

İldırım. Ehtiyatlı olmaq sən nəyə deyirsən? Bu xainlərin hər buyruğuna boyun əyib, hər işinə susmaqmı? Onu mən bacarmayacağam.

Mirzə Möhsün. İldırım, igidliyinə çox güvənmə. Hər işdə tədbir lazımdır.

İldırım. Mirzə Möhsün, sən üç il mənim müəllimim oldun. Səni tanıdığım gündən söylədiyin hər sözə fikir verirəm. Bəyəndiyim sözlərinə əməl edirəm. Yadındadırmı, deyirdin ki, “zalimləri yaşadan məzlumlardır, zülmə boyun əymək, insanlığı alçaltmaqdır, zülmə qarşı zülm ədalətdir”. Bax, bu sözlərin beynimə çoxdan mıxlanıb. Bir də deyirdin: “Bugünkü məsələni bu gün həll etmək lazımdır. Zaman nə doğsa, ona görə iş görməlidir”. Bu sözlərinin misli yoxdur.

Mirzə Möhsün. Bu sözlər mənimdir, inkar etmirəm. Ancaq hər zamanın hökmünü dərindən düşünmək lazımdır. Məsələnin ən çətin cəhəti də burasıdır. Mən başqa sözlər də söyləmişəm, bəs onlara nə üçün əməl etmirsən?

İldırım. Beynimə batmadığı üçün. Yalnız bu iki sehrli fikrin məni əsir etmişdir. Bu zəhərlənmiş ölkənin qoxumuş havasında yalnız bu iki qüvvətlə nəfəs alıram. Gələcəyi bunlar mənim qarşımda canlandırır.

Ülkər və Günəş gəlir, onları görüncə ağac arxasında gizlənirlər.

Mirzə Möhsün. Bir gül ilə bahar olmaz. Səni, məni və bütün xalqı ağır pəncəsi altında əzən çar hakimliyidir, çar istibdadıdır. Bu ikibaşlı qartalın öldürücü pəncəsindən qurtarmaq üçün xalq içinə girməli, ona yavaş-yavaş hüququnu, mənliyini anlatmalıdır. Xalq ayılmayınca, sənin, mənim çıxışlarım fayda verməz!

İldırım. Ona sözüm yoxdur. İnan, Mirzə Möhsün, nə qədər ki xalq bu iki qüvvətə sarılmayıb, zəncirlər qırılmaz. Bizim xalq mələməzdir, hər zülmə qarşı susur, hər əmrə boyun bükür. Çarpışmaq lazımdır!

Mirzə Möhsün. Hüququnu anlayan kişi susmaz!

İldırım. Susanlar azdırmı?

Mirzə Möhsün. Onlar zamanı düşünürlər.

İldırım. Yox, onlar özlərini düşünürlər. Hər iş nə zaman görülsə, faydalıdır, “əldən qalan əlli il qalar”.

Mirzə Möhsün. Hər meyvənin bir mövsümü olduğu kimi, hər fikrin də bir zamanı var. Vaxtından əvvəl yetişmiş meyvələr qurdlu olur.

İldırım. Fikir meyvəyə bənzəməz. Sən bu iki fikri nə qədər ayıblamağa çalışsan, qəbul etməyəcəyəm. Əgər günəşi sağına, ayı soluma qoysan, bu fikirlərinlə qəlbimdə yaxdığın şöləni söndürə bilməzsən. Məsləkcə səninlə bir olsam da, bəzi yerdə fikircə ayrılırıq. Hələ de görüm işlər necə gedir?

Mirzə Möhsün. Çox yaxşı. Ancaq irtica gündən-günə güclənir... İnqilabçılara möhkəm divan tutulur. Arabir əlimə keçən qəzetlərdən görürəm ki, firqəmiz gizli işə keçsə də, fəhlələrin tətilləri, nümayişləri davam edir. Biz buradakı işimizi onlarla birləşdirməliyik. Yoxsa bir pristavı, bir yasavulu, bir şəhər hakimini öldürməklə yaramız sağalmaz!

İldırım. Həbsxanada olduğum zaman bir çox inqilabçı ilə görüşdüm. Məsləki yolunda öz canlarını qurban verən bu adamlarda aslan ürəyi var.

Mirzə Möhsün. Əlbəttə! Bu saat hər yerdə qızğın təbliğat gedir. Bax, belə, onlar kimi əlbir işləmək lazımdır!

İldırım. O da lazımdır, bu da lazımdır. Nə isə, bu məsələ hələ qalsın... Müəllim, çoxdan səninlə ova getməmişik, nə deyirsən, gedirsənmi?

Mirzə Möhsün. Gedək! Ancaq, dostum, zindan səni yaman inqilabçı edib. Təzyiq əkstəzyiq göstərib.

İldırım (gedə-gedə). Hələ orada bir-iki siyasi kitab da oxumuşam.

Onlar gedirlər. Günəş ilə Ülkər ağac arxasından çıxırlar.

Günəş. Eh, getdilər, görüşə bilmədim. (Düşünür) Ülkər, qardaşımla İldırımın söhbətini eşidirdin? Məncə, İldırım haqlıdır. Ülkər, məni əsir edən, qırılmaz tellərlə ona bağlayan da bu qüvvətdir. Sən hansını haqlı görürsən?

Ülkər. İldırım igiddir, ancaq mən bir az da qardaşın Mirzə Möhsünü haqlı görürəm.

Günəş (düşünür). Ülkər, sən burada dur, qardaşım gəlincə İldırımla görüşüm. Bilirəm o, tüfəngini evdən alıb yol ağzında qardaşımı gözləyəcək.

Günəş sürətlə gedir. Ülkər arxasınca baxaraq

Ülkər. Bu da İldırımın dəlisi. Mənim də bura İldırım üçün gəldiyimi bilmir. Ax, İldırım, sən nə bəlasan!

Bir daş üstündə oturub həzin-həzin düşünür. İldırım və Günəş gəlir.

Günəş. Çox şükür, sizi bir də görə bildim.

İldırım. Sağ ol, Günəş xanım, çox sağ ol!

Ülkər (onları görməyib oxuyur)

Səndən düşdüm aralı,

Qəlbim oldu yaralı,

Bir ildən artıq oldu

Sən xatirim soralı.

Günəş. Ülkərdir!

İldırım. Sus, Günəş! (Hər ikisi onu dinlər)

Çürüdün yad ellərdə,

Adın qaldı dillərdə,

Ovçu qəlbim çöllərdə

Gəzər, tapmaz maralı.

İstəyimə irmədim,

Yada könül vermədim,

Mən mislini görmədim,

Dünya məclis quralı.

Hicran ömür biçmədə,

Qəlbim zəhər içmədə,

Gəl ki, ömür keçmədə

Fırtınalı, boralı.

Günəş. Of, nə yaman mələyir.

İldırım (özünü Ülkərə göstərmək istər, yüksəkdən). Mənim kiçik bağça-bağım bu gün nə qədər şənlənmiş! Günəş doğmuş, ülkər də parlayır...

Ülkər onları görüncə utancaq bir tövr alır.

Günəş. İldırım da gurlayır!

İldırım. Mən işığımı günəşdən və ülkərdən alıram. (Ülkər yaxınlaşır) Uğurlar olsun, Ülkər!

Ülkər (məhcub). Sağ ol!

İldırım. Amma nə qədər gözəl səsin var. Sən buralarda nə gəzirsən? Bizimlə görüşməkdən qorxmursanmı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri