Vəzifə
Səhifə 1 / 4
I
Noyabrın acıqlı bir sabahı idi. İki gün əvvəl başlamış olan xəzri hələ bütün şiddəti ildə davam edir, bir ildırım gurultusu ilə ətrafı sarsıdır, yerləri eşərək, göylərə sovurmuş olduğu toz-torpaqdan fəzanı qalın, sarımtıl bir örtüyə bürüyürdü. Qapı-bacaların vıyıltısı, pəncərələrin cingiltisi, uzaqdan eşidilməkdə olan dəniz dalğalarının dəli gurultusu ruhlara ağırlıq verir, əsəblərdə acı bir sızıltı hiss etdirirdi. Küçələr bomboş idi. Damlarda pişiklər, küçələrdə itlər belə gəzməyə cəsarət etmirdi. Yalnız arabir işə gedən adamlar yerdən burun-burun yüksələn toz-torpaqdan üz-gözlərini köksləri üzərində gizləməyə çalışaraq, iri addımlarla gedirdilər.
Müəllim stol başında oturub dərslərinə hazırlaşır, həm də arabir qulaqlarında, hətta bütün vücudunda sızıltı doğuran bu əzici gurultunu dinləyirdi. birdən-birə qapının zəngi vuruldu. Səhər tezdən, həm də təbiətin belə qudurmuş bir zamanında gəlmiş adamın kim olduğunu bilmək istəyən müəllim yerindən sıçradı, qapını açdı. Qapı ağzında orta yaşlı, sümük vücudlu, uzunboy bir adam dururdu. Salam verdi, cavab aldı.
– Bağışlayın, narahat etdim. Beş-on dəqiqə sizinlə görüşməyə vaxtınız olarmı? – dedi.
Müəllim onu iş otağına aparıb, yer göstərdi.
Hər ikisi oturdu. Naməlum adam haradan və necə sözə başlayacağını bilməyən adamlara məxsus bir halda kipriksiz gözlərini yerə dikərək durdu. Onu narahat edən daxilindəki çırpıntı və fırtına meşin kimi quru üzündə, ağı qarasından böyük olan gözlərində, qaraya çalan incə dodaqlarında dalğalanırdı. Gecələrini yuxusuz keçirmiş adamlar kimi qızarmış göz qapaqları bir-birinə yaxınlaşmış, pərişan saçlı kiçik başı qabağa doğru əyilmişdi. Ətrafının tükləri tökülmüş papağı, yaxası yeyilmiş qalın köhnə paltosu, rəngsiz köynəyi və yaxalığı onun kiçik bir məmur olduğunu göstərirdi. O, dərin sükutdan sonra, nəhayət, başını qaldırıb, söz söyləmək istəyənlərə məxsus bir vəziyyət aldı. Baxışlarındakı ciddilik, gözlərinin içində titrəyən əsəbi rənglər və ziyalar onun çox kədərli olduğunu bildirirdi. Əllərini bir-birinə sürtərək, stulunu bir az da müəllimə yaxınlaşdıraraq sözə başladı:
– Məhkəmədə kiçik bir qulluğum var. Adım Həsəndir – dedi. Ayda əlli manat maaş alıram, başqa gəlirim yoxdur. Var, çoxdur. Lakin mən o işlərə tənəzzül edən adamlardan deyiləm. Əlli manat maaş almaq nə demək olduğunu bilirsiniz. Ailəm də arvadım, qızım, bir də sizin tələbəniz Xosrovdan ibarətdir.
– Hansı Xosrov?
– Teymurzadə Xosrov.
– O mənim ən yaxşı tələbələrimdəndir. Demək, siz onun atasısınız? Sizinlə çoxdan görüşməyi arzu edirdim. İndiyə qədər tanış olmadığıma təəssüf edirəm. Bu nöqsanın kimə aid olduğunu deyə bilmərəm.
Müəllimin sözlərindən ürəklənən Həsən əllərini bir-birinə sıxaraq nəzakəti andıran vəziyyət aldıqdan sonra dedi:
– O nöqsanı mən öz üzərimə götürürəm. Hər halda mən gəlməli, Xosrovdan mən xəbər tutmalı idim. Lakin bu vaxta qədər mənim gəlməyimə heç bir səbəb yox idi. Bu dəfə başıma gələn böyük fəlakəti bildirmək üçün sizi narahat etmək cəsarətində oldum.
– Xoşdur... buyurun!..
– Hə... Mən nə söyləyirdim? – deyə Həsən əlini başına aparıb, düşündükdən sonra axtardığını tapmış olan adamlara məxsus bir səslə sözə başladı: – Hə... mən bu ay maaşımı alıb evə apardım. Həmişə etdiyim kimi ev xərci üçün beş manat ayırıb, qalan pulu yazı stolunun qutusuna qoydum, bağlayıb açarını götürdüm. Məmurluq həyatını bilirsiniz; ayın axırlarına doğru pul əriməyə başladıqca adamın cəsarəti qırılır, evə lazım olan ən mühüm şeyləri almaqdan belə çəkinir, ancaq maaş alandan sonra o mühüm şeyləri almaq məcburiyyətində qalır. Ona görə də ayırdığım beş manatı sərf etmiş olduğumdan yenidən pul götürmək üçün qutunu açdım. Pul qoyduğum vəziyyətdə dururdu. Lakin həcmi mənə kiçik göründü, nəzərə çarpacaq qədər kiçik. Şübhələnmiş olduğumdan pulları götürüb saydım. Otuz beş manat idi!
O, əllərini dua edirmiş kimi göyə qaldıraraq, heyrətlə müəllimə baxdı.
Son cümləni söylərkən Həsənin səsində və hərəkətindəki heyrətdən müəllim də özünü itirdi, çaşqın-çaşqın onun üzünə baxdı.
– Puldan on manat götürülmüşdü...
– Yaxşı, sizcə onu kim götürmüş olar?
– Məncə, on manatı Xosrov oğurlamışdır.
– Siz bunu nədən bilirsiniz?
– Bilirəm, başqasının işi deyil!
– Xosrovdan belə hərəkət evdə bir neçə dəfə görünübmü?
– Xeyr, bu birinci dəfədir.
– O halda siz hansı məntiqlə Xosrovdan şübhələnirsiniz?
Həsən, müəllimə daha da yaxınlaşdı, fikrini anlada bilmək üçün sözünə davam etdi:
– Bu pulu kənar adam götürə bilməz. Çünki bizim evə gəlib-gedən çox azdır. Bu pulu ya arvadım, ya qızım Rəmziyyə, ya da Xosrov götürməlidir. bu üç nəfərdən başqa heç kimə güman getməz. Arvadım götürməz, çünki pulu özünə, ya evə bir şey almaq üçün götürəcək olursa gec-tez oğurluğu meydana çıxacağından qorxar. Evdə heç bir şey mənim nəzərimdən qaçmır. Məmurluğumda rəsmiyyəti çox sevdiyim kimi, ailə həyatında da rəsmiyyəti çox sevirəm. Əlavə, arvadım, əlli manat maaşımın üstündən on manat götürməyin nə olduğunu gözəl başa düşür. Bir də ki, uşaqlarına və evə bağlı qadındır. Uşaqlarının korluq çəkməsinə əsla razı olmaz. Qızım Rəmziyyəyə gəlincə, o hələ kiçikdir.
Həsən birdən-birə vəziyyəti dəyişərək, sürətlə qoltuq cibindən bir açar çıxartdı. Onu müəllimə göstərərək:
– Mən unutdum, qutunun açarı həmişə mənim qoltuq cibimdə olur. Rəmziyyə isə mənim cibimdən bu açarı çıxarıb qutunu açmağa, oradan pul götürməyə cəsarət etməz. Həm də bilirsiniz ki, qızdır. Qızların əhval-ruhiyyəsi bu kimi işlərə uyğun deyildir. Bu iş Xosrovun üzərində qalır.
Həsən sözlərini bitirmişdi. Hər ikisi ağır və əzici bir sükut içində düşünürdü. Müəllim başını qaldırıb:
– Bilirsinizmi, mənim fikrimcə, bu işi Xosrov etməyibdir. O, çox tərbiyəli, ciddi və namuslu uşaqdır. O, oğurluq etməz! – dedi.
– Elə isə, bəs bu on manat necə olub?
– Siz bəlkə evə xərcləmək üçün beş manat deyil, on beş manat götürmüsünüz?
– Mən beş manatla on beş manatı bilməyən, aldığını və etdiyini düşünməyən, çaşqın, başısoyuq adamlardan deyiləm. Beş manata aldığım şeylər də meydandadır. Bu kimi ehtimallara əsla yol verməyin, çünki olacaq şey deyil! O pulu qəti surətdə Xosrov oğurlamışdır. Bu işi açmanızı və pulu ondan almanızı xahiş edirəm.
– Bu barədə özü ilə danışmısınızmı?
– Danışmışam, həm də çox ciddi. Lakin o, boynuna almır. İkinci gündür bu məsələ ilə məşğulam. Bir nəticə vermir. Ağır cəzalar verdim, qorxutdum, anası yalvardı-yaxardı, heç bir fayda vermədi, “mən götürməmişəm” deyə israr edir.
Müəllim də Xosrovdan şübhələnməyə başlamışdı, çünki Həsənin göstərdiyi dəlillər, söylədiyi məntiqi sözlər çox əsaslı idi. Pulu mütləq Xosrov götürmüşdü. Lakin nə məqsədlə bunu etmiş olduğunu öyrənmək lazım idi.
– Son zamanlarda Xosrovun həyatında və əhval-ruhiyyəsində siz bir dəyişiklik hiss edirsinizmi? – deyə müəllim sükutu pozdu.
– Mənim bildiyim, hiss etdiyim bir şey yoxdur!
– Halbuki məktəb həyatında son zamanlar xeyli dəyişiklik hiss olunur.
– Necə dəyişiklik?
– Son zamanlar çox dalğındır, dərslərini çox vaxt hazırlamır. Oyunlarda yoldaşları ilə iştirak etmir. Həmişə bir tərəfdə büzülüb düşünür. Dərs zamanı o, nəyinsə xəyalına dalır, soruşarkən cavab vermir, eşitmirmiş kimi üzümə baxır. Onda doğan bu halların səbəbini mənə anlada bilərsinizmi?
Həsən heyrətdən böyümüş gözləri ilə müəllimi süzərək:
– Bunları mən bilmirəm. Dərslərinə gəlincə, hər axşam kitablarını oxuyur, çalışır – dedi.
– Elə isə yenə sizin məsələyə keçək. Bu kimi işlərdə çox ehtiyatlı olmaq lazımdır. Xüsusən uşaq on dörd-on beş yaşlarında ikən çox mühüm bir böhran dövrü keçirir. Ən kiçik yanlış bir hərəkətin onun tərbiyəsi üzərində ziyanlı bir təsiri ola bilər. Sizin söylədiyiniz sözlər əsaslıdır. Mən də artıq Xosrovdan şübhələnməyə başladım. Fəqət o, ağlı başında, mühakiməsi sağlam bir uşaqdır. Əgər o, bunu etmişsə, mütləq bir məqsədlə etmişdir. Məni maraqlandıran, düşündürən o məsələdir. Yəqin bu məsələ onun dalğınlığı ilə də əlaqədardır. Bu xüsusda yoldaşınızla görüşərək, ondan da lazım olan məlumatı almağıma icazə vermənizi xahiş edirəm.
– Mümkündür. Mən işə gedirəm. Yoldaşım az-çox məktəb görmüş qadındır. Evimizin ünvanı budur, buyurun, hər zaman təşrif gətirə bilərsiniz – deyə Həsən ayağa qalxdı.
– Mən bu gün məsələni ətraflı öyrənib Xosrovla danışaram. İşdən sonra mütləq məktəbə gəlin.
Müəllimlə görüşüb çıxmaq istərkən Həsən dedi:
– Elə güman etməyin ki, məni narahat edən on manatdır. Bütün bədənimdə bir qırıqlıq, bir sızıltı hiss edirəm. Xosrovun etmiş olduğu bu çirkin hərəkəti heç bir zaman bağışlamayacağam!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-vezife
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dan yeri sökülür, hər tərəf rəngin,Şəfəqdən don geydi dağ, dərə əngin.
İstəkli nəvəm ÜlkərəBir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.
Tülkü və xoruzBir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:
Dəvə və siçanBir dəvə qatarından ayrılıb çöldə tək qalmışdı, iştaha ilə qanqal yeyirdi. Bu aralıq bir siçan yuvasından çıxmaq istərkən dəvəni gördü. Əvvəlcə qorxub çəkildi. Sonra bir müddət durub o zorba heyvana heyrətlə tamaşa etdi. Bir az ürəklənib yaxın gəldi, dəvənin boynuna bağlanmış kəndirlə oynamağa başladı. Sonra kəndiri tutub çəkdi. Dəvə yerindən hərəkət etdi. Dəvə hərəkət etdikcə siçan ipi dartıb çəkdi. Siçan getdikcə dəvə də itaət edib onun ardınca gedirdi. Siçan özözünə lovğalandı: “Sən bu siçan bəydə hünərə və igidliyə bax, bu zorbalıqda heyvanı çəkib aparıram”. Dəvə eşidib dinməli.Onlar gəlib bir çaya çatdılar. Siçan dayandı, bir çaya baxdı, bir də dəvəyə. Dəvə dedi:
Başqa şairlərin şeirləri
Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.