Məzmun
  1. I
  2. II
  3. III
  4. IV
  5. V

Səhifə 2 / 4 · 25%

II

O gün müəllim, Həsənin evinə getmişdi. Xosrovun anası Məsərrət xanım qadınlara məxsus bir nəzakətlə onu qəbul etmişdi. Müəllim, Xosrovun ailə həyatı ilə çox maraqlandığından otaqları gəzmişdi. İki otaqda yaşayırdılar. Birisi yataq, birisi həm yemək, həm də qonaq, həm də yazı otağından ibarət idi. Otaqlar qismən qərb və şərq üsulu ilə çox kasıb bəzənmişdi. Lakin ev əşyasının səliqəli bir əl tərəfindən çox məharətlə düzülüşü, o köhnəliklərə yeni şəkil vermişdi. Müəllim stolun yanına keçdikdə Məsərrət xanım əli ilə bir qutunu göstərərək:

– Pulu Həsən bu qutuya qoymuşdu. İki gün sonra pul götürmək istərkən, on manat əskik gəldi. O Xosrovdan görür. Mən də ondan bilirəm. Ancaq, nə qədər olsa, mən də anayam. Verilən cəzalara artıq səbir edə bilmirəm.

– Bu xüsusda sonra danışarıq. Hər şeydən əvvəl, mənim verəcəyim suallara cavab vermənizi xahiş edirəm. Xosrov son zamanlarda, yəni iki-üç aydan bəri evdə sizinlə necə davranır? Onun əhvalında bir dəyişiklik hiss edirsinizmi?

– Son zamanlar çox dəyişmiş, dalğın və əsəbi olmuşdur. O mənə, evə bağlı bir uşaqdır. Çox vaxtını evdə mənimlə, bacısı ilə keçirir. Amma axır vaxtlar otaqların havası ona az gəlirmiş kimi çırpınır, sıxılır, əsəbiləşir, evdə durmur. Küçəyə qaçır, orada da dura bilmir, yenə evə dönür, yenə küçəyə gedir. Bir şey etmək istəyən, ancaq edə bilməyən adamlar kimi çaşqın-çaşqın vurnuxur. Arabir məni qucaqlayaraq, balaca uşaqlar kimi gözlərini üzümə dikir, təbii olmayan bir sözlə “ana, ana” – deyə məni bağrına basır.

– Dərslərinə çalışırmı?

– Çalışır deyə bilmərəm, çünki atası stol başına keçənə qədər əlinə kitab almır; o, çalışdığı zaman Xosrov da kitablarını açır, baxır, baxır. Zənn etmirəm ki, oxuyur. Yalnız atası ona baxanda özünü məşğul kimi göstərməyə çalışır, halbuki əvvəlləri heç belə deyildi.

– Siz Xosrovun dəyişməsinin başlıca səbəbini nədən görürsünüz?

Qadının qol-qanadı yanına düşdü və astadan:

– Deyə bilmərəm – dedi.

– Son aylarda sizin ailə həyatınızda bir dəyişiklik olmuşdurmu?

– Yox... Heç bir şey, yox... Hər şey əvvəlki kimidir.

Müəllim bir müstəntiq kimi:

– Heç olmazsa bunu deyin – dedi. – Xosrov nə üçün atasının çalışmağa başladığı zaman çalışır. Ondan qorxurmu?

– Qorxur... Qorxur, çox qorxur.

– Görünür ki, Həsən onunla çox ciddi, rəsmi rəftar edir.

– Olduqca ciddi və rəsmi.

– Həsənin xasiyyəti necədir, sizinlə, uşaqlarla rəftarı mülayimdirmi?

Qadın ah çəkdi. İllərdən bəri hamıdan, hətta yaxın qohumlarından belə gizli saxladığı sirrini müəllimdən də gizlətmək istədi. Daxilində ona əzab verən gizli yaraların üzərindən sanki bir ruzgar keçdi, kədərli bir halda qolları yanlarına düşdü. Dərin bir ah köksünü şiddətlə qabartdı.

– Müəllim! – dedi, – bilmirəm bunları siz niyə soruşursuz?

– Niyə? Çox təbii, Xosrovdan doğan əhval-ruhiyyə bu işlərlə əlaqədar deyilmi?

– Şübhəsiz, əlaqədardır.

– O halda bilmək lazımdır!

– Bir çarəsi, faydası olmayacaqsa...

– O başqa məsələdir, kim bilir, bəlkə də bir çarə tapıldı. Siz mənim sualıma cavab verin. Həsənin rəftarı sizinlə necədir?

– Çox pis... Son dərəcə əsəbi və hiddətli bir adamdır. Evdə kiçik bir şey onu hiddətləndirir, əsəbiləşdirir. Çox rəsmiyyətçidir. Kiçik bir intizamsızlıq onu təbii halından çıxarır. Mən bu evə gələli ondan xoş üz, yoldaşcasına bir rəftar görməmişəm. Daima düşüncəli görünür. Hələ o evdə olduğu zaman uşaqlarımın üzü gülməyib... “Elə oturma, belə durma, başını elə sallama” deyə onların hər hərəkətini tənqid edir. Yeməklərinə, içməklərinə, xülasə, hər işlərinə qarışır. Onların ürəyini sındırmadığı, göz yaşlarını tökmədiyi gün çox az olur. Bu ev deyil, zindandır.

Ana başını köksünə tərəf əyərək:

– Ah! Ən yaxın adamlarıma da bu vaxta qədər açmadığım bu sirri sizə niyə açıb, söylədiyimi bilmirəm, – deyə kirpiklərinin uclarını isladan isti damcıları əli ilə sildi.

– Sıxılmayın, ailə ilə məktəb hər ikisi bir şeydir. Birisinin rəhbəri siz analar, o birisinin rəhbəri biz müəllimlərik. Ailə həyatı ilə məktəb həyatı arasında bir pərdə, bir anlaşılmazlıq olarsa, gənc nəslimizin istedadının inkişafına əngəl olar. Bu əngəllər aradan qaldırılmalıdır. Məsələ anlaşıldı. Pulu Xosrov götürdüyünə şübhə qalmadı. Ancaq pul yəqin ki, bir məqsədlə götürülmüşdür. Mən indi gedib məsələni öyrənərəm. Bu xüsusda Xosrova bir söz deməmənizi xahiş edirəm – deyə müəllim Məsərrət xanımla xudahafizləşib çıxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dan yeri sökülür, hər tərəf rəngin

Dan yeri sökülür, hər tərəf rəngin,Şəfəqdən don geydi dağ, dərə əngin.

1 dəq
İstəkli nəvəm Ülkərə

Bir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.

19581 dəq
Tülkü və xoruz

Bir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:

1 dəq
Dəvə və siçan

Bir dəvə qatarından ayrılıb çöldə tək qalmışdı, iştaha ilə qanqal yeyirdi. Bu aralıq bir siçan yuvasından çıxmaq istərkən dəvəni gördü. Əvvəlcə qorxub çəkildi. Sonra bir müddət durub o zorba heyvana heyrətlə tamaşa etdi. Bir az ürəklənib yaxın gəldi, dəvənin boynuna bağlanmış kəndirlə oynamağa başladı. Sonra kəndiri tutub çəkdi. Dəvə yerindən hərəkət etdi. Dəvə hərəkət etdikcə siçan ipi dartıb çəkdi. Siçan getdikcə dəvə də itaət edib onun ardınca gedirdi. Siçan özözünə lovğalandı: “Sən bu siçan bəydə hünərə və igidliyə bax, bu zorbalıqda heyvanı çəkib aparıram”. Dəvə eşidib dinməli.Onlar gəlib bir çaya çatdılar. Siçan dayandı, bir çaya baxdı, bir də dəvəyə. Dəvə dedi:

1 dəq

Başqa şairlərin şeirləri