Səhifə 1 / 4

Çün muradı-xatirimdir lə’li-ləbdən sudi-eşq,
Eyləram hərdəm qara bağrımı xunaludi-eşq,
Ərşə başımdan çıxar tük başına min dudi-eşq,
Hər rəkimdir abi-sevdadon dolu bir rudi-eşq,
Haliya mülki-məlahətdə mənəm məhmudi-eşq,
Var ümidim kim, olam mən müqtədai-cudi-eşq,
Həq mənə etmiş müsəlləm çünki hər müvcudi-cşq.
Vaqifəm, saldı məni atəşlərə Nəmrudi-eşq,
Qalmışam hicrində, gülzari-vüsalın istərəm!

Azərbaycan türklərinin saf bir özəyini təşkil edən kəndlilərdən ərsei-vücudə gəlmiş və bütün ellər tərəfindən "hər oxuyan Molla Pənah olmaz" ünvani-cəlilinə məzhər olmuş bu böyük və qiymətli şairimizə dair ilk məlumatı biz o tarixlərdə yazılan Hacı Əliqulu xan Valeh Dağıstaninin təlif etdiyi "Riyazülüş-şüəra" adlı təzkirəsindən və yaxud İbrahim xan Cavanşir ilə sıx bir rabitədə olan Təbriz bəylərbəyi əmirül-ümərası Hacı Əbdürrəzzaq xan Dünbilinin "Nigaristan"ından öyrənəcəkdik ki, məəttəəssüf, birincisini görmədiyimiz kimi, ikincisində də heç bir məlumata təsadüf etmədik və yenə uzun müddət Qarabağda yaşayan Bəhmən mirzə Qacar Nəsrəddin şah Qacarın atası olan Məhəmməd şah Qacarın adına yazdığı "Təzkirei-Məhəmmədşahi’’sində tam mənası ilə sükut ixtiyar edərək Vaqif haqqında tək bir cümlə də olsun işlətməmişdir. A. P. Berje də Azərbaycan şairlərinə dair Almaniyanın Leypsiq şəhərində çap etdirdiyi məcmuəsində Vaqifin tərcümei-halından bəhs edən bir sətir də yazmamışdır. Vaqif barəsində bizə dəyərli yardımda olan ərbabi-qələmin birincisi İbrahim xan Cavanşir vüzərasmdan həm də azərbaycanca yazdığı məşhur "Asari-Camal" adlı tarixi ilə qaranlıqda qalmış tariximizin bir hissəsini aydınladan Mirzə Camal, ikincisi erməni ədiblərindən, türk, fars və ərəb dillərinə bir əndazəyə qədər dara olan Mirzə Yusif Nersesov Qarabaği, üçüncü azərbaycanca "Qarabağnamə" tarixim yazan Mirzə Adıgözəl bəy olmuşdur. Əvvəlki ilə bu sonku müvərrix olduqlarından dolayı ancaq Vaqif ilə əlaqədar olan hadisəni müxtəsər qeyd edərək keçmişlər. Amma Mirzə Yusif isə Vaqifin icmalən farsca tərcümei-halın yazmaqla bərabər, bir neçə şeirlərini də bir araya toplamaqla ədəbiyyatımıza dəyərli xidmətdə olmuşdur. Bu çox dəyərli, qiymətli şairimizin adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü də Vaqifdir. "Vaqif" kəlməsi iki mənanı — "xəbərdar" və "vəqf edən" havi olduğu üçün şair bu təxəllüsü qəbul edərək şeirlərində də işlətmişdir. Vaqifin Molla Vəli Vidadi ilə etdiyi müşairələrinin birindən anasının adı Ağqız olduğu da anlaşılmaqdadır:

Ağqız oğluyam, əhli-dərdəm mən,
Tayım-bərabərim yoxdur, mərdəm mən,
Əlinin quluyam, cavanmərdəm mən,
Ancaq sən yassarsan, xissət eylərsən.

Molla olduğunu da yenə özü Şəkili Məhəmmədhüseyn xan Müştaq təxəllüsün sovqati-ərməğan təriqi ilə göndərdiyi kürkdən dolayı nəzmə çəkdiyi müxəmməs ilə öz gəlininə xitabən söylədiyi digər bir mürəbbesində apaçıq göstərmişdir:

Qış günü çünki dönər şol cənnətül-məvayə kürk,
Ol səbəbdən layiq olmuş firqeyi-mollayə kürk,
Görünür ədna əgərçi himmətı-valayə kürk,
Eylə ki, püşak olur fəsli-şita əzayə kürk,
Tə’n edər yüz faxiri-məlbusei-dibayə kürk!

Və yenə:

Bir qədəm bas ki, toy öz toyundur,
Toylar yaraşığı sənin boyundur,
Mollalar məskəni səri-guyundur,
Əl çək bu nazü-qəmzədən, gəlin!

Molla Vəli Vidadinin də Vaqifə qarşı yazdığı şuxvanə şeirlərinin bir bəndindən Vaqifin axund olması görünür:

San Çoban oğlu gəlsin yanına,
Axund deyib, canın qatsın canına,
Onun şövkətinə, sənin şanına,
O, yaxşı müxəmməs düzər, ağlarsan.

Qasım bay Zakir də Cəfərqulu xan Cavanşirə kürk üçün yazdığı bir qəsidəsində Vaqifin molla olmasına işarə edərək böylə bir təlmih yazır:

Görmədinmi necə ol şirinü şəkkər xəndənin
Eylədi yanında acı binəva mollanı kürk!

Vaqifin məsqətürrəsi, yəni anadan olan yeri haqqında da ixtilaf vardır. Bəziləri Balakən, Həsənsu, Qarabağ, Qazax şəhər və kəndlərini Vaqifin anadan olan yeri hesab edirlər. Amma ehtiyatkar mühərrirlər isə bu nöqtəni üstüörtülü buraxaraq, Qazax elindəndir, deyirlər. Bu ehtiyatkarların birincisi Mirzə Yusif Nersesovdur. Bizcə, Vaqifin dünyaya gəldiyi yer bu göstərilən yerlərin heç birisi deyildir. Onun doğma yurdu Qazax şəhərinin yanındakı Salahlı kəndidir. Çünki bunu Vaqif özü aydın və aşkar bir surətdə meydana qoymaqdadır. Aşağıya köçürdüyüm iki beyt buna böyük, həm də çox mötəbər bir sənəddir:

Vətən xoşdur deyə, Vaqif, bizi çəkdin Səlahlıya,
Səlah bilməm nədir, yanında yari-canfəza yoxdur
Şəkər ləblər olurlarmış əzəldən Sarıqamışda,
Gəlib şimdi sorağın sordum, onlardan səda yoxdur.

Çox ola bilər ki, Vaqifin Qazax şəhərində söylədiyi bu bir mürəbbedə Qazax kəlməsi işlənildiyi üçün bu söz bəzi yazıçılarımızı çaşdırmışdır:

Bir bölük yaşılbaş sonalar kimi,
Yığılıb gəlibdir Qazaxa qızlar.
Ayna qabağında qara qaş ucun
Endirib gətirmiş qulağa qızlar.

Mola Pənah Vaqifin əvail halından tamamilə bixəbərəm. Kimdən və harada təhsil etdiyini də dürüst bilmirəm. O qaranlıq nöqtələri bu gün əlimizdə tənvir edəcək, aydınladacaq heç bir vəsiqə yoxdur. Bu barədə "Riyazül-aşiqin" sahibi ilə "Təzkireyi-Nəvvab" müəllifləri də sükut ilə keçmişlər. Bunların verdiyi məlumat da eyni ilə Mirzə Yusif Nersesov məlumatının icmalən xülasəsidir. Mirzə Yusifin yazdığına görə, Vaqif İbrahim xan Cavanşir taxta oturar-oturmaz tarixi-hicri 1172-də, yəni Nadir şah Əfşarın qətlindən on iki il sonra Qarabağa gəlmişdir. Vaqifin əsl məram və məqsədi yeni cülus etmiş xan ilə sıxı bir rabitəyə girişərək ona müqərrəb və vəzir olmaq imiş ki, nəhayət, müvəffəq olmuşdur. Əvvəlcə sünni məzhəbində olan Vaqif sonra, yəni Qarabağa gələrkən və yaxud gəlməmişdən bir qədər irəli məzhəbini dəyişərək səmimi bir surətdə şiəliyi qəbul etmişdir. Kim bilir, bəlkə də, zəmanəmizdə tam mənası ilə qiymət və əhəmiyyətini itirən bu fəqərə Vaqifi Qazax tərəflərindən hicrət etməyə məcbur etmişdir. Çünki o zamanlar bu kimi məsələlər əhəmiyyətli məsələlərdən ədd olunurdu. Bunun üstündə qan su yerinə axırdı. Məzhəb aktyorları rollarını müvəffəqiyyətlə oynamağa çalışırdılar. "İbrahim xan Cavanşirə çox yaxın olmaq üçün qəsdən məzhəbinə təğyir vermişdir", — deyənlər, bizcə, yanılırlar. Çünki Vaqifin mərsiyə və məşhur zikrləri səmimi şiə olduğunu göstərir ki, burası bəhsimiz xaricindədir. Hər halda Vaqifin sünnülükdən dönüb şiəliyi qəbul etməsi bir əmri-vaqedir. Bunu həm Vaqifin, həm də müasiri və dostu Şıxlı Molla Vəli Vidadinin şeirlərindən də öyrənmək olar:

İsna əşərə çakəri-kəmtər ola Vaqif,
Sordaridir o’la,
Xaki-dəri-övladi-peyğəmbər ola Vaqif,
Neylər dəxi dünya?
Ol gündə ki, həngamei-məhşər ola Vaqif,
Tut daməni-mövla,
Fəryadrəsin heydəri-səfdər ola Vaqif,
Xof eyləmə əsla!
Sən qərqsən hərçənd ki, dəryayi-vəbalə,
Tövfiq bulan sən.

Ve yenə:

Ey xoş anlar kim, Məhəmməd Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyül- Mürtəzanı sevdilər,
Sidqü ixlas ilə pənc alü abanı sevdilər,
Çardəh mə’sum tək müşkülgüşanı sevdilər,
Dəxi anlardan gözəl yaxşı cəmaət görmədim.

Vaqif özü şiə məzhəbini qəbul etdikdən sonra səmimi dostu olan Molla Vəli Vidadini dəxi bir an təbliğdən geri qalmamış və bir çox şeirlərində də Vidadini şiə olmağa dəvət etmişdir. Biz bu təbliğatı zarafat deyil, ciddi sanırıq.

Vaqif:

Vəqtkən dəli olma, gəl eşit məndən,
Gəzmə, yalvar-yapış onlara gendən,
Amma qorxun olsun Əbüllhəsəndən,
Səni əzim-əzim əzər, ağlarsan.

Qıl körpüdən çünki sürşər ayağın,
Cəhənnəm xovfindən yarılır yağın,
Qorxma, yenə Əli olur dayağın,
Əgər anıb həştü çahar ağlarsan.

Əqlin olsun, on iki imama inan,
Fayda verməz sonra olmaq peşiman,
Yəqin bil ki, qurulacaqdır mizan,
Əməlin qarşında durar, ağlarsan.

Heştü çahar çün halını duyarlar,
Sanma səni öz kefinə qoyarlar,
Əvvəl onlar səni diri soyarlar,
Sümüyünü ta gömərlər, ağlarsan.

Vaqif, gərçi əzabı var dünyanın,
Tutubsan ətəyin Şahi-mərdanın,
Sən neçün xovfini çəkərsən anın,
O gülər — gülərsən, ağlar — ağlarsan.

Və yenə başqa bir şeirində Vidadiyə xitabən:

Cavanşir xəlqilə ol qohum-qardaş,
Qazaxın sözünü heç eyləmə faş,
Demirəm, dinini elə qızılbaş,
Əqlin olsa, özün, əlbət, eylərsən.

Vidadi:

Mələklər ki, gələr sahib izzətdən,
Ayıra mömini asi millətdən,
Görər ki, deyilsən əhli-sünnətdən,
Səni yolum-yolum yolar, ağlarsan.

O zaman ki, məhşər xalqı durarlar,
Divan olub sorğu-sual sorarlar,
Əgər səni bu məzhəbdə görərlər,
Yerbəyer budayıb əzət, ağlarsan.

Allahın ki, heç çəkməzsən minnətin,
Tərk edibsən peyğəmbərin sünnətin,
Nə görərsən məlumların hörmətin,
Əgər ağlamazsan, əgər ağlarsan.

Şiə xalqı tamam dolar duzəxə,
Qalarlar duzəxdə od yaxa-yaxa,
Mahaldır ki, biri duzəxden çıxa,
Cümlə olur zirü zəhər, ağlarsan.

Əhli-sünnət vəl-cəmaət peyvəstə,
Gedərlər cənnətə dəstəbədəstə,
O gündə şad olur Vidadi xəstə,
Səni yanlış görüb gülər, ağlarsan.

Vaqif Salahlı kəndindən köçərkən ilk əvvəl Qarabağa deyil, Qarabağın indi də məruf kəndlərindən sayılan Veysəlli kəndinə gəlmiş və orada Salahlıdakı peşəsi olan məktəbdarlığına davam etmişdir. O zaman artıq dərəcədə sıxıntı və fəqrü faqə ilə güzəran edən Vaqifin əhvalın novruz bayramı ərəfəsində söylədiyi bu mənzuməsindən azacıq təəmmül ilə öyrənmək olar:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri