Səhifə 2 / 4 · 25%

Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ ha tükənmiş lap çoxdan,
Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğulə, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kəmalımız var,
Allaha şükür ki, kəmal da yoxdur.

Molla Pənah Vaqif bir an əvvəl məqsədinə nail olmaq üçün Veysəlli kəndindən köçərək Qarabağa gəlir və şəhərin Saatlı məhəlləsində bir məktəb açaraq məktəbdarlığa başlayır. Əvvəldən xəyalında tutduğu kimi, İbrahim xan Cavanşirə müqərrəb olmaq istəyir. Tam bu çağlardadır ki, Vaqif fəxriyyəmanənd bir qəzəl inşad edərək bir beytində də "ali-Cavanşir"i istəməyə-istəməyə boğazdan yuxan bir qədər mədh edir:

Qarabağ içrə bir şair kəlimüllah Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadir.

Qələm qədrin əsayi-əjdəhapeykərcə bilməkdə
Bəni-İsrailə ali-Cavanşir yəni həmtadır.

Dili-rövşən gərək nadan içində sərf edən ömrün,
Çırağın səltənətgahi səvadi-şami-yeldadır.

Ümidim vardır kim, bu qara gün getməyə başa,
Dönər bir özgə rəng ilə, bu axır çərxi-xəzradır.

Məkan tutdisə Vaqif, yox əcəb, ba Şişə daşında,
Məkani-ləli-gülrəngin miyani-səngi-xaradır.

Doğrudan da, Vaqifin qəzəli çox da təsirsiz qalmayır. Az keçmədən Vaqif İbrahim xan Cavanşirin eşik ağası və daha sonra nədimi-hüzur və müşaviri-məxsus olur. Demək:

Ümidim vardır kim, bu qara gün getmiyə başa,
Dönər bir özgə rəng ilə bu axır çərx xəzradır –

beyti öz yerini tutur. Nəhayət, öz istedad və doğruluğu sayəsində o qədər izzətü etibar qazanır ki, xan hər bir işini Vaqifin məsləhət vo səvabədidi ilə gördüyü kimi, səfərə çıxdıqda da Vaqifi öz yanınca götürərdi. Mirzə Yusif Qarabağinin yazmağına görə, İbrahim xan səfərlərinin birində bəzi mülahizələrə görə böyük bir qüvvə ilə Kür qırağında dayanmış imiş. Qoşun böyükləri bu tuli-mukənnətdən təngə gələrək Molla Pənah Vaqifdən rica edirlər ki, Qarabağa dönmək üçün bir əlac taparaq və hər nə tövr olur-olsun, İbrahim xana icrayi-nüfuz etsin. Vaqif isə aşağıdakı mürəbbei yazaraq xanəndələrə verir ki, məqamında İbrahim xanın hüzurunda təğənni etsinlər:

Siyah tel görmədim Kür qırağında,
Məgər heç yaşılbaş olmaz bu yerdə?
Tərlan könlüm yenə uça dağlara,
Havalanıb hərgiz qonmaz bu yerdə.

Bu diyarda kəlağay yox, kətan yox,
Sinəm yotan müjgan oxun atan yox,
Sərxoş durub bir nəzakət satan yox,
Heç sövdagər fayda bulmaz bu yerdə.

Bəzək bilməz bu diyarın göyçəyi.
Tanımaz al çarqad zərrin ləçəyi,
Ağ buxaq altından həlqə birçəyi,
Tər məmə üstündən salmaz bu yerdə.

Desələr, Vaqif, nə oldu sənə,
Rəngi ruyin dönüb heyvayə yenə,
Əlin tər məmədən üzən kimsənə,
Saralıban niyə solmaz bu yerdə?

Nədənsə xanəndələr bu mürəbbei xanın məclisində oxurkən istənilən nəticə hasil olmur. Bunu eşidən Vaqif həman dəm bədahətən bu rəqsan və olduqca dilbər mənzuməni inşad edərək xanəndələrə verdirir ki, təkrar oxusunlar:

Kür qırağının əcəb seyrəngahı var,
Yaşilhaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdəm tamaşası, hayıf ki, yoxdur’

Qış günü qışlağı Qıraqbasamn,
Gözüdür Aranın, cümlə cahanın,
Belə gözəl yerin, gözəl məkanın,
Bir gözəl obası, hayıf kı, yoxdur!

Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı,
Amma şirin dilli, açıq qabaqlı,
Könül aşinası, hayıf ki, yoxdur!

Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü Maçində,
Söyləgən, oynağan, dürüst biçimdə,
Bəzəyi-libası, hayıf ki, yoxdur!

Havasının, torpağının, yerinin,
Dad verməz dəhanı, ləbi-şirinın,
Pəri çoxdur, nə fayda, heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!

İçi əşrəfili, bulud kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı gülgəz, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!

Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!

Güzgü tutub hərdəm cəmal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!

Çünki yorğunuyam mən bu yolların,
Bilirəm tərzini hər üsulların,
Qızıl qolbaqlı bəyaz qolların
Sarı kəhrəbası, hayıf ki, yoxdur!

Vaqif həqden dilər lütfü kərəmlər,
Belə yerdə duran, vallah, vərəmlər,
Yenə yada düşdü bizim sənəmlər,
Getməyin binası, hayıf ki, yoxdur!

Bu mənzumə oxunarkən İbrahim xan Cavanşirə elə təsir edir ki, qoşuna filfövr köçmək əmrini verərək, özü də ordu ilə bərabər Qarabağa əzimət edir.

Vaqif, ehtimal ki, iki hökumət arasında həll olunması lazım gələn işlərin həll və tövsiyəsi üçün İbrahim xan Cavanşir hökuməti adından o zamanlar Gürcüstan valisi olan II İraklinin yanına göndərilmişdir. Vali ilə Vaqifin o gün görüşmələrini təsvir edəcək lövhə və vəsiqələrin bu gün əldə olmaması bizə o rəsmi ziyarət və görüşün rəsmi qəbul və tərzi-üsulunu öyrənməyə və öyrətməyə mane olur. Vali özü şəxsən Vaqifin bazdidinə gəlmirsə də, amma öz oğlu Eulon xanı öz əvəzindən Vaqifin ziyarətinə göndərir. Məhz bu müxəmməs Vaqif tərəfindən o görüş münasibətilə Tiflis şəhərində söylənilən tarixi bir şeirdir:

Valinin çeşmi-çırağı, vəh, nə türfə can imiş,
Külli-Gürcüstanın üzrə sayei-sübhan imiş,
Düşməni pamal edən sərdari-valaşan imiş,
Aləmin sərdəftəriymiş, adı Eulon xan imiş,
Saxlasın allah pənahında, əcəb oğlan imiş.

Heç yoxdur nisbəti, özgə diyarın xanına,
Bir cavandır kim, yaraşır padşahlıq şanma,
Dəyməsin afət yeli, yarəb, güli-xəndanına,
Sərbəsər aləm gərəkdir baş əyə fərmanına,
Taqi-əbruyi-lətifi qiblei-iman imiş.

Xoş tamaşa eylədim, gördüm tamam ətvarını,
Çox bəyəndim özünü, həm ləhcei-göftarını,
Maşaallah, zahir etmiş ululuq asarını,
Belə sandım kim, mələkdir əvvəla didarını,
Xeyli çağdan sonra bildim kim, gözəl insan imiş.

Sayir oğlundan xanın gər olmadıq biz ruşinas,
Manei yox, anları həm eylədik bundan qiyas,
Bu çırağ elə çırağdır, eyləmiş nur iqtibas,
Vaqifa, sən qıl xudayə hər zaman şükrü sipas,
Valinin ocağı böyle gün kimi taban imiş.

Qarabağın şairanə və fərəhəfza mənzərələrindən ayrıca bir ləzzət alan Vaqif pərilər məkanı olan Gürcüstandan da xüsusi bir zövq almışdır. Azərbaycan gözəllərini gerçək və təbii cümlələrlə oxşayan bu şirin dilli şairimiz Gürcüstan pərilərini də gözəl-gözəl öymüş və özünəməxsus bir məharətlə də Tiflis şəhərini, sularını, hamamlarını olduğu kimi mübaliğəsiz nəzmə çəkmişdir. Bu iki müxəmməs o zaman Tiflisdə söylənilmiş şeirlərdəndır:

I

Vəh, bu bağın nə əcəb sərvi dilaraları var,
Hər tərəf tazə açılmış güli-rənaları var,
Açılıb tazəvü tər lalei-həmraları var,
Yəni Tiflisin əcəb dilbəri-zibaları var,
Ey könül, seyr elə kim, türfə tamaşaları var.

Mərhəba, Tiflis İmiş cənnəti dünya yerinin,
Yığılıbdır ona cəmiyyəti huri-pərinin,
Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin,
Filməsəl, şəklü şəmayildə, bəli, hər birinin
Məhi-tabanə bərabər sərü simaları var.

Ol qədərdir büti-nazikbədənü incəmiyan,
Eyləmək olmaz onun vəsfini mə’lumi-əyan,
Hər biri nazü nəzakət belə min afəti-can,
Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan,
Məst tavus kimi gərdənü minaları var.

Özləri pərtövi-mehri-cahanara kimidir,
Səfhei-sinələri simi-müsəffa kimidir,
Ləzzəti-ləhcələri nitqi-məsiha kimidir,
Əlləri möcüzei-həzrəti-Musa kimidir,
Dilrübalıqda əcayib yədi-beyzaları var.

Ala gözlər süzülüb nərgisi-sirabə dönüb,
Ağ qabaqda xəmi-əbruləri mehrabə dönüb,
Lə’l tək ləblərinin rəngi meyü nabə dönüb,
Tökülüb gərdənə saçlar ucu qüllabə dönüb,
Sona cıqqası kimi zülfi-mütərraları var.

Nə qədər varsa buxaqü zənəxdanü yanaq,
Tazə gül yarpağı tək qırmızıdır nazikü ağ,
Bir-birindən götürüb şöləsini misli-çırağ,
Görməyib kimsə belə qaşü gözü dişü dodaq,
Özgə babət sifətü surəti-ə’zalari var.

Baği-rizvanda əgər huriyü qılman çoxdur,
Bu gözəllər kimi məqbulu müzəyyən yoxdur,
Nəsl-bər-nəsl gözəllik bulara buyruqdur,
Mən görənlər ki, mələkdən, pəridən artıqdur,
Hələ derlər ki, bulardan dəxi ə’laları var.

Qalmışam valehü matü mütəhəyyir, dili lal,
Ey xudavəndi-cahan, gizli deyildir sənə bal,
Bu necə sibi-zənəxdan, bu necə zibi-cəmal
Ki, veribsən bunlara sən bu qədər izzü kəmal,
Necə kim, var cəhan, surəti-ə’zaları var.

Bədəni-pak çəkib abi-rəvan tək sulara,
Ağarıb tazəvü tər cümlə dönübdür qulara,
Abi-Kür nəsb edib boylarını qarğulara.
Neçə şeydən belə zahir ki, xudanın bulara
Nəzəri-mərhəməti, lütfi-hüveydaları var.

Biri həmmam ki, qüdrətdən olub bəzlü bərat,
Biri Kür suyi ki, hər cür’əsidir abi-həyat,
Biri bu xubluğu göyçəkligü pakizə sifat,
Biri oldur ki, nəcib, əsldə ali-dərəcat,
Aləmin sərvəri vali kimi ağaları var!

Yeddi həmmam, nə həmmam ki, sərmənzili-hur,
Həşt cənnət kimi hər guşəsi bir mətlə’i-nur,
Bir əcəb abi-rəvani-gərm qılıb onda zühur,
Şükr təqdirinə, ey qadirü qəyyumü qəbir,
Lütfünün bəndələrə ne’məim-üzmaları var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri