Mirzə Ələkbər Sabir Tahirzadə 1278-ci sənaye-hicridə zihiccə ayının əvvəlinci günündə Şamaxıda təvəllüd etmişdir və rəcəb ayının 28-də, 1329-cu ildə vəfat etmişdir.

8 yaşında məktəbə gedib oxuduğunu yazmağa həvəsnak olduğundan mollası tərəfindən afərin əvəzinə döyüldüyünü uşaq dili ilə bu sayaq nəzm etmişdir və rəsmi-xətti də böyləcə imiş:

Tutdum orucu irəmazanda,

Qaldı iki gözlərim qazanda

Mollam da döyür yazı yazanda.

On iki sinnə yetişdikdə mərhum Hacı Seyid Əzimin məktəbinə daxil olmuşdur. Seyid onda hissi-şairanə gördüyü üçün dərs verdiyi mənzum farsi hekayələrin türkcə mənzum tərcüməsini Sabirdən istərmiş, o cümlədən, “Gülüstan”da – “Didəm güli-tazə çənd dəstə, Bər günbədi əzgiyab bəstə” ilaaxir hekayəsini türkcəyə belə nəzmən tərcümə etmişdir:

Gördüm neçə dəstə tazə güllər,

Bağlanmış idi giyah ilən tər.

Dedim nə olur giyahi-naçiz –

Ta əyləşə gül səfində əziz.

Ot ağlayaraq dedi: otur sən,

Söhbət eləyim, qəmim götür sən.

Alilər edərmi tərki-söhbət,

Halonki olarda var səxavət.

Bir-iki il məktəbə davam etdikdən sonra cüzi farsca, türkcə oxuyubyazmağı öyrəndiyinə atası iktifa edir, ona bir daha məktəbə getməyə riza verməyib özü ilə bərabər dükana aparır. Sabir isə istedadi-fitrisi mucibincə dükanda olduğu halda yenə kitabət və qiraətə məşğul olur. Alış-verişdən ziyadə oxuyub-yazmağa həvəsnak olduğundan atası diltəng olub, onu məzəmmət edirmiş. Hətta bir dəfə şeir kitabını da cırmış. Bu isə Sabirin təbinə naküvara gəlib Şamaxıdan qaçmağa müsəmməm olub belə bir qəsidə yazmış:

Mən Xəlilüllahi-əsrəm, pədərəm çün Azər,

Səfər əzbabili-Şirvan künəm, inşaallah,

Gərçi u dəftəri-əşari-məra parə nəmud,

Vəslə batəbi-dürəfşan künəm, inşaallah.

Bu vəqədən sonra Xorasana gedən bir karvana qoşulub gedirsə də, atası xəbərdar olub qaytarır. Məhərrəm və səfər aylarında növhə deyib oxutmaqla atasının və sair camaatın əzizi olur. Nəməki danışmağı, şux, zərif və hazırcavablığı səbəbindən az zamanda üləma və əyanın yanında məruf və məşhur olur və ümumun məhəbbətini cəlb edir. Xüsusən ustadı mərhum Hacı Seyid Əzimin mənzuri-nəzəri olur. Bir vaxt Seyyid ilə bərabər səfərdən gəlmiş bir nəfər şəxsin görüşünə gedirlər. Müsafir çamadanından on dənə lumu çıxarıb iki dənəsini Seyidə, bir dənəsini Sabirə verir, buna münasib Sabirdən bədahətən bir şeir istəyir. Sabir bir az fikirdən sonra deyir:

Xumsi-şərabi Seyyidə saqi verib dedi:

Sabir fəqirdir, yetər ancaq zəkat ona.

Mərhum Seyid də:

Seyyiddir ustad mənə nəzmü nəsrdə,

Möhtaci-istifadədədir kainat ona

– beytini deyib haman şerə iltihaqını Sabirə təklif edir. Zatən o qəsidə deyib bəzi əyanı tərif etməyə heç mail olmamışdır. Qəsidə yazmaqda ədəmi-iqtidarını göstərən əşxasa dediyi bu idi: “Puldan ötəri yalan mədihələr yazmaqda iqtidarım yox isə də, doğru həcv yazmaqda çox hünərliyəm” – deyə bu qitə ilə iftixar edərdi:

Şeir bir gövhəri-yekdaneyi-ziqiymətdir,

Salmaram vəsfi-düruğ ilə onu qiymətdən.

Deyərəm həcv, sözüm doğru, kəlamım şirin,

Əhli-zövqə verərəm nəşə bu xoş şərbətdən.

Seyidin bu qəzəlinə ki, mətləi-ati ilə başlanır:

Ey məh, bilirəm fitneyi-dövran olacaqsan,

Ey qaşı hilalım, məhi-taban olacaqsan

– cavab olaraq bir neçə şeir deyib göndərir ki, o şeirlər bunlardır:

Sən piri-cahandidəsən, ey Seyyidi-sərkar!

Məndən çək əlin, eyləgilən pir ilə rəftar!

Olmaz sənə qismət dəxi bu dövləti-didar,

Bundan sonra hicrimdə ciyərqan olacaqsan.

Aşiq mənə bir mən kimi ziba gərək olsun,

Mail gülə bir bülbüli-şeyda gərək olsun,

Səndə bu işə səbrü şəkiba gərək olsun,

Amma, bilirəm, səbr evi, viran olacaqsan.

Seyid “Xəmse”yi-Nizamiyəni mütaliə etdiyi halda Sabirin məktubu yetişir. Oxuyub belə cavab yazır:

“Nuri-didəm Sabir! Qəzəlimin birinə yazdığın məlih və şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından həmin kitabı sənə silə göndərirəm. Yadigari-ustadanəm olmaq şərtilə qəbul edəsiniz və şairlikdə tərəqqi etmənizi arzu edirəm”.

Sabir kitab ilə məktubu iftixarla alır və qəbul edir.

23 yaşında Xorasan ziyarətinə gedir və tarix olaraq bu şeri yazır:

Sabiri-şeyda ki, tərki-şəhri-Şirvan eylədi,

Bülbülə bənzərdi kim, meyli-gülüstan eylədi.

Min üç yüz birdə hicrətdən sonra, meymun ili,

Axiri-şəvvaldə əzmi-Xorasan eylədi.

Neçə vaxt Xorasan, Səbzvar, Nişapur, Türbəti-Heydəriyyə, Türbəti- Cam, Xaf, Səmərqənd, Buxara tərəflərini səyahət edir. Əsnayisəyahətdə dəstfüruşluqla güzəran edirmiş. Bu arada Xorasan ətrafına vəba naxoşluğu düşdüyünə görə orada dayanmayıb Şamaxıya qayıdır. Bir neçə vaxt Şamaxıda qaldıqdan sonra Kərbəla ziyarətinə azim olur. Ətabati-aliyatda bir çox növhə və dübeytlər yazmışdır. O cümlədən, Həmədanda dediyi bir rübaisi budur:

Həmədanda qonağımdan xəbər aldım, key Şeyx,

Hansı məxluq sizin şəhrdə bişək çoxdur?

Dedi: “Az isə də bu şəhrdə sair məxluq,

Leyk dəbbat ilə, səbbaq ilə eşşək çoxdur”.

Kərbəladan qayıdandan sonra yenə Xorasana gedir və bu dəfə Eşqabadda və Mərvdə sakin olmağı istərkən pədəri Şamaxıda vəfat edir. Bəradərindən aldığı bir kağızda anasının dilindən yazılan təsirli sözlərə tabavər olmayıb Şamaxıya övdət edir və təəhhül ixtiyar etməyə məcbur olur.

On beş sənə zərfində səkkiz qız övladı olur. Böyük bir ailənin təhsili üçün quyruq yağı əritmək və sabun bişirib satmaqla güzəran edər. Bu zəhmətli sənətlə çörək qazanmaqda ikən yenə çətinliklə əlinə düşən beş dəqiqə vaxtını mütaliəyə və şeir yazmağa vəqf və sərf edir.

1901-ci ildə iki nəfər özünə həmməslək şair və mühasib tapır: Abbas Səhhət və Məhəmməd Tərrahla tanış olur. Bikar vaxtlarda bir yerə cəm olub bədihəguluq və farsi, türki qəsidə və qəzəl oxumaqla imrari-vəqt edərlərmiş. Tainki 1903-cü ildə Ağaəli bəy Naseh təxəllüs vasitəsilə Firidun bəy Köçərlinski cənabları ilə maarifə bidar edir. Şeir və şairə qiymət qoyan bir nəfəri görməklə bu tarixdən ciddən çalışmağa başlarsa da, məslək və məzaqına müvafiq məzmun tapmadığından gah qəzəl, gah mərsiyə, gah bəzi qitələr yazarmış. Çox keçmədən “Molla Nəsrəddin” jurnalı intişara başlayır. Bu sevgili məzhək qəzetin nəşrə başlaması ilə hünər və istedadını göstərməyə bir müsaid yer açılır. Həmin məcmuənin əvvəlinci ilinin 4-cü nömrəsindən başlayaraq:

Millət necə tarac olur-olsun nə işim var –

– mətləli şeri ilə ən əvvəl həcvi-məlih yazıb “Hop-Hop” imza qoyur. Yerli qəzetlər təqlid edir və hər yerdən təhsin və təriflər alır. Bundan sonra Sabirin həvəsi ilə şöhrəti getdikcə artır. Gözəl-gözəl nəzmlər inşad edib qəzetlərə göndərir və tutduğu məsləkində həmsöhbəti olduğu xuşgə möminlərin və riyakar mollanümaların əfal və əmalını çox şirin məzmunlarla, zərif kinayələrlə zəmm və təqbihə başlayır. O qədər keçmir ki, qara camaatın lənət və töhmətlərinə nişanə olur. Bununla belə kəmali-mətanətlə öz əzmində səbat edib sevgili millətindən gördüyü əza və cəfadan, yağış kimi üstünə yağan təkfir və təhqirlərdən əsla geri getməyib öz məsləkində davam edir və mülayimanə dillər ilə cühhal firqəsini bu növ anlatmağa çalışır:

Əşhədü billahi əliyyül-əzim,

Sahibi-imanəm, a şirvanlılar!

Yox yeni bir dinə yəqinim mənim,

Köhnə müsəlmanəm, a şirvanlılar!

Şiəyəm, amma nə bu əşkaldən,

Sünniyəm, amma nə bu əmsaldan,

Sufiyəm, amma nə bu əbdaldən,

Haqsevən insanəm, a şirvanlılar!

Ümməti-mərhuməvü məğfur ilə –

Əmrdəyəm taəti-məzbur ilə,

Küfrümə hökm eyləməyin zur ilə,

Qaili-quranəm, a şirvanlılar!

Həcv deməklə hər kəsin fikrinə gələn əlfazi-mərdudəni heç vaxt şerdə işlətməmiş, Həmid bəyin “İnsana vicdanı qədər peyğəmbərlər, padşahlar belə mükafat edəməz” dediyi kimi, Sabir öz xidmətinin mükafatını ölüncəyə qədər ancaq öz vicdanından almışdır. Azərbaycan ədəbiyyatında ən əvvəl yeni bir cığır açdı ki, ondan müqəddəm kimsə o gözəl şivədə yazmamışdı: nöqsanlarımızı və eyiblərimizi məzhəkə və məzah təriqilə qayət şirin və hər kəsin anladığı bir dil ilə, qəhqəhələrlə oxudub islaha çalışırdı. Nə çarə ki, ancaq beş ilə qədər ədəbiyyatımıza xidmət edə bildi. “Molla Nəsrəddin” jurnalı meydana çıxınca hər sahibi-zövq Sabirin ondakı nümuneyi-əşarına məftun olmaqdan kəndini alamadı. O gözəl şeirləri oxuyub anlayanlar, o gözəlliklərin fərqinə varanlar onları hifz etməyə həvəs etdilər. Halbuki Sabir əsərlərində işlətdiyi ibarələr və yeni məzmunlar kimsəni təqlid deyil, məhz öz fikrinin nəticəsidir. Bununla demək istəyirəm ki, Sabir müqəllid deyil, bəlkə elə mücəddiddir ki, köhnə şeirlərlə yeni şeirlər arasında bir əsrlik uçurum açdı ki, bir daha geri dönüb o uçurumu atılmağa kimsədə cürət qalmadı.

Bir kərə düşünülsün: ədəbiyyatımızda nə qədər böyük bir təsir və nə qədər əzim bir inqilab vücuda gətirmiş! Gələlim siyasət aləminə etdiyi xidmətə: Məlumdur ki, fransız şairlərindən Şatobrian fransız qövmünün səltənət xanədanından olan burbonlarla Napoleon Bonapart arasındakı müqayisəyə dair bir kitab yazmışdır ki, bu kitab Burbon xanədanından olan fransız kralı XVIII Lüinin öz etiraf və iqrarınca bir ordudan ziyadə ona xidmət etmişdir. Mən də iddia edirəm ki, Sabirin də asarı bu beş ilin müddətində İran məşrutəsinə haman növ bir ordudan ziyadə xidmət etmişdir. Mülahizə buyurulsun, İranın viranlığının böyük səbəblərindən biri olan Ətabək məşrutəçilər tərəfindən qovulub, dübarə Məhəmmədəli tərəfindən cəlb olunduqda dediyi şeir budur:

“Əncümən əhlinin qoçaq...” i.a.

Ətabəkin qətlindən sonra “Təzə həyat” qəzetində Məhəmməd Məhəmmədzadə imzalı bir nəfərin “Sən deyən oldu, biz deyən?” nəqəratlı şerinə cavab verdi. Bu qəbil şeirləri çoxdur. Həmçinin, Türkiyədə on təmuz inqilabından sonra kəramət göstərib 31 mart faciəsini səkkiz ay müqəddəm “Osmanlılar, aldanmayın...” şeri ilə xəbər vermişdi. Xülasə, Sabir əfəndinin “Həyat”da, “Füyuzat”da, “Rəhbər”də, “Dəbistan”da, “Molla Nəsrəddin”də, “Ülfət”də, “İrşad”da, “Günəş”də, “Səda”da, “Həqiqət”də, “Yeni həqiqət”də, “Məlumat”da olan bir tağım pərakəndə mənzumələrini tədqiq etdikdə demək olar ki, bu anacan misli heç görülməmiş şeirlərdir. Belə bir istedada malik olan şəxs yalnız avamünnas tərəfindən tənələr və söyüşlər eşitməyir, öz əyalı da ona düşmən olur, necə ki, bu halını “Molla Nəsrəddin” məcmuəsinin 4-cü ilinin 17-ci nömrəsində olan şerində bəyan edir. Bu arada bir oğlu olur, adını Məhəmmədsəlim qoyur. Uşağının məhəbbətindən qeyri yerə hicrət etməyi başara bilmir. Odur ki, yazıq Sabir daha qorxudan bu müstəar adını da dəyişdirib cürbəcür: “Din dirəyi”, “Mirat”, “Fazil”, “Ağlar güləyən”, “Əbunəsr Şeybani” adları ilə gizlətmək istəyir. Nə çarə ki, bu tədbirlə xalqın tənə və təərrüzündən xilas ola bilmir. Axırda iş bir payəyə çatır ki, “kafir” və “babi” deyə qəssablar ona quyruq satmırlar. Naçar qalıb quyruqçuluqdan və sabun bişirməkdən əl çəkir və üsuli-cədid üzrə təlim və tədris qaydasını az-çox öyrənib bir nəfər müəllimlə şərakətən məktəb açır və bunun adını “Məktəbi-ümid” qoyur. Müəllimlikdən də çörək pulu çıxmır. Daha çarəsi kəsilib 1910-cu ildə Bakıya gedir, “əşri-maarif” cəmiyyətinin Balaxanıda olan məktəblərində fars (dili) və şəriət müəllimliyinə qəbul olunur. Bakıda yazdığı şeirlər – ki, “Molla Nəsrəddin”in beşinci ilindədir, – mühitin təsirindən dahiyanə əsərlərdir. Heyf, əfsuslar olsun ki, 1911-ci ildə iyul ayında Bakıda məriz olur. Həkimlər müayinə edib xəstəliyini əzmi-gəbəd, yəni qara ciyərin şişməyi deyə təşxis edirlər. Öz xəstəliyini yoldaşı A. Səhhətə bu şerilə xəbər verir:

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edirdim edəcəkdir ona çarə ciyərim.

Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən

Başladı şişməyə indi üzü qarə ciyərim.

Mərəzi getdikcə şiddət edir. Daha Bakıda qala bilməyib Şamaxıya qayıdır və oradan Tiflisə müalicə üçün gedir. “Molla Nəsrəddin” jurnalının heyəti-təhririyyəsi maddi cəhətdən çox müavinət edirsə də, heyfa ki, müalicəsi faidəbəxş olmayıb, bilaxərə Şamaxıya qayıdır və daha mərəzin zəhmətindən xilas olmaq üçün ölmək arzu edib bu şeri deyir:

İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl,

Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!

Axır nəfəslərində bu rübaini yazır:

Rahəm bedəhid, ru berah amədəəm,

Bər dərgəhi-həzrəti-ilah amədəəm;

Bitöhfə nəyamədəm, nə dəstəm xalist,

Badəsti-pür əzhəmə günah amədəəm.

İyulun 12-də 1911-ci ildə rəhmətli xudaya vasil olur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri