İkinci pərdə
Hacının evi. Bir neçə dənə stol və miz düzülüb, lampa yanır. Hacı əyləşmişdir. Yusif
daxil olur
Hacı
Yusif, gəldin, gəl əyləş görək nə var?
Yusif əyləşir
Yusif
Sağlığınız, gəlməyibdir bəs olar?
Hacı
Necə olar? Yalqızca bir Əhməd bəg,
Nökərsiz, yoldaşsız bura gələcək.
Yusif
Bir adamı tək çağırmazlar qonaq.
Hacı
Bu nə sözdür, hələ uşaqsan, uşaq.
Nə var xalqı yığıb bura dolduram,
İstəyirəm mən bəyə tələ quram.
Bir az da qəlp pulum var, heç bilinməz, Verrəm ona, xərclənə, ya xərclənməz. Hazır veksil kağızı var, yazarıq,
Onun üçün dərin quyu qazarıq.
Bu məluna hər nə eləsən azdır,
İçgiçidir, fasiqdir, binamazdır.
Qəlp pulları verrik ona tənzilə,
Həmin burda qol qoydurruq veksilə.
Sonra getsin ha çığırsın, bağırsın,
Hər nə gəlsə əlindən qoy qayırsın.
Yusif
Hacı, bəlkə işin üstü açılar,
Xalqın yanında bizi rüsvay qılar.
Qəti-nəzər ondan da bədtər daha –
Olur bu iş acıq gələr Allaha.
Hacı
Yox, yox, sənin bu fikrin boş xəyaldır, Bu cür adamların malı halaldır.
O Allaha, peyğəmbərə inanmır, Açıq çaxır içir, qorxmur, utanmır.
Alimlərin dalısınca danışır.
Dindən-dondan çıxıb çox azğınlaşır.
Bu əsnada Səfər daxil olur. Hacı durur və qəzəbli bir halda
Hacı
Sənə kim rüsxət verdi gəldin bura?
İtil, itil get cəhənnəmə, gora!
Yusif
Hacı, sənin ürəyin ki, daş deyil,
Saildir bu, tutaq ki, qardaş deyil.
Nə eybi var, qoy əyləşsin, şam etsin, Ondan sonra qovsan yenə qov getsin.
Hacı
İndi yad adam gələcək, mən necə
Qoyum onu burda qalsın bu gecə?
Görürsənmi ağzından nə iy qoxur,
Xalq yanında başımı yerə soxur.
Nə ki evə, töyləyə də qoymazlar –
Bunu, ta bəlkə, şal, qaşov oğurlar.
Səfər
Mən bilmirəm insanmısan, ya heyvan, Beş dəqiqə səbr qılıb bir dayan!
Qoy sözümü deyim, bircə qulaq as,
Pis danışsam qovdur, döydür, daşa bas. Düzdür, cavanlıqda yoldan azmışam, Öz-özümçün dərin quyu qazmışam.
Səhv etmişəm pis olubdur mürəbbim, Sən atsan da, atmaz yəqin ki, rəbbim.
Hacı kəmali-küdurətlə üzün bundan o tərəfə çevirib acıqlı dirsəklənib ona baxır.
Səfər
Görürsən ki, qardaş, ömrüm qurtarmış, Belim bükülmüş, saqqalım ağarmış,
Naharsızam, soyuqdan tutmur əlim,
Ölmək istəyirəm, çatmır əcəlim.
Hammallığa, fəhlələiyə yox canım,
Nə vaxtadək sailliklə dolanım?
Səfər dizi üstə çökmüş yalvardığı halda Əhməd bəy içəri girir və dayanıb heyrətlə
onlara baxır
Səfər
İnsafa gəl, çevir məni başına,
Allah üçün rəhm elə qardaşına.
Yerdə qalmaz gözdən axan bu yaşlar, Əlbəttə ki, Allah qulun bağışlar.
Əhməd bəy salam verir. Hacı qayıdıb onu gördükdə ayağa durur.
Hacı
Bağışlayın məni, bəy cənabları,
Xoş gəlmisiz, buyur, buyur yuxarı.
Əhməd bəy əyləşir və təarüf qaydası ilə.
Əhmədbəy
Əhvalınız, xudahafiz, ya Allah,
Eyimisiz, Yusif? Ağa Səfər, pah!
Görükmürsən, nə qayırırsan, neylirsən? Çoxdan bizim tərəflərə gəlmirsən,
Bundan qabaq mağıl gəlib-gedirdin?
Səfər
Yaxşı oldu, sən də təşrif gətirdin.
A bəy, sən də bir qulaq ver sözümə,
Nahaq danışsam, dur tüpür üzümə.
Mən deyirəm bizim Hacı dadaşa,
Harda lazım olar qardaş qardaşa?
Görürsən ki, nə kökdəyəm, nə gündə, Kafirin də rəhmi gələr görəndə.
Qovma məni bu halla, az utandır,
Bircə qarın çörək verib dolandır.
Yavan çörək tapsam, heç dərdim olmaz, Yanıram, ay qardaş, tüstüm duyulmaz. Bu mən, bu sən, bu qılıncın, bu başım, Yoxsulluq ki, ayıb deyil, qardaşım.
Hacı
Bəsdir, daha nahaq yanma, alışma,
Aparma beynimi, uzun danışma...
Bu qədr bil aləm dönsə pilova,
Pup eləyib gözün düşsə ovcuna,
Qarışdırram onu toza, peyinə,
Bir düyü, bir suluf vermərəm sənə.
Hayıf deyil sənə mənim çörəyim?
Üzünü görcək bulanır ürəyim.
Adını qoymusan mömin, müsəlman,
Amma gecə-gündüz lül-qənbər, piyan. Utanmırsan, bu nə qandır, nə ardır?!
Müsəlmanlıq özü səndən bizardır.
Dur ayağa, darıxdırma çox məni,
İtil, yoxsa sürütdürrəm lap səni!
Səfər durub gedir. Əhməd bəy Hacıya təəccüb və qeyzlə deyir
Əhmədbəy
Hacı, mən heç belə bilməzdim səni,
Başqa cürə aldatmışdılar məni. Nəinki səndən mən pul götürmərəm,
Evində də bir saat oturmaram.
Burda çörək yeyib getsəm yatmağa,
Yuxumda görərəm ilan-qurbağa.
Qardaşına rəhm etməyən bir nəfər,
Başqasıyla yaxşımı rəftar edər?
Yox, yox, səndən kənar olmaq yeyraqdır, Səndən qaçan dərd-bəladan uzaqdır.
Durur getməyə. Yusif mütəvəcceh olub deyir
Yusif
Bəy əfəndi, zəhmət çək, bir az dayan,
Getməliyəm mən də səninlə burdan.
Bir-iki sözüm var Hacıya, qoy deyim,
Buna xidmət istəmirəm eləyim.
Sonra Hacıya mütəvəcceh olub deyir.
Nə zülm oldubdur sənə, cənab Hacı,
Bu növilə olmusan qanı acı?
Bir fikr elə, yetmişə çatmış yaşın,
Müsəlmanam dersən, zəkat verməzsən, Nəzrü-niyaz, ehsan, xeyrat verməzsən. Bir qəpikdir sənin otuz iki dişin,
Gecə-gündüz fikrin, sənətin, işin
Bunun-onun malın məngirləməkdir.
Bir fikir elə özün, bu nə deməkdir?
Məgər sənin yoxdur həyan, abirun.
Tutalım ki, yığdın oldun da Qarun,
Səndən sonra görüm kimə qalacaq?
Arvadını bir başqası alacaq.
Dövlətinə sahib olub yeyəcək,
Ruhun üçün müxəmməslər deyəcək.
Hacı
Artıq-uzun danışma, hərzə qoduq!
Yusif Əhməd bəyin əlindən tutub kənara çəkir və deyir.
Yusif
Gəl, Əhməd bəy, bundan ucuz qurtulduq, Yoxsa soyacaqdı sənin dərini,
Ağlar qoyacaqdı yetimlərini,
Mənim də şey verməyəcək bahama,
Xətadır yovuqluq bu cür adama.
Çıxırlar
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-yoxsulluq-eyib-deyil-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.