İnanmayacaqsınız, gecə təlimində Əsgər Rəfiyev ağlagəlməz qəhrəmanlıq göstərdi. Sən demə, itlərdən qorxmurmuş və onları ovsunlamağın yolunu bilirmiş. Beş-altı itin hamısını o tutdu. Qarovuldakı əsgərləri isə Qırğı ilə Səfərov götürdülər. Heç cınqırlarını çıxarmağa imkan vermədilər.

Gecə təlimindən sonra Gizir Səfərovun Əsgər Rəfiyevlə amansız zarafatları yenidən alovlandı. O, məni yanlayıb fınxıra-fınxıra deyirdi:

“Komandir, nə olur-olsun, gecə təlimlərində bir namərdlik var. Pis başa düşməyin e, tam namərdlik olmasa da, onun məşqi kimi bir şeydir. Şəxsən mən qarovuldakı o gədələri tutanda xeyli utandım. Öz elədiyim özümə qəribə gəldi. Qırğıda da beləydi. Amma Əsgər İrəfiyev elə hücuma keçirdi, Allaha and olsun, erməniyə o cür hücum eləməz! Bunun mahiyyətində bir satqınlıq var e!”

Gülürdüm:

“Nə vermisən Rəfiyevə, ala bilmirsən?”

Gizir Səfərov:

“Mən ona deyəcəm, qərargahda yeni kəşfiyyat planı hazırlanıb, it tutmaq bacarığını nəzərə alaraq səni Dəmirçidamdakı bölüyə göndərəcəklər, gedib ordakı itləri tutacaqsan, rahat kəşfiyyat əməliyyatı keçirəcəyik. Sizdən çox xahiş edirəm, sözümün yalanını çıxarmayın.”

“Səfərov, sən gəl bu fırıldaq işlərinə məni qarışdırma.”

“Sizdən soruşsa, heç nə deməyin. Söhbəti yayındırın.”

“Edə bilmərəm. Məndən soruşsa, belə bir planın olmadığını deyəcəm.”

“Yaxşı, onun da əlacını taparam. Elə edərəm, yaxınlaşıb sizdən heç nə soruşmaz.”

“Necə edəcəksən?”

“Deyəcəm, əməliyyat tam məxfidir. Heç kimə heç nə demə! Bilsələr, dərimizi soyarlar.” - bic-bic güldü.

Səfərovun başçılıq etdiyi “köhnə əsgərlər” təkcə belə əyləncələrlə məşğul olmur, bölükdə nizam-intizam yaratmağa da mane olurdular. Gecələrin birində Əsgər Mazanovu, yəni bizim Ağsaqqalı qarovulda yatan yerdə tutdum. Saat 4 radələri, yuxunun ən şirin vaxtıydı. Qalxıb ikinci mərtəbədən boylandım. Qarovuldan hənirti gəlmirdi. Aşağı düşüb bölüyün həyətini dolaşdım, heç kim yox idi. Qarovulda Mazanovun olduğunu bilirdim. Bölük növbətçisini yoxladım, o da yatmışdı. Kazarmaya gəldim, Ağsaqqal əlində avtomat öz yerində dirsəklənib şirin-şirin yatırdı. Avtomatını dartıb almaq istəyəndə oyandı, silahı bərk-bərk özünə sıxdı, gözlərini açmağa macal vermədim, əl fənərini yandırıb üzünə tutdum. Silahı bərkdən dartdım, dalınca özü gəldi, buraxmadı.

“Komandir! Silahımı almayın!” - belə bir hərəkəti yalnız məndən gözlədiyi üçün tanıdı. Doğrudur, bura ön xətt deyildi, ancaq yenə də qarovulda yatmağı Mazanova yaraşdırmırdım.

Çölə çıxdıq, gözlərini qıyıb üzümə baxdı:

“Komandir, xahiş edirəm, mənə görə uşaqları incitməyin. Səhvimi başa düşürəm. Nə cəza verirsinizsə, özümə verin.”

O, hamıya “Qalx” komandası verib onu bölük qarşısında biabır edəcəyimdən çəkinirdi. Doğrudur, bu cəzaya layiq idi, ancaq mən Ağsaqqala qarşı belə bir hərəkət etməzdim.

Bölük növbətçisi ilə birlikdə iki gün əlavə qarovulda durmaq cəzası verdim ona, məmnuniyyətlə razılaşdı. Üstündən üç-dörd gün keçmiş “köhnə əsgərlər”i bölüyün yeməkxanasında içki içərkən tutdum. Məclisə Gizir Səfərov başçılıq edirdi. Mənim yatdığımı düşünürdülər. Amma budur, qəfil içəri girmişdim. Ağsaqqal özünü yenə təmkinli apardı:

“Komandir, ad günümü qeyd edirik.”

“Mazanov, mən təksə sənin yox, bölükdə olan hər kəsin doğum tarixini bilirəm, niyə yalan danışırsan?”

“Ad günümə az qalıb, onda cibimdə pul olacaq-olmayacaq, bilmirəm, indidən dostları başıma yığmışam.”

Gözümü gəzdirib kəşfiyyat taqımını bütün briqadada tanıdan bu əzabkeş insanlara diqqətlə baxanda ürəyim kövrəldi, özümdən asılı olmadan ağzımdan bu sözlər çıxdı:

“Elədisə, mənə niyə deməmisiniz?”

Məclisdən sevinc nidaları yüksəldi. Ancaq onlarla çox oturmadım. Çıxıb bölüyün həyətini gəzməyə başladım.

Gizir Səfərovla Əsgər Mazanovun tərxis olunma əmri çıxanda birinci mərtəbədə banket təşkil elədik. Səfərov əməlli-başlı kövrəlmişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 23. Polkovnik Nəbiyev

Xidmət rəisinin təklifini nəzərə alıb Orucovla görüşdüm. Məncə, bacaracaqdı. Qəhrəmanlığı öz yerində, onda qeyri-adi bir qabiliyyət də vardı; diqqətindən heç nə yayınmırdı!Dağ şəraitində keçirilən kəşfiyyat əməliyyatları haqqında çoxlu kitablar oxumuşam. Rusiyanın Qafqazda xidmət edən yüksək çinli zabitlərinin xatirə və gündəlikləri bu mövzuda ən yaxşı yazılar kimi yadımda qalıb. Dağlar fərqlidir. Hərbi əməliyyatlar üçün, ən başlıcası, dağ şəraitində rahat hərəkət etməkdir. Murovda yamaclar düşmən tərəfdən rahat, biz tərəfdən sərt olduğuna görə onlar öz postlarına yol çəkir, artilleriya və ağır texnikanı təmas xəttinə yaxınlaşdırırdılar. Bu fakt Orucovun gözündən yayınmamışdı. Söhbət zamanı erməni üzdən çəkilən bütün yeni yolların xəritəsini stolumun üstünə qoydu. Məəttəl qaldım. Ona yol çəkilişlərini müşahidə etmək barədə xüsusi tapşırıq verilməmişdi, özü bunun əhəmiyyətli olduğunu anlayıb xəritəsini çıxarmışdı. Düşməndən müdafiəmiz üçün bu məlumatların qiyməti yox idi.

20181 dəq
Dördüncü hissə, 24. Komandir

Hər işim yolunda idi, lakin gümüşü işığı birdəfəlik itirmişdim. Onu bir daha görməmək qorxusu içimdən üşütmə kimi keçirdi. Murovun gecələri üzümə sönmüşdü. Evlənməyimmi, rütbə-vəzifə almağımmı, övladımın olmağımı məni həyat sevincimdən ayrı salmışdı? Axı balaca Aqşinin üzündə də o işıqdan bir zərrə vardı. Olmaya, ailən-uşağın var, artıq mənə ehtiyacın yoxdur demək istəyirdi.Elə gecə olurdu səhəri dirigözlü açırdım. Hər yerdə onu axtarırdım. Yox idi. İmkan tapıb yolumu Çəmənlidən saldım. Bəlkə, Yeddixırmana yaxın müqəddəs bir yerdə gözümə görünərdi?

20181 dəq
Dördüncü hissə, 25. Qırğı

Havalar yenicə qızmağa başlayanda komandirdən qəribə bir təklif aldım:“İyunun əvvəli buralarda ol, səninlə vacib bir səfərim olacaq!”

20181 dəq
Dördüncü hissə, 26. Komandir

Əvvəlcə külək olub əsdim, doğma qoxusu canıma hopan torpağın üstünə yata-yata uzaq-uzaq təpələri aşdım, sonra çiçək qoxusuna çevrildim. Otdan-ota, güldən-gülə, çəməndən-çəmənə keçdim. Yorulanda lalənin bağrına hopdum, nərgizin təbəssümündə gizləndim, bənövşənin qoxusunda əridim. Tanış pıçıltısı könlümü ovsunlayan çayın gileyli nəğmələrinin üstündən sükut kimi axdım. Qurd olub yüyürdüm, ilan olub süründüm, quş olub uçdum. O vaxtacan ki, bənövşəyi qaranlığın bətnində məğrurca dikələn bir dağ, o dağın sol yamacında səssiz hənirtiylə kiriyən bir məzar gördüm. Bənövşəyi qaranlığın içindən məzara ağ işıq tökülürdü. İşığa qarışıb məzara hopmaq istədim. Əlim, ayağım, paltarım işığın içində əriyib yox olmağıma imkan vermədi. Əlimi-əlimdən, ayağımı-ayağımdan, bədənimi-bədənimdən sıyırıb çıxara bilmədim. İşıq axdı - mən baxdım, mən baxdım - işıq axdı. Yalnız gözlərimdən tökülən gümüşü istilik o işığa qarışa bildi. Mən kənarda qaldım. Ayaqlarımın sızıltısı, qəlbimin göynərtisi işıqla aramda keçilməz bir dünya yaratmışdı. Bircə qəlbimdəki intizarın səbbi alınmışdı. Əlimdə ixtiyar olsa, qalan ömrümü elə beləcə, bu inanılmaz mənzərəyə baxa-baxa keçirərdim. Nə geriyə dönərdim, nə sağa-sola baxardım, nə başqa bir şey düşünərdim. Uzaqlar necə yaxın, ucalar necə alçaq, dərinlər necə dayaz görünürdü. Gedə bilmədiyim yollar ovcumun içində qıvrılırdı. Səadət çox yaxındaydı. Əl atıb tutmağım qalırdı. Başımın üstündəki dağ da sevindiyindən cilvələnirdi.Lakin bir qüvvə həm də məni geriyə itələyirdi. Arxada məni gözləyənlərin səsini eşdirdim. Məzara tökülən işıq şəlaləsi məni sinəmdən, qoyub gəldiyim yollar kürəyimdən çəkirdi. Quş olub uçdum, ilan olub süründüm, qurd olub qaçdım. Gileyli nəğmələr oxuyan çayın sükutuna dönüb geri axdım. Çəməndən-çəmənə, güldən-gülə, otdan-ota qayıdan qoxuya döndüm. Bir də baxdım, küləyəm. Əsə-əsə boz təpələri aşdım və adama çevrildim. Uzaqlar uzaqda, ucalar ucada, dərinlər dərində qaldı. Ancaq o işıqdan içimdə böyük bir səadət duyğusu parlamışdı. O işığı da götürüb Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişinin yanına tələsdim.

20182 dəq

Başqa şairlərin şeirləri