Əvvəlcə külək olub əsdim, doğma qoxusu canıma hopan torpağın üstünə yata-yata uzaq-uzaq təpələri aşdım, sonra çiçək qoxusuna çevrildim. Otdan-ota, güldən-gülə, çəməndən-çəmənə keçdim. Yorulanda lalənin bağrına hopdum, nərgizin təbəssümündə gizləndim, bənövşənin qoxusunda əridim. Tanış pıçıltısı könlümü ovsunlayan çayın gileyli nəğmələrinin üstündən sükut kimi axdım. Qurd olub yüyürdüm, ilan olub süründüm, quş olub uçdum. O vaxtacan ki, bənövşəyi qaranlığın bətnində məğrurca dikələn bir dağ, o dağın sol yamacında səssiz hənirtiylə kiriyən bir məzar gördüm. Bənövşəyi qaranlığın içindən məzara ağ işıq tökülürdü. İşığa qarışıb məzara hopmaq istədim. Əlim, ayağım, paltarım işığın içində əriyib yox olmağıma imkan vermədi. Əlimi-əlimdən, ayağımı-ayağımdan, bədənimi-bədənimdən sıyırıb çıxara bilmədim. İşıq axdı - mən baxdım, mən baxdım - işıq axdı. Yalnız gözlərimdən tökülən gümüşü istilik o işığa qarışa bildi. Mən kənarda qaldım. Ayaqlarımın sızıltısı, qəlbimin göynərtisi işıqla aramda keçilməz bir dünya yaratmışdı. Bircə qəlbimdəki intizarın səbbi alınmışdı. Əlimdə ixtiyar olsa, qalan ömrümü elə beləcə, bu inanılmaz mənzərəyə baxa-baxa keçirərdim. Nə geriyə dönərdim, nə sağa-sola baxardım, nə başqa bir şey düşünərdim. Uzaqlar necə yaxın, ucalar necə alçaq, dərinlər necə dayaz görünürdü. Gedə bilmədiyim yollar ovcumun içində qıvrılırdı. Səadət çox yaxındaydı. Əl atıb tutmağım qalırdı. Başımın üstündəki dağ da sevindiyindən cilvələnirdi.

Lakin bir qüvvə həm də məni geriyə itələyirdi. Arxada məni gözləyənlərin səsini eşdirdim. Məzara tökülən işıq şəlaləsi məni sinəmdən, qoyub gəldiyim yollar kürəyimdən çəkirdi. Quş olub uçdum, ilan olub süründüm, qurd olub qaçdım. Gileyli nəğmələr oxuyan çayın sükutuna dönüb geri axdım. Çəməndən-çəmənə, güldən-gülə, otdan-ota qayıdan qoxuya döndüm. Bir də baxdım, küləyəm. Əsə-əsə boz təpələri aşdım və adama çevrildim. Uzaqlar uzaqda, ucalar ucada, dərinlər dərində qaldı. Ancaq o işıqdan içimdə böyük bir səadət duyğusu parlamışdı. O işığı da götürüb Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişinin yanına tələsdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, 21. Kapitan Rəşidov

Briqada komandirinin sözünə xilaf çıxdığını görəndə yerdən-göydən əlimi üzdüm. Bu, hərbi qulluqda rastlaşdığım ilk iriçaplı ədalətsizlik idi - içimi şumlayıb keçdi.Briqada komandiri Kiçik leytenant Orucovu yanına çağırmalı, şəxsən təşəkkürünü bildirməli, vəzifəsinin və rütbəsinin artması üçün müraciət etməli idi. Etmədi. Qərargahın həyətində qrup üzvləri ilə ümumi görüş zamanı əlini sıxmaqla kifayətləndi. Orucov bu barədə heç düşünmürdü. Mən söhbətin içində olduğum üçün vicdan əzabı çəkirdim. Axı niyə? Niyə bu qədər zəhmətin dəyəri verilməsin? Kəşfiyyat xidmətində bundan artığını etmək mümkündürmü? Özümü saxlaya bilməyib Polkovnik Nəbiyevdən bu barədə soruşdum. Cavabı gözlənilməz oldu:

20181 dəq
Üçüncü hissə, 22. Komandir

Axırıncı dəfə məzuniyyətə nə vaxt getdiyimi xatırlamıram. Deyəsən, məktəbdən göndəriş alanda atamgilə dəydiyim idi. Ondan bəri getməmişdim. Əməliyyatdan qayıdan kimi avqustun maaşını aldım. Pulum varkən üç günlük məzuniyyət götürüb Sumqayıta yola düşdüm. Uşaqlara da növbəylə məzuniyyət veriləcəkdi. Əvvəl Gizir Səfərov, dalınca Çavuş Əsədov bir sıravi əsgərlə gedəcəkdilər. Qalanlarını da növbəylə göndərəcəkdim.Bölükdə işlərim getdikcə çoxalırdı. İşdən iş çıxırdı. Murova xidmətə gələn gündən yığcam bir hamam quraşdırmaq arzusundaydım. Bit-birə əsgərləri basıb yeyirdi. Mənim kimi ailəli olmayan, əsgərlərin içində qalan zabitlər də onlardan seçilmirdi. Dərimiz qaysaq bağlamışdı. Bəzən aylarla bədənimizə su dəymirdi. Əlbəttə, mən zabit idim, istəsəm, çimməyə imkan tapardım, bəs əsgərlər? “Yol evi”ndəki kazarmada qışın ən sərt şaxtasında da bit-birə olurdu. Taxtabiti uşaqları yeyib-bitirir, gecələr yatmağa qoymurdu. Qışın şaxtasında çöldə təpik döyürdülər. Hamısının bədənində qırmızı şırımlar açılmışdı. İçəridə his verən solyarka yandırırdılar deyə sifətləri qapqara qaralmışdı. Kazarmaya girəndə elə bilirdin zəncilərin arasındasan. Görüşə gələn valideynlər səsi çıxmamış uşaqlarını tanımırdılar.

20181 dəq
Üçüncü hissə, 23. Zabil

Günorta dərsdən qaldığımız yataqxanaya qayıdırdım. Yağışlı bir payız günüydü. Binaların arasındakı ağaclar saralmış yarpaqlarını sağa-sola səpələmişdi. Yağışda islanan yarpaqların qoxusu Fərrux meşəsini yadıma salırdı. Xəyalım bu vaxtlar cır armud qoxusuyla adamı bihuş edən Fərrux meşəsindən Yeddixırmana keçdi, dağın zirvəsindəki vışkanın başına dolanıb Çulluya endi. Qohumların kəndin çıxacağına toplaşıb anamı gətirən maşını gözləməsini xatırladım. Ağlayan qadınların sifəti gözlərimin önündə canlandı. Dəsmalının ucunu ağzına tutan yaşlı qadının qoz ləpəsinə bənzəyən yanaqları elə hey titrəyirdi. Kolanı dərəsi, Xaçın çayının soyuqluğu, təngnəfəs qaçdığım üzümlük, atamın qaralmış sifəti... Çoxdandır oraları belə xatırlamırdım. Məhəlləmizə sirli bir Qarabağ havası dolmuşdu.Payızın zəhmindən saralıb-solan ağacların altında bir hərbçi dayanmışdı. Əvvəl ona fikir vermədim. Buralarda kamuflyajlı adam görmək adi hal idi. Ancaq nədənsə bu, mənə çox doğma gəldi. Diqqətlə baxanda tanıdım və özümü saxlaya bilməyib qışqırdım.

20181 dəq
Üçüncü hissə, 24. Komandir

Atamın ağlaya-ağlaya çıxması məni də qəhərləndirdi. O, təkcə mənim gəlişimə sevindiyi üçün ağlamırdı. Bu göz yaşlarının içində çox şey vardı. Çox şey! Qaçıb onu qucaqlamaq, Yeddixırmanın qaşında gördüyüm, sonra Murovda - Ömər aşırımında və Yeddiqardaşda qarşıma çıxıb məni ən doğma insanlara, doğma torpaqlara bağlayan gümüşü işıqdan danışmaq istədim. Ancaq yaşadıqlarımı anlada bilməyəcəyimdən qorxdum. Bu, elə bir duyğu idi ki, haqqında yalnız susmaq olurdu.Atamı bağrıma basdım. Onun doğma qoxusu məni uşaqlığımın ən xoşbəxt anlarına apardı. Onda hər şeyimiz vardı. Bizi xoşbəxt edən heç nəyi əlimizdən almamışdılar. Atamı da heç vaxt ağlayan görməmişdim.

20181 dəq

Başqa şairlərin şeirləri