Üçüncü hissə, 32. Komandir
İçib keflənən kimi kəşfiyyat taqımının son əməliyyatını müzakirə etməyə başladılar. Mən də bir küncə çəkilib sakitcə qulaq asırdım. Ağız deyəni qulaq eşitmirdi. Kimin nə söylədiyini çətinliklə müəyyən etmək olurdu. Elə sözlərə şaqqanaq çəkib gülürdülər ki, məəttəl qalırdım. Kefliliyin sirri səbəb olmadan sevinə bilməkdir.
İçki Əsgər Rəfiyevin dilini açmışdı:
“Gizir Səfərov, sən Erkək olduğunu sübut elədin. Sənin sağlığına!” - əlindəki qədəhi havaya qaldırdı.
“Sən nə bilirsən erkəklik nədir? Hahaha!” - Səfərov ona sataşdı.
“Niyə bilmirəm? Bilməsəm, Marala da Erkək deyərəm!”
Bu dəfə Maral qızışdı:
“Nə olub mənə, quşbeyin?! Səfərova yaltaqlıq eləmə!”
“Girən özünsən! Quş da özünsən!”
“Quş demədim. Quşbeyin dedim!”
“Ayıbdı, a kişi, komandir oturub!” - Ağsaqqal yenə öz ampluasındaydı. Mənsə taqım əsgərlərinin bu an məni tamamilə unudub sərbəst olmasını istəyirdim. Bu, onların vida məclisinə hədiyyəm idi.
“Erkək, Erkək deyirik, komandir Dəmirçidama gedəndə dili batmışdı qorxudan!” - Qırğı söz atdı.
“Dilim batmamışdı e... ürəyim dözmürdü. Komandirə görə narahat olurdum.” - Səfərovun cavabı tutarlı deyildi.
“Bəsdi, ə, bəsdi, ə, yaltaqlanma!” - Sağ ol, Rəfiyev!
“Səfərov, boynuna al, sən kəşfiyyatçı deyilsən. “Boyeviksən”. Səni kəşfiyyata gücünə və ürəyinə görə aparırlar” - Qırğının səsi yenə eşidildi.
“Bəs sənin nəyin var? Nə ürəyin var, nə gücün!”
“Gücüm də var, ürəyim də, üstəlik, kəşfiyyatçı bacarığım da!”
“Nədir o kəşfiyyatçı bacarığın?”
“Təmas xəttindən o üzdə səhv buraxmamaq!”
“Sənsən səhv buraxmayan? Komandir deyir, yuxarı get, sən dala qayıdırsan!”
“Barı sən danışma də!”
“Mənə qulaq assaydınız, Dəmirçidamdan əliboş qayıtmazdınız!” - Rəfiyev bir dəfə hıçqırıb diqqəti öz üzərinə çəkdi.
“Doğrudan?” - Səfərov çönüb təəccüblə ona baxdı. “Komandirə də dedim, dedim, gəl məni eşit, “çast”ın üstündəki yamacda mal otaran naxırçını götürək, gedək.” - mənə elə söz deməmişdi.
“A kişi, komandirə yox e, mənə dedin! Hahaha!” - yalançının şahidi Ağsaqqal idi.
“Olsun sən! Nə fərqi var?” - Rəfiyevin gözləri əyilmişdi.
“Axı çoban çox aralıda idi. Onu gələn kimi hamımız görmüşdük. Dəmirçidamdan ora azı iki saatlıq yol vardı.”
“Yuxarıdan kəsə getmək olardı” - Rəfiyev yenə hıçqırdı.
“Olmazdı. Oraları məndən yaxşı tanıyırsan?” - Ağsaqqal da keflənmişdi.
“Bəli!!!” - Rəfiyev gözlənilmədən ayağa qalxıb qışqırdı - “Bəli! Səndən yaxşı tanıyıram! Kəlbəcərlisən deyə heç kim oraları sənin kimi tanımır?”
“Əlbəttə. Kim adamın rayonunu özündən yaxşı tanıyar?”
“Ərazini kəşfiyyatçı kimi tanımaq başqa şeydir!” -
Rəfiyev tamam ciddiləşmişdi - “Siz neyləmisiz orda? Bütün günü malın qabağında eşşək hərləmisiz!”
Gülüşmə.
“Dəmirçidamda əsir düşsək, nə edərdiniz? Hamınız deyin, axırda mən deyəcəm. Buyur, Qırğı. Birinci sən de.” - Səfərovdan gözlənilməz təklif gəldi.
“Ehtiyat gülləm olur həmişə. Gicgahıma sıxmaq üçün.”
“Mazanov!”
“Ürəyimdən atardım. Yoxlamışam. Avtomatın lüləsini ürəyimin üstünə qoyanda baş barmağım tətiyinə çatır. Qollarım uzundur.”
“Meymun kimi! Həhəhə!” - Rəfiyev güldü.
“Rəfiyev, şitlik eləmə! Səni qovacam məclisdən!” - Səfərov onu susdurdu. - “Hüseynov, sən?”
“Fərqli planlarım olur. Gah güllə, gah qumbara. Baxır ovqatıma.”
“Rəfiyev!”
Rəfiyev tutuldu. Deyəsən, onun intihar ssenarisi yox idi.
“Burda da maymaqsan e! Hamı öldü, sən qaldın!” - Səfərov hırıldadı.
“Bəs sən özün?” - Qırğı parıldayan gözlərini Səfərovun üzünə dikdi.
“Mən sizi əziyyətə salmazdım. Hamınızı plan qurmaq adı ilə bir yerə toplayıb partladacaqdım.”
“Namərddd!” - Mazanovu qəfil ağlamaq tutdu. Nə qədər çalışdılar, kiridə bilmədilər. Gizir Səfərov başını biləyinin, biləyini masanın tininə qoyub için-için ağlayan Ağsaqqala baxıb irişdi:
“Şair ruhlu adamdı, qoyun ağlasın, ürəyini boşaltsın!”
“Səfərov, zəmidə “Qaz 53”-ün üstünə qaçanda, elə bildim, saman oğurlamağa gedirsən.” - Qırğı gülə-gülə dilləndi. Onun da dərdi Səfərov idi. Qısqanırdı.
“Qorxma, bizi elə oğru hesab eləmişdilər.”
“Kim?”
“Eşitmədin? Yolda Qarik dedi.”
“Oğrusunuz də! Ha adam oğurlamaq, ha saman, nə fərqi var?!” - Rəfiyev dedi.
“Deyəsən, əməliyyata getməməyin acığını çıxırsan a, Rəfiyev!”
“Sənə sübut edərəm ki, oğrusunuz? Sübut edərəm!”
“Ə, səyləmə, otur aşağı!” - Səfərov təpindi ona. İncəvara oturub sakitləşdi.
“Özümdən qoçağını görmədim dəəə!”
Qırğının arxaya söykənib vaysınması Səfərovu hiddətləndirdi:
“Gərək vaxtında Rəfiyev kimi “çurban” eləyəydim səni. Təzə gələndə az qalırdı mənə “əmi” deyəsən.”
Bir də gülüşmə. Rəfiyev nəsə dedi, səs-küydə eşidilmədi. Bir də hıçqırıb udqundu. Qırğının səsi bütün səsləri batırdı:
“Səfərov, goplama! Burda hamını birinci gündən tanımışıq.”
“Ayə, qırışmal, sən mənim birinci günümü harda görmüsən? Mən Zəngilanda kəşfiyyata gedəndə sən yerini isladırdın.”
“Nə dəxli var? Ona qalsa, Karta Sabir hamıdan yaşlıdır!”
“Karta Sabirin keçəlindəki xəritəni kim görüb?” - Rəfiyevin cır səsi məclisin ab-havasını dəyişdi.
“Mən görmüşəm! Mən görmüşəm!” - Ağsaqqal nədənsə şagird kimi əlini qaldırıb yellədərək söylədi. - “Hindistanın xəritəsinə oxşuyur!”
Daha bir gülüşmə.
“Uşaqlar, hiss elədiniz erməniləri tutanda Qırğı necə kövrəlmişdi? Ondan olsa, üçünü də buraxardıq.” - Səfərov idi.
“Üçünü də yox, uşağı məmnuniyyətlə buraxardım!” “Daş təpənə! Onlar nə qədər uşaq öldürdülər. Biz neylədik ki? Heç bir şillə də vurmadıq.”
“Necə vurmadıq? Sahədə ağzını-burnunu dağıtmadın?”
“Ay danabaş, onda bilmirdim kimdir. Gözümə saqqallı kimi göründü.”
“Qorxudan?!”
“Qorxuludur də! Niyə yalan deyim? Düşmən maşınının içində adam var və sən ona hücum edirsən. Silahını çəkib səni şadaraya döndərə bilməz? Guya sən qorxmurdun?”
“Bir qram da!”
“Yalan deyirsən!”
“Allaha and olsun, qorxmurdum.”
“Qırğı, özünü qartal kimi aparma! Orda qorxmayan bircə nəfər vardı.” - Səfərov barmağını yuxarı qaldırıb “tın-tın”ladı.
“Kim? Sən? Sən idin o qartal?” - Qırğı istehzayla qımışdı.
“Mən ayıyam! Qartal Orucovdur!”
Məclisə bir anlıq sükut çökdü, təzədən hamının yadına düşmüşdüm.
“Komandirin sağlığına! Sağ ol, komandir, sən olmasan, kəşfiyyat bölüyü heç nədir!”
Yerimdə qurcalandım. Zarafatların növbəti ünvanına çevrilməmiş məclisi tərk elədim.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ucuncu-hisse-32-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə qabaqda gedirdim. Təmas xəttindən bir az aralananda Əsgər Mazanovla yerimizi dəyişəcəkdik. Hərəkətə başlamazdan əvvəl komandir Maralı “dozor” göndərmişdi. O, tez qayıtmış və demişdi: “Sakitlikdir.”Maralın belə deməsi sərhədi söhbət edə-edə keçəcəyik anlamına gəlirdi. Doğrudan da, elə oldu. Müharibə edən iki ölkənin sərhədinə heç oxşamırdı. Komandir neytral zonanın bizim posta ən yaxın yüksəkliyində Rəfiyevlə başqa bir əsgəri müşahidəçi kimi saxladı. Onlar biz gəlincə burda gözləyəcək, təhlükə yaranarsa, atəş açıb mühasirəni yarmağımıza kömək edəcəkdilər. Görünür, komandir Rəfiyevi, haqlı olaraq, dərinliyə aparmaq istəmirdi.
Üçüncü hissə, 6. KomandirƏslində, axırıncı postdan xeyli müşahidə aparmışdım. Haradan gedəcəyimizi dəqiqləşdirib Mazanovla müzakirə də etmişdim. Təmas xəttindən mümkün qədər uzaqlaşmalıydıq ki, əməliyyatı ağlagəlməz yerdə rahat həyata keçirək.Gün çıxmamış Mazanovla Hüseynovun hərəsini bir istiqamətə göndərdim. Mümkün qədər ehtiyatlı olmalıydılar. Fərq edilsək, planımız pozulardı. Qayıdıb gələndə Mazanov bunları söylədi:
Üçüncü hissə, 7. Gizir SəfərovGöyçə gölünə tərəf uzanan dərə boyu addımladıqca xəyalımdan qəribə şeylər keçirdi. Məsələn, düşünürdüm ki, müharibə, doğrudan da, ədalətsiz şeydir; biz niyə erməni verib özümüzünkünü ala bilirik, özümüzünkünü verib, erməni ala bilmirik? Əgər buna icazə olsa, Əsgər İrəfiyevi babat bir dığaya dəyişərdik, aparıb verərdik “kambriq”ə. İrəfiyevin də qohum-əqrəbasına deyərdik, gecə yol gələndə ayağı sürüşdü, qəhrəmanlıqla qayadan uçdu! Vəssalam! Allah o dünyasını versin! Öz düşündüyümə özüm şaqqanaq çəkib güləcəkdim az qala. Baxdım, komandir yaxında olsa, təklifimi ona çatdırıb kefini açardım. Heyif, qaranlıqda anışdıra bilmədim.Qumsal dərə uzaqdan elə yığcam görünürdü, deyirdim, yarım saata gedib o başına çıxacağıq. Bayaqdan addımlayırdıq, bitmək bilmirdi. Elə narahat yerlərlə gedirdik ki, ayaqlarımız batinkanın içində bəlkə onuncu dəfə soğan kimi soyulurdu. Arada qıçım burxuldu, oynaqlarım xırçıldadı. Kəlbəcərdən gələndə burnumaqulağıma dolan soyuq su başımın içində hələ də uğuldayırdı. Üzümün sol yanı keyimişdi. Həm xəfif-xəfif ağrıyır, həm də danışanda “tın-tın”layırdım. Nəfəs almağım çətinləşmişdi.
Üçüncü hissə, 8. KomandirEhtimal doğru çıxdı; sol tərəfki kənddə hərbi hissə vardı. Tankı görmədik, biz dərədən çıxıb boylanana qədər getmişdi. Havanın sərinliyinə qarışan tırıltı bir anlıq eşidilib itdi. Demək, kəndə yaxınlaşmaq olmazdı. Səhərəcən irəliləmək lazım gəlirdi.Uşaqların yanına qayıdıb, bir az dincimizi aldıq. Gizir Səfərov qəfil siqaret yandırdı, onun üstünə atılıb alovu ovcumda sıxdım. Əlimin içi gizildəsə də, ovcumu açmadım. Səfərov xırıldadı.
Başqa şairlərin şeirləri
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm