Mənzum nağıl

Bir nəfər zahidi-xocəstəliqa –
Kim, ona müstəcab olurdu dua,
Zahir oldu Ədən diyarında,
Məskən etmişdi kuhsarında.
Nanı kəşkinəvü libası xəşən,
Əl götürmüşdü mülki-dünyadən.
Hər bəla gəlsə eyləmişdi qəbul,
Olmuş idi ibadətə məşğul.
Əzqəza bir kəlaği-bimiqdar
Bir ədəd muş eyləmişdi şikar.
Zahidin çün keçirdi üstündən,
Çıxdı nagəh siçanı dəstindən.
Zahidin daməvinə düşdü siçan,
Dedi: – Tapdın nicat, ey heyvan.
Əlini çəkdi dalına zahid,
Siçanın yandı halına zahid.
Dedi: – Oldun xilas düşməndən,
Mənə gəldin dəxil oldun sən.
Səni hifz eyləmək bəlalərdən
Mənə vacibdir, ey zəifbədən.
Onu zahid götürdü bəs əlinə,
Gəldi öz etikaf-xanəsinə..
Dedi düşməndü bu fəqirə pişik,
Çəkmək olmaz buna müdam keşik,
Elə hifz eyləmək gərək anı –
Ki, pişik tutmasın o heyvanı.
Bir mürid ərz qıldı: – Key mövla,
Bir dua eylə ta ki bari-xuda
Eyləsin bu siçanı bir düxtər,
Dedi zahid: – Əcəb dedin, mən əgər
Bir dua eyləsəm, dönüb bu siçan
Olacaq düxtəri-fəriştənişan.
Çünki yoxdur mənim də övladım,
Olur övladım ol pərizadım.
Bu təmənnayə zahid etdi dua,
Müstəcab eylədi duanı xuda.
O siçan döndü oldu bir düxtər,
Hüsni-surətdə rəşki-şəmsü qəmər.
Özünə zahid eylədi övlad,
Etdi təyin bir nəfər ustad.
Ona adabi-şəri öyrətdi,
Ta ki həddi-büluğə qız yetdi.
Dedi zahid ki, ey qızım, əlhal
Görünür səndə həddi-rüştü kəmal.
Vəqtdir kim, çəkilsin, ey qəmnak,
Rişteyi-izdivacə gövhəri-pak.
Razı olsan bu kari-xeyrə əgər,
Cümleyi-kainatə eylə nəzər.
Eyləsən hər kimi qəbulü pəsənd,
O sənə şövhər olsun, ey fərzənd.
Dedi düxtər ki, ey pədər, əlan
Çün qılırsan bu növ ilə fərman
Mənə insandan olmasın şövhər,
Məni bir şəxsə ver bacarsan əgər –
Ki, onunçun ola məqami-rəfi,
Görünə onda iqtidari-bədi.
Rüfətü qüdrətü təvanadə
Olmaya misli dari-dünyadə.
Dedi zahid: – Bu vəsflər əlhəq,
Tapılır afitabdə mütləq.
Səni lazımdır afitabə verim,
Səbr qıl, sübh açılsın, ani görüm.
Dedi qız: – Ari, ey niku-üslub,
Çünki ol bir kəsə deyil məğlub.
Ver məni afitabi-tabanə,
Əqdimi qıl mənim o zişanə.
Ta ki fərmani-faliqül-əsbah
Yetişib leyli-müzlim, oldu sabah,
Şərqdən afitab oldu əyan,
Ona əhvalı zahid etdi bəyan.
Dedi: – Ey afitabi-aləmtab,
Guş qıl ərzim, ey bülənd cənab,
Bir qızım var sipehri-behcətdə,.
Tən edər ayə hüsni-surətdə.
Eyləyib şövhər ixtiyar səni,
Çün görüb sahib-iqtidar səni.
Övci-rüfətdə, sən təvanadə
Görməyib kimsə dari-dünyadə.
Oldu çün afitabə söz rövşən,
Dedi: – Ey şeyxi-pakdamən, sən
Lilləhül-həmd, mərdi-danasən,
Cümlə zərrati-kövnə binasən.
Məndə hərgah olaydı tabü təvan,
Məni etməzdi bir bulud pünhan,
Mənə peyvəstə əbr olur qalib,
Yaxşıdır əbr ola ona sahib.
Qızına zahidi-ülüvv-məkan
Gəldi, bu macəranı qıldı bəyan.
Dedi qız: – Doğru söyləyib o cənab,
Məni bəs əbrə vermək oldu səvab.
Əbrə çün macəranı qıldı bəyan,
Əbr olub tirə-rəngü qətrə-fəşan,
Dedi: – Ey piri-mənbəyi-ehsan,
Məndən artıqdı qüvveyi-baran.
Onu sən əqd eylə baranə,
Ta onu saxlasın lətifanə.
Döndü baranə pir etdi xitab,
Dedi: – Ey tər-mizacü tünd-şitab,
Ey edən hər büsatı lütf ilə təyy,

**
“Və minəl-mai küllü şeyin həyy”.
Ey edən külli aləmi mövcud
Eyləyən gah nüzulü gah süud.
Mayeyi-kainatü əsli-həyat,
Sifətin həq buyurdu: – Əzbi-fürat.
Ey olan aləmə fərü ovni,
Ey qılan qərq ali-Fironi.
Bir qızım var kəmali-lütfdə ab,
Arizi afitabi-aləmtab.
İstərəm eyləyim sənə təzvic,
Ta verim şəri-ənvərə tərvic.
Dedi baran ki, ey səfa kani,
Sən mənə bağlama bu böhtani.
Məndən artıqdı xak qüvvətdə,
Deyiləm mən o şənü şövkətdə.
Qızını xakə izdivac eylə,
Eşq bazarını rəvac eylə.
Xakə etdi xitab abidi-zar,
Dedi: – Ey çərx tək olan dəvvar,
Dolanan dövri-afitabı müdam,
Eyləyən dövrünü bir ildə təmam,
Ey qılan dörd təriq ilə hərəkət,
Yetişir səndən aləmə bərəkət.
Xilqəti-aləmə bəhin-mayə,
Sənə xurşidi-həq salıb sayə.
Səndən oldu çü xilqəti-Adəm,
Tapdı Adəmlə zib bu aləm.
Künhüvü bilsə idi divi-ləin,

**
Deməz idi “xələqtəhu, min tin”.
Əgər olsaydı ərəfü əqəl,
Narı bilməzdi xakdən əfzəl.
Nəzər etdim, bu, dari-dünyadə
Yoxdu bir kimsə sən tavanadə.
Bir qızım var bəsani-hurü pəri,
Hüsnü məbhut edibdir hər bəşəri.
Belə gördüm bu gün səvabu səlah,
Sənə mən eyləyim o mahı nikah.
Dedi xak: – Ey nəticeyi-əflak,
Lilləhül-həmd, səndə var idrak,
Məndə gər olsa tabü qüdrət bəs,
Olmaram payimali-hər nakəs.
Hanı ey intixabi-ruzi-ələst,
Çar cövhərdə bir mənim tək pəst?
Bir cəmadəm ki, iqtidarım yox,
Əldə bir cüzi ixtiyarım yox.
Məndən əfzəldü rütbə ilə nəbat,
Fəzli olmuş nümüvv ilə isbat.
Qızını əqd elə nəbatə yetir,
Fəzlini cümlə kainatə yetir.
Dolanıb gəldi abidi-heyran;
Macəranı nəbatə qıldı bəyan.
Dedi: – Ey sufiyi-hərimi-səfa,
Sufiyi-saf kimi səbzqəba,
Ey olan zibi-gülşəni-cənnət,
Qədəmi-Xızr ilə tapan xüzrət,
Hər bahar eyləyən büruzü zühur,
Mayeyi-ibtihacü əsli-sürur.
Nəkhətin mislü-ənbəri-buya,
Səbzeyi-xətti-yar tək ziba.
Bir qızım var, yanağı laleyi-al,
Əqd edim mən sənə, nikah elə, al.
Çün eşitdi bu macəranı nəbat,
Dedi: – Ey zahidi-fəriştəsifat,
Olmuşam ərzəli-xəlayiq mən,
Deyiləm izdivacə layiq mən.
Ayaq altında payimal oluram,
İldə beş gün şüküftəhal oluram.
Ömrümün yox davamü payanı,
Sən deyən əmrə məndə güc hanı?
İstəsən ki, qızın ola xürrəm,
Qoyuna eylə əqdini möhkəm.
Get, o şuxü qoç ilə yar eylə,
Könlünü rəşki-novbahar eylə,
Dögümi bu fəziləti-zahir
Məni ruzi qılıb ona qadir?
Odu bir nuri-pakü fərxəndə,
Həq nəbati ona qılıb bəndə.
Yaradıb xoş onu xudayi-cahan,
Aləm ondan olubdur abadan.
Abidə gəldi xoş kəlami-nəbat,
Qıldı qəlbində niyyəti-həsənat.
Qoyunun yanına rəvan oldu,
Qəlbi surü sürur ilə doldu.
Bir çəməndə yetişdi həzrətinə,
Vasil oldu səfayi-cənnətinə.
Dedi: – Ey zibi-aləmi-imkan,
Səndə zahirdü sənəti-yəzdan.
Olmasaydın fədayi-İsmail,
Oğlunun başını kəsərdi Xəlil.
Hər cəvareh ki, səndə vardır əyan,
Olmaz əsla sifatı şərhü bəyan.
Xurişü puşişü bəni-Adəm,
Səniləndir, bilir hamı aləm.
Bərəkət səndədir həqiqətlə,
Bilmişəm mən bu rəmzi röyətlə.
Səndən az nəsli yoxdu bir heyvan,
Həm sənin kimi yox tələf olunan.
Nə qədər əksilirsən aləm-ara,
Bərəkət həq sənə verir amma.
Hamının ehtiyacı səndən var,
Nəslin əksildikcə yüz artar.
Mədhini eyləyib rəsuli-ənam,
Nursən, vəssəlam, vəl-ikram!
İstəyir könlüm, ey xocəstəsifət –
Ki, edim mən səninlə bir vəslət.
Bir qızım var yeganeyi-dövran,
Hüsnü abid-firibü sinni cavan.
Yetişib rüşt həddinə o pəri,
Vacib olmuş ona ki, olsun əri.
Baxıram kainatə mən yeksər –
Ki, tapım anə yaraşan şövhər.
Səni gördüm bu vəslətə məqbul,
Şövq ilə eylə bu məramı qəbul.
Qızımı algilən, məni qıl şad,
Könlümü eylə qüssədən azad.
Eşidib bu xitabı çünki qənəm,
Belə verdi onun cavabın o dəm:
– Ey vücudu səadəti-mütləq,
Doğru sözdür buyurduğun əlhəq,
Heyf mən binəvavü biarəm,
Daima qüssədən diləfkarəm.
Düşmənim çoxdu, cümləsi bibak,
Hamısı bimürüvvətü çalak.
Baxgilən bir o gürgi-məkkarə,
Olub ondan işıq günüm qarə.
Sürüdə olmasa o sarı köpək,
Mənə müşküldü otlamaq, gəzmək.
Bir tərəf qurd edibdi könlümü qan,
Bir tərəfdən də xud bəni-insan.
Əllərinə düşəm, yeyir ətimi,
Artırıbdır bu qüsrə möhnətimi.
İstəsən ta ki bərmurad olasan,
Ola hər müşkül işlərin asan,
Məndən əfzəldi qüvvədə qəssab,
Qızını ver ona, odur sənə bab.
Qızını mən əgər alam, ey pir,
Yenə qəssab eyləyər təzvir,
Kəsibən başımı, ətimi satar,
Qızını dul qoyar, o bədətvar.
Söylə qəssabə bu hekayəti sən,
Ona bu macəranı qıl rövşən,
Necə fərmayişi-peyəmbərdir,
Layiqi-paki-şəri-ənvərdir;
Siğeyi-əqdin eyləsin cari,
Qalmasın dildə üqdə asari.
Zahid oldu bu haldən hali,
Oldu xoş hali, xürrəm əhvali.
Gəldi, qəssabə verdi türfə səlam,
Ona qəssab eylədi ikram,
Dedi: – Ey zahidi-mələkətvar,
Mənə nisbət nə qulluğun sölə var?
Söylədi zahid: – Ey vəfa kani,
Bir qızım var ki, bu cahan cani.
Gözləri məst, qəmzəsi cadu,
Zülfü tərsadü, xalıdır hindu.
Can alır, can verir kaman qaşı,
Bədr tək on beşə yetib yaşı.
Ona vacib olub ərə getmək,
Sənə də fərzdir ki, evlənmək.
Al nikah ilə ol məhi-tamı,
Özüvə cənnət eylə əyyamı.
Dedi qəssab: – Ey həmidəşiar,
Mənim evlənməyimdü çox düşvar.
Deyiləm layiqi-təəhhül mən,
Sən gərəkdir məni bağışləyəsən.
Məndən əfzəldi farə bu karə –
Ki, qoyubdur məni o avarə.
Məni bir möhnətə edibdi düçar –
Ki, yemək-içməyimdü səmmül-far.
Məndə qoymur yağ ilə piy daim,
Nə tərazu-bağım qalır qaim.
Ona mən tapmıram dəxi çarə,
Könlümü möhnəti qılıb parə.
Məndən artıqdı zurü qüvvətdə,
O qoyubdur məni xəsarətdə.
Qızını ver ona elə kürəkən,
Ona xoşdur ki, ər ola kəsəgən,
Sözü qıldı təmam çün qəssab,
Gördü zahid ki, düz gəlib bu hesab
Cins öz cinsinə olur vasil,
Hissə qıldı bu qissədən hasil.
Bu sözə çoxdu hüccəti-qate –
Ki, olur şey əslinə race.
Cins cinsin həmişə cəzb eylər,
Yoxdu bu işdə söhbəti-digər.

Öyüd

Qitə

Ey oğul, büxldən sən eylə həzər –
Ki, bəxilin yeri cəhənnəmdir.

Gər həlak olsa cümleyi-aləm,
Yenə söylər bəxil kim, kəmdir.

İstəməz bir kəsi ola xoşbəxt,
Öləcək görsə kimsə xürrəmdir.

Şəbpərə afitabədir düşmən –
Ki, ziyasıyla halı dərhəmdir.

Seyyida, şəbpərə xisal olma –
Ki, bu ətvar mərgi-əzəmdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri